Məhkəmə qərarları › İş №2-2(105)-153/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-153/2021

01.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-153/2021 01.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 20 avqust 2021-ci il tarixli, e-2-2(119)-898/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6041 manat məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra Şirkət) ilə Cavabdeh arasında bağlanmış 04 sentyabr 2020-ci il tarixli Borcun etirafı və ödəniş qaydasi haqqinda Müqaviləyə əsasən sonuncu Şirkətə 6041 manat borcu olmasını etiraf edərək, həmin məbləği hər ay 503,42 manat olmaqla 12 aya Şirkətə ödəmək öhdəliyini götürmüşdür. 04 sentyabr 2020-ci il tarixli Borcun etirafı və ödəniş qaydasi haqqinda Müqavilənin 2.2-ci bəndinə əsasən borclu tərəfindən ödəniş hər ayın bağlandığı gündə edilməlidir. Ödəniş ardıcıl olaraq 2 ay edilmədiyi təqdirdə isə Şirkət məhkəməyə müraciət edə bilər. Lakin Cavabdeh müqavilə üzrə öhdəliklərini vicdanlılığın tələb etdiyi tərzdə icra etməmişdir. Cavabdeh dəfələrlə Cəmiyyətə olan borcunu ödəməsi tələb olunmasına baxmayaraq, sonuncu tələblərə məhəl qoymadan, müxtəlif bəhanələr gətirərək borcu ödəməkdən yayınmışdır. Beləliklə, cavabdeh Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəalarını, həm də onunla bağlanmış Borcun etirafı və ödəniş qaydasi haqqinda Müqavilənin şərtlərini kobud şəkildə pozmuşdur. Sumqayıt Kommersiya Məhkəməsinin 20 avqust 2021-ci il tarixli, e-2-2(119)- 898/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh (VÖEN **********) 6041 (altı min qırx bir) manat məbləğində borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 6071 (altı min yetmiş bir) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması qət edilmişdir. (hakim Z.Sadiqov). Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. apelyasiya şikayətinin dəlilləri: borcun yaranması dünyada və eləcə də Azərbaycanda baş verən koronavirus pandemiyası ilə bağlı olmuşdur. Belə ki, pandemiya dövründə ardıcıl olaraq səkkiz aydan çox demək olar ki, icarəyə götürdüyü ticarət obyektini işlədə bilməmişdir. İcarə haqqını da ödəyə bilməmişdir. Dəfələrlə danışıqlar aparıb icarə haqqının silinməsini xahiş etsə də, ona Araz supermarketin işlədiyini, onun da ticarətlə məşğul olmaq imkanının olmasını bildirmişlər. Lakin fəaliyyəti qeyri-ərzaq mallarının satışı ilə bağlı olduğu üçün işləmək və qazanmaq imkanı olmamışdır. Son nəticədə onu borcun etirafı və ödəniş qaydası haqqında qeyri-qanuni müqavilə imzalamağa məcbur etmişlər. Həmin müqavilənin etibarsız hesab edilməsi ilə əlaqədar məhkəməyə müraciət edəcək. tərəflərin izahatları: Apelyasiya baxışı zamanı cavabdeh apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunda izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını və apelyasiya şikayətinin rədd edilməsini xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, kreditor İddiaçı ilə borclu Cavabdeh arasında 04 sentyabr 2020-ci il tarixli Borcun etirafı və ödəniş qaydasi haqqında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən Borclu Kreditora 6041 (altı min qırx bir) manat borcun yarandığını tam etiraf etmişdir (Müqavilənin 1-ci bəndi). Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən, Borclu 05 oktyabr 2020-ci il tarixindən hər ay 503,42 (beş yüz üç manat 42 qəpik) manat ödəməklə, 12 (on iki) aya həmin məbləği tam olaraq kreditora ödəməyi öhdəsinə götürür. Həmin Müqavilənin 2.2-ci bəndinə əsasən, Borclu tərəfindən ödəniş hər ayın bağlandığı günündə edilməlidir. Ödəniş ardıcıl olaraq 2 ay edilmədiyi təqdirdə, Kreditor məhkəməyə müraciət edə bilər. Həmin Müqavilənin 2.3-cü bəndinə əsasən, Borclu Kreditorun bu Müqaviləyə əsaslanan iddiasına qarşı etiraf olunan borcun əsaslandığı digər əqdlərə istinad edə bilməz. Həmin Müqavilənin 2.5-ci bəndinə əsasən, müqavilə imzalandığı andan qüvvəyə minir. İş materiallarında olan 28 aprel 2021-ci il tarixli Maliyyə arayışından görünür ki, 04 sentyabr 2020-ci il tarixli Borcun etirafı və ödəniş qaydasi haqqinda Müqavilə üzrə kreditor İddiaçı MMC-yə borclu Cavabdeh qalıq borcu 6041 (altı min qırx bir) manat təşkil edir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və hesab etmişdir ki, kreditor İddiaçı MMC ilə borclu Cavabdeh arasında bağlanmış 04 sentyabr 2020-ci il tarixli Borcun etirafı və ödəniş qaydasi haqqında müqavilə üzrə borclu Cavabdeh kreditor İddiaçı MMCyə 12 ay üçün ödənilməmiş ümumilikdə 6041 manat məbləğində borcu vardır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və həmin Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2 və 445.2.1-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Kollegiya qeyd edir ki, cavabdeh apelyasiya şikayətində qeyri-qanuni müqavilə imzalamağa məcbur edildiyini, həmin müqavilənin etibarsız hesab edilməsi ilə əlaqədar məhkəməyə müraciət edəcəyini bildirsə də, məhkəmə kollegiyası həmin dəlilləri əsassız hesab edir. Belə ki, məhkəmə kollegiyasının iclasında verdiyi izahatında cavabdeh həmin borcun olduğunu etiraf etmiş, sadəcə borcu hal-hazırda ödəyə bilməməsini qeyd etmişdir. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. NƏTİCƏ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 20.08.2021-ci il tarixli e-2-2(119)- 898/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar