Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-177/2021 21.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibdə, Tahirova Lətafət Almazxan qızının katibliyi, Cavabdeh X3 vəklili və nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı “X7 X1” publik hüquqi şəxsinin cavabdeh X4 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 06.10.2021-ci il tarixli, e-2- 2(119)-888/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh A.Quliyevdən “Bəhrəmtəpə-1” yatağından faydalı qazıntıların qanunsuz hasilatı nəticəsində 394.061,50 (üç yüz doxsan dörd min altmış bir manat 50 qəpik) manat məbləğində dövlətə vurulmuş maddi ziyanın alınıb, Mineral-xammal Bazasının Bərpası üzrə Dövlət Fondunun hesabına ödənilməsi və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən su hövzələrində yerləşən yataqlara baxış keçirilən zaman Araz çayının hövzəsində yerləşən “Bəhrəmtəpə-1” yatağında 24.09.2018-ci il tarixli 01083 nömrəli “Dağ-mədən ayırması” aktı (DMAA) ilə cavabdeh tərəfindən ona ayrılmış 15 ha yer təki sahəsindən kənarda 112589 m3 qumçınqıl qarışığı hasil edildiyi aşkar edilmişdir. Baxış zamanı xüsusi texnikanın işləməsi və çıxarılmış faydalı qazıntıların ərazidən daşınması müşahidə edilmişdir. Bu barədə qanunvericiliyə uyğun olaraq baxış aktı tərtib edilmişdir, fotoşəkillər çəkilmişdir. Karxana sahəsinə monitorinq zamanı istismar prosesini yer təki istifadəçisinə “Dağ-mədən ayırması Aktı” üzrə ayrılmış ərazidən kənarda apardığı, mərz nişanlarının mövcud olmadığı və istismar işlərinin ekskavatorun və texniki gəminin vasitəsi ilə aparıldığı müəyyən olundu. Bu göldən sahəsi 2.16 ha orta istismar dərinliyi 3.5 metr olmaqla 75806 m3 hissəsi texniki gəmi ilə, digər quru ərazidən sahəsi 1.83 ha orta istismar dərinliyi 2 metr olmaqla 36783 m3 hissəsi isə ekskavatorla hasilat aparılmışdır. 8 oktyabr 2020-ci il tarixdə keçirilmiş monitorinqin nəticələrinə uyğun olaraq X5 23/20 nömrəli 23 dekabr 2020-ci il tarixli Qərarı ilə cavabdehin fəaliyyəti 25.03.2021-ci il tarixədək dayandırılmışdır. Eyni zamanda aparılmış qanunsuz hasilat nəticəsində dövlətə vurulmuş maddi ziyanın pretenziya qaydasında ödənilməsi tələb edilmiş, lakin cavabdeh tərəfindən ziyanın ödənilməsi ilə bağlı heç bir tədbir görülməmişdir. Cavabdeh tərəfindən yer təkindən istifadə hüququnun dayandırılmasına əsas olan hallar aradan qaldırılmadığından və dövlətə dəymiş maddi ziyan ödənilmədiyindən yerin təkindən istifadə hüququ (Dağ-mədən ayırması aktı) X5 qərarı ilə ləğv edilmişdir. Qanunsuz hasilat nəticəsində dövlətə vurulmuş maddi ziyanın məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 mart tarixli 119 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə Normativlər”ə uyğun olaraq hesablanaraq 394061.5 manat (112589 m3 * 5 manat * 0.7 = 394061.5) məbləğdə ziyan müəyyən edilmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 06.10.2021-ci il tarixli, e-2-2(119)-888/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh X2 2436 (iki min dörd yüz otuz altı) manat məbləğində pul vəsaitinin tutularaq Mineral-xammal Bazasının Bərpası üzrə Dövlət Fondunun hesabına ödənilməsi, iş üzrə iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun 29 manatının iddiaçıya aid edilməsi, 1 manatının isə cavabdeh X2 tutularaq iddiaçı “X7 X1” publik hüquqi şəxsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən iddiaçı “X7 X1” publik hüquqi şəxsi apellyasiya şikayəti vermişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X3 vəklili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı “X7 X1” publik hüquqi şəxsinə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimi, işdə iştirak edən şəxsin izahatlarını dinləyərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Kommersiya Məhkəməsinin 06.10.2021-ci il tarixli, e-2-2(119)-888/2021 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Çünki, irəli sürülən tələb üzrə mübahisə inzibati hüquq münasibətlərindən irəli gəldiyi üçün mübahisəyə mülki məhkəmə icraatı qaydasında deyil, inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində fəaliyyət göstərən X7 X1 “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş yerin təkindən istifadə növləri üzrə fəaliyyətin tənzimlənməsini, habelə yer təkinin istifadəsində və mühafizəsində qanunvericiliyə, müəyyən edilmiş standartlara və tələblərə əməl olunmasına nəzarəti həyata keçirən, yerin təkindən istifadə ilə bağlı müsabiqə və hərracların keçirilməsini təşkil edən, bu sahədə xidmətlər göstərən publik hüquqi şəxsdir. Agentlik müvafiq sahədə dövlət siyasətinin formalaşmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir, tənzimləməni və nəzarəti həyata keçirir. X7 X1 həmin fəaliyyətdən irəli gələn funksiyanı yerinə yetirərək cavabdehdən dövlətə vurulmuş ziyanın ödənilməsini tələb edir. “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununun 47-ci maddəsinə əsasən, yerin təkindən istifadə ilə əlaqədar mübahisələr inzibati qaydada və məhkəmə qaydasında həll edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən (2020-ci il yanvarın 1-dən qüvvədə olan), sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Mülki Prosessual Məcəlləyə görə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. (MPM-in 1-ci maddəsinin qeyd hissəsi) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, “Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. (...) hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. (...) Məhkəmə icraatının növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyatinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı 10 aprel 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər... Göstərilənlərə və sadalanan qanunvericilik aktları normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələb üzrə hazırki işə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəməsində baxılmalı olmadığı üçün iş üzrə icraata xitam verilməli, iddiaçıya qeyd edilmiş halları nəzərə alaraq, aidiyyatı üzrə inzibati məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin 06.10.2021-ci il tarixli, e-2-2(119)-888/2021 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı “X7 X1” publik hüquqi şəxsinin cavabdeh X4 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair 2-2(105)-177/2021 saylı iş üzrə icraata xitam verilsin. İddiaçıya izah edilsin ki, aidiyyatı üzrə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(105)-177/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-177/2021
21.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver