Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-17/2023 09.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Abasov Şəmsəddin Rizalı oğlundan ibarət tərkibdə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı verilmiş “müqavilənin ləğv edilməsi və borcun tutulması” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli, e-2-2(119)-2163/2022 nömrəli qərardadından İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti “elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı “müqavilənin ləğv edilməsi və borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək "xxxx" QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 001R********** saylı krеdit razılaşmasının ləğv edilməsi, cavabdеhlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 001R********** saylı krеdit razılaşması üzrə 6769 manat məbləğində krеdit bоrcu, 956.56 manat məbləğində faiz bоrcu və 1269.86 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 8995 (səkkiz min doqquz yüz doxsan beş) manat 42 (qırx iki) qəpik məbləğində bоrcun, ödənilmiş 60 manat məbləğində mediasiya xərcinin və ödənilmiş 9.95 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli, e-2-2(119)- 2163/2022 nömrəli qərardadı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı verilmiş “müqavilənin ləğv edilməsi və borcun tutulması” tələbinə dair iddia ərizəsinin iddiaçıya geri qaytarılması qərara alınmışdır (hakim Zülfüqar Sadiqov). İddiaçı Qapalı Səhmdar Cəmiyyəti “elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verərək Sumqayıt Kommersiya Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli, e-2-2(119)-2163/2022 nömrəli qərardadının ləğv edilməsini və iddia ərizəsinin icraata götürülməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, “elektron məhkəmə” informasiya sistemi iddiaçıya yalnız faktiki ünvanın qeyd edilməsi ilə bağlı imkan verir. Lakin, Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinin tələblərinə tam cavab verilməsi, həmçinin, həmin Məcəllənin 152-ci maddəsi ilə yarana biləcək hüquqi nəticələrin qarşısının alınması məqsədi ilə iddiaçı elektron iddia ərizəsi ilə yanaşı, pdf formatda Azərbaycan Respublikası MPM-nin tələbləri tam uyğun şəkildə tərtib edilmiş iddia ərizəsini də məhkəməyə təqdim etmişdir. “Elektron məhkəmə” sisteminin məhdud imkanları məhkəmə tərəfindən iddiaçının əleyhinə istifadə edilməməli və onun məhkəməyə əlçatımlılığını məhdudlaşdırmamalıdır. İş materiallarına əlavə edilmiş sənədlərdən göründüyü kimi, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, X2 – iddiaçıya məlum olan cavabdehlərin faktiki ünvanlarıdır. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən iddia cavabdehlərin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməlidir və qeyd olunan hal imperativ qayda olaraq müəyyən edilmişdir. Daha sonra, məhkəmənin “iddia ərizəsinin geri qaytarılmasına” dair qərardadında qeyd edilmişdir ki, “...Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin arayışı da iddia ərizəsinə əlavə edilərək məhkəməyə təqdim edilməmişdir”. Azərbaycan Respublikası MPM-nin 150-ci maddəsi ilə iddia ərizəsinə əlavə edilməli olan sənədlərin dəqiq siyahısı göstərilmişdir. Məhkəmənin tələb etdiyi arayış Azərbaycan Respublikası MPM-nin 150-ci maddəsi ilə müəyyən edilmiş siyahıda mövcud deyil. Bununla yanaşı, Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsi ilə “iddia ərizəsinin qaytarılması” əsasları müəyyən edilmişdir ki, həmin əsaslar içərisində məhkəmənin əsaslandığı hallar mövcud deyil. Qeyd olunanlara əsasən, şikayətin təmin edilməsi xahiş olunmuşdur. Sumqayıt Kommersiya Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli, e-2-2(119)- 2163/2022 nömrəli qərardadı ilə Sumqayıt Kommersiya Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli, e-2-2(119)-2163/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmış və İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət baxılması üçün iş materialları ilə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Zülfüqar Sadiqov). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin 02 dekabr 2022-ci il tarixli, e-2-2(119)-2163/2022 nömrəli qərardadı onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən “elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilmiş həmin iddia ərizəsinin Giriş hissəsində (“Tərəflər” bölməsində) iş üzrə cavabdehlərin faktiki ünvanı “Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, X2” kimi göstərilsə də, həmin cavabdehlərin qeydiyyat ünvanları (rəsmi qeydə alındıqları ünvanlar) iddia ərizəsində göstərilməmişdir. Halbuki, Mülki-Prosessual Məcəlləsinin tələblərinə əsasən iddiaçı tərəfindən iddia ərizəsinin Giriş hissəsində (“Tərəflər” bölməsində) cavabdehin (cavabdehlərin) faktiki ünvanı göstərilməklə yanaşı, qeydiyyat ünvanı da göstərilməlidir. Eyni zamanda, qeyd etmək lazımdır ki, iddia ərizəsində cavabdehlərin ünvanı kimi qeyd olunmuş “Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, X2” ünvanı qeyri-dəqiq ünvan olmaqla yanaşı, həmin ünvanın yerləşdiyi inzibati ərazi - Bakı Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Bundan əlavə, Şuşa rayon sakinləri olan cavabdehlərin hal-hazırda məcburi köçkün olaraq hansı ünvanda qeydiyyata alınaraq yaşamalarını təsdiq edən səlahiyyətli dövlət orqanının müvafiq arayışı, yəni Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin arayışı da iddia ərizəsinə əlavə edilərək məhkəməyə təqdim edilməmişdir. Halbuki, belə bir arayışla cavabdehlərin məcburi köçkün olaraq hansı ünvanda yaşamaları və işin hansı məhkəmədə baxılmalı olması ilə əlaqədar “ərazi aidiyyəti” daha düzgün müəyyən edilə bilərdi. Çünki, məcburi köçkünlərin yaşayış yeri Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi tərəfindən məcburi köçkünün qeydə alındığı yaşayış məntəqəsi hesab olunur. Məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsində cavabdehlərin faktiki yaşadıqları ünvanları göstərilsə də, onların qeydiyyat ünvanları göstərilməmişdir ki, bu halın özü də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinin tələblərinin pozulmasıdır. Halbuki, Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər. Ona görə də, məhkəməyə təqdim olunan iddia ərizəsində cavabdehlərin qeydiyyatda olduqları ünvanlar (rəsmi qeydə alındıqları ünvanlar) da göstərilməli və cavabdehlərin qeydiyyat ünvanları nəzərə alınmaqla, həmin iddia ərizəsi ərazi aidiyyəti üzrə müvafiq Kommersiya Məhkəməsinə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin Mülki Prosessual Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Beləliklə də, yuxarıda şərh olunanlarla müəyyən olunur ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən Mülki Prosessual Məcəllənin istinad olunmuş maddələrinin tələblərinə riayət edilməsi iddiaçının vəzifəsi olduğuna görə, Sumqayıt Kommersiya Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli, e-2-2(119)-2163/2022 nömrəli qərardadı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı verilmiş “müqavilənin ləğv edilməsi və borcun tutulması” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilmədən, iddiaçıya geri qaytarılması tamamilə qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası iddiaçının hazırkı şikayəti ilə bağlı qeyd edir ki, iddiaçı müvafiq iddia ərizəsi ilə hazırda cavabdehlərin məcburi köçkün kimi Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi tərəfindən müvəqqəti rəsmi qeydiyyata alındıqları ərazi üzrə müvafiq kommersiya məhkəməsinə müraciət edə bilər. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytararkən mahiyyətcə düzgün qərardad çıxarmışdır. Ona görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İİddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli, e-2-2(119)- 2163/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(105)-17/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-17/2023
09.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver