Məhkəmə qərarları › İş №2-2(105)-20/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-20/2024

05.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-20/2024 05.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, hakimlər X1 və Rəhimov Elman Gülbaba oğlundan ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi, İddiaçının qanuni təmsilçisi Qanuni nümayəndə, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-1130/2023 nömrəli, 14 noyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ

1. Qaz paylayıcısı Cavabdeh ilə bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı” barədə Müqaviləyə əsasən istehlakçı İddiaçınə məxsus Xaçmaz rayonunun Xudat şəhərində yerləşən sahibkarlıq obyekti təbii qazla təchiz edilmiş və həmin qeyri-yaşayış sahəsinə verilən təbii qazın hesabatının aparılması məqsədi ilə istehlakçı İddiaçınə **********00000 nömrəli abonent kodu verilməklə, müvafiq qaydada mexanika tipli sayğac quraşdırılmışdır.

2. Cavabdeh itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən 10 iyul 2020-ci ildə təsdiq edilmiş “Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında” MS- 29/1640-01266-08 nömrəli Aktdan görünür ki, "Azəriqaz” İstehsalat Birliyinin 22 iyun 2020ci il tarixli SOCAR**********31791640X01266 saylı məktubuna əsasən 23 iyun 2020-ci ildə X6 İstismarı İdarəsindən Dövlət yoxlamasına gətirilmiş Almaniya istehsalı G-6 markalı mexanika tipli qaz sayğacına 10 iyul 2020-ci il tarixdə Metrologiya Departamentinin sayğacların müayinəsi Laboratoriyasında baxış keçirilmiş və baxış zamanı yoxlamanın nəticəsi kimi müəyyən edilmişdir ki, “Plastmas qapağın yan tərəfində və daxili qulaqcıqlarında əzik cızıq izləri var. Xətalar normaya uyğun deyil” (sayğacın zavod nömrəsi – 28257312, mexaniki göstəricisi – 28470 m3, qeyd – yararsız, qüsura görə nəticə - müdaxilə, qaz itkisi), (Aktda İstehlakçının nümayəndəsinin həmin yoxlamada iştirakı barədə hər hansı bir qeyd yazılmamışdır).

3. Cavabdeh əməkdaşları tərəfindən tərtib olunaraq 30 sentyabr 2021-ci il tarixində təsdiq edilmiş və “İstehlakçı: Qanuni nümayəndə”, “ünvan: Konserv zavodu”, “Fəaliyyət növü: xidmət”, “abonent kodu: **********00000” qeydləri yazılmış “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli Aktda göstərilir ki, 30 sentyabr 2021-ci ildə (baxışın keçirilmə saatı (vaxtı) Aktın müvafiq qrafasında göstərilməmişdir) abonent kodu **********00000 olan sahibkarlıq obyektində təbii qazın uçotu və təbii qazdan istifadə qaydalarına riayət olunması yoxlanılmış və həmin yoxlamanın nəticəsi olaraq Aktda "Azəriqaz" İB-nin qeyri-əhali qaz sayğaclarının yoxlanılması haqqında Akt № MS-29/1640- 01266-08 saylı rəyinə əsasən 28257312 sayğacın "Plastmas qapağın yan tərəfində və daxili qulaqcıqlarında əzik cızıq izləri var”- qeydi aparılmışdır. Eyni zamanda, Aktda qeyd olunur ki, yoxlama zamanı obyektdə bir ədəd PQ-4 tipli qaz plitəsinin, bir ədəd “su qızdırıcısı” avadanlığının və bir ədəd qaz sobası olduğu müəyyən edilmişdir (Aktda məlum yoxlamanın (baxışın) X4 Reyestrində qeydiyyata alınması barədə heç bir qeydiyyat aparılmamışdır).

4. Cavabdeh itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən tərtib və təsdiq edilmiş 22 oktyabr 2021-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair” Tələbnamədə istehlakçı: “Xudat. İddiaçı. Qanuni nümayəndə”, fəaliyyət növü: “qeyri-əhali”, ünvan: “Xaçmaz rayonu, Konserv zavod, ev 2”, “abonent kodu: **********00000” qeyd edilməklə göstərilir ki, “Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə 10 iyul 2020-cu il tarixli MS-29/1640-01266-08 №-li Aktına əsasən G-6 markalı 28257312 №-li sayğacın “plastmas qapağının yan tərəfində və daxili qulaqcıqlarında əzik-cızıq izləri var. Xətalar normaya uyğun deyil” qüsuruna görə - G-6 markalı qaz sayğacın nominal qaz sərfi 6 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və həmin hesabatda əlavə sərfiyyat qismində ödənilməsi tələb olunan itirilmiş qazın cəmi miqdarı 6480 m3 həcmində müəyyən edilmişdir (əsas: 30 sentyabr 2021-ci il tarixli ******* nömrəli Akt).

5. İstehlakçı İddiaçı adına tərtib edilmiş Abonentin Saldosu (abonent kodu **********00000) ilə müəyyən olunur ki, 30 sentyabr 2021-ci il tarixli ******* nömrəli Akta əsasən 2021-ci ilin oktyabr ayında istehlakçı İddiaçınə məxsus Xaçmaz rayonunda yerləşən sahibkarlıq obyektinin hesabına iddia tələbində qeyd olunan “1296,39 (min iki yüz doxsan altı manat 39 qəpik) manat məbləğində” deyil, birdəfəlik cəmi 1296 (min iki yüz doxsan altı) manat məbləğində borc hesablanmışdır.

6. Abonent Saldosunda olan məlumatlarla müəyyən olunur ki, sahibkarlıq obyekti təbii qazla təchiz edildiyi dövrlərdə quraşdırılmış sayğac vasitəsi ilə istifadə edilən qazın hesabatı aparılmış və “İstehlakçı” tərəfindən aylar üzrə müəyyən məbləğlərdə ödənişlər edilmişdir. Yəni, qaz sərfiyyatları aylar üzrə müvafiq qaydada sayğac tərəfindən hesablanmış və müvafiq aylar üzrə qaz sərfiyyatına görə ödənişlər aparılmışdır.

BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏKİ İCRAAT

7. İddiaçı 28 avqust 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən aparılmış yoxlamanın nəticələrinə dair komissiyanın qərarına və 30 sentyabr 2021-ci il tarixli ******* saylı akta əsasən qanunsuz olaraq İddiaçınə yazılmış 1296,39 manat borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, istehlakçı İddiaçınə “sayğacın plastmas qapağının yan tərəfində və daxili əzik cızıq izlərinin olması və xətaların normal olmadığına dair” 30 sentyabr 2021-ci il tarixli ******* saylı aktla əsasən əsassız və qanunsuz olaraq 1296,39 manat cərimə yazılmışdır. Bu akt barədə iddiaçı yenicə məlumatlanmışdır. Bundan sonra sayğacda göstərilən nöqsanlar olmadığı üçün dəfələrlə Cavabdehnə müraciət edilmişdir. Onlar hər dəfə bir bəhanə gətirərək, haqsız və qanunsuz yerə yazılan cəriməni silməkdən boyun qaçırmışlar. İddiaçı hər ay istifadə etdiyi qaz sərfiyyatını ödəmişdir. Ödəniş edilməsi barədə qəbzlər vardır. İddiaçı bu borcla bağlı Cavabdehnə müraciət etsə də, hələ də əsassız yerə yazılan borc silinməmişdir. Yuxarıda qeyd edildiyi kimi 30 sentyabr 2021ci il tarixli Akt Cavabdeh əməkdaşları tərəfindən yazılmışdır. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı, və maddi subutlarla ekspertlərin rəyləri ilə yerində müayinə keçirməklə səs və video yazıları ilə şahidlərin ifadələri ilə işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Lakin, qaz sayğacı açılaraq götürüləndə, bunların heç biri olmamışdır və qanunsuz qazdan istifadə edilməsi barədə heç bir əsas əldə olunmamışdır.

9. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmiş və etiraz onunla əsaslandırılmışdır ki, “Azəriqaz“ X2 RQİİ-nin Xaçmaz Xidmət Sahəsində qeyri-əhali abonenti kimi qeydiyyatda olan “Bahar" kooperativini Qanuni nümayəndə işlədir. Həmin obyektdə əhaliyə iaşə xidməti göstərmək üçün müqavilə əsasında təbii qazdan istifadə edir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə ikitərəfli qaydada müəyyən edilir. İstifadə olunan təbii qazın dəyər məbləğinin vaxtında ödənilməsi barədə tərəf üzərinə öhdəlik götürmüşdür. 05 iyun 2020-ci il tarixində növbəti dəfə obyektdəki qaz sayğacının göstəriciləri oxunarkən ekranın sol tərəfinə müdaxilə edildiyinə görə sayğac xətdən açılaraq laboratoriyaya göndərilmiş və obyektə əvəzedici sayğac quraşdırılmışdır. Bu barədə 05 iyun 2020-ci il tarixdə müvafiq akt tərtib edilmiş və həmin akt sayğacın çıxarılması zamanı iştirak etmiş abonent Qanuni nümayəndə tərəfindən heç bir irad bildirilmədən imzalanmışdır. Dövlət yoxlamasında “28257312 nömrəli sayğacın plastmas qapağının yan tərəfində və daxili qulaqcıqlarda əzik-cızıq izləri var, xətalar normaya uyğun deyil” rəyi verilməklə, sayğaca müdaxilə olunduğu aşkar edilmişdir. Buna görə abonent Qanuni nümayəndə barəsində 30 sentyabr 2021-ci il tarixli ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması" haqqında Akt tərtib edilməklə, itirilmiş qazın bərpası üçün qaz işlədici cihazların saatlıq qaz sərfiyyatına uyğun 6480 m2 və ya 1296 manat ziyan hesablanaraq abonentin koduna işlənilmişdir. Abonent Qanuni nümayəndə obyektinin qaz xəttinin üstündə quraşdırılmış qaz sayğacına müdaxilə edildiyi üçün keçən qazın qeydə alınmaması səbəbindən abonentin hesabına itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyan məbləği işlənilmişdir. “Qazdan istifadə Qaydalarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarının 6.5-ci bəndinə əsasən Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Abonent Qanuni nümayəndə obyektində hər hansı yoxlama aparılmamış, restorandan kənarda yerləşən sayğac əvəz edilərək növbəti oxunuş zamanı xətdən açılaraq laboratoriyaya göndərilmiş, sayğac laboratoriyada yoxlanıldıqdan sonra rəyə əsasən iddiaçı barəsində 30 sentyabr 2021-ci il tarixli ******* saylı “Təbii qazdan istifadə Qaydalarının" pozulması haqqında Akt tərtib edilmişdir. Bu aktın tərtib edilməsi üçün sahibkarlıq fəaliyyəti ilə bağlı hər hansı yoxlama aparılmamışdır. İddiaçı iddiasının əsası kimi Cavabdeh İB-nin Xaçmaz RQİİ-nin Quba rayon X5 30 sentyabr 2021-ci il tarixli ******* saylı aktını mübahisələndirir. Həmin akt Azərbaycan Metrologiya departamenti tərəfindən, abonentin qaz xəttinin üzərində quraşdırrılmış “Klestr” tipli G-6 markalı 28257312 №-li qaz sayğacının laboratoriyada yoxlanılmasının nəticələrinə görə verilmiş Rəy əsasında tərtib olunan aktdır.

10. Məhkəmə iclasında iddiaçının qanuni təmsilçisi Qanuni nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verib, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir və öz mövqeyinimübahisələndirdiyi 30 sentyabr 2021-ci il tarixli ******* nömrəli aktın əsassız və qanunsuz yazılması, sahibkarlıq obyektinə həmin aktın yazılması və borcun hesablanması ilə nəticələnmiş yoxlamanın “X4 Reyestri”ndə qeydiyyata alınmaması, sahibkarlıq obyektində sayğac hesabatından kənar təbii qazdan istifadə hallarının olmaması və hər ay üzrə sayğac qeydiyyatına uyğun istifadə edilən təbii qazın dəyərinin ödənilməsi ilə əsaslandırmışdır.

11. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə1 iddia tələbini qəbul etmədiyini bildirib, etiraza uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul olunmasını xahiş etmiş və öz mövqeyini – iddiaçı barəsində Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş 30 sentyabr 2021-ci il tarixli ******* nömrəli Akda qeyd olunmuş nöqsanların həqiqətən də mövcud olması, Aktın düzgün tərtib edilməsi və Akt əsasında borcun mövcud Qazdan istifadə Qaydalarına uyğun olaraq hesablanması ilə əsaslandırmışdır.

14. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-1130/2023 nömrəli, 14 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Zülfüqar Sadiqov) iddianın qismən təmin edilməsi, 30 sentyabr 2021-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt əsasında Cavabdeh tərəfindən İddiaçınə (VÖEN **********) məxsus Xaçmaz rayonu ərazisində yerləşən sahibkarlıq obyektinə (abonent kodu **********00000) “itirilmiş qazın bərpası məqsədilə dəymiş ziyan olaraq” hesablanmış 1296 (min iki yüz doxsan altı) manat məbləğində borcun silinməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdehndən dövlət nəfinə 32,96 (otuz iki manat 96 qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq, Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 30 sentyabr 2021-ci ildə istehlakçı İddiaçınə məxsus sahibkarlıq obyektində (abonent kodu: **********00000) quraşdırılmış qaz sayğacına və sayğacdan sonra sahibkarlıq obyektində quraşdırılmış və obyektin daxilində yerləşən qaz avadanlıqlarına keçirilən baxış, yəni yoxlama tədbirləri-X4 Reyestrində qeydə alınmadan, aparılaraq aktlaşdırılmışdır. Qeyd etmək lazımdır ki, yoxlamanın qanunvericiliyin müəyyən etdiyi qaydada aparılmasını və həmin yoxlama tədbirinin “X4 Reyestri”ndə qeydə alınmış olmasını təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. Eləcə də, 10 iyul 2020-ci ildə təsdiq olunmuş MS-29/1640-01266-08 №-li Aktın tərtib edilməsi ilə nəticələnən məlum qaz sayğacına 10 iyul 2020-ci ildə keçirilən baxışda istehlakçının (abonentin) nümayəndəsi də iştirak etməmiş və onun həmin baxışa dəvət edilməsini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır.

13. Məhkəmə gəldiyi nəticəni “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1, 2.3, 3.1, 3.2, 13,20.1, Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan X4 reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4, 1.5, 5.1, “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 13 aprel 2010-cu il tarixli Fərmanı, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1-1, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 106.1, 106.3, 217.4, 218.3, 119.1, 119.2-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.

14. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sayğacın quraşdırıldığı yer obyektdən xeyli aralıda yerləşir. Sayğaca baxış keçirilərkən cavabdehin nümayəndələri İddiaçı ərazısınə daxil olmamışlar. Buna görə də obyektin qaz işlədici cihazlarının sayğacın qaz sərfinin qeydə alma qabiliyyətinə uyğun gəlməməsi barədə (sərfiyyatı aşma) tərtib olunmuş 30 sentyabr 2021-ci il tarixli, ******* nömrəli aktın tərtib edilməsi və itirilmiş qazın bərpası üçün ziyan məbləğinin hesablanması “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbayçan Respublikası Qanununun tələblərini pozmur. Bu barədə Məhkəmənin qənaəti səhvdir. Belə ki, Məhkəmənin istinad etdiyi Azərbayçan Respublikası Prezidentyinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan X4 reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən, qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə monitorinq, müşahidə, təftiş, nəzarət, xrometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Azəriqaz” İB-nin işçiləri obyektdən kənarda yerləşən sayğaca baxış keçirən və qaz işlədicicihazlara uyğun sərfiyyatın aşılmasını müəyyən edən zaman sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerə getməmiş, sahibkarlıq fəaliyyəti subyektlərində heç bir yoxlama aparmamışlar.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz təqdim edilmiş və qətnamənin dəyişdirilmədən qüvvədə saxlanması xahiş olunmuşdur.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etdi.

18. İddiaçının qanuni təmsilçisi apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

19. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.6. qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” 1.3. Qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. 2.11-2. qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (qaz paylayıcısının razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

21. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.1. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 3.2. həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən X4 reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Maddə 13.1. Sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən X4 reyestri aparılır. Maddə 13.2. Sahibkarlıq sahəsində aparılan X4 reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Maddə 13.3. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. 31.2. Yoxlama aktında aşağıdakılar göstərilir: 31.2.3. yoxlama aktında X4 reyestrindən verilən kod.

22. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan X4 reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamə: 1.4. Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. 5.1. Yoxlamanın qeydiyyata alınması barədə yoxlayıcı orqanlara qeydiyyat aparıldığı gün (Qanunun 16.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda yoxlamanın təxirə salınmadan keçirilməsi zərurəti yoxlayıcı orqan tərəfindən əsaslandırıldıqda, yoxlama enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə aşkar edilmiş qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı təyin edildikdə isə dərhal), eləcə də yoxlamanın dayandırılması və vergi yoxlamalarının müddətinin artırılması barədə yoxlayıcı orqanlara qeydiyyat aparıldığı gün, habelə yoxlanılan sahibkarlıq fəaliyyəti subyektlərinə sorğu əsasında sorğunun daxil olduğu gündən 1 iş günü müddətində gücləndirilmiş elektron imza ilə təsdiqlənmiş Reyestrdən çıxarış onlayn rejimdə təqdim olunur. 5.2. Yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır.

23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...) Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..) Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...) Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

24. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommmersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası məruzəçi-hakimi və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

26. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən aparılan yoxlamalar X4 reyestrində qeydə alınmamışdır. Belə olan halda, cavabdeh tərəfindən aparılan yoxlamalar qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməli, sahibkarlıq obyektinə 30 sentyabr 2021-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt əsasında hesablanmış 1296 manat məbləğində borc silinməlidir.

27. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, cavabdehin apardığı yoxlama iddiaçının sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlıdır. Cavabdeh ona istinad edir ki, əməkdaşlar sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerə getməmiş və bununla da sahibkarlıq fəaliyyəti subyektlərində heç bir yoxlama aparmamışlar. Halbuki yuxarıda isitnad olunan qanunvericilik normalarının tələbindən görünür ki, sahibkarlıq fəaliyyəti subyektlərində keçirilən bütün növ yoxlamalar (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və.s) Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmalıdır.

28. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-1130/2023 nömrəli, 14 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar