Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-15/2023 06.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Rəhimov Elman Gülbaba oğlundan ibarət tərkibdə, İddiaçı tərəfindən cavabdeh Abşeron rayon İcra Hakimiyyəti Başçısının Xırdalan şəhəri üzrə Nümayəndəliyinə qarşı verilmiş “tender prosedurunun və nəticələrinin qanunsuz hesab edilərək ləğv edilməsi” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli, e-2-2(119)-2165/2022 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı “elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh Abşeron rayon İcra Hakimiyyəti Başçısının Xırdalan şəhəri üzrə Nümayəndəliyinə qarşı “tender prosedurunun və nəticələrinin qanunsuz hesab edilərək ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, “Xırdalan şəhərində mənzil fondunun təmiri işləri”nin satın alması üzrə cavabdeh Abşeron rayon İcra Hakimiyyətinin Xırdalan şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən elan olunmuş tender prosedurunun və nəticələrinin qanunsuz hesab edilərək ləğv olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli e-2-2(119)- 2165/2022 nömrəli qərardadı ilə İddiaçı tərəfindən cavabdeh Abşeron rayon İcra Hakimiyyəti Başçısının Xırdalan şəhəri üzrə Nümayəndəliyinə qarşı verilmiş “tender prosedurunun və nəticələrinin qanunsuz hesab edilərək ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin iddiaçıya geri qaytarılması qərara alınmışdır (hakim Zülfüqar Sadiqov). İddiaçı “elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verərək Sumqayıt Kommersiya Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli, e-2-2(119)-2165/2022 nömrəli qərardadının ləğv edilməsini, iddia ərizəsinin icraata götürülməsini, əks halda şikayətə baxılması üçün iş üzrə materialların Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddia ərizəsində cavabdeh qismində göstərilmiş Abşeron rayon İcra Hakimiyyəti Başçısının Xırdalan şəhəri üzrə Nümayəndəliyi hüquqi şəxs olmadığından, mülki icraatda (kommersiya mübahisəsi üzrə icraatda) tərəf kimi, yəni cavabdeh qismində çıxış edə bilməz. Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə görə Abşeron rayon İcra Hakimiyyəti Başçısının Xırdalan şəhəri üzrə Nümayəndəliyi öz fəaliyyəti ilə məhkəmədə aparılan mülki icraatda hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyətinə (mülki-prosessual fəaliyyət qabiliyyətinə) malik deyildir. Məhkəmə bu mövqeyini əsaslandırmaq istədikdə Mülki Məcəllənin 43-ci, 45-ci, 47-ci və 53-cü maddələrinə istinad etmişdir ki, bu da tamamilə əsassızdır. Məhkəmə belə bir qənaətə gəlmişdir ki, cavabdeh Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyətinin Xırdalan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi hüquqi şəxsin nümayəndəsi olduğu üçün onun məhkəmədə cavabdeh kimi çıxış etməsi mümkün deyildir. Məhkəmə nəzərə almamışdır ki, Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyətinin Xırdalan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi hüquqi şəxsin nümayəndəsi yox, dövlət orqanının nümayəndəliyidir və ayrıca inzibati orqandır. Bu hal inzibati orqanların təsnifatında da öz əksini tapmışdır. Məhkəmə həmçinin Mülki Prosessual Məcəllənin149.2.4-1, 150.1.4-cü, 150.1.6-cı və 150.2-ci maddələrinin tələblərini də yerinə yetirilmədiyi və bu hərəkətləri yerinə yetirməsini təsdiq edən müvafiq sənədləri məhkəməyə təqdim edilmədiyini qeyd etmişdir, lakin müvafiq sənədlər təqdim edilmişdir. Belə ki, MPM-nin149.2.4-1-ci maddəsinə əsasən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə Arayışın sürəti iddia ərizəsinə əlavə edilmişdir. MPM-in 150.1.4-cü maddəsinə əsasən cavabdeh elektron məhkəmə sistemində qeydiyyata alınmadığından iddia ərizəsi ona qanunvericiliyə uyğun olaraq (“Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 363-VİQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 22 yanvar tarixli 265 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2021-ci il tarixli, 1403 nömrəli Fərmanının “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanın 1.3-cü bəndi). MPM-in150.1.6-cı maddəsinin məhkəmə tərəfindən qeyd edilməsi təəssüf doğurur, belə ki, hazırkı mübahisə 150.1.6-cı maddənin prosessual norması ilə əlaqəli deyildir. Sumqayıt Kommersiya Məhkəməsi maddi hüquq normasını düzgün tətbiq etməyərək cavabdehin tabeli olduğu qurumu hüquqi şəxs zənn etmişdir. Məhkəmə cavabdehin müstəqil balansı, istifadəsində olan dövlət əmlakı, xəzinə və bank hesabları, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri (yerli icra hakimiyyəti başçısının tabeliyində olan hüquqi şəxslərin möhürləri istisna olmaqla) və müvafiq yerli icra hakimiyyətinin adı həkk olunmuş möhürü, müvafiq ştampları və blanklarının olmasına baxmayaraq bunları nəzərə almamaqla maddi hüquq normasını kobud surətdə pozmuşdur. Məhkəmə nəzərə almamışdır ki, cavabdeh inzibati orqandır və müstəqil şəkildə məhkəmədə tərəf kimi çıxış edə bilər. Qeyd olunanlara əsasən, şikayətin təmin edilməsi xahiş ounmuşdur. Sumqayıt Kommersiya Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, e-2-2(119)- 2165/2022 nömrəli qərardadı ilə Sumqayıt Kommersiya Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli e-2-2(119)- 2165/2022 nömrəli dəyişdirilmədən saxlanılmış və İddiaçı tərəfindən verilmiş şikayət baxılması üçün iş materialları ilə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Zülfüqar Sadiqov). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələbləri baxımından “Nümayəndəlik” - yəni hazırki iş üzrə Abşeron rayon İcra Hakimiyyəti Başçısının Xırdalan şəhəri üzrə Nümayəndəliyi öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyətinə (mülki prosessual fəaliyyət qabiliyyətinə) malik deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsinə əsasən, hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, hüquqi şəxs onun təsis edilməsi və nizamnaməsinin hazırlanması yolu ilə yaradılır (maddə 45.1) və hüquqi şəxsin təsisçiləri tərəfindən təsdiq edilmiş nizamnaməsi - hüquqi şəxsin təsis sənədidir (maddə 47.1). Həmin Məcəllənin 53-cü maddəsinin tələblərinə görə, filial və nümayəndəlik hüquqi şəxs deyildir və onlar hüquqi şəxsin təsdiq etdiyi əsasnamə üzrə fəaliyyət göstərirlər. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin Mülki-Prosessual Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Məhkəmə kollegiyası qeyd edir ki, mövcud hüquq sisteminə aid hüquq sahələrində (Mülki Məcəllədə, Mülki Prosessual Məcəllədə və s.) “hüquq qabiliyyəti” və “fəaliyyət qabiliyyəti” fərqli institutlar kimi müəyyən olunmuş və onların hər biri özünəməxsus müvafiq mahiyyət və məzmun daşıyır. Yəni, “hüquq qabiliyyəti” – “hüquqlara malik olmaq və vəzifələr daşımaq” qabiliyyəti olduğu halda, “fəaliyyət qabiliyyəti” - “şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək” qabiliyyətidir. Həmçinin, mülki icraatın (kommersiya mübahisəsi üzrə icraatın) prosessual qaydalarını müəyyən edən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində də proses iştirakçılarının “Mülki prosessual hüquq qabiliyyəti” və “Mülki prosessual fəaliyyət qabiliyyəti” fərqləndirilərək, bunun üçün Məcəlləyə ayrı-ayrılıqda 48-ci və 49-cu maddələr daxil edilmişdir. Yəni, “mülki prosessual hüquq qabiliyyətinin” təsbit olunduğu MPM-nin 48ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki prosessual hüquq qabiliyyəti) malikdir. “Mülki prosessual fəaliyyət qabiliyyətinin” təsbit olunduğu MPM-nin 49-cu maddəsində isə göstərilir ki, öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülkiprosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Göründüyü kimi, “mülki-prosessual fəaliyyət qabiliyyəti” və “hüquq qabiliyyəti” fərqli anlayışlardır və Mülki-Prosessual Məcəllədə mülki-prosessual fəaliyyət qabiliyyəti - tam həcmdə yetkinlik yaşına çatmış fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsus olan “məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq” qabiliyyətidir. Yuxarıda qeyd olunanlara əsasən müəyyən olunur ki, iddia ərizəsində cavabdeh qismində göstərilmiş Abşeron rayon İcra Hakimiyyəti Başçısının Xırdalan şəhəri üzrə Nümayəndəliyi - mülki icraatda (kommersiya mübahisəsi üzrə icraatda) tərəf kimi iştirak edə bilməz və bununla əlaqədar hazırkı şikayətdə göstərilənlər əsassızdır. Yəni, hər hansı bir hüquqi şəxsin “Nümayəndəlik” kimi qeydə alınaraq, mülki münasibətlərdə “Nümayəndəlik” olaraq çıxış edən subyekt – Mülki Prosessual Məcəllənin tələblərinə görə mülki-prosessual fəaliyyət qabiliyyətinə malik olmadığı üçün kommersiya mübahisəsi üzrə icraatda cavabdeh və yaxud iddiaçı ola bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən Mülki Prosessual Məcəllənin 149-cu maddəsinin tələblərinə uyğun olaraq cavabdehin adının və ünvanının iddia ərizəsində düzgün müəyyən edilərək göstərilməsi - iddiaçının vəzifəsi olduğuna görə, həmin maddənin tələbləri pozulduğu üçün Sumqayıt Kommersiya Məhkəməsinin iddia ərizəsinin iddiaçıya geri qaytarılması barədə gəldiyi nəticə qanuni və əsaslıdır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytararkən doğru qənaətə gəlmiş, mahiyyətcə düzgün qərardad çıxarmışdır. Ona görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İİddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli, e-2-2(119)- 2165/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(105)-15/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-15/2023
06.01.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver