Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-155/2023 25.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı tərəfindən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı kommersiya işi üzrə (Açar sözlər: borcun silinməsi) X2 Süleymanovanın sədrliyi və məruzəsi, X4 Məmmədov və X1 ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı Vəzı̇ rxan qızının cavabdeh "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli, e-2-2(119)-917/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək içməli suya görə 1300,81 manat, çirkab suyuna görə 1183,19 manat olmaqla, ümumilikdə 2484 manat hesablanmış cərimənin silinməsi və mediasiya ilə əlaqədar ödənilmiş 60 manat mediasiya xərcinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi, M.Müşfiq küçəsi yaxınlığında H.Zeynalabdin parkının içərisində yerləşən obyekt (çayxana) icarə müqaviləsi əsasında İddiaçı istifadəsindədir. 2017-ci ildə obyektə quraşdırılmış su sayğacı naməlum şəxslər tərəfindən oğurlanmışdır. İddiaçı dərhal Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə müraciət etmiş və oradan Sumqayıt şəhər Polis İdarəsinə müraciət etməsi tövsiyə olunmuşdur. Bundan sonra Sumqayıt şəhər Polis İdarəsinə müraciət olunmuş, Sumqayıt şəhər Polis İdarəsi 2-ci Polis Bölməsinin xx.xx.2017-ci il tarixli arayışı ilə bildirilmişdir ki, su sayğacının tapılması ilə bağlı hər hansı müsbət bir nəticə əldə olunmamışdır. Cavabdehlə əldə olunmuş qarşılıqlı razılığa əsasən yeni su sayğacı quraşdırılana qədər istifadə olunan suyun dəyərinin metodiki hesablama yolu ilə həyata keçiriləcəyi müəyyən edilmişdir. Obyektə su verilmədiyi halda, guya, sayğaca müdaxiləyə görə iddiaçıya 2484 manat borcunun olması barədə abonent haqqında arayış təqdim olunmuşdur. Həmin arayışa görə xx.xx.2023-cü il tarixinə içməli su üçün 1300,81 manat, çirkab suyuna görə isə 1183,19 manat olmaqla, cəmi 2484 manat cərimə hesablanmışdır. Halbuki iddiaçının istifadəsində olan obyektdə kanalizasiya xətti olmadığı halda 1183,19 manat borcunun olduğu göstərilir. Hesablanmış 2484 manat borc əsassız olduğundan cavabdeh tərəfindən silinməlidir. İddiaçı sayğaca heç bir müdaxilə etməmiş və akt imzalamamışdır. Həmçinin cavabdehə sonuncu dəfə 14 iyun 2023-cü il tarixdə elektron qaydada pretenziya ilə müraciət olunmuş, lakin cavabdeh həmin xəbərdarlıqlara cavab verməmiş, müqavilə üzrə öhdəliklərini icra etməmişdir.
3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. 21 iyun 2018-ci il tarixli MXD-09770 nömrəli inventar aktdan görünür ki, İddiaçı istifadəsində olan Sumqayıt şəhəri, X3 qəsəbəsində yerləşən sahibkarlıq obyektinin su təchizatı və kanalizasiya sisteminə baxış keçirilərkən obyektin su sayğacı yerində aşkarlanmamış və obyektin birbaşa qoşularaq d=15 mm-lik boru vasitəsi ilə sudan istifadə etdiyi məlum olmuşdur.
5. 01 fevral 2019-cu il tarixli inventarizasiya aktından görünür ki, İddiaçı istifadəsində olan Sumqayıt şəhəri, X3 qəsəbəsində yerləşən sahibkarlıq obyektinin su təchizatı və su sayğacı qovşağının vəziyyəti yoxlanarkən su xəttində su sayğacı aşkar olunmamış, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən yeni “GSS- 20k” markalı, smart kart tipli su sayğacı quraşdırılmışdır.
6. 01 fevral 2019-cu il tarixli 000953 nömrəli “Quraşdırılan, dəyişdirilən və təmir olunan su sayğacının istismara qəbuluna dair” Aktdan görünür ki, abonentin su xəttinə quraşdırılmış su sayğacı abonentin iştirakı ilə texniki şərtlər əsasında yoxlanılaraq istismara verilmişdir.
7. 15 iyul 2023-cü il tarixli inventarizasiya aktından görünür ki, İddiaçı istifadəsində olan Sumqayıt şəhəri, X3 qəsəbəsində yerləşən sahibkarlıq obyektinin su təchizatı və su sayğacı qovşağının vəziyyəti yoxlanarkən abonentə kanalizasiya xidməti göstərilmədiyi və abonentin çirkab su şəbəkəsinə qoşulmadığı məlum olmuşdur.
8. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunmuş arayışda göstərilir ki, İddiaçı istifadəsində olan Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, ev 106-da yerləşən qeyri-yaşayış sahəsində (kod- 153357) xx.xx.2013-cü il tarixdə “Alfasu-15” markalı, 552893 nömrəli su sayğacı quraşdırlmşdır. 2018-ci ilin mart ayında sayğac çıxarılaraq 2019-cu ilin fevral ayına qədər birbaşa birləşmə ilə su təzhizatı xidmətlərindən istifadə olunmuşdur. 01 fevral 2019-cu il tarixdə smart tipli, 184480 nömrəli yeni sayğac quraşdırılmışdır. Qeyri- yaşayış sahəsində sayğac olmayan müddət ərzində 2018-ci ilin mart ayından 2019-cu ilin fevral ayınadək sudan istifadə nəticəsində 304 manat borc hesablanmışdır. 21 iyun 2018-ci il tarixdə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri tərəfindən qeyri-yaşayış sahəsində sudan qeyri-qanuni istifadə halı aşkarlanmış və 09770 saylı 21 iyun 2018-ci il tarixli akt tərtib olunmuşdur. Sudan qeyri-qanuni istifadə nəticəsində 2196 manat dəymiş ziyan məbləği hesablanmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
9. Sumqayıt Kommersiya Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli, e-2- 2(119)-917/2023 nömrəli qətnaməsi ilə (hakim Həlimə Alıyeva) iddianın qismən təmin edilməsi, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən istifadəsində olan Sumqayıt şəhəri, X3 qəsəbəsində yerləşən sahibkarlıq obyekti üzrə İddiaçı adına rəsmiləşdirilmiş abonent hesabına (abonent kodu 153357) hesablanmış 2348 (iki min üç yüz qırx səkkiz) manat məbləğində borcun silinməsi, mediasiya ilə əlaqədar ödənilmiş mediasiya xərcinin əvəzi qismində 30 (otuz) manat məbləğində pul vəsaitinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən dövlət nəfinə 43,48 (qırx üç manat qırx səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
10. Məhkəmə öz mövqeyini “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2, 31.2-ci və 31.2.3-cü maddələri, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4, 1.5 və 5.2-cü bəndləri, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsi, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1-1 və 9.4-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4, 218.3, 119.1, 119.2, 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələri ilə əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
11. Sumqayıt Kommersiya Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli, e-2- 2(119)-917/2023 nömrəli qətnaməsi ilə razılaşmayan Cavabdeh Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-917/2023 nömrəli, 09 oktyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi və ödənilmiş 22.42 manat dövlət rüsumunun iddiaçıdan cavabdehin xeyrinə tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı qeyri-əhali qrupuna aid olmaqla, 2013-cü ildən su və kanalizasiya xidmətlərindən istifadə edən istehlakçı kimi “Azərsu" ASC-nin Abonent bazasında qeydiyyata götürülmüşdür. İş materialarından göründüyü kimi CavabdehSC-nin “Sumqayıt Sukanal” İdarəsinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, Tağıyev qəsəbəsində iddiaçıya məxsus obyektdə sudan qeyri-qanuni istifadə faktı aşkarlanaraq MXD-09770 saylı, xx.xx.2018-ci il tarixli akt tərtib edilmişdir. Akta əsasən 2196 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Həmin aktda yalnız aşkar olunan hallar öz əksini tapmışdır. Aparılmış araşdırma nəticəsində sudan qeyriqanuni istifadəsi nəticəsində itirilmiş su hesabatı aparılmış, buna mütənasib olaraq 2196 (iki min yüz doxsan altı) manat məbləgində dəymiş ziyan məbləği hesablanmişdir. Lakin işə baxan məhkəmə, CavabdehSC-nin “Sumqayıt Sukanal” İdarəsinin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektdə sudan qeyri-qanuni istifadə faktının aşkarlanmasını sahibkarlıq subyektinə qanunsuz müdaxilə kimi qəbul etmiş, aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadığından aparılan yoxlamanın, onun hüquqi nəticələrinin də qanunsuz olduğunu və cavabdeh tərəfindən hesablanmış borcun silinməsini məqbul hesab etmişdir. Hesab edir ki, məhkəmə iş üzrə düzgün qətnamə qəbul etməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. İşə baxılarkən işin məhkəmə aidiyyatı qaydaları pozulmuşdur. Belə ki, elektron xidmətlərin vergi ödəyiciləri barədə məlumat bazasında İddiaçı vergi uçotuna qeydə alınmasına dair heç bir qeyd yoxdur. Digər tərəfdən məhkəmə işinin materiallarında (qətnamədə) da iddiaçının vergi uçotuna qeydə alınmasına da heç bir məlumat verilməmişdir. Belə olan halda hesab edir ki, iddiaçı fiziki şəxsdir və onun hazırkı mübahisə üzrə sahiblarlıq fəaliyyətinə heç bir aidiyyatı yoxdur. Beləliklə, hazırkı iş ümumi məhkəmədə baxılmalı idi. Lakin, işi icraatına qəbul edən məhkəmə işin hazırlıq mərhələsində işi nəzərdən keçirib yuxarıda qeyd olunan əsaslar üzrə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmalı olduğu halda, onun tam əksi olaraq işə baxmış və tələm-tələsik qətnamə çıxarmaqla işini bitmiş hesab etmişdir. İş materialarından göründüyü kimi Cavabdeh ASC-nin “Sumqayıt Sukanal” İdarəsinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, Tağıyev qəsəbəsində iddiaçıya məxsus kafedə sudan qeyri-qanuni istifadə faktı aşkarlanaraq MXD-09770 saylı, xx.xx.2018-ci il tarixli akt tərtib edilmişdir. Akta əsasən 2484 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbindən göründüyü kimi, iddiaçı tərəf öz tələblərini əsaslandırdığı halları sübut etməli olduğu halda, bununla bağlı məhkəməyə sübut qismində heç bir sənəd təqdim etməmişdir. Buna baxmayaraq işə baxan məhkəmə bu fakta düzgün qiymət verməmişdir. Maddənin tələbinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, yaranmış borcun hesablanması qaydası haqqında məlumatı özündə əks etdirən arayış, inventar aktı sübut qismində məhkəməyə təqdim edilmişdir. Tərəfindən məhkəməyə təqdim edilən sübutlar düzgün qiymətləndirilməmiş və nəticədə prosessual hüquq normalarının pozulmasına səbəb olmuşdur. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin mübahisənin ərazi və məhkəmə aidiyyatına riayyət etməsini araşdırmalı idi. İş materiallarına əsasən işə baxan məhkəmə ümumiyyətlə bu məsələyə toxunmamışdır. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddiaçının yaranmış borcun sudan qeyri-qanuni istifadə etməsi nəticəsində hesablanması və hal-hazırda yaranmış borcun tam ödənilməli olduğunu araşdırmalı idi.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
13. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur.
14. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh apellyasiya şikayətində göstərir ki, “işə baxılarkən işin məhkəmə aidiyyəti qaydaları pozulmuşdur. Cavabdeh hesab edir ki, vergi ödəyiciləri bazasında İddiaçı vergi uçotunda qeydə alınmasında heç bir qeyd yoxdur, o fiziki şəxsdir və sahibkarlıq fəaliyyətinə dair heç bir aidiyyatı yoxdur. Cavabdeh hesab edir ki, iş ümumi məhkəmədə baxılmalı olduğu halda Sumqayıt Kommersiya Məhkəməsində baxılmışdır. Yəni məhkəmə aidiyyət qaydalarını pozmuşdur. Cavabdehin iradlarına cavab olaraq bildirir ki, o, 2 saylı Vergilər İdarəsində uçotdadır (VÖEN **********). Onun fiziki şəxs kimi fəaliyyət göstərməsini cavabdehin xx.xx.2023-cü il tarixdə təsdiq etdiyi “Abonent haqqında məlumat” təşkil edir. Cavabdeh apellyasiya şikayətində göstərir ki, guya o, sudan qeyri-qanuni istifadə edir, su təchizatı sisteminə qanunsuz qoşulmuşdur. Bildirir ki, onunla Cavabdeh ASC arasında xx.xx.2018-ci il tarixdə müqavilə bağlanmış və obyektə su sayğacı qoşulmuşdur. Obyektdə sudan qeyri-qanuni istifadə halları olmamışdır. Sahibi olduğu obyektdə istifadə edilən çirkab su qazılmış quyuya (şambo) axıdılmışdır. Obyektdə kanalizasiya sistemi olmamışdır və bunu cavabdeh özü də təsdiq etmişdir, kanalizasiya sistemi olmadığı və kanalizasiya xəttindən istifadə edilmədiyi halda “Abonent haqqında məlumat” da çirkab suyuna görə obyektə 1315 manat borc (cərimə) yazılmışdır. Halbuki, cavabdeh obyektdə işlədilən çirkab suyuna görə xidmət göstərmir. Həmçinin bildirir ki, 2017-ci ildə obyektə qoşulmuş su sayğacı naməlum şəxs tərəfindən oğurlanmışdır. Bu barədə Sumqayıt şəhər Polis İdarəsinə müraciət olunmuş və bunu Pİnin 2-ci Polis Bölməsinin xx.xx.2017-ci il tarixli arayışı təsdiq edir. Apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
15. Cavabdehin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
16. İddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini qəbul etmədi və təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.
Apellyasiya baxışının hədləri
17. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh tərəf verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
18. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3.2. bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Maddə 31.1. Yoxlamanın nəticələri yoxlama aktı ilə rəsmiləşdirilir. Maddə 31.2. Yoxlama aktında aşağıdakılar göstərilir: 31.2.1. yoxlayıcı orqanın adı; 31.2.2. aktın nömrəsi və tərtib edildiyi tarix; 31.2.3. yoxlamaların vahid məlumat reyestrindən verilən kod.
19. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5-ci bəndə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. 5.2-ci bəndə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir.
20. Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinin təsdiq edilməsi barədə xx.xx.2016-cı il tarixli Qərarına əsasən qeyri-əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 kub metr suyun qiyməti 1,0 manat müəyyən edilmişdir.
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmalıdır.
23. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, Sumqayıt şəhəri, X3 qəsəbəsində yerləşən sahibkarlıq obyekti üzrə İddiaçı adına rəsmiləşdirilmiş abonent hesabına (abonent kodu 153357) Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən sayğac olmayan müddət ərzində 2018-ci ilin mart ayından 2019-cu ilin fevral ayınadək içməli su təchizatı və tullantı sularının axıdılması xidməti üçün 304 manat məbləğində borc hesablanmışdır. Bundan başqa 21 iyun 2018-ci il tarixdə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri tərəfindən həmin obyektin su təchizatı və kanalizasiya sisteminə baxış keçirilmiş və qeyri-yaşayış sahəsində sudan qeyri-qanuni istifadə halı aşkarlanaraq akt tərtib olunmuşdur. Həmin akt əsasında 2196 manat dəymiş ziyan məbləği hesablanmışdır.
25. Sumqayıt Kommersiya Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli, e-2- 2(119)-917/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edərək, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən Sumqayıt şəhəri, X3 qəsəbəsində yerləşən sahibkarlıq obyekti üzrə İddiaçı adına rəsmiləşdirilmiş abonent hesabına (abonent kodu 153357) hesablanmış 2348 (iki min üç yüz qırx səkkiz) manat məbləğində borcun silinməsi qət edilmişdir.
26. Məhkəmə hesab etmişdir ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələbinə əməl etməmişdir, aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməli, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən istifadəsində olan Sumqayıt şəhəri, X3 qəsəbəsində yerləşən sahibkarlıq obyekti üzrə İddiaçı adına rəsmiləşdirilmiş abonent hesabına akt əsasında hesablanmış 2196 (iki min yüz doxsan altı) manat məbləğində borc silinməlidir.
27. Məhkəmə həmçinin hesab etmişdir ki, həmin abonent hesabına sayğac olmayan müddət ərzində 2018-ci ilin mart ayından 2019-cu ilin fevral ayınadək yarısı içməli su təchizatı, yarısı tullantı sularının axıdılması (kanalizasiya) xidməti üçün hesablanmış 304 (üç yüz dörd) manat məbləğində borcun 152 (yüz əlli iki) manat məbləğində hissəsi də silinməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı istifadəsində olan sözügedən sahibkalıq obyetində tullantı sularının axıdılması (kanalizasiya) xidmətindən istifadə olunmamışdır.
28. Apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və əsaslandırması ilə razılaşır, bu baxmdan əlavə araşdırmanın aparılmasına zərurət görmür və hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
29. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.
30. Məhkəmə kollegiyası eləcə də şikayətin elektron xidmətlərin vergi ödəyiciləri barədə məlumat bazasında İddiaçı vergi uçotuna qeydə alınmasına dair heç bir qeyd olmaması və bununla bağlı olaraq məhkəmə aidiyyatı qaydalarının pozulmasına dair dəlili üzrə qiymətləndirmə apararaq qeyd edir:
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır.
32. “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə olunmuş məlumatan görsənir ki, İddiaçı çayxanalar tərəfindən xidmətlərin göstərilməsi fəaliyyəti ilə məşğuldur və VÖEN statusu aktivdir.
33. Məhkəmə kollegiyası şikayətin həmin dəlili üzrə bildirir ki, apellyasiya şikayətinin məhkəmə aidiyyatının pozulması barədə dəlili əsassızdır, birinci instansiya məhkəməsi prosesual normaların tətbiqində pozuntuya yol verməmişdir, işə düzgün olaraq kommersiya məhkəməsi tərəfindən baxılmışdır.
34. Beləliklə, məhkəmə kollegiyası məhkəmə iclasında tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-917/2023 nömrəli, 09 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 405.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-917/2023 nömrəli, 09 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəsini alır. Qətnamədən kassasiya şikayəti verilə bilməz.