Məhkəmə qərarları › İş №2-2(105)-194/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-194/2025

11.02.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-194/2025 11.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı avadanlıqların geri alınması tələbinə dair kommersiya işi üzrə QƏTNAMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası – Sədrlik edən və məruzəçi hakim Xəlilov Ramin Adilxan oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və Dəmirov İlqar Kamal oğludan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2, Cavabdeh MMC-nin vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı avadanlıqların geri alınması tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(119)-1655/2025 nömrəli qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ:

1. Sifarişçi "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə icraçı "xxxx" Şirkəti arasında bağlanmış 16 yanvar 2012-ci il tarixli 01/12 nömrəli tutumu 3000 ton olan soyuducu kameranın satın alınması və quraşdırılması haqqında müqaviləyə əsasən sifarişçi müqavilənin tərkib hissə olan əlavə 1-də göstərilmiş təsnifata uyğun, tutumu 3000 ton olan soyuducu kameranın satınalınması və quraşdırılması barədə icraçının “İnkoterms 2000” DDU şərti ilə 2.995,000 ABŞ dolları məbləğində təklifi qəbul etmişdir.

2. 16 yanvar 2012-ci il tarixli 01/12 nömrəli müqaviləyə dəyişiklik edilməsi barədə 18 iyul 2012-ci il tarixli 1 nömrəli razılaşmaya əsasən müqavilənin adındakı “Tutumu 3000 ton olan soyuducu kameranın satın alınması və quraşdırılması” sözləri “2,8 ha sahədə istixana avadanlıqlarının və quraşdırılmasının satınalınması” sözləri ilə əvəz edilmişdir. Razılaşmaya əsasən sifarişçi müqavilənin tərkib hissəsi olan əlavə 1-də göstərilən təsnifata uyğun 2,8 ha sahədə istixana avadanlıqlarının və quraşdırılmasının satınalınması barədə icraçının “İnkoterms 2000” DDU şərti ilə ******* manat məbləğində təklifini qəbul etmişdir.

3. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ünvanlanmış 04 iyul 2012-ci il tarixli 47 nömrəli məktubda qeyd olunmuşdur ki, "xxxx" ASC 04 saylı 04 fevral 2011-ci il tarixli məktubla "xxxx" ASC-dən 3000 tonluq atmosfer kontrollu (azotla) soyuducu kameranın tikintisi üçün lizinq yolu ilə vəsait ayrılmasına müvafiq köməklik göstərilməsini xahiş etmişdir. Lakin Maliyyə Nazirliyi tikintiyə vəsaitin ayrılmasına icazə vermədiyindən soyuducu kameranın tikintisi baş tutmamışdır. Qeyd olunan çətinliyi nəzərə alıb, "xxxx" ASC 3000 tonluq soyuducu kamera layihəsinin həmin dəyərdə 2,8 ha istixana layihəsi ilə əvəz etməyi xahiş edərək, müraciətlə əlaqədar yaranan bütün öhdəlikləri (layihə dəyərinin 10 %-nin ilkin ödənişi) yerinə yetirməyi öhdəsinə götürmüşdür.

4. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ünvanlanmış ASC/2-1847 nömrəli 11 may 2017-ci il tarixli məktubda qeyd olunmuşdur ki, "xxxx" ASC-nin sifarişi ilə “Bayridge İnvestments” LTD şirkəti tərəfindən 01/12 saylı 16 yanvar 2012-ci il tarixli satınalma müqaviləsinin 1 nömrəli razılaşmasına əsasən sahəsi 2,8 ha olan 1 dəst istixana kompleksi Xızı rayonu ərazisində quraşdırılmışdır. Bununla əlaqədar ən qısa müddətdə "xxxx" ASC-yə gələrək qiymətinin 10 %-ni ödəməklə istixana komplesini lizinqə götürmək üçün müvafiq sənədləşmənin aparılması xahiş olunmuşdur.

5. İşdə materiallarında olan 2014, 2015 və 2017-ci illərə aid gömrük bəyannamələrindən görünür ki, mal göndərən "xxxx" Şirkəti tərəfindən Türkiyə mənşəli istixana avadanlıqları malı qəbul edən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə göndərilmişdir.

6. "xxxx" ASC-nin Xızı rayonu üzrə lizinqə verilmiş texnoloji avadanlıqların xx.xx.2015-ci il tarixinə inventarlaşma barədə məlumatda "xxxx" ASC lizinq alan kimi göstərilməklə, lizinq avadanlığının dəyəri ******* manat olan 1 dəst istixana komplesinin (2,8 ha) quraşdırma işlərinin davam etdirildiyi qeyd olunmuşdur. Məlumat "xxxx" ASC-nin inventarizasiya komisiyasının üzvü, lizinq alanın baş direktoru tərəfindən imzalanmış və "xxxx" ASC-nin möhürü ilə təsdiq edilmişdir.

7. İddiaçı ASC-yə məxsus texnoloji avadanlıqların xx.xx.2021-ci il tarixinə inventarizasiyası barədə məlumatda "xxxx" ASC lizinq alan kimi göstərilməklə, Xızı rayonunda yerləşən qalıq dəyəri 3218144,94 manat olan 1 dəst istixana avadanlığının (2,8 ha) qanunsuz istifadə olunduğu, avadanlıqlara tam baxış keçirməyə icazə verilmədiyi, həmçinin avadanlığın lizinqə verilmədiyi qeyd olunmuşdur. Həmin məlumat İddiaçı ASCnin inventarizasiya komisiyasının üzvləri, rayon bölməsinin nümayəndəsi tərəfindən imzalanmış və İddiaçı ASC-nin Xaçmaz regional nümayəndəliyinin möhürü ilə təsdiq edilmişdir.

8. İddiaçı ASC-nin balansında olan texnoloji avadanlıqların xx.xx.2023-cü il tarixinə inventarizasiyası barədə məlumatda "xxxx" ASC cavabdeh, Cavabdeh MMC istifadəçi, satınalma müqaviləsinin tarixi və nömrəsi 01/12, xx.xx.2012 kimi göstərilməklə, Xızı rayonunda yerləşən saz vəziyyətdə olan 1 ədəd istixana avadanlığının qanunsuz olaraq istismar olunduğu, istixanada pomidor məhsulu becərildiyi qeyd olunmuşdur. Həmin məlumat İddiaçı ASC-nin inventarizasiya komisiyasının üzvləri, rayon bölməsinin nümayəndəsi və Cavabdeh təsərrüfat müdiri tərəfindən imzalanmış, yalnız İddiaçı ASC-nin Xaçmaz regional nümayəndəliyinin möhürü ilə təsdiq edilmişdir.

9. İşdə olan ******* nömrəli 07 iyun 2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı X1 rayonu, Giləzi qəsəbəsi ünvanında yerləşən tam mülkiyyət hüququ üzrə ona məxsus olan 5 ha torpaq sahəsini ******* manata alıcı Cavabdehnə satmışdır.

10. İş materiallarında olan ******* nömrəli 07 iyun 2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə daşınar əmlakların təhvil-təslim aktına əsasən Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən 5 ha torpaq sahəsinin üzərində olan 3,2 ha istixana kompleksi və ona aid avadanlıqlar da daxil olmaqla Cavabdehnə təhvil verilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

11. İddiaçı ASC “avadanlıqların geri alınması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dövlət vəsaiti hesabına alınmış, müstəsna mülkiyyət hüququ İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus olan avadanlıqların Cavabdeh ASCdən geri alınması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

12. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC (əvvəlki adı "xxxx" Açıq Səhmdar Cəmiyyəti) “Aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 23 oktyabr tarixli 468 nömrəli Sərəncamına əsasən səhmlərinin nəzarət zərfi 100 faiz dövlətə məxsus olmaqla yaradılmışdır. "xxxx" ASC-nin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 17 avqust tarixli Fərmanına əsasən Cəmiyyətin adı dəyişdirilərək, İddiaçı ASC adlandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 mart tarixli 58 nömrəli qərarı ilə təsdiq olunmuş "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının və texnoloji avadanlıqların hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması Qaydaları”na müvafiq olaraq "xxxx" ASC-nin sifarişinə əsasən İddiaçı ASC və "xxxx" Şirkəti arasında bağlanmış 2012-ci il 16 yanvar tarixli 01/12 nömrəli satınalma müqaviləsi əsasında dövlət büdcəsinin vəsaiti hesabına alınmış 2.8 ha sahədə istixana avadanlıqları 2014-cü ildə Xızı rayonu ərazisində quraşdırılmışdır. Hal-hazırda dövlət əmlakı olan istixana avadanlıqları ilə bağlı Cəmiyyətin əməkdaşları tərəfindən araşdırılmış və 2025-ci il 17 iyun tarixində Cavabdeh MMC-nin nümayəndəsi ilə görüş keçirilmiş, müvafiq sənədlər tələb olunsa da, imtina olunmuş və həmin hüquqi şəxs tərəfindən qanunsuz istifadə olunduğu müəyyən olunmuşdur. Müstəsna mülkiyyət hüququ İddiaçı ASC-yə məxsus olan 2.8 ha sahədə quraşdırılmış istixana avadanlıqları üzərində cavabdeh tərəfindən haqsız sahiblik edilmiş və qazanc əldə olunmuşdur. İddiaçı ASC-nin mülkiyyət hüquqları pozulmuş və dövlət büdcəsinin vəsaiti hesabına alınmış avadanlıqlar əsassız varlanmış cavabdehin haqsız sahibliyindən azad olunmalı və Cəmiyyətə geri qaytarılmalıdır.

23. Cavabdeh MMC iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək göstərmişdir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsi ümumi sözlərlə ifadə olunmuş və cavabdehin iddiaçı qarşısında öhdəliklərini əhatə edən müqavilə məhkəməyə təqdim edilməmişdir. Bundan başqa iddia ərizəsində göstərilmiş ümumi əmlakların geri qaytarılması qeyd edilmiş, iddia ərizəsindən anlamaq olmur ki, hansı əsasla iddiaçı məhz cavabdehə qarşı iddia tələbi ilə müraciət etmişdir. Qeyd edilən avadanlıqların nə zaman sifariş etməsi və müqavilə öhdəlikləri götürməsi bəlli deyildir. Bundan başqa qeyd edilən avadanlıqların eyniləşdirilməsinə imkan verən hallar da qeyd edilməmişdir. İlk öncə nəzərə alınmalıdır ki, iddiaçının hazırkı iddia tələbi üzrə subyektiv hüququ yoxdur. İddiaçı tərəfin məhkəməyə təqdim etmiş olduğu sənədlərdən belə müəyyən olunur ki, İddiaçı ASC ilə "xxxx" şirkəti arasında bağlanmış 2012-ci il 16 yanvar tarixli 01/12 nömrəli satınalma və quraşdırılma barədə müqaviləyə əsasən istixana avadanlıqları alınmışdır. İddiaçının məhkəməyə təqdim etdiyi 2012-ci il 16 yanvar tarixli 01/12 nömrəli satınalma və quraşdırılma barədə müqavilənin 5.1-ci bəndində qeyd olunur ki, icraçı ("xxxx" Şirkəti) malların göndərilməsi üzrə müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirib malları 180 (yüz səksən) gün ərzində sifarişçiyə ("xxxx" ASC) təhvil verməlidir. Sifarişçi təhviltəslim aktını imzaladıqdan sonra mallar qəbul edilmiş sayılır. Lakin hazırkı iş üzrə məhkəməyə təqdim edilmiş sənədlər arasında malların təhvil-təslim aktı mövcud deyildir. Bundan başqa Cavabdeh MMC ilə "xxxx" ASC (indiki İddiaçı ASC) arasında heç vaxt lizinq və ya başqa müqavilə olmamışdır. Habelə iddiada tələb edilən əmlakların nə zamansa "xxxx" ASC (indiki İddiaçı ASC) tərəfindən Cavabdeh MMC-yə təhvil verilməsi, icarəyə və ya istifadəyə verilməsi ilə bağlı hər hansı akt və ya öhdəlik yaradan başqa sənəd olmamışdır. İddiaçı ərizəsində göstərir ki, 2.8 ha sahədə istixana avadanlıqları 2014-cü ildə Xızı rayonu ərazisində quraşdırılmışdır. Halbuki, 2014-cü ildə Cavabdeh MMC ümumiyyətlə mövcud olmamışdır, Cavabdeh MMC 2016-cı ildə təsis edilmişdir və 13 oktyabr 2016-cı il tarixində hüquqi şəxs kimi dövlət reyestrində qeydiyyata alınmışdır. Göründüyü kimi, 2016-cı ildə təsis edilmiş Cavabdeh MMC-də 2014-cü ildə avadanlıq quraşdırılması mümkünsüzdür. Bundan başqa, Cavabdeh MMC-nin fəaliyyətə başladığı 2016-cı ildən etibarən hər hansı bir şəxs, o cümlədən iddiaçı təşkilat tərəfindən Cavabdeh MMC-nin mülkiyyətində olan 5 ha torpaq sahəsi və onun üzərində olan istixana kompleksi (qurğuları, avadanlıqları) ilə bağlı iddia, tələb, etiraz və sair müraciət olmamışdır. Yalnız 2025-ci ilin avqust ayında Cavabdeh MMC-yə pretenziya məktubu daxil olmuşdur. Bildirilir ki, həqiqətən də Cavabdeh MMC-nin mülkiyyətində Xızı rayonu, Giləzi qəsəbəsində olan 5 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində 3.2 ha (hektar) istixana kompleksi və ona aid olan avadanlıqlar mövcuddur. Həmin torpaq sahəsi və istixana kompleksi Cavabdeh MMC-nin mülkiyyətindədir və hər hansı üçüncü şəxsin cavabdehin mülkiyyəti ilə bağlı mübahisə yaratması hüquqi baxımdan əsassızdır. Həmçinin, iddiaçı iddia ərizəsinin əvvəlində göstərir ki, 2.8 ha istixana avadanlıqları onun tərəfindən əldə edilib və o, mülkiyyətçidir. Göründüyü kimi, iddiaçı tərəf yenə də ziddiyyətli mövqeyi ilə iddianın hüquqi baxımdan necə əsaslandırılmasını müəyyənləşdirə bilməmişdir. İddiaçı tərəf Mülki Məcəllənin 384.0.4-cü maddəsinə istinad etməklə, hazırkı iddia tələbinə iddia müddətinin şamil edilmədiyini qeyd edir. Eyni zamanda da iddia ərizəsində avadanlıqların onda olmamasına istinad edir. Halbuki, iddiaçı avadanlıqların onda olmamasına istinad edirsə, onda sahibliyin olmadığını etiraf etmiş olur. Bu isə onu təsdiq edir ki, hazırkı iddia tələbi üzrə iddia müddəti ötürülmüşdür. Şərh edilən xüsusatlardan belə müəyyən olunur ki, iddiaçının hazırkı iddia tələbi üzrə subyektiv hüququ yoxdur, həmçinin iddia ərizəsi həm faktlar baxımından, həm də hüquqi baxımdan tamamilə əsassızdır. Yuxarıda şərh edilənləri nəzərə alaraq, məhkəmədən İddiaçı ASC-nin iddiasının rədd edilməsi haqqında qətnamə qəbul edilməsi xahiş olunmuşdur.

14. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(119)- 1655/2025 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir (hakim Həlimə Alıyeva).

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən istinad edilən 16 yanvar 2012-ci il tarixli 01/12 nömrəli satınalma müqaviləsi və 18 iyul 2012-ci il tarixli 1 nömrəli razılaşma "xxxx" Açıq Səhmdar Cəmiyyəti (hazırkı İddiaçı Açıq Səhmdar Cəmiyyəti) ilə "xxxx" şirkəti arasında bağlanmışdır və həmin müqavilələrə əsasən 2,8 hektar sahədə istixana avadanlıqlarının alınması və quraşdırılması nəzərdə tutulmuşdur.

16. İddiaçı iddia tələbində qeyd edilən müqavilə və razılaşma əsasında satın alınmış istixana avadanlıqlarının "xxxx" Açıq Səhmdar Cəmiyyətinin sifarişi ilə alındığını və Xızı rayonu ərazisində quraşdırıldığını qeyd etsə də, məhkəməyə "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış lizinq müqaviləsi təqdim edilməmişdir. İddiaçı tərəfindən təqdim olunmuş məktublarda və yazışmalarda lizinq münasibətinin qurulmasının nəzərdə tutulduğu göstərilsə də, bu münasibətin yaranması üçün əsas sənəd olan lizinq müqaviləsi təqdim edilməmiş və onun mövcudluğu sübuta yetirilməmişdir.

17. Bundan başqa Cavabdeh istixana kompleksini digər şəxs ilə bağlanmış alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. İddiaçı tərəfindən isə "xxxx" şirkətindən alınmış istixana avadanlıqlarının məhz Cavabdeh mülkiyyətində və hazırda istifadəsində olan avadanlıqlarla eyni avadanlıqlar olmasını təsdiqləyən heç bir texniki sənəd, inventar siyahısı, fotoşəkil və ya digər eyniləşdirici sübut təqdim edilməmişdir. İddiaçı tərəfindən avadanlıqların növü, miqdarı, seriya nömrələri, texniki göstəriciləri və ya foto-texniki sənədlərlə eyniləşdirilməsi aparılmamış, təqdim edilmiş sənədlərdə isə yalnız ümumi təsvirlər mövcuddur ki, bu da avadanlıqların eyni avadanlıq olması barədə nəticəyə gəlmək üçün yetərli əsas yaratmaması qeyd edilmişdir.

18. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 385.1, 386.1, 747.1, 747-2, 747-5.1, 747-5.2, 747-5.2.1 və 747-5.2.2-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.

19. İddiaçı Açıq Səhmdar Cəmiyyəti qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsində iddiaçı tərəfində

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətinə qarşı cavabdeh yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayətində qeyd edilən məsələlər tam araşdırılmışdır. İddiaçı ASC öz tələbinin faktiki əsaslarını, yəni avadanlıqların alınması, "xxxx" ASC-ə təhvil verilməsi, lizinq münasibətlərinin yaranması və sonradan həmin avadanlıqların cavabdeh tərəfindən qanunsuz istifadə edilməsi hallarını sübut etməli idi. İddiaçının bütün məhkəmə araşdırması zamanı qeyd edilən halları sübut edə bilməmişdir. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı tərəfindən istinad edilən 16 yanvar 2012-ci il tarixli 01/12 nömrəli satınalma müqaviləsi və 18 iyul 2012-ci il tarixli 1 nömrəli razılaşma "xxxx" ASC (hazırkı İddiaçı ASC) və "xxxx" şirkəti arasında bağlanmışdır və həmin müqavilələrə əsasən 2,8 hektar sahədə istixana avadanlıqlarının alınması və quraşdırılması nəzərdə tutulmuşdur. İddiaçı iddia tələbində qeyd edilən müqavilə və razılaşma əsasında satın alınmış istixana avadanlıqlarının "xxxx" Açıq Səhmdar Cəmiyyətinin sifarişi ilə alındığını və Xızı rayonu ərazisində quraşdırıldığını qeyd etsə də, məhkəməyə "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış lizinq müqaviləsi təqdim edilməmişdir. İddiaçı tərəfindən təqdim olunmuş məktublarda və yazışmalarda lizinq münasibətinin qurulmasının nəzərdə tutulduğu göstərilsə də, bu münasibətin yaranması üçün əsas sənəd olan lizinq müqaviləsi təqdim edilməmiş və onun mövcudluğu sübuta yetirilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunur. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh MMC-nin vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

24. Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. (...)

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

25. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. (...)

Maddə 157. Mülkiyyətin müdafiəsi 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. (...)

Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747-2-ci maddəsinə əsasən lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. 747-5.1-ci maddəsinə əsasən lizinq əməliyyatlarının hüquqi forması ya lizinq verənlə lizinq alan arasında bağlanmış lizinq müqaviləsi və lizinq verənlə satıcı arasında bağlanılmış alqı-satqı müqaviləsidir, ya da həmin şəxslər arasında bu Məcəllənin 7475.2-ci maddəsinə və lizinqlə bağlı digər maddələrinə müvafiq surətdə bağlanılmış üçtərəfli müqavilədir. 747-5.2-ci maddəsinə əsasən lizinqlə əlaqədar bağlanılan alqı-satqı müqaviləsində, bu Məcəllə ilə nəzərdə tutulmuş şərtlərlə yanaşı, aşağıdakılar da göstərilməlidir: 747-5.2.1. Lizinq obyekti lizinq verən tərəfindən xüsusi olaraq lizinqə verilmək üçün əldə edilir; 747-5.2.2. Lizinq müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektinin satıcısı ilə lizinq verən arasında bağlanılan alqı-satqı müqaviləsindən irəli gələn alıcı hüquqlarına malikdir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

26. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 89.1. Yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.

Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı (...) 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (...)

Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...) Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

27. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbinin təmin olunması xahiş olunduğu üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası məruzəçi-hakimi və işdə iştirak edən tərəflərin nümayəndələrinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

29. Baxılan mübahisə sahiblik hüququnun müdafiəsi ilə bağlıdır.

30. Belə ki, iddiaçı tələbində İddiaçı ASC dövlət vəsaiti hesabına alınmış və müstəsna mülkiyyətində olduğunu bildirdiyi Xızı rayonu ərazisində 2,8 ha sahədə quraşdırılmış istixana avadanlıqlarının Cavabdeh MMC-dən geri alınmasını tələb edir.

31. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

32. Cavabdehin nümayəndələri tərəfindən məhkəmə araşdırmaları zamanı həmçinin apellyasiya şikayətinə qarşı verilmiş yazılı etirazda iddia tələbi qəbul edilmir, iddiaçı tərəfindən istinad olunan avadanlıqların alınması, "xxxx" ASC-ə təhvil verilməsi, lizinq münasibətlərinin yaranması və sonradan həmin avadanlıqların cavabdeh tərəfindən qanunsuz istifadə edilməsi hallarının sübut edilmədiyini göstərir.

33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayətində qeyd etdiyi hallar və məhkəmə kollegiyasının araşdırması zamanı təqdim olunmuş 22 yanvar 2026-cı il tarixli bəyannamə hazırkı iş üzrə qətnamənin ləğvi üçün əsas hesab oluna bilməz.

34. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir.

36. Sadalanan xüsusatlara, işin araşdırılmış hallarına və iş üzrə məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı hesab edir və belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar mövcud deyildir.

37. Belə ki, İddiaçı ASC və "xxxx" ASC arasında mütləq olması vacib olan lizinq müqaviləsi təqdim edilməmişdir. Avadanlıqların isə lizinqə verilməsini təsdiq edən təhviltəslim aktı mövcud deyil. Lizinq münasibətinin yaranması hüquqi sənədlərlə nə birinci instansiyası məhkəməsində nədə hazırki mərhələdə sübuta yetirilmir.

38. Məhkəmə kollegiyası qeyd edir ki, 2012-ci il tarixli müqavilə üzrə alınmış istixana avadanlıqlarının məhz hazırda Cavabdeh MMC-nin mülkiyyətində olan 3,2 ha istixana kompleksi ilə eyni avadanlıqlar olması, həmin avadanlıqların seriya nömrələri, texniki göstəricilər, inventar siyahıları, texniki sənədlər məhkəməyə konkret olaraq təqdim edilməklə məhz həmin avadanlıqlarla eynilik təşkil etməsi sübut edilməmişdir. Bu isə vindikasiya (mülkiyyətçinin əşyanı özgə qanunsuz sahibindən geri tələb etməsi) tələbi üçün zəruri şərtdir.

39. İddiaçı iş materiallarında olan "xxxx" ASC-nin Xızı rayonu üzrə lizinqə verilmiş texnoloji avadanlıqların xx.xx.2015-ci il tarixinə inventarlaşma barədə məlumata əsaslanaraq göstərir ki, "xxxx" ASC cavabdeh, Cavabdeh MMC istifadəçi, satınalma müqaviləsinin tarixi və nömrəsi 01/12, xx.xx.2012 kimi göstərilməklə, Xızı rayonunda yerləşən saz vəziyyətdə olan 1 ədəd istixana avadanlığının qanunsuz olaraq istismar olunduğu, istixanada pomidor məhsulu becərildiyi qeyd olunmuş, həmin məlumatın İddiaçı ASC-nin inventarizasiya komisiyasının üzvləri – sektor müdiri Orxan Sultanzadə, aparıcı mütəxəssis Tariel Budaqov, rayon bölməsinin nümayəndəsi Ağa Zalıyev və Cavabdeh təsərrüfat müdiri Əbdül Məmmədov tərəfindən imzalanmış, yalnız İddiaçı ASC-nin Xaçmaz regional nümayəndəliyinin möhürü ilə təsdiqini tapır.

40. Buna dair apellyasiya şikayətinin dəlilinə hüquqi qiymət verən məhkəmə kollegiyası bildirir ki, inventarizasiya aktı tərəflər arasında müqavilə, mülkiyyətin ötürülməsi və ya lizinq müqaviləsi deyil, o, yalnız daxili uçot xarakterli sənəddir. Cavabdeh təsərrüfat müdiri Əbdül Məmmədova bu sənədi imzalamaq üçün səlahiyyət verilməsi o, hüquqi şəxsin nizamnaməsində mövcud səlahiyyətli şəxs tərəfindən müəyyən edilmiş qaydada hüququ olmadan imza atmışdırsa, onda həmin sənəd cavabdehin iradəsini ifadə edən sübut növü kimi Mülki Məcəllənin 362-ci maddəsinin tələbi baxımından qəbul edilə bilməz.

41. Həmçini məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, hazırki Cavabdeh MMC X2 Xızı rayonu , Giləzi qəsəbəsində 5 ha torpaq sahəsini əldə etmiş və bununla birlikdə 3.2 ha torpaq sahəsinin üzərindəki istixana kompleksini təhvil almışdır. Bu isə onu deməyə əsas verir ki, 16 yanvar 2012-ci il tarixli 01/12 nömrəli satınalma müqaviləsi və 18 iyul 2012-ci il tarixli 1 nömrəli razılaşma "xxxx" ASC (hazırkı İddiaçı ASC) və "xxxx" şirkəti arasında bağlanmış və həmin müqavilələrə əsasən 3.2 ha sahədə deyil 2,8 hektar sahədə istixana avadanlıqlarının alınması və quraşdırılması nəzərdə tutulmuşdur. Yəni həm tarixlər ( cavabdeh torpaq və avadanlığı müqavilədən 5 il sonra əldə etmiş) , həm də torpaq sahəsi ( müqavilə üzrə 3.2 ha qeyd edilsədə cavabdeh 2.8 ha da istixana avadanlığını təhvil almışdır) fərqli olmuşdur.

42. Məhkəmə kollegiyasının araşdırması zamanı iddiaçı tərəfindən xx.xx.2026-cı il tarixli 01687 nömrəli bəyannamə təqdim edilmiş və onun məzmununda qeyd olunur ki, "xxxx" ASC-nin sifarişinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti (hazırkı İddiaçı Açıq Səhmdar Cəmiyyəti) ilə "xxxx" şirkəti arasında bağlanmış 16 yanvar 2012-ci il tarixli 01/12 nömrəli satınalma müqaviləsi əsasında dövlət vəsaiti hesabına alınmış 2,8 ha sahədə istixana avadanlıqları tam olaraq gətirildiyi və Xızı rayonu Giləzi qəsəbəsi ərazisində tərəfindən quraşdırıldığı göstərilir. 43 Həmin bəyannaməyə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Məhkəmə Prosessual Qanunvericiliyinə görə, apellyasiya instansiya məhkəməsi əsasən birinci instansiya məhkəməsinin qərarının qanuniliyini yoxlayır. Apellyasiya instansiyası ümumiyyətlə yeni sübut toplamaq səlahiyyətinə malik deyil, yalnız birinci instansiya məhkəməsində təqdim edilmiş sübutları nəzərdən keçirir.

44. Ona görə də, xx.xx.2026-cı il tarixli bəyannamə birinci instansiya məhkəməsinə təqdim edilə bilərdi, çünki həmin instansiya məhkəməsində sübut toplamaq və sənəd təqdim etmək mümkündür. Lakin apellyasiya instansiyasında bu bəyannamənin yeni sübut kimi təqdim olunması doğru deyil, çünki apellyasiya instansiyası yeni sübutları qəbul etmir.

45. Bu tələb Mülki Prosessual Məcəllənin 78.1-ci maddəsində əksini tapmışdır ki, həmin maddənin tələbinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

46. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

47. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi q

48. Bununla belə məhkəmə kollegiyası qeyd edir ki, veilmiş bəyannamə sübut növü kimi qəbul edilmiş olsaydı belə, quraşdırılan avadanlığın kimə məxsus sahədə quraşdırılması qeyd edilməmiş, hazırki cavabdehə aidiyyəti isə müəyyən edilməmişdir.

49. Oda qeyd edilməlidir ki, birinci instansiyası məhkəməsində cavabdeh tərəfindən iddia müddətinin ötürülməsi barədə şifahi münasibət bildirilmiş və hazırki apellyasiya instansiyası mərhələsində də cavabdeh bu nüansa diqqət yetirilməsini qeyd etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iddia tələbi özü əsassız olduğundan iddia müddətinin tətbiqinə münasibət bildirilməsinə zərurət olmamışdır.

50. Məhkəmə kollegiyası onu da nəzərə alır ki,iş üzrə lizinq münasibətlərinin yaranmasına əsas 16 yanvar 2012-ci il tarixli 01/12 nömrəli müqavilə sifarişçi "xxxx" Açıq Səhmdar Cəmiyyəti və icraçı "xxxx" Şirkəti arasında bağlanmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyəti həmin müqavilə üzrə öhdəliklərin icrasını müstəqil qaydada mübahisələndirərək məhkəmə qaydasında tələb etmək hüququna malikdir.

51. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir. Birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətinin təmin edilmədən saxlanması üçün əsasdır.

52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı Açıq Səhmdar Cəmiyyət tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(119)-1655/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində tələbləri təmin olunmayan şəxslər tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar