Məhkəmə qərarları › İş №2-2(105)-17/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-17/2020

24.02.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-17/2020 24.02.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası, sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər X3 və X2 ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçının nümayəndəsi İddiaçı2, Cavabdeh1 nümayəndəsi Nümayəndə2, Cavabdeh2, onun nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı1 Sığorta Şirkəti ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı sığorta haqqı üzrə borcun, dəbbə pulu və dövlət rüsumunun tutulması tələbinə dair iş üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, e-2-2(085)-179/2019 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı1 Sığorta Şirkəti ASC Cavabdeh1 qarşı iddia ərizəsi ilə Sumqayıt İnizibati- İqtisadi Məhkəməsinə müraciət edərək cavabdehdən iddiaçının xeyrinə 12758,5 manat sığorta haqqı üzrə borcun, 18002,35 manat dəbbə pulu və 30 manat dövlət rüsumu, cəmi 30790,85 manatın tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh2 birgə cavabdeh kimi işə cəlb edilməsini xahiş etmiş və cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə 12758,5 manat sığorta haqqı üzrə borcun, 18002,35 manat dəbbə pulu və 30 manat dövlət rüsumu, cəmi 30790,85 manatın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış sığorta xidməti haqqında agent müqaviləsinin şərtlərinə əsasən cavabdeh iddiaçının sığorta agenti kimi fəaliyyət göstərərək, ona sığortaçının adından sığorta müqaviləsi bağlamaq səlahiyyəti verilmişdir. 2014-2015-ci illər ərzində cavabdeh avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və digər sığorta növləri üzrə 114 ədəd müqavilə bağlamış, lakin onların 12758,5 manat məbləğindəki dəyərini sığortaçıya ödəməmişdir. Halbuki, agent müqaviləsinin 5.2-ci bəndinə əsasən sığorta agenti qəbzin surətini, qəbz üzrə pul vəsaitlərini, sığorta müqaviləsi və digər sənədləri növbəti həftənin son iş günündən gec olmayaraq sığortaçının mühasibatlığına hesabat formasında təqdim etməyə borcludur. Bununla bağlı onun 12758,5 manat sığorta haqqı üzrə və 18002,35 manat dəbbə pulu üzrə borcu yaranmışdır. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, e-2-2(085)- 179/2019 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim V.Əzizova). Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Cavabdeh1 ilə bağlanmış sığorta xidməti haqqında agent müqaviləsinin (şərtlərinə əsasən ona iddiaçının sığorta agenti kimi fəaliyyət göstərərək, iddiaçının adından sığorta müqaviləsi bağlamaq səlahiyyəti verilmişdir, 2014-2015-ci illər ərzində cavabdeh avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və digər sığorta növləri üzrə 114 ədəd müqavilə bağlamış, lakin Cavabdeh1 bağladığı 114 ədəd sığorta müqaviləsinin 12758,5 manat məbləğindəki dəyərini sığortaçıya ödəməmiş və nəticədə sığorta haqqı üzrə 12758,5 manat, gecikdirilmiş günlərə görə 18002,35 manat dəbbə pulu borcu yaranmışdır. Cavabdeh1 borcunu könüllü şəkildə ödəmədiyi üçün iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı Cavabdeh1 nümayəndəsi, sığorta haqları ödənilməmiş sığorta blanklarının təhvil götürülməsi haqqında qaimələrdəki imzanın Cavabdeh1 məxsus olmadığını bildirmiş və ekspertiza təyin edilməsini xahiş etmişdir. Həmin məhkəmə iclasında iştirak edən cavabdehin qohumu Cavabdeh2 özünün də əvvəllər "İddiaçı1" Sığorta Şirkəti ASC-də Cavabdeh1 ilə birgə çalışdığını bildirməsi və qaimələrdəki imzaların Cavabdeh1 aid olmadığını inamla təkid etməsi iddiaçı tərəfdə əsaslı şübhələr oyatmış oldu. Məhkəmə baxışından sonra iddiaçının ofisində aparılmış araşdırma nəticəsində arxivdən əldə edilmiş 2012-ci ilin aprel ayına aid bir Aktdakı "Sığorta agenti" Cavabdeh2 imzası ilə sözü gedən təhvil verilmə haqqında qaimələrdə “sığorta agenti" və "qəbul etdi" qrafalarındakı imzaların eyni şəxsə, yəni Cavabdeh2 məxsus olması açıq aydın göründü. Cavabdeh1 imzasını yoxlayan ekspert rəyi də bunu təsdiq etmiş oldu. Belə ki, rəyə əsasən, həqiqətən də imzanın Cavabdeh1 məxsus olmadığı müəyyən olundu. İddiaçının vəsatəti əsasında Cavabdeh2 2-ci cavabdeh kimi cəlb edildi və o 4 qaimədən ikisindəki imzanın ona məxsus olduğunu, Cavabdeh1 isə bütün işlərin Cavabdeh2 tərəfindən icra olunduğunu etiraf etdi. Aşağıdakı səbəblərə görə birinci instansiya məhkəməsinin qətnaməsi əsassız və qanunsuz olduğundan apelyasiya qaydasında ləğv edilməlidir. 1. Məhkəmə aşağıda sadalanan hərəkətləri etməklə MPM-in 14.2, 214, 10-1.3, 218.2, 138.1 və 185.2-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, sonuncu məhkəmə iclası olan xx.xx.2019-cu il tarixli iclasda cavabdehlərdən heç biri məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə təqdim etməmiş və məhkəmə müşavirəyə getdiyini elan etmişdir. İşin nəticəsi ilə tanış olmaq üçün Elektron Məhkəmə Portalına (bundan sonra Portal) baxdıqda xx.xx.2019-cu il tarixə məhkəmə iclası təyin edildiyi və iddia müddətinin keçməsi əsası ilə xx.xx.2019-cu il tarixdə iddianın rədd edildiyinin bilmişlər. Portalda iş materialları ilə tanış olduqda cavabdehlər tərəfindən bu məzmunda heç bir ərizənin məhkəmə dəftərxanasına təqdim edilmədiyini görmüşlər. AR MPM-in 10-1.3-cü maddəsinə əsasən, iqtisadi mübahisələr üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. MM-in 375.2-ci maddəsi isə imperativ qaydada tələb edir ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə, məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddi-hüquqi mübahisə üzrə qərar qəbul etməlidir. Konstitusiya Məhkəməsinin bu məsələlərə münasibətdə hüquqi mövqeyi ondan ibarətdir ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə xx.xx.2019-cu il tarixdə müşavirəyə getdiyi halda, qətnaməni xx.xx.2019-cu il tarixdə qəbul etmişdir. Belə çıxır ki, məhkəmə xx.xx.2019-cu il tarixə növbəti məhkəmə baxışı təyin etmişdir. Lakin bununla məhkəmə MPM-in 218.2, 138.1 və 185.2-ci maddələrinin tələblərini pozmuşdur. Qeyd edilən maddələrin mahiyyətindən görünür ki, müşavirəyə getmiş məhkəmə xx.xx.2019-cu il tarixə növbəti məhkəmə baxışı təyin etmiş olsaydı, məhkəmə iclasının təzələnməsi haqqında qərardad qəbul edilmiş olmalı, daha sonra tərəflərə bu barədə bildiriş verilməli idi (xx.xx.2019-cu il tarixli iclasa kimi olan bütün iclaslar barədə bildiriş verilirdi). Tərəflərə belə məzmunda bildiriş (hətta sms) təqdim edilmədiyi/göndərilmədiyi üçün isə məhkəmə işə baxılmasını təxirə salmalı idi. İş materiallarında isə sözügedən məzmunda qərardad yoxdur. 2. Məhkəmə hər iki cavabdehə münasibətdə iddia müddətinin keçdiyi əsası ilə iddianın rədd edilməsi haqqında qətnamə qəbul edərkən MM-in 373.2; 375.2 və 377.1-ci maddələrinin tələblərini nəzərə almamış, 373.1-ci maddəni isə tətbiq etməmişdir. Məhkəmə qətnamədə qeyd edir ki, "tərəflər arasında müqavilənin xx.xx.2013-cü il tarixə, istinad olunan daxili qaimə fakturaların xx.xx.2014-cü il, xx.xx.2014-cü il, xx.xx.2014-cü il və xx.xx.2014-cü il tarixlərə, cavabdeh tərəfindən sonuncu ödənişin isə xx.xx.2015-ci il tarixə aid olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddəti ötürülmüşdür". Sözügedən ərizələr məhkəməyə təqdim edilmiş olsaydı belə, yenə də iddianın tamamilə rədd edilməsi üçün əsas yoxdur. Çünki ikinci Cavabdeh2 ilə iddiaçı arasında heç bir müqavilə mövcud olmadığı üçün, bu münasibətlərə müqavilə tələbləri üzrə iddia müddəti olan üç illik müddətin tətbiq edilməsi 37.1 və 373.2-in tələblərinə cavab vermir. Bu münasibətlərə şamil olunmalı müddət ümumi iddia müddəti olan 10 ildir. İddiaçı daxili qaimələrdəki imzanın Cavabdeh1 deyil, Cavabdeh2 aid olduğunu yalnız məhkəmə zamanı keçirilmiş xətşünaslıq ekspertizasının nəticəsi elan edilərkən Cavabdeh2 etirafından sonra bilmişdir. Deməli Cavabdeh2 münasibətdə iddia müddətinin axımı iddiaçının ekspert rəyi ilə tanış olması və cavabdehin müvafiq etirafından sonra başlayır. TƏRƏFLƏRİN İZAHATLARİ Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi İddiaçı2 apelyasiya şikayəti ilə eyni məzmunda izahat verərək onun təmin edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apelyasiya şikayətini qəbul etməyərək bildirdi ki, iddiaçı tərəfindən iddia müddəti üzürlü səbəb olmadan ötürülmüşdür. Bu səbəbdən apelyasiya şikayəti təmin olunmamalıdır. Sonda cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili X4 cavabdehin izahatına uyğun izahat verərək apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Cavabdeh1 nümayəndəsi Nümayəndə2 digər cavabdehin izahatına uyğun izahat verərək apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsaslanaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş Cavabdeh1 iddiaçı tərəfindən iddia müddətinin üzürlü səbəb olmadan ötürülməsi səbəbindən apelyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və iddiaçının, cavabdehin nümayəndələrinin izahatlarını dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: İddiaçı1 Sığorta Şirkəti ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2013-cü il tarixli xx/xx/141816 saylı sığorta xidməti agent müqaviləsidən görünür ki, sığorta agenti sığortaçının adından və onun verdiyi səlahiyyətlər daxilində sığorta müqavilələrinin bağlanmasında, davam etdirilməsində və ya yenilənməsində, habelə tərəflər arasında danışıqların aparılmasında vasitəçilik fəaliyyət göstərməyi, sığortaçı isə bunun müqabilində bu müqavilədə nəzərdə tutulmuş qaydada hesablanmış komissiyanı və digər mükafatları ödəməyi, həmçinin sığorta agentinin fəaliyyətini dəstəkləmək məqsədilə müvafiq şərait yaratmağı və təminatlar verməyi öhdəsinə götürmüşdür. 3852 saylı xx.xx.2014-cü il tarixli daxili qaimə fakturadan görünür ki, Cavabdeh1 tərəfindən 767801 nömrədən 767950 nömrəyədək 150 ədəd icbari sığorta blankı və 355701 nömrədən 355850 nömrəyədək 150 ədəd mədaxil qəbzi qəbul edilmişdir. 3982 saylı xx.xx.2014-cü il tarixli daxili qaimə fakturadan görünür ki, Cavabdeh1 tərəfindən 766449 nömrədən 766465 nömrəyədək 17 ədəd icbari sığorta blankı və 354434 nömrədən 354450 nömrəyədək 17 ədəd mədaxil qəbzi qəbul edilmişdir. 4064 saylı xx.xx.2014-cü il tarixli daxili qaimə fakturadan görünür ki, Cavabdeh1 tərəfindən 850631 nömrədən 850780 nömrəyədək 150 ədəd icbari sığorta blankı və 363151 nömrədən 363330 nömrəyədək 180 ədəd mədaxil qəbzi qəbul edilmişdir. 4206 saylı xx.xx.2014-cü il tarixli daxili qaimə fakturadan görünür ki, Cavabdeh1 tərəfindən 917801 nömrədən 917820 nömrəyədək 20 ədəd icbari sığorta blankı və 369664 nömrədən 369685 nömrəyədək 22 ədəd mədaxil qəbzi qəbul edilmişdir. İş üzrə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının xx.xx.2019-cu il tarixli 19125 saylı rəyindən görünür ki, xx.xx.2013-cü il tarixli sığorta xidməti haqqında agent müqaviləsinin sonuncu vərəqəsində “sığorta agenti Cavabdeh1” qrafasındakı imza Cavabdeh1 tərəfindən icra edilmişdir. İşin 69-70-ci vərəqələrində xx.xx.2014-cü il tarixli və xx.xx.2014-cü il tarixli qaimələrdə “qəbul etdi” qrafalarındakı imzalar Cavabdeh1 tərəfindən yox, başqa şəxs tərəfindən icra edilmişdir. Tədqiqat obyektləri olan xx.xx.2014-cü il və xx.xx.2017-cü il tarixli qaimələrin əsillərinin təqdim olunmaması səbəbindən suallara həmin sənədlərə dair hissədə cavab verilməmişdir. İddiaçı tərəfindən təqdim olunmuş nəğd ödəniş qəbzlərindən görünür ki, Cavabdeh1 tərəfindən iddiaçı şirkətin hesabına sonuncu ödəniş xx.xx.2015-ci il tarixdə edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və iddiaçı tərəfindən iddia müddətinin ötürülməsinə, tərəflər arasında müqavilənin xx.xx.2013-cü il tarixə, istinad olunan daxili qaimə fakturaların xx.xx.2014-cü il, xx.xx.2014-cü il, xx.xx.2014-cü il və xx.xx.2014-cü il tarixlərə, cavabdeh tərəfindən sonuncu ödənişin isə xx.xx.2015-ci il tarixə aid olduğunu nəzərə alaraq qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddətinin ötürülməsinə əsaslanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəyə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 937.1-ci maddəsinə əsasən sığorta (təkrarsığorta) müqaviləsi tərəflər arasında həm birbaşa, həm də sığorta vasitəçilərinin - sığorta agentlərinin və ya sığorta brokerlərinin xidmətindən istifadə etməklə bağlana bilər. Sığorta agenti sığortaçının adından sığorta haqqını onun yazılı qaydada verdiyi səlahiyyət əsasında qəbul edə bilər. (941.1) Sığorta haqqını qəbul etmiş sığorta vasitəçisi onu qəbul etdiyi tarixdən 5 iş günü müddətində tam həcmdə müvafiq sığortaçının müvafiq bank hesabına köçürməlidir. Təkrarsığorta haqqını qəbul etmiş sığorta brokeri onu təkrarsığortaçı ilə razılaşdırılmış müddətdə və qaydada həmin təkrarsığortaçının müvafiq bank hesabına köçürməlidir. Sığorta vasitəçisi sığorta (təkrarsığorta) haqqının bu Məcəllənin 941.5-ci maddəsinin birinci və ikinci cümlələrində qeyd olunan müddətlərdə sığortaçıya (təkrarsığortaçıya) köçürülməməsinə görə hər gecikdirilmiş gün üçün köçürülməmiş məbləğin 0,1 faizi həcmində dəbbə pulu ödəyir (941.5.) Sığorta brokeri sığortaçı (təkrarsığortaçı) tərəfindən sığorta ödənişləri ilə bağlı ona ödənilən pul vəsaitlərini “sığorta ödənişi hesabı” kimi müəyyən edilən, digər hesablardan ayrı və fərqli olan bank hesabında sığortalıya (təkrarsığortalıya) və ya faydalanan şəxsə ötürülmək məqsədilə saxlayır və bu vəsaiti digər məqsədlər üçün istifadə edə bilməz (941.7.) Sığorta brokeri bu Məcəllənin 941.7-ci maddəsində nəzərdə tutulmuş vəsaitləri sığorta ödənişi hesabına daxil olduğu tarixdən etibarən 3 gündən gec olmayaraq müvafiq sığortalıya (təkrarsığortalıya) və ya faydalanan şəxsə ötürməlidir (941.8.). Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə Cavabdeh1 arasında sığorta xidməti haqqında agent müqaviləsi bağlanmışdır. Təyin edilmiş məhkəməxəttşünaslıq ekspertizası ilə müəyyən edilmişdir ki, qeyd olunan müqavilə Cavabdeh1 tərəfindən imzalansa da, 4064 saylı xx.xx.2014-cü il tarixli və 3982 saylı xx.xx.2014-cü il tarixli daxili qaimə fakturaları onun tərəfindən deyil, başqa şəxs tərəfindən imzalanmışdır. Digər iki qaimə fakturanın əsli təqdim edilmədiyindən rəy verilməsi mümkün olmamışdır. Cavabdeh2 iddiaçı tərəfindən təqdim edilən 4064 saylı xx.xx.2014-cü il tarixli və 3982 saylı xx.xx.2014-cü il tarixli daxili qaimə fakturaları üzrə ödəniş qəbzlərinin onun tərəfindən qəbul edildiyini və qaimələrdəki imzaların ona məxsus olduğunu etiraf etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən apelyasiya şikayəti təmin edilməməlidir. Belə ki, Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Mülki Məcəllənin 377-ci maddəsinin tələbinə görə, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir (maddə 377.1.). İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır (maddə 377.3.). Həmin Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddəti institutu hüquq münasibətləri iştirakçılarının intizamlandırmaq, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etmək, müqavilə və ya maliyyə intizamının nizamlanmasına kömək etmək; mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərmək, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratmaq baxımından əhəmiyyətlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərclərinin bölüşdürülməsi prinsipinə uyğun olaraq apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. NƏTİCƏ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 402, 403, 404, 405, 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı «İddiaçı1” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, e-2-2(085)- 179/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş 15 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: ünvan 2 vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına (ünvan: ünvan 3 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Məmmədov Hakimlər Aqil Abbasov Fuad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar