Məhkəmə qərarları › İş №2-2(105)-158/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-158/2021

20.12.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-158/2021 20.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Tahirova Lətafət Almazxan qızının katibliyi, İddiaçı “X2 X1” publik hüquqi şəxsinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı “X2 X1” publik hüquqi şəxsinin cavabdeh "xxxx" Müəssisəsinə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 01.09.2021ci il tarixli, e-2-2(119)-759/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, müəyyən etdi: İddiaçı “X2 X1” publik hüquqi şəxsi cavabdeh "xxxx" Müəssisəsinə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Müəssəsindən faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində 31.125,53 (otuz bir min bir yüz iyirmi beş manat əlli üç qəpik) manat məbləğdə dövlətə vurulmuş maddi ziyanın alınıb, Mineral-xammal Bazasının Bərpası üzrə Dövlət Fondunun hesabına ödənilməsi və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X2 X1 tərəfindən Bakı şəhəri, Türkan qəsəbəsi ərazisində “Türkan-İ” əhəngdaşı yatağına baxış keçirilərkən müəyyən olunmuşdur ki, 00791 nömrəli “Dağ-mədən ayırması” aktı ilə cavabdeh "xxxx" Müəssisəsinə ayrılmış 11 ha yer təki sahəsindən istifadə hüququnun müddəti 18 noyabr 2018-ci ildə bitməsinə baxmayaraq, ərazidə cavabdeh tərəfindən müvafiq icazə sənədi olmadan hasilat işləri aparılmışdır. İddiaçının nümayəndələri tərəfindən aparılmış ölçmələr nəticəsində 4,13 ha sahədə orta istismar dərinliyi 1,3 metr olmaqla 53.950 m3 və 1,5 ha sahədə orta istismar dərinliyi 2,1 metr olmaqla 31.500 m3 faydalı qazıntı əhəngdaşı hasil edildiyi aşkar edilmişdir. İcazə sənədinin müddəti bitdikdən sonrakı dövrdə qanunsuz hasil edilmiş faydalı qazıntının həcmini müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən, "xxxx" ASC-yə sorğu göndərilmişdir. "xxxx" ASC tərəfindən təqdim edilən məlumatlara görə cavabdehə məxsus 03/10-011 abunə kodu ilə 2019-cu ildə 189.602 kVts, 2020-ci ildə 148.874 kVts elektrik enerjisi sərf edilmişdir. Qanunsuz hasilat nəticəsində vurulmuş maddi ziyanın məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 28 dekabr tarixli, 239 nömrəli və 2020-ci il 29 mart tarixli, 119 nömrəli qərarları ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə normativlər”ə uyğun olaraq 1 m3 qanunsuz işlədilən əhəngdaşı faydalı qazıntısına görə müvafiq olaraq 7,7 manat və 35 manat hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin həmin qərarına əsasən birinci dəfə cərimələnən subyektlər üçün 0,7 əmsalı tətbiq edilir. “Türkan- İ” əhəngdaşı yatağında faydalı qazıntı çıxarılmasında 80% həcmdə itki hesablanır. Qeyd edilənləri nəzərə alaraq qanunsuz hasil edilmiş əhəngdaşına görə dövlətə vurulmuş ziyan 1) 2019-cu il üçün 189.602kVts*(1000/400*0.2)/72*7.7manat=10.138,44 manat, 2) 2020-ci il üçün 148.874kVts* ¼ *(1000/400*0.2)/72*7.7=1.990,15; 148.874kVts* ¾ *(1000/400*0.2)/72*35manat=27.138,48 manat, 27138.48 manat*0.7=18996.94 manat, cəmi: 18.996,94 manat + 1.990,15 manat + 10.138,44 manat=31.125,53 manat olaraq hesablanmalıdır. Lisenziya və ya icazə olmadan və ya həmin sənəddə nəzərdə tutulmuş şərtləri pozmaqla yerin təkindən istifadə etmə qanunvericiklə qadağan edilmişdir. Müvafiq icazə sənədi olmadan aparılmış hasilat qanunsuz hesab edilir və onun nəticəsində dövlətə vurulmuş maddi ziyanın məbləği tam ödənilməlidir. Sumqayıt Kommersiya Məhkəməsinin 01.09.2021-ci il tarixli, e-2-2(119)-759/2021 saylı qətnaməsi ilə iddia təmin edilərək, cavabdeh "xxxx" Müəssəsindən faydalı qazıntıların yataqların qanunsuz işlənməsi nəticəsində 31.125,53 (otuz bir min bir yüz iyirmi beş manat əlli üç qəpik) manat məbləğdə dövlətə vurulmuş maddi ziyanın əvəzi tutularaq, Mineral-xammal Bazasının Bərpası üzrə Dövlət Fondunun hesabına ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun cavabdehə aid edilməsi, cavabdehdən 30 manat dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. (hakim Xəqani Tağıyev) Qətnamədən cavabdeh "xxxx" Müəssisəsi apellyasiya şikayəti vermişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı “X2 X1” publik hüquqi şəxsinin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş cavabdeh "xxxx" müəssisəsinin vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimi, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Kommersiya Məhkəməsinin 01.09.2021-ci il tarixli, e-2-2(119)-759/2021 saylı qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Çünki, irəli sürülən tələb üzrə mübahisə inzibati hüquq münasibətlərindən irəli gəldiyi üçün mübahisəyə mülki məhkəmə icraatı qaydasında deyil, inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində fəaliyyət göstərən X2 X1 “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş yerin təkindən istifadə növləri üzrə fəaliyyətin tənzimlənməsini, habelə yer təkinin istifadəsində və mühafizəsində qanunvericiliyə, müəyyən edilmiş standartlara və tələblərə əməl olunmasına nəzarəti həyata keçirən, yerin təkindən istifadə ilə bağlı müsabiqə və hərracların keçirilməsini təşkil edən, bu sahədə xidmətlər göstərən publik hüquqi şəxsdir. Agentlik müvafiq sahədə dövlət siyasətinin formalaşmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir, tənzimləməni və nəzarəti həyata keçirir. X2 X1 həmin fəaliyyətdən irəli gələn funksiyanı yerinə yetirərək cavabdehdən dövlətə vurulmuş ziyanın ödənilməsini tələb edir. “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununun 47-ci maddəsinə əsasən, yerin təkindən istifadə ilə əlaqədar mübahisələr inzibati qaydada və məhkəmə qaydasında həll edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən (2020-ci il yanvarın 1-dən qüvvədə olan), sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Mülki Prosessual Məcəlləyə görə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. (MPM-in 1-ci maddəsinin qeyd hissəsi) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, “Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. (...) hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. (...) Məhkəmə icraatının növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı 10 aprel 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər... Göstərilənlərə və sadalanan qanunvericilik aktları normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələb üzrə hazırki işə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəməsində baxılmalı olmadığı üçün iş üzrə icraata xitam verilməli, iddiaçıya qeyd edilmiş halları nəzərə alaraq, aidiyyatı üzrə inzibati məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin 01.09.2021-ci il tarixli, e-2-2(119)-759/2021 saylı qətnaməsi ləğv edilsin. İddiaçı “X2 X1” publik hüquqi şəxsinin cavabdeh "xxxx" Müəssisəsinə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair 2-2(105)-158/2021 saylı iş üzrə icraata xitam verilsin. İddiaçıya izah edilsin ki, aidiyyatı üzrə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar