Məhkəmə qərarları › İş №2-2(105)-152/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-152/2024

16.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-152/2024 16.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Hacıyev Vahid Məcid oğlu və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, Sumqayıt Kommersiya Məhkəməsinin 18 noyabr 2024-cü il tarixli e-2-2(119)- 2057/2024 nömrəli qərardadından İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2lə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli 027R********** nömrəli krеdit razılaşması üzrə 926,11 (doqquz yüz iyirmi altı manat, on bir qəpik) manat məbləğində bоrc, 119,43 (yüz on doqquz manat, qırx üç qəpik) manat məbləğində faiz bоrcu və 46,74 (qırx altı manat, yetmiş dörd qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 1092,28 (min doxsan iki manat, iyirmi səkkiz qəpik) manat məbləğində pul vəsaitinin və 31 (otuz bir) manat məbləğində dövlət rüsumunun əvəzinin həmin cavabdеhdən, o cümlədən zamin qismində iştirak etmiş digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 18 noyabr 2024-cü il tarixli e-2-2(119)- 2057/2024 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır (hakim Fərman Həmidli) İddiaçı Sumqayıt Kommersiya Məhkəməsinin 18 noyabr 2024-cü il tarixli e-2-2(119)- 2057/2024 nömrəli qərardadından şikayət verərək həmin qərardadın ləğv edilərək iddia ərizəsinin icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli poçt qəbzlərindən də göründüyü kimi işin geri qaytarılmasına səbəb olan cavabdehlər Cavabdeh3 və Cavabdeh1 xəbərdarlıq məktubu və iddia ərizəsi və ona əlavə sənədlər göndərilmiş, bu sənədlərin cavabdehlərdən biri tərəfindən imza atılmaqla qəbul edilməsini təsdiq edən poçt qəbzi işə əlavə edilmişdir. Lakin məhkəmə həmin sənədlərin hər iki cavabdehə ayrı-ayrılıqda göndərilməməsini və onların hər biri tərəfindən məktubların qəbul edilməməsini əsas gətirərək iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarmış və bununla da düzgün olmayan nəticəyə gəlmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 25 noyabr 2024-cü il tarixli, e-2-2(119)- 2003/2024 nömrəli qərardadı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Sumqayıt Kommersiya Məhkəməsinin 18 noyabr 2024-cü il tarixli e-2-2(119)-2057/2024 nömrəli qərardadından verilmiş şikayətinin təmin edilməməsi və həmin qərardadın qüvvəsində saxlanılması, Sumqayıt Kommersiya Məhkəməsinin 18 noyabr 2024-cü il tarixli e-2-2(119)- 2057/2024 nömrəli qərardadından İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Fərman Həmidli). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməli, Sumqayıt Kommersiya Məhkəməsinin 18 noyabr 2024-cü il tarixli e- 2-2(119)-2057/2024 nömrəli qərardadı ləğv edilməli, iddia ərizəsinin icraata qəbul edilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Sumqayıt Kommersiya Məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi qərardadı onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında müvafiq sənədi hazırkı iddia ərizəsinə əlavə edərək məhkəməyə təqdim etsə də, iş üzrə digər cavabdeh - Cavabdeh3 tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında müvafiq sənədləri iddia ərizəsinə əlavə edərək məhkəməyə təqdim etməmişdir. Eləcə də, iddiaçı cavabdehlərdən Cavabdeh1lə mübahisənin məhkəməyəqədər (pretenziya) qaydasında nizama salınmasını təsdiq edən müvafiq sənədi Mülki Prosessual Məcəllənin 150.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə əlavə edərək məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyini əsaslı hesab etmir. Belə ki, iddia ərizəsi və elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən müəyyən edilir ki, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Quliyev X1 rayonu, Hökməli qəsəbəsi, M.Əliyev küçəsi ev 18 ünvanında yaşayırlar. “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nın 6.19-cu bəndinə əsasən göndərici daxili poçt göndərişini eyni ünvanda yaşayan bir neçə ünvançıya ünvanlaya bilər. Belə hallarda poçt göndərişi ünvançılardan birinə verilir. Göründüyü kimi qanunvericilikdə eyni ünvanda yaşayan bir neçə şəxsə bir məktubun göndərilməsi zamanı onlardan birinə verilməsinin mümkünlüyü müəyyən edilmişdir ki, hazırki mübahisə üzrə də iddiaçı tərəfindən eyni ünvanda yaşayan cavabdehlərə iddia ərizəsinin surəti və pretenziya məktubu göndərilmiş və onlardan biri tərəfindən qəbul edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin, həmçinin mübahisənin məhkəməyəqədər (pretenziya) qaydasında nizama salınmasını təsdiq edən müvafiq sənədin cavabdehlərin hər birinə ayrılıqda göndərilməsinin imperativ qayda kimi müəyyən edilməsinə istinad etməklə iddia ərizəsinin geri qaytarmaqla formal mülahizələrə əsaslanmışdır. Beləliklə də, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Sumqayıt Kommersiya Məhkəməsinin 18 noyabr 2024-cü il tarixli e-2-2(119)- 2057/2024 nömrəli qərardadı ləğv edilməli, iddia ərizəsinin icraata qəbul edilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Sumqayıt Kommersiya Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək, qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhəkəməsi üçün məcburidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398.0.2, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin 18 noyabr 2024-cü il tarixli e-2-2(119)- 2057/2024 nömrəli qərardadı ləğv edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Sumqayıt Kommersiya Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar