Məhkəmə qərarları › İş №2-2(105)-2/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-2/2021

17.12.2021 · Torpaq mübahisələri - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-2/2021 17.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, hakimlər Məmmədov Zaur İkram oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçının vəkili Vəkil və nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı iddiaçının icarəsində olan torpaq sahəsinə cavabdeh tərəfindən müdaxilənin, ona məxsus iri və xırda buynuzlu heyvanların həmin sahəsə otarılmasının, eləcə də cavabdehin qeyri-qanuni hərəkətlərinin qadağan edilməsi tələbinə dair iş üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 21 iyun 2019-cu il tarixli, 2-2(85)- 309/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Quba rayon İcra Hakimiyyəti başçısının 77 saylı 12 may 2014-cü il tarixli sərəncamı ilə Quba rayonun Qonaqkənd qəsəbəsi ərazisində yerləşən və “Pirismayıl” adlanan yay otlaq sahəsindən heyvandarlığın inkişafı məqsədilə icarəsinə verilmiş 265,0 ha torpaq sahəsinə Cavabdeh tərəfindən müdaxilənin, ona məxsus iri və xırda buynuzlu heyvanların həmin sahədə otarılmasının, eləcə də cavabdehin digər qeyri-qanuni hərəkətlərinin qadağan edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayon İcra Hakimiyyəti başçısının 77 saylı 12 may 2014-cü il tarixli sərəncamı ilə icarə qaydasında Quba rayonu Qonaqkənd qəsəbəsi ərazisində yerləşən və “Pirismayıl” adlanan yay otlaq sahəsindən heyvandarlığın inkişafı məqsədilə 265,0 ha torpaq sahəsi ona ayrılmışdır. Bununla bağlı onunla 15 il müddətinə 12 may 2014-cü il tarixli 01 saylı icarə müqaviləsi bağlanmışdır. Torpaq sahəsinin plan və ölçü sənədi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsində Dövlət Torpaq və Kadastrı kitabında 18 noyabr 2014-cü il tarixli 419 sayla qeydiyyata alınmışdır. İcarə müqaviləsi bağlanıldığı tarixdən etibarən həmin 265,0 ha torpaq sahəsi onun sərəncamında olmaqla təyinatı üzrə istifadə olunmaqdadır. Lakin Cavabdeh qanunsuz olaraq onun icarəsində olan torpaq sahəsinin 90,0 ha hissəsində iri və xırda buynuzlu heyvanlarını otarır. Dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, cavabdeh qanunsuz hərəkətlərini davam etdirir. İddiaçı cavabdehin qeyri-qanuni hərəkətləri nəticəsində onun sahibliyində olan torpaq sahəsindən istifadə edə və bəhrələnə bilmir. Birinci instansiya məhkəməsindəki icraat Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 21 iyun 2019-cu il tarixli, 2-2(85)-309/2019 saylı qətnaməsi ilə iddia təmin edilmişdir.(hakim V.Əzizova) Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Quba rayon İcra Hakimiyyəti başçısının 29 aprel 2013-cü il tarixli 47 saylı sərəncamı ilə “Pirismayıl” adlanan yay otlaq sahəsində 299,0 ha torpaq sahəsi cavabdehin icarəsinə verilmişdir. Sərəncam əsasında Quba rayon İcra Hakimiyyəti ilə onun arasında torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə bağlanmışdır. Həmin müqavilə əsasında ona verilmiş otlaq sahəsinin yerquruluşu planı DTXK-nın Quba rayon şöbəsi tərəfindən tərtib edilərək möhürlə təsdiqlənib ona təqdim edilmişdir. Həmin sərəncam və icarə müqaviləsinə torpaq sahəsi 2013-cü ildən hazırkı tarixədək onun istifadəsində və sahibliyindədir. O, torpaq sahəsindən təyinatı üzrə istifadə edərək hər ilin yay mövsümündə iri və xırda buynuzlu heyvanları otarır. Onun tərəfindən iddiaçının icarəsində olan torpaq sahəsinə heç bir müdaxilə olunmamışdır. ƏMDK-nin Xaçmaz Regional Layihə və Yerquruluşu İdarəsi mübahisəli torpaq sahəsinin cizgilərini iddiaçının xeyrinə saxtalaşdırmışdır. Belə ki, 2019-cu ilin may ayında həmin təşkilatın iddiaçıya təqdim etdiyi baş plandan rəngli formada edilmiş yeni çıxarışdan göründüyü kimi onun torpaq sahəsinin cizgiləri DTXK-nin Quba rayon şöbəsi tərəfindən tərtib edilərək həmin təşkilatın müdiri tərəfindən imza və möhürlə təsdiq edilməklə bərabər Quba rayon İcra Hakimiyyəti başçısının imzası və möhürü ilə təsdiq edilərək ona təqdim edilmiş otlaq torpaq sahəsinin yerquruluşu planındakı cizgilərdən kəskin şəkildə fərqlənir. Belə ki, ona məxsus torpaq sahəsinin uzununun eninə nisbətindən göründüyü kimi torpaq sahəsinin ilkin uzunluğu kəskin dərəcədə azaldılmışdır. Onun icarəsində olan torpaq sahəsi barədə məlumatlar isə yeni tərtib edilmiş çıxarışda əks olunmamış, yalnız onun iradlarından sonra icarəsində olan torpaq sahəsi barədə cizgilər qeyd edilmişdir. Bundan başqa yeni çıxarışda həm latın, həm də kiril qrafikası ilə yazılar qeyd edilmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclaslarıında iştirak edən cavabdeh apelyasiya şikayəti ilə eyni məzmunda izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 21 iyun 2019-cu il tarixli, 2-2(85)-309/2019 saylı qətnaməsi ləğv edilməklə, iş üzrə iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən sənədlərdən görünür ki: Quba rayon İHB-nın 77 saylı 12.05.2014-cü il tarixli sərəncamına əsasən, heyvandarlığın inkişafı məqsədi ilə Pirsimayıl otlaq sahəsindən 265,0 ha torpaq sahəsinin iddiaçının istifadəsinə ayrılması qərara alınmış, həmin tarixdə də Quba rayon İcra Hakimiyyəti ilə iddiaçı arasında torpaq sahəsinin 15 il müddətinə icarəyə verilməsi haqqında müqavilə imzalanmış və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən həmin torpaq sahəsinə dair 18.11.2014-cü il tarixdə AN 520608 nömrəli torpaq sahəsinin plan və ölçü sənədi tərtib edilmişdir. Eyni zamanda Quba rayon İcra Hakimiyyəti başçısının 29.04.2013-cü il tarixli 47 saylı sərəncamına əsasən, Quba rayonu İHB-nın 23.02.2009-cu il tarixli 46 saylı sərəncamında qismən dəyişiklik edilməsi, “Pirismayıl” adlanan yay otlaq sahəsindən 299,0 ha torpaq sahəsinin dair X3 icarəyə verilməsinə dair 23.02.2009-cu il tarixdə bağlanmış icarə müqaviləsinə xitam verilməsi, həmin torpaq sahəsindən heyvandarlığın inkişafı məqsədilə istifadə olunması üçün Cavabdeh ilə yeni icarə müqaviləsinin bağlanması qərara alınmış və 29 aprel 2013-cü il tarixdə Quba rayon İcra Hakimiyyəti ilə cavabdeh arasında torpaq sahəsinin 15 il müddətinə icarəyə verilməsi haqqında müqavilə imzalanmışdır. Quba rayonu Qonaqkənd qəsəbə Baytarlıq məntəqəsi tərəfindən verilmiş arayışa əsasən, cavabdehin şəxsi təsərrüfatında 1470 baş xırda buynuzlu heyvan vardır. Hazırkı işin hallarından görünür ki, iddiaçı icarəsində olan torpaq sahəsinə cavabdeh tərəfindən müdaxilə edilməsini mübahisələndirmiş, cavabdeh isə apellyasiya şikayətində yalnız özünə məxsus torpaq sahəsindən istifadə etdiyini, onun tərəfindən iddiaçının icarəsində olan torpağa müdaxilə edilmədiyini, iddiaçının icarəsində olan torpaq sahəsinin cizgilərinin iddiaçının xeyrinə saxtalaşdırıldığını qeyd etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və bunu onunla əsaslandırmışdır ki, işdə olan sənədlərlə müəyyən olunur ki, Quba rayon İcra Hakimiyyəti başçısının 12.05.2014-cü il tarixli 77 nömrəli sərəncamı və tərəflər arasında bağlanmış icarə müqaviləsi ilə Quba rayonu “Pirismayıl” yay otlaq sahəsində yerləşən 265,0 ha torpaq sahəsi 15 il müddətinə İddiaçı icarəyə verilmişdir. Torpaq sahəsinin aero-foto planı ilə müəyyən edilir ki, iddiaçının icarəsində olan “Pirsmayıl 48A” yay otlaq sahəsi cənub tərəfdə 1456 m məsafədə cavabdehin icarəsində olan “Pirismayıl 48 H” yay otlaq sahəsi ilə həmsərhəddir. Cavabdehin müdaxiləsi və qeyri-qanuni hərəkətləri nəticəsində iddiaçı qanuni istifadəsində olan 265,0 ha torpaq sahəsindən sərbəst istifadə edə bilmir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.1.2-ci maddəsinə əsasən, mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır; 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Onların pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Həmin Məcəllənin 111-ci maddəsinin 1-ci və 2-ci bəndlərinin tələbinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağandır və özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilməklə birbaşa qüvvəyə malikdir. İddiaçı ərizəsində 2014-cü il tarixdə icarəsinə verilmiş 265 ha torpaq sahəsinin 40-50 ha hissəsində cavabdeh tərəfindən iri və xırda buynuzlu heyvanların otarıldığını və bununla da, onun icarəsində olan torpaq sahəsinə dair istifadə və sahiblik hüquqlarının pozulduğunu bildirmişdir. Cavabdeh isə apelyasiya şikayətində iddiaçıdan öncə, yəni 2013-cü il tarixdə Quba rayon İcra Hakimiyyəti tərəfindən “Pirismayıl” yay otlaq sahəsində 299 ha torpaq sahəsinin onun icarəsinə verildiyini, hər il iri və xırda buynuzlu heyvanları özünün icarəsində olan torpaq sahəsində otardığını, iddiaçıya aid torpaq sahəsinə onun tərəfindən heç bir müdaxilə olmadığını bildirmişdir. Göründüyü kimi, cavabdehin bildirdikləri ilə iddia tələbi təkzib olunur. İddiaçı isə cavabdehin bildirdiyinin əksini sübut edə bilmir. Cavabdeh, apelyasiya şikayətində mübahisəli torpaq sahəsinə dair plan-ölçü sənədindəki koordinatlarla ilkin sənədlərdəki koordinatlar arasında ciddi fərqin olduğunu və məhz bu səbəbdən hazırkı mübahisənin yarandığını bildirdiyindən, məhkəmə kollegiyası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti mütəxəssis qismində cəlb edilməklə məhkəmə texniki-yerquruluşu ekspertizası təyin etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən təqdim edilmiş 04 iyun 2021-ci il tarixli, **********84 saylı rəydən və həmin rəyə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 29 oktyabr 2021-ci il tarixdə verilmiş 10/5765 saylı ekspert rəyindən görünür ki:

1. Quba rayon İHB-nın 77 saylı 12.05.2014-cü il tarixli sərəncamı ilə Pirsimayıl otlaq sahəsindən İddiaçı icarəsinə verilmiş 256,0 ha torpaq sahəsinə dair tərtib edilmiş plan və ölçü sənədində qeyd olunmuş koordinatlarla həmin torpaq sahəsinə dair hazırlanmış ilkin yerquruluşu planında torpağın yerləşmə mövqeyi (iş materiallarının 14-cü səhifəsi) üst-üstə düşür.

2. İddiaçı faktiki istifadə etdiyi torpaq sahəsinin döngə nöqtələrinin sərhədlərini naturada göstərmədiyindən icarəsinə verilmiş 265,0 ha torpaq sahəsinə dair tərtib olunmuş plan və ölçü sənədində qeyd olunmuş koordinatlarla üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır.

3. Cavabdeh faktiki istifadə etdiyi torpaq sahəsinin döngə nöqtələrinin sərhədlərini naturada göstərmədiyindən icarəsinə verilmiş Quba rayon İcra Hakimiyyəti başçısının 29.04.2013cü il tarixli 47 saylı sərəncamı ilə “Pirismayıl” yay otlaq sahəsindən ilkin yerquruluşu planında torpağın döngə nöqtələrinin sərhədləri üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır.

4. İddiaçı icarəsinə verilmiş 256,0 ha torpaq sahəsi ilə Cavabdeh icarəsinə verilmiş 299,0 ha torpaq sahəsi qonşu torpaq sahələridir. Onların sərhədləri 1383 metrdir.

5. Cavabdeh icarəsinə verilmiş 299,0 ha torpaq sahəsində iri və xırdabuynuzlu heyvanların yatağı ilə İddiaçı icarəsinə verilmiş 256,0 ha torpaq sahəsinə qədər olan məsafə 67 metrdir.

6. Quba rayon İcra Hakimiyyəti başçısının 29.04.2013-cü il tarixli 47 saylı sərəncamı ilə “Pirismayıl” yay otlaq sahəsindən Cavabdeh icarəsinə verilmiş 299,0 ha torpaq sahəsinin ilkin yerquruluşu planında torpağın yerləşmə mövqeyi ilə iddiaçının icarəsinə verilmiş 256,0 ha torpaq sahəsinə dair hazırlanmış ilkin yerquruluşu planında torpağın yerləşmə mövqeyi üst-üstə düşmür.

7. Cavabdeh icarəsinə verilmiş 299,0 ha torpaq sahəsinin ilkin yerquruluşu planında torpağın yerləşmə mövqeyi ilə İddiaçı icarəsinə verilmiş 256,0 ha torpaq sahəsinə dair tərtib edilmiş plan və ölçü sənədində qeyd olunmuş koordinatları üst-üstə düşmür.

8. Tərəflərə məxsus torpaq sahələrinin üst-üstə düşməsi halı müəyyən edilməmişdir.

9. İddiaçı icarəsinə verilmiş 265,0 ha torpaq sahəsinin konfiqurasiyasının real vəziyyəti müəyyən olunmuşdur. Cavabdeh icarəsinə ilkin torpaqayırma sənədlərindəki torpaqayırma sxemində ərazi 299,0 ha göstərilsə də həmin sxemdəki ərazinin 262 ha olduğu məlum olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. “Avşar Türkiyəyə qаrşı” iş üzrə qərаrındа Avropа Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. İstinad olunan milli qanunvericilik normalarından və Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi hazırkı mübahisədə iddianı sübutetmə yükü iddiaçının üzərinə düşsə də, iddiaçı isə öz iddiasının haqlı olmasını mötəbər sübutlarla sübut edə bilməmiş, cavabdeh tərəfindən hüquqlarının pozulduğuna dair sübutları və hüquqların pozulmasını təsdiqləyən faktları nə birinci instansiya məhkəməsinə, nə də məhkəmə kollegiyasına təqdim etməmişdir. Əksinə, məhkəmə kollegiyası tərəfindən keçirilmiş mütəxəssis və ekspert rəyi ilə iddiaçının icarəsinə verilmiş 256,0 ha torpaq sahəsinə dair tərtib edilmiş plan və ölçü sənədində qeyd olunmuş koordinatlarla həmin torpaq sahəsinə dair hazırlanmış ilkin yerquruluşu planında torpağın yerləşmə mövqeyinin üst-üstə düşməsi, həmçinin tərəflərin icarəsində olan mübahisəli torpaq sahələrinin (265 ha və 299 ha) üst-üstə düşmədiyi, qonşu torpaq sahələri olmaqla sərhədlərinin 1383 metr olduğu, eləcə də, cavabdehin icarəsinə verilmiş 299,0 ha torpaq sahəsində iri və xırdabuynuzlu heyvanların yatağı ilə iddiaçının icarəsinə verilmiş 256,0 ha torpaq sahəsinə qədər olan məsafənin 67 metr olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1 və 385.1.2-ci maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyаsı işin sadalanan xüsusatlarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühim əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmadığından, məhkəmənin qərarında göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyindən, həmçinin məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verdiyindən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırkı iş üzrə mütəxəssis rəyinin əldə edilməsi üçün mübahisəli torpaq sahəsinin inventarlaşmasına dair xərcin smetası 1261 manat, məhkəmə ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil etmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddia təmin edilmədiyindən mütəxəssis və ekspert rəyinin verilməsinə dair çəkilmiş xərclər iddiaçıya aid edilməlidir.

NƏTİCƏ HİSSƏ

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT E T D İ:

Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 21 iyun 2019-cu il tarixli, e-2-2(085)- 309/2019 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilməsin. Mütəxəssis rəyinin verilməsi ilə əlaqədar çəkilmiş 1261,00 manat xərc İddiaçı tutularaq Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin hesabına (Kapital Bank ASC Xətai filialı, filialın kodu 200071, VÖEN: **********, SWİFT kod: АİİВАZ2Х, müxbir hesab: АZ37NABZ**********0000001944, benefisiarın adı: Kadastr və X6 Mar, benefisiarın hesabı: АZ23 АİİВЗ **********701778107, VÖEN: **********) köçürülsün. Keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ( VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab Az.41 NABZ******************** SWİFT BİK CTREAZ.22 Hesab AZ34CTRE********************) köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar