Məhkəmə qərarları › İş №2-2(105)-22/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-22/2022

24.01.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-22/2022 24.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər İlqar Kamal oğlu Dəmirov və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “sənədlərin tələb edilməsi” tələbinə dair iddiası üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 07.12.2021-ci il tarixli, e-2- 2(119)-1711/2021 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “sənədlərin tələb edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 07.12.2021-ci il tarixli, e-2-2(119)-1711/2021 nömrəli qərardadı ilə cavabdehlə mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi üçün lazımi hərəkətlərin olunmadığı və eləcə də, kommersiya mübahisəsi üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflərin ilkin mediasiya prosesinin həyata keçirilməsinə dair tələblər müvafiq qaydada yerinə yetirilmədiyinə görə iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır.(hakim Zülfüqar Sadiqov) İddiaçı həmin qərardaddan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən mübahisənin kommersiya mübahisəsi deyil, korporativ mübahisə olduğu, tərəflərin birinin fiziki şəxs, səhmdar – İddiaçı və digərinin Səhmdar Cəmiyyət olduğu, iddia tələbinin yalnız Mülki Məcəllədə təsbit edilmiş iddiaçının tələb etməyə hüququnun çatdığı sənədlərin tələb edilməsi olduğu, iddianın Kommersiya Məhkəməsinə verilməsi əsasının “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Ali Məhkəmənin Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarına görə yalnız tərəflərin subyektiv tərkibi olduğu nəzərə alınmamışdır. Ali Məhkəmənin həmin Plenum Qərarında bu tip işlərin, mübahisə predmetinin subyekt tərkibin baxımından təsisçi fiziki şəxsin idarəetmə orqanının üzvü arasında, yəni iki fiziki şəxs arasında olması səbəbindən korporativ mübahisə kimi kommersiya məhkəməsinə aid olması müəyyənləşdirilmişdir. Məhkəmə aidiyyətinin kommersiya məhkəməsi kimi müəyyənləşdirilməsi sahibkar kimi qeydiyyatdan keçməmiş fiziki şəxsin cəmiyyətdən tələb etdiyi sənədlərə görə aralarında olan mübahisənin statusunu dəyişmir. Yəni yalnız iddia ərizəsinin aidiyyət üzrə kommersiya məhkəməsinə verilməsi ilə mübahisənin statusu dəyişmir və mübahisə kommersiya mübahisəsi olmur. Ali Məhkəmənin Plenumunun Qərarında da göstərildiyi kimi, bu korporativ mübahisədir. Başqa sözlə, kommersiya mübahisəsi olmayan mübahisəyə məhkəmə tərəfindən kommersiya mübahisəsi statusu verilmiş və pretenziya qaydasına əməl olunmadığı və “Mediasiya haqqında” Qanunu ilə bu mübahisədə icbari qaydada mediasiyanın tələb olunduğu müəyyənləşdirilməmişdir. Halbuki, burada mediasiya yalnız könüllülük prinsipi daşıya bilər. Bu cür korporativ mübahisələrdə icbari mediasiya tələb edilmir. “Mediasiya haqqında” Qanunun 3.2.-ci maddəsinə əsasən icbari mediasiya kommersiya mübahisəsinə aiddir. Beləliklə, məhkəmə tərəfindən 259.0.13-cü maddəsi tətbiq edilə bilməzdi. Digər tərəfdən məhkəmə tərəfindən də qərardadda göstərilmişdir ki, ‘‘Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 21.9-cu və 21.9.1-ci maddələrinə əsasən bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf bu Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə edilmədən məhkəməyə müraciət edildikdə müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır. Məhkəmə işi araşdırmadan mübahisənin kommersiya və ya korporativ mübahisə olduğunu müəyyən etmədən ‘‘Mediasiya haqqında” AR Qanununun tələblərinə əməl edilmədiyi qənaətinə gəlmişdir. Mübahisənin mahiyyəti səhmdarın səhmdar cəmiyyətindən Mülki Məcəllə ilə təsbit edilmiş qanunvericiliyin ona verdiyi hüquqdan istifadə edərək sənədlərin tələb edilməsidir ki, bu da korporativ mübahisədir. Belə olan halda mübahisənin mediasiya qaydasında həll edilməsi tələb edilərək və MPM-in 259.0.13-cü maddəsinin tətbiq edilrərək baxılmamış saxlanıla bilməz. Bunu üçün heç bir hüquqi əsas yoxdur. Məhkəmə tərəfindən isə, prosessual məsələ həll edilərkən, MPM-dən kənarlaşaraq, Mediasiya tətbiq edilməli olmadığı halda ‘‘Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun normaları, maddi hüquq normaları səhv tətbiq edilməklə mediasiyanın keçirilməsi əsas gətirilərək iddia ərizəsinin baxılmamış saxlanması barədə qərar qəbul edilmişdir. “Mediasiya haqqında” qanuna əsasən (4.1.) mediasiyanın prinsipi tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etməkdir. Hazırkı iş üzrə mediasiya prosesinin keçirilməməsi və müvafiq sənədlərin təqdim edilməməsinə dair cavabdehin subyektiv fikirlərinin cavabdehin barışıq istiqamətində, razılığa gəlmək istiqamətində hansı məktubuna, hansı müraciətinə baxılmasına mane olduğu nə cavabdeh tərəf, nə də məhkəmə göstərə bilməmişdir. Çünki cavabdeh tərəfindən hər hansı məktub, müraciət məhkəməyə təqdim edilə bilməmişdir. Bunun əksinə olaraq, məhkəmənin hazırlıq iclasının fasiləsiz video-audio yazısından da göründüyü kimi, cavabdeh hər-hansı barışıq sazişi imzalanması, barışığa gəlməsi təklifini rədd etmişdir. Bununla bir daha sübut edilir ki, mediasiya prosesi və pretenziya qaydasında mübahisənin həll edilməsi haqqında cavabdehin subyektiv fikirləri onun barışıq istiqamətində atdığı addımlara imkan yaradılmaması ilə əlaqədar deyil, sadəcə tərəflər arasında mübahisənin həllinin, məhkəmə prosesinin uzadılması məqsədilədir. Qeyd olunanlara əsasən, iddiaçı məhkəmədən Sumqayıt Kommersiya Məhkəməsinin 07.12.2021-ci il tarixli, e-2-2(119)-1711/2021 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli e-2- 2(119)1711/2021 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi və işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. (hakim Xəqani Tağıyev) Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən əvvəl mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması qaydasına riayət etməsini təsdiq edən sənədi və eyni zamanda, kommersiya mübahisəsi üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflərin ilkin mediasiya sessiyasında iştirak etmələrini təsdiq edən sənədi, yəni “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq təşkil edilməklə ilkin mediasiya sessiyasının keçirilməsini təsdiq edən sənədləri iddia ərizəsinə əlavə edərək, məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə həmin Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmin Qanunun 28.1-ci maddəsinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsinin tələblərinə görə, bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf bu Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə etmədikdə (maddə 21.9.1), tərəflər arasında “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı halda bu Qanunun 32.2-ci maddəsində nəzərdə tutulmuş protokol məhkəməyə edilmiş müraciətə əlavə edilmədikdə (maddə 21.9.2), tərəflər arasında mediasiyaya dair qeyd-şərt olduğu halda bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərilməsi ilə əlaqədar başlamış mediasiya prosesinə bu Qanunun 21.7-ci maddəsində müəyyən edilmiş qaydada xitam verilmədikdə (maddə 21.9.3), bu Qanunun 21.8-ci maddəsində nəzərdə tutulmuş hallarda tərəf həmin maddədə nəzərdə tutulmuş arayışı məhkəməyə etdiyi müraciətə əlavə etmədikdə (maddə 21.9.4) - müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 150.1.7-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 259.0.13-cü maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda - məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 259.0.1-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə - iddia ərizəsi baxılmamış saxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehlə mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi üçün lazımi hərəkətlərin olunmaması və eləcə də, kommersiya mübahisəsi üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflərin ilkin mediasiya prosesinin həyata keçirilməsinə dair tələblərin müvafiq qaydada yerinə yetirilməməsi - gələcəkdə hazırkı mübahisəni mahiyyəti üzrə həll edəcək məhkəmə aktının qanuniliyini və əsaslılığını şübhə altına ala biləcəyindən, həmin tələblərin yerinə yetirilməsi məqsədi ilə hazırkı mərhələdə İddiaçı tərəfindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş “sənədlərin tələb edilməsi” barədə iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 398-ci maddəsinə əsasən аpellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək, qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 397.2, 398.0.1, 400-cü maddələrini maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli e-2-2(119)- 1711/2021 saylı qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar