Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-16/2021 17.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası, sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, e-2-2(119)-493/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15646 (on beş min altı yüz qırx altı) manat məbləğində borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 15676 manat (on beş min altı yüz yetmiş altı manat) məbləğində pul vəsaitinin tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə sonuncuya məxsus Quba şəhərinin “Qəçrəş yolu” yaşayış massivində yerləşən ümumi ərazisi 967,6 m2 olan qeyri-yaşayış sahəsinin icarəsi haqqında X3 tərəfindən 3M-16 reyestr nömrəsi ilə təsdiq edilmiş xx xxxxxx 2020-ci il tarixli İcarə Müqaviləsi bağlamışdır. İcarəyə verən adından müqaviləni onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və yaxın qohumu (qardaşı oğlu) olan X2 imzalamışdır. X1 görə İcarə müddəti müqavilə bağlanan gündən xx xxxxxx 2021-ci il tarixədək müəyyən edilmişdir. İcarə haqqı illik 83720,93 (səksən üç min yeddi yüz iyirmi manat 93 qəpik) manat məbləğində müəyyən edilmişdir. İcarə Müqaviləsində bu məbləğin bir hissəsinin – 11720,93 (on bir min yeddi yüz iyirmi manat 93 qəpik) manat ödəmə mənbəyində vergi qismində İcarəçi (iddiaçı) tərəfindən müvafiq vergi orqanına ödənilməsi, qalan 72000 (yetmiş iki min) manatın isə ildə 2 dəfə 2 bərabər hissədə (müvafiq olaraq 18 yanvar və xx xxxx 2020-ci il tarixlərindən gec olmamaqla) İcarəyə verənə ödənilməsi müəyyən edilmişdi. Müqaviləyə əsasən İcarəçi (İddiaçı) əmlakdan istifadəyə xx xxxxxx 2020- ci il tarixindən başlamışdır. Vergi məbləği İcarəçi tərəfindən qanunvericiliyə müvafiq qaydada tam olaraq Vergi Orqanına ödənilmişdir. İllik İcarə haqqının 36000 (otuz altı min) manat olan birinci hissəsi (6 aylıq icarə haqqı) İcarəçi tərəfindən İcarəyə verənə xx xxxxxx 2020-ci il tarixində öncədən ödənilmişdir. Koronavirus pandemiyasının yayılması səbəbindən tətbiq edilən karantin qadağalarına görə 2020-ci ilin aprel və may aylarında İcarə obyektindən İcarəçinin istifadəsi mümkün olmamışdır. Biznes fəaliyyətinin davam etdirilməsi üçün yaranmış maneələr ciddi olduğuna görə Tərəflər xx xxxx 2020-ci il tarixdə İcarə müqaviləsinin ləğv edilməsinə dair müqavilə bağlamışlar. X3 tərəfindən elə xx xxxx 2020-ci il tarixdə 3M-327 reyestr nömrəsi ilə təsdiq edilmiş həmin Müqaviləyə əsasən İcarə müqaviləsinə xx xxxx 2020-ci il tarixdən xitam verilmişdir. Ləğvetmə haqqında müqaviləni də İcarəyə verən adından onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və yaxın qohumu (qardaşı oğlu) olan X2 imzalamışdır. 2020-ci ilin mart ayının sonlarından etibarən İcarəçi qeyri-yaşayış sahəsinə daxil olmur və həmin vaxtdan da sahə İcarəyə verənin bilavasitə sahibliyi və sərəncamındadır. İcarə müqaviləsinin 5.1.6-cı bəndinə görə İcarə müqaviləsinə xitam verildiyi halda İcarə haqqının istifadə edilməmiş hissəsinə görə ödənilmiş məbləğ İcarəçiyə qaytarılır. İcarə müqaviləsinin həmin bəndinə görə “İcarə haqqının istifadə edilməmiş hissəsi” cəmi İcarə haqqı 12 (on iki) aya bölünüb İcarə obyektindən istifadə edilməmiş ayların sayına vurmaqla hesablanır. Cəmi (illik) İcarə haqqının (vergi hissəsi çıxılandan sonra) aylıq hissəsi 6000 (altı min) manat təşkil edir (72000 manat/12 ay). İcarə müddəti 2020-ci il yanvar ayının 13-ü tarixindən başladığından, tam aylar hər növbəti ayın 13-dək hesablanmalıdır. Beləliklə, İcarəyə verənin İcarə obyektindən istifadəsi İcarə müddətinin natamam 3 ayı (2020-ci ilin martın sonunadək) davam etmişdir. İcarə müddətinin qalan hissəsi, yəni aprel ayının 13 günü və iyulun 13-dək olan 3 ay, cəmi 3 ay 13 gün ərzində İcarə obyekti İcarəçinin istifadəsində olmamışdır. Ödənilmiş İcarə haqqının (36000 manat) obyektin istifadə müddətinə (2 ay 17 gün) düşən hissəsi (15400 manat) çıxılandan sonra qalan 20600 (iyirmi min altı yüz) manat İcarə müddətinin istifadə edilməmiş hissəsinə düşür. İcarə müqaviləsinin 5.1.6-cı bəndinə görə, həmin 20600 manat İcarəyə verənə qaytarılmalıdır. Eyni zamanda İcarəçi (İddiaçı) tərəfindən icarəyə götürdüyü qeyri-yaşayış sahəsində istifadə etdiyi elektrik enerjisinə görə 555 manat məbləğində, təbii qaza görə 2902 manat məbləğində, suya görə 736 manat məbləğində və internetə görə 114 manat məbləğində ödənilməmiş borc qalmışdır. İcarə obyektinin təhvil-təslimi zamanı isə 647 manat məbləğində qüsur aktı çıxarılmış və təsdiqlənmişdir. Toplam olaraq, həmin xərclərə görə iddiaçı tərəfindən ödənilməli məbləğ 4954 (dörd min doqquz yüz əlli dörd) manat təşkil edir. Yuxarıdakıları nəzərə alaraq 2020-ci ilin 01 aprel – 13 iyul müddəti üçün qabaqcadan ödənilmiş 20600 (iyirmi min altı yüz) manat məbləğdən 4954 (dörd min doqquz yüz əlli dörd) manat çıxandan sonra qalan 15646 (on beş min altı yüz qırx altı) manat pul vəsaiti iddiaçıya qaytarılmalıdır. Cavabdeh iddia ərizəsinə etirazı onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 2020-ci il tarixli İcarə Müqaviləsinə əsasən özünə məxsus Quba şəhərinin “Qəçrəş yolu” yaşayış massivində yerləşən mehmanxana tipli qeyri-yaşayış sahəsini hər ayı 6000 manatdan hesablanaraq, illik icarə haqqı 72000 manat olmaqla bir il müddətinə İddiaçınə icarəyə vermiş və sonuncu 6 aylıq icarə haqqı olaraq 36000 manat pulu əvvəlcədən ona ödəmişdir. İcarə haqqının qalan 36000 manatı isə xx xxxx 2020-ci il tarixindən gec olmamaqla ödənilməli idi. Lakin, İcarəçi pulun ikinci hissəsini Müqavilədə nəzərdə tutulan vaxtda ödəməmiş və buna görə də, o, 2020-ci ilin mart ayından etibarən İcarəçidən pulun qalan hissəsini də tələb etməyə başlamışdır. İcarəçi müxtəlif bəhanələrlə pulu ödəməkdən yayınmış və xx xxxx 2020-ci ildə onların arasında İcarə müqaviləsinin ləğv edilməsinə dair başqa bir müqavilə bağlanmışdır. Həmin Müqavilə bağlandıqdan təxminən 10-12 gün sonra, yəni iyun ayının ortalarında o, həmin obyektin açarlarını İcarəçidən götürüb, obyektin otaqlarına daxil ola bilmişdir. Obyektin otaqlarına daxil olduqda isə o, otaqların güclü təmirə ehtiyacı olduğunu görmüşdür. Eləcə də, İcarəçi istifadə etdiyi qaza və digər kommunal xərc və xidmətlərə görə borcunu ödəməmiş və o, məcbur olub həmin borcları özü ödəmişdir. Onların arasında bağlanmış İcarə müqaviləsi xx xxxx 2020-ci ildə pozulmasına və İcarə müqaviləsi bağlandıqdan təxminən 10-12 gün sonra obyektini faktiki olaraq qəbul etdiyinə görə, onun təxminən bir aylıq icarəyə görə ödənilmiş pul üzrə borcu yaranır. Lakin İcarəçi tərəfindən ona məxsus obyektin otaqları yararsız hala düşdüyünə və təmirinə görə iddia ərizəsində göstərilən 647 manat məbləğində deyil, daha çox vəsait tələb olunduğundan o, ödənilmiş icarə haqqından heç bir məbləğdə pul qaytarmalı deyil. Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, e-2-2(119)- 493/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh (VÖEN **********) 3246 (üç min iki yüz qırx altı) manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 6 (altı) manat olmaqla, cəmi 3252 (üç min iki yüz əlli iki) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Z.Sadiqov). Qətnamədən narazı qalan iddiaçı tərəfindən apelyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: icarə müqaviləsi xx xxxxxx 2020-ci il tarixdə 1 il müddətinə bağlanıb. İcarə haqqının bərabər 2 hissəyə bölünməklə qabaqcadan ödəniş kimi ödənilməsi razılaşdırılıb. İcarəçi birinci hissəni Müqavilə bağlanandan 3 gün sonra qabaqcadan (6 aylıq, yəni xx xxxx 2020 il tarixinədək) ödəyib. Koronovirus pandemiyası və karantinə görə mehmanxana fəaliyyəti iflic olmuş, icarə obyektinin fəaliyyətsiz qaldığı və hələ uzun müddət qalacağını nəzərə alaraq 2 hissəni ödəməyin mümkünsüz olduğundan ödəyə bilməyib. Əlavə notariat qaydasında xx xxxx 2020-ci il tarixli müqavilə ilə icarə müqaviləsinə xitam verilib. Bütün qeyd edilənləri mübahisə tərəfləri məhkəmə baxışında təsdiq ediblər. İcarə Müqaviləsində (b. 5.1.6) onun tərəfləri şərt nəzərdə tutub ki, icarə müqaviləsinə xitam verildiyi halda icarə haqqının istifadə edilməmiş hissəsinə görə ödənilmiş məbləğ İcarəçiyə qaytarılır. Bu o deməkdir ki, qabaqcadan ödənilmiş icarə haqqının qaytarılması üzrə hesablaşmalarda icarə obyektindən istifadənin kəsilməsi tarixinə istinad edilməlidir. Lakin birinci instansiya məhkəməsi istifadənin kəsilməsi deyil, icarə müqaviləsinin notarial qaydada ləğvi tarixinə istinad etmişdir. İddiaçı icarə obyektindən istifadənin kəsilməsi tarixini aprel ayı göstərmiş, bunun sübutu kimi üzərində cavabdehin nümayəndəsinin əli ilə yazdığı qeydi olan bizim bildiriş məktubunu təqdim etmişdir. Bu qeyddə aydın yazılır ki, icarə aprel ayından dayanıb. Cavabdeh bu qeydin özünün nümayəndəsinə məxsusluğunu mübahisələndirməmişdir. Bu nümayəndə cavabdehin adından həm icarə müqaviləsini imzalayıb, həm icarə obyektinin istifadəsinə nəzarəti həyata keçirib, həm bu qeydi yazıb, həm də xitam haqqında müqaviləni imzalayıb. Yəni cavabdehin tam səlahiyyətli və məlumatlı nümayəndəsi kimi fəaliyyət göstərmişdir. Birinci instansiya məhkəməsi bu sübuta nə qiymət vermiş, nə də onu qətnamədə göstərmişdir. İddia da ona əsaslanır ki, icarə müqaviləsinin şərti olduğu kimi tətbiq edilməlidir. İcarə haqqının qaytarılmalı hissəsi icarənin dayandırılması tarixindən, yəni aprel ayından hesablanmalıdır. Lakin birinci instansiya məhkəməsi bu halı nəzərə almamış, bu halı təsdiq edən sübutu və dəlilləri rədd etmək üçün dəlil gətirməmişdir. Bununla da AR MPM-in 14.2, 220.4-cü maddələrinin, eyni zamanda 88 və 217.3-cü maddələrinin tələbləri pozulmuşdur. Tərəflərin izahatları: Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi Vəkil apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdi. Apelyasiya baxışı zamanı Cavabdeh apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, Piriyev Vüsalın imzası onunla bağlı olmuşdur ki, iddiaçı mart ayı üçün ödəniş etməlidir. Müqavilə 13 yanvarda bağlanmışdı və 2 hissədə ödəniş olmalı idi. Orda iyunadək işçilər olmuş və açarlar onlarda olmuşdur. Müqaviləni iyunun əvvəlində ləğv etdirsələr də, iyunun 16-dək işçilər orda idilər, yavaş-yavaş tərk edirdilər, yəni özləri xahiş etdilər ki, onlara çıxmaq üçün də əlavə vaxt verilsin. 5 iyunda iddiaçı ilə aralarında akt tərtib olunmuşdur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apelyasiya şikayətinin dəlillərini araşdıraraq, iddiaçının nümayəndəsini və cavabdehi dinləyərək, hesab edir ki, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, e-2-2(119)-493/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş xx xxxxxx 2020-ci il tarixli İcarə Müqaviləsindən görünür ki, İddiaçı” Məhdud Məsuliyyətli Cəmiyyəti – “İcarəçi” və hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh (VÖEN **********) – “İcarəyə verən” olmaqla İcarəyə verən Quba şəhərinin “Qəçrəş yolu" yaşayış massivi ərazisində yerləşən ümumi sahəsi 967,6 m2 olan qeyri-yaşayış sahəsini (bundan sonra "İcarə obyekti" adlandırılan) İcarəçiyə icarəyə vermişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən, İcarə Müqaviləsi xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2021-ci il tarixədək bağlanmışdır. Müqavilənin 4.1-ci bəndinə əsasən, İcarəçi İcarə obyektindən istifadəyə görə İcarəyə verənə illik 83720,93 (səksən üç min yeddi yüz iyirmi manat 93 qəpik) manat (ödəmə mənbəyində vergi dəxil olmaqla) İcarə haqqı ödəyir. İcarə haqqının 11720,93 (on bir min yeddi yüz iyirmi manat 93 qəpik) hissəsi ödəmə mənbəyində vergi qismində İcarəçi tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada tutularaq Dövlət Büdcəsinə ödənilir, İcarə haqqının qalan 72000 (yetmiş iki min manat) manat hissəsi isə bu Müqavilə ilə müəyyən edilmiş şərtlərlə və qaydada "İcarayə verən"ə ödənilir. Müqavilənin 4.2-ci bəndinə əsasən, Müqavilə ilə nəzərdə tutulan icarə haqqı ödənişi ildə 2 (iki) dəfə olaraq 2 (iki) bərabər hissədə ödənilir. Müqavilənin 4.3-cü bəndinə əsasən, Müqavilə ilə nəzərdə tutulan birinci İcarə haqqı ödənişi xx xxxxxx 2020-ci il tarixinədək, ikinci İcarə haqqı ödənişi xx xxxx 2020-ci il tarixinədək ödənilir. Müqavilənin 5.1.6-cı bəndinə əsasən, müqaviləyə xitam verildiyi halda icarə haqqının istifadə edilməmiş hissəsinə görə ödənilmiş məbləğ (cəmi icarə haqqı 12 (on iki) aya bölünüb İcarə obyektindən istifadə edilməmiş ayların sayına vurulmaqla hesablanır) İcarəçiyə qaytarılmalıdır. İş materiallarından görünür ki, “İcarəçi” İddiaçı tərəfindən xx xxxxxx 2020-ci ildə “İcarəyə verən” Cavabdeh xx xxxxxx 2020-ci il tarixli İcarə Müqaviləsi üzrə 6 aylıq icarə haqqı olaraq cəmi 36000 (otuz altı min) manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş xx xxxx 2020-ci il tarixli “İcarə müqaviləsinin ləğv edilməsinə dair” Müqavilədən görünür ki, “İcarəçi” İddiaçı ilə “İcarəyə verən” Cavabdeh arasında Quba şəhərinin “Qəçrəş yolu” yaşayış massivi ərazisində yerləşən 967,6 kv.m qeyri-yaşayış binasının icarəyə verilməsinə dair bağlanmış xx xxxxxx 2020-ci il tarixli İcarə müqaviləsi ləğv edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı MMC ilə Cavabdeh arasında bir il müddətinə xx xxxxxx 2020-ci il tarixli İcarə Müqaviləsi bağlanmış və həmin İcarə Müqaviləsi üzrə 6 aylıq icarə haqqı, yəni xx xxxxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək müddəti əhatə edən dövr üzrə icarə haqqı olan 36000 manat (hər ay üçün 6000 manat, hər gün üçün 200 manat hesabı ilə) məbləğində pul vəsaiti ödənilmişdir. Lakin, xx xxxx 2020-ci ildə tərəflər arasında bağlanmış digər bir Müqavilə ilə xx xxxxxx 2020-ci il tarixli İcarə Müqaviləsi ləğv edilmiş və bununla da, onların arasında olan icarə münasibətlərinə xitam verilmişdir. İddiaçı tərəf (icarəçi) iddia ərizəsində xx xxxx 2020-ci il tarixədək olan 6 aylıq müddət üçün ödənilmiş 36000 manat icarə haqqı məbləğindən koronavirus (COVİD-19) infeksiyası ilə əlaqədar yaranmış vəziyyətə görə xx xxxxx 2020-ci ildən icarə obyektindən istifadə edilməməsi əsası ilə həmin tarixdən xx xxxx 2020-ci ilədək olan cəmi 3 ay 13 gün üçün nəzərdə tutulan 20600 (iyirmi min altı yüz) manat icarə haqqının İcarə Müqaviləsinin 5.1.6-cı bəndinə görə geri qaytarılmalı olmasını, lakin həmin məbləğdən icarə obyektindən istifadə edilərkən yaranmış və ödənilməmiş “elektrik enerjisinə görə 555 manat məbləğində, təbii qaza görə 2902 manat məbləğində, suya görə 736 manat məbləğində və internetə görə 114 manat məbləğində ödənilməmiş borclar və eyni zamanda, icarə obyektinin təhvil-təslimi zamanı 647 manat məbləğində müəyyən edilmiş təmir xərcləri” olmaqla, cəmi 4954 (dörd min doqquz yüz əlli dörd) manat məbləğində pul vəsaitinin çıxılaraq, qalan 15646 (on beş min altı yüz qırx altı) manat məbləğində pul vəsaitinin iddiaçıya (icraçıya) qaytarılmalı olması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsi iddianı qismın təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, xx xxxxxx 2020-ci il tarixli İcarə Müqaviləsinə tərəflər arasında bağlanmış digər bir Müqavilə əsasında xx xxxx 2020-ci il tarixində xitam verildiyinə görə, əvvəlcədən ödənilmiş 36000 manat məbləğində icarə haqqının xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixinədək olan dövrə aid hissəsi hesablanaraq iddiaçıya qaytarılmalıdır. Həmçinin məhkəmə qaytarılmalı olan pul vəsaiti hesablanarkən iddiaçının iddia ərizəsində qaytarılmalı məbləğdən xərclərin çıxılması barədə ifadə etmiş olduğu mövqeyini nəzərə almış və 3246 (üç min iki yüz qırx altı) manat məbləğində pul vəsaitinın qaytarılmalı olmasını qeyd etmişdir. Kollegiya da birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu mövqe ilə razılaşır və qətnamənin əvvəlcədən ödənilmiş 36000 manat məbləğində icarə haqqının xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixinədək olan dövrə aid hissəsi hesablanaraq iddiaçıya qaytarılmalı olmasını əsaslı hesab edir. İddiaçı isə bu mövqe ilə razılaşmamış və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı icarə obyektindən istifadənin kəsilməsi tarixini aprel ayı göstərmiş, bunun sübutu kimi üzərində cavabdehin nümayəndəsinin əli ilə yazdığı qeydi olan bildiriş məktubunu təqdim etmişdir. Bu qeyddə aydın yazılır ki, icarə aprel ayından dayanıb. Cavabdeh bu qeydin özünün nümayəndəsinə məxsusluğunu mübahisələndirməmişdir. Bu nümayəndə cavabdehin adından həm icarə müqaviləsini imzalayıb, həm icarə obyektinin istifadəsinə nəzarəti həyata keçirib, həm bu qeydi yazıb, həm də xitam haqqında müqaviləni imzalayıb. Yəni cavabdehin tam səlahiyyətli və məlumatlı nümayəndəsi kimi fəaliyyət göstərmişdir. Birinci instansiya məhkəməsi bu sübuta nə qiymət vermiş, nə də onu qətnamədə göstərmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, iş materiallarında olan (səh 40) həmin bildiriş məktub xx.xx.2020-ci il tarixə aid olmuş və həmin bildiriş məktubla iddiaçı özü müqaviləyə xx.xx.2020-cil tarixdən xitam verilməsini xahiş etmişdir. Aprel ayından etibarən müqavilənin qüvvəsini itirməsi ilə bağlı cavabdehin nümayəndəsinin qeydinə münasibətdə isə məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, həmin qeydi onun nümayəndəsi o səbəblə etmişdir ki, müqaviləyə uyğun olaraq ikinci İcarə haqqı ödənişi xx xxxx 2020-ci il tarixinədək ödənilməli olsa da, iddiaçı tərəf həmin ödənişi etməmişdir. Cavabdeh həmin dəlili həm də onunla vurğulamışdır ki, iyun ayının ortalarınadək həmin obyektin açarları iddiaçıda olmuş, açarlar ona təhvil verilənədək obyektə daxil olmamışdır. xx.xx.2020-ci il tarixdə icarə müqaviləsi notariat qaydasında ləğv edildikdən sonra belə iddiaçı tərəf obyektin boşaldılması üçün vaxt istəmiş, yalnız müqavilənin ləğvindən bir müddət sonra qeyriyaşayış sahəsi ona təhvil verilmişdir. Açarların icarə müqaviləsi ləğv olunanadək iddiaçıda olmasını iddiaçının nümayəndəsi özü də məhkəmə iclasında təkzib etməmişdir. Beləliklə kollegiya yuxarıda qeyd olunanlarla apelyasiya şikayətinin dəlilinə qiymət verərək hesab edir ki, həmin dəlil məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış və mötəbər sübutlar əsasında sübuta yetməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş İcarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən, icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnamə üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, e-2-2(119)-493/2020 saylı qətnaməsi qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki işə apelyasiya qaydasında baxılması üçün iddiaçı tərəfindən ödənilmiş 15 manat məbləğində dövlət rüsumu apelyasiya şikayətinin təmin edilməməsi səbəbindən onun özünə aid edilməlidir. NƏTİCƏ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 402, 403, 404, 405, 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, e-2-2(119)- 493/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı tərəfindən ödənilmiş 15 manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: ünvan 2 vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına (ünvan: ünvan 3 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(105)-16/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-16/2021
17.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver