Məhkəmə qərarları › İş №2-2(105)-23/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-23/2020

16.03.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-23/2020 16.03.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası, sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər X11 və X8 ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçı «xxxx” QSC-nin nümayəndəsi X2, Cavabdeh «xxxx” MMC-nin nümayəndələri X3 və X4 iştirakı ilə İddiaçı «xxxx” QSC-nin cavabdeh «xxxx” MMC-yə qarşı müqavilənin ləğv edilməsi, borcun və cərimənin tutulması tələbinə dair iş üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-2(085)-26/2019 saylı qətnaməsindən cavabdeh “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı “xxxx” QSC cavabdeh “xxxx” MMC -yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış xx xxxxxxxx 2016-cı il tarixli müqavilənin ləğv edilməsi, 81864 manat həcmində vurulmuş maddi ziyanın ödənilməsi və 16372 manat cərimənin, cəmi 98236 manatın cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək tərəflər arasında bağlanmış xx xxxxxxxx 2016-cı il tarixli müqavilənin ləğv edilməsi, 98236 manat məbləğində əsas borc və 16372 manat cərimənin cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında ümumi dəyəri 327.456 manat olan 40 dəst çevirici tirlərin satın alınmasına dair xx xxxxxxxx 2016-cı il tarixdə “hüq 617” nömrəli müqavilə imzalanmışdır. Bundan sonra xx xxxx 2017-ci il tarixdə qarşılıqlı razılaşmaya əsasən müqavilənin icra müddəti xx xxxxxxxx 2017-ci il tarixədək artırılmışdır. Müqavilənin xüsusi şərtlərinin 7-ci bəndinə əsasən xx xxx 2017-ci il tarixdə iddiaçı tərəfindən cavabdehə 81.864 manat avans ödənilməsi həyata keçirilmişdir. Müqavilənin müddətinin xx xxxxxxxx 2017-ci il tarixdə bitməsinə baxmayaraq, cavabdeh üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, sifarişçiyə, yəni iddiaçıya 40 dəst çevirici tir təhvil verilməli olduğu halda, yalnız 10 may və xx xxx 2017-ci il tarixlərdə 10 dəst çevirici tir təqdim etmişdir. Həmin mala baxış keçirilərkən onların təyinatı üzrə istifadəsinə mane olan açıq qüsurlar aşkar edilmiş və bu barədə hər iki tərəfin iştirakı ilə xx xxxxxxxx 2017-ci il tarixdə akt imzalanmışdır. İddiaçı tərəfindən cavabdehə məktub ünvanlanaraq sözügedən qüsurların 30 gün ərzində aradan qaldırılması və müqavilə üzrə öhdəliklərin icra olunması xahiş edilmişdir. Lakim cavabdeh tərəfindən öhdəliklərin icra edilməsi üçün hər hansı tədbir görülməmişdir. Bununla bağlı iddiaçı dəmir yolu nəqliyyatı üzrə qarşıya qoyulan hədəflərin icrasını ləngitmiş və cəmiyyətin fəaliyyət dinamikasında arzuolunmaz risklər formalaşdırmışdır. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-2(085)- 26/2019 saylı qətnaməsi iddia qismən təmin edilmiş, cavabdeh “xxxx” MMC-dən 98236 manat məbləğində əsas borc, 1000 manat cərimə və 20 manat dövlət rüsumunun tutularaq iddiaçı “xxxx” QSC-nin xeyrinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. (hakim V.Əzizova). Qətnamədən narazı qalan cavabdeh “xxxx” MMC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadı ilə cavabdehin təkrar ekspertizanın təyin olunmasına dair vəsatəti təmin olunmamışdır. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ xx xxxxxxxx 2017-ci il tarixdə imzalanmış aktda çevirici tirlərin yararsız olması ilə bağlı heç bir razılığa gəlinməmişdir. Sadəcə iddiaçı QSC-nin infrastruktur departamenti tərəfindən malın qüsurlu olması ilə bağlı çəkilmiş fotoşəkillər təhvil alınmışdır. Bu akt məlumat xarakterli olduğundan ona hər hansı cavab verilməmişdir. Eyni zamanda iddiaçının iradları ilə bağlı tirlərin istehsalçı zavodunun rəhbərliyi ilə telefon əlaqəsi yaradılmışdır. xx xxxxxxx 2017-ci il tarixdə istehsalçı zavodun direktoru, cavabdeh müəssisənin təsisçisi və iddiaçının nümayəndəsinin iştirakı ilə görüş keçirilmiş və malların saxlanılması şəraitini əks etdirən fotoşəkillər təqdim olunmuşdur. Məlum olmuşdur ki, malların saxlanılması şərtləri kobud şəkildə pozulmuş və bu səbəbdən mallarda bəzi qüsurlar yaranmışdır. Cavabdeh tərəfindən bütün öhdəliklər lazımi qaydada yerinə yetirilmiş və yaranan zərər standartlara uyğun boşaldılmadığından və saxlanmadığından baş vermişdir. Bu səbədən iddianı qəbul etmirlər. Belə ki, İş üzrə keçirilmiş məhkəməmühəndis-texniki ekspertizasının xx.xx.2019-cu il tarixli 16660 saylı rəyindən görünür ki, mübahisə predmeti olan dəmir yolunun yoldəyişənlər üçün nəzərdə tutulmuş çevirici tirlərdə uzununa boyu, eni 2 mm-dən 20 mm-ə qədər, qalınlığı 5 mm-dən 10 mm-yə qədər çatlar vardır. Həmin çatlar tirlərdə nəmlik normadan (22 %-ə qədər) artıq olduğundan və düzgün qurudulmadan əmələ gəlməsinə xarakterikdir. İddia edilən zərər məhz qarşı tərəfin malları standartlara uyğun olaraq boşaltmadığından və düzgün saxlamadığından yaranmışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, Ələt stansiyasında saxlama qaydalarına riayət olunmamışdır. Azərbaycan dövləti Rusiya standartlarını qəbul edir və həmin qosta imza etmişdir. Hətta istehsalçının özündə belə material 10 gün istifadə olunmursa başqa şərtlər daxilində saxlanmalıdır. İddiaçı saxlama şərtlərinə əməl etməmiş, bu səbəbdən çatlar əmələ gəlmiş və bundan sonra onlara akt göndərilmişdir. Ekspertiza qarşısında qoyulmuş suallara tam cavab verilməmişdir. Müqavilənin 18.1-ci bəndinə görə mal alan təşkilat qüsurlar barədə dərhal məlumat verməlidir. Cavabdeh tərəf may ayında malları təqdim etməsinə baxmayaraq, sentyabr ayında iddiaçı tərəfdən akt verilmişdir. Aktı isə o səbəbdən imzalamışlar ki, fotoşəkillərin təhvil alınmasını təsdiqləmişlər. Keyfiyyət barədə onlara heç bir pretenziya verilməmişdir. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, iş üzrə təyin olunmuş ekspert ağac üzrə deyil, metal konstruksiyalar üzrə ekspertdir. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 iddia ərizəsi ilə eyni məzmunda izahat verərək apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, ekspert qarşısında qoyulmuş bütün suallara cavab vermişdir və həmin rəylə qüsurun istehsal qüsuru olması müəyyənləşdirilmişdir. Saxlama şərtlərinin pozulması ilə bağlı qarşı tərəfin heç bir sübutu yoxdur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, “xxxx” QSC və «xxxx” MMC arasında 40 dəst çevirici tirlərdən ibarət mal alqısatqısına dair xx.xx.2016-cı il tarixli “hüq 617” saylı müqavilə bağlanılmışdır. Müqavilənin 2.1-ci bəndinə əsasən sifarişçi - “xxxx” QSC 40 dəst çevirici tirlərin (R- 65 1/11 üçün) satın alınması üçün icraçının – «xxxx” MMC –nin 327456.0 manat məbləğində təklifini qəbul etmişdir. Müqavilənin 2.2-ci bəndinə görə icraçı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında sifarişçiyə satın alınan 40 dəst çevirici tirlərin təhvil verilməsini öhdəsinə götürür. Göndərilmiş mallar icraçının təklifinə və bi müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıqda, icraçı aşkar olunan qücurların müqavilənin xüsusi şərtlərində göstərilmiş qaydada aradan qaldırılmasına təminat verir. Göstərilən müqavilənin : -18.2-ci bəndinə görə icraçı qüsurlar haqqında bildirişi aldıqdan sonra, həmin qüsurları bildirişdə müəyyən edilmiş müddət ərzində aradan qaldırır. -18.3-cü bəndinə əsasən icraçı məsuliyyət müddəti ərzində qüsurları aradan qaldırmırsa, sifarişçi həmin qüsurların aradan qaldırılması üçün tələb olunan məbləği hesablayır və icraçıya ödəniləcək məbləğdən çıxır. -19.1-ci bəndinə görə icraçı müqavilə çərçivəsində gətirilmiş mallara 12 ay müddətinə texniki təminat verir. -19.2-ci bəndinə əsasən təminat müddətində sifarişçi tərəfindən aşkar olunmuş qüsurlar icraçının vəsaiti hesabına ən qısa müddətdə aradan qaldırılmalıdır. -19.3-cü bəndinə görə icraçı müqavilənin xüsusi şərtlərində göstərilmiş müddətdə qüsurları aradan qaldırmazsa, sifarişçi cərimə sanksiyaları tətbiq edə bilər. -xüsusi şərtlərinin 15-ci bəndinə əsasən icraçı müqavilənin xüsusi şərtlərində göstərilmiş müddətdə qüsurları aradan qaldırmazsa, müqavilə dəyərinin 0.2 % həcmində cərimə tətbiq olunur. -24.1-ci bəndinə əsasən müqavilə şərtlərinin əsaslı pozulmasına yol verilərsə, sifarişçi və ya icraçı qarşı tərəfə 30 gün əvvəl yazılı xəbərdarlıq etməklə müqaviləni bütövlükdə və ya qismən ləğv edə bilər. Sifarişçinin müqavilənin pozulmasına səbəb ola biləcək qüsurlar haqqında yazılı bildirişinə baxmayaraq icraçının təqdim edilmiş sənəd əsasında 30 gün müddətində tədbir görməməsi müqavilə şərtlərinin əsaslı pozulmasına aid edilmişdir. - “xxxx” MMC-nin “xxxx” QSC-yə ünvanlanmış 100 saylı xx.xx.2016-cı il tarixli məktubundan görünür ki, müqavilənin 13.2-ci bəndinə əsasən müqavilə dəyərinin 30 % - 96236.80 (ƏDV daxil) manat dəyərində avansın ödənilməsi üçün sərəncam verilməsi xahiş edilmişdir. -xx.xx.2017-ci il tarixli elektron qaimədən görünür ki, 10 dəst çevirici tirlər “xxxx” QSC tərəfindən qəbul edilmişdir. -tərəflər arasında imzalanmış müqaviləyə xx.xx.2017-ci il tarixli Əlavədən görünür ki, müqavilənin icra müddəti xx.xx.2017-ci il tarixədək uzadılmışdır. -“xxxx” ASC tərəfindən verilmiş ödəniş bildirişlərindən görünür ki, “xxxx” QSC tərəfindən “xxxx” MMC-nin hesabına xx.xx.2017-ci il tarixdə 83250.85 manat və 14985.15 manat məbləğində pul vəsaiti ödənilmişdir. -“xxxx” QSC tərəfindən «xxxx” MMC-yə ünvanlanmış xx.xx.2017-ci il tarixli məktubdan görünür ki, cavabdeh tərəfindən müqavilənin qüsurlu icra etməsi müəyyən edilmişdir. Belə ki, 29.06-xx.xx.2017-ci il tarixlərdə çevirici tirlərə istifadə olunması üçün baxış keçirildikdə tirlərdə onların təyinatı üzrə istifadə etməyə imkanı verməyən açıq qüsürlar aşkar edilmişdir. Bununla bağlı «xxxx” MMC-dən sözügedən qüsurların 30 təqvim günü ərzində aradan qaldırılması və müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi xahiş edilmişdir. -xx.xx.2017-ci il tarixdə tərtib edilmiş və “xxxx” QSC-nin X1 Xidmətinin rəisi, İnfrastruktur Departamentinin baş mühasibi, texniki istehsalat şöbəsinin rəisi və “xxxx” MMC-nin direktoru tərəfindən imzalanmış aktdan görünür ki, tərəflər arasında bağlanmış “hüq 617” nömrəli xx.xx.2016-cı il tarixli 40 ədəd çevirici tirlərin satın alınmasına dair müqavilənin şərtlərinə əsasən xx.xx.2017-ci il tarixdə 5 dəst və xx.xx.2017-ci il tarixdə 5 dəst, ümumi hesabla 10 dəst olmaqla təhvil verilmiş çevirici tirlərin yararsız olması ilə bağlı tərtib olunmuş aktlar və çəkilmiş fotoşəkillər «xxxx” MMC-nin direktoru X5 təhvil verilmişdir. -“xxxx” QSC tərəfindən «xxxx” MMC-yə ünvanlanmış xx.xx.2018-ci il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklərin yerinə yetrilməməsi ilə bağlı iradlar bildirilərək müqavilənin ləğv ediləcəyi bildirilmiş və borcun və cərimə sanksiyasınını ödənilməsi tələb edilmişdir. -xx xxxx 2017-ci il tarixdə 2 nömrəli Biləcəri Yol stansiyasının əməkdaşları tərəfindən tərtib olunmuş aktdan görünür ki, 2 saylı X10 boşaldılmış 80 ədəd çevirici tirlərdən 70 ədədində çatlar müəyyən edilmişdir. -xx xxxx 2017-ci il tarixdə 7 nömrəli Ağstafa Yol sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş aktdan görünür ki, 80 ədəd yoldəyişən tirlərə baxış zamanı həmin tirlərdə uzununa və eninə çatlar (8-12 mm) olduğundan baş yollara dəyişdirilməsi məqsədəuyğun deyildir. -xx xxxx 2017-ci il tarixdə 5 nömrəli Kürdəmir Yol stansiyasının əməkdaşları tərəfindən tərtib olunmuş aktdan görünür ki, 3 nömrəli Ələt yol sahəsinin balansında olan Ələt material təchizat bazasından alınmış 2 dəst (hər birində 80 ədəd) çevirici tirlərə baxış zamanı müəyyən edilmişdir ki, tirlər keyfiyyətini itirmiş, üst səthlərində uzununa çatlar əmələ gəlmişdir. -xx xxxx 2017-ci il tarixdə 16 nömrəli Hacıqabul Yol stansiyasının əməkdaşları tərəfindən tərtib olunmuş aktdan görünür ki, 1 dəst (80 ədəd) çevirici tirlərə baxış zamanı tirlərdə çatların olması müəyyən edilmişdir. -xx xxxx 2017-ci il tarixdə Gəncə Yol stansiyasının əməkdaşları tərəfindən tərtib olunmuş aktdan görünür ki, Gəncə stansiyasına dəyişidirilmək üçün göndərilmiş 1 dəst (80 ədəd) çevirici tirlərə baxış zamanı müəyyən edilmişdir ki, tirlərin 70 %-də qalınlığı 5-10 mm, dərinliyi 5-10 sm olan üst və yan çatlar mövcuddur. Bəzi tirlərdə deformasiya və ovxalanma əmələ gəlmişdir. Bu tirlərin baş yolda yerləşən yoldəyişən qurğulara dəyişdirilməsi məqsədəuyğun sayılmır. -xx xxxx 2017-ci il tarixdə Yevlax stansiyasının əməkdaşları tərəfindən tərtib olunmuş aktdan görünür ki, Ələt bazasından alınmış 160 ədəd (2 dəst) çevirici tirlərə baxış zamanı 160 ədəd çevirici tirdən 99 ədədində tirlərin bütün uzunu boyunda hər iki üzdən görünən dərin, 6+10 mm enində çatların olması müəyyən edilmişdir. İş üzrə keçirilmiş məhkəmə-mühəndis-texniki ekspertizasının xx.xx.2019-cu il tarixli 16660 saylı rəyindən görünür ki, mübahisə predmeti olan dəmir yolunun yoldəyişənlər üçün nəzərdə tutulmuş çevirici tirlərdə uzununa boyu, eni 2 mm-dən 20 mm-ə qədər, qalınlığı 5 mm-dən 10 mm-yə qədər çatlar vardır. Həmin çatlar tirlərin nəmliyin normadan (22 %-ə qədər) artıq olduğundan və düzgün qurudulmadan əmələ gəlməsinə xarakterikdir. Tirlərin nəmliyi normaya (22 %-yə) uyğun qurudulduqdan sonra mühafizə maddələr ilə hopdurması həyata keçirilməli idi. Mübahisə predmeti olan çevirici tirlərin əksəriyyətində bu çatların yaranması, istehsal zamanı tirlərin normaya uyğun qurudulmadan mühafizə maddə ilə hopdurulmasından əmələ gəlməsinə xarakterikdir. Mübahisəli tirlərin onların təyinatı üzrə istifadə etmək üçün yararlı olub-olmaması istehlakçı, yəni (“xxxx” QSC) tərəfindən müəyyən edilə bilər. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş və ona əsaslanmışdır ki, iddiaçı alqı-satqı müqaviləsinin xüsusi şərtlərinə uyğun olaraq malda qüsurun aşkar edilməsi və qüsurun aradan qaldırılması üçün cavabdehə məktub ünvanlamış, cavabdeh müəssisənin rəhbərliyinin iştirakı ilə mala baxış keçirilmiş, lakin qüsurun aradan qaldırılması ilə bağlı cavabdeh tərəfindən hər hansı tədbir görülməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -581.1-ci maddəsinə əsasən satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. -581.2-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur -581.1-ci maddəsinə görə satıcının alıcıya verməli olduğu əşya alıcıya verildiyi məqamda bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun gəlməlidir, bu şərtlə ki, alqı-satqı müqaviləsində əşyanın həmin tələblərə uyğunluğunu müəyyənləşdirməyin ayrı məqamı nəzərdə tutulmasın. Verilən əşya bu cür əşyaların adətən istifadə edildiyi məqsədlər üçün ağlabatan müddət ərzində yararlı olmalıdır. -587.2-ci maddəsinə görə əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: -587.2.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; -587.2.2-ci maddəsinə görə lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. -589.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsi ilə ayrı qayda müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri bu şərtlə irəli sürə bilər ki, həmin qüsurlar bu maddədə müəyyənləşdirilmiş müddətdə aşkar edilsin. -589.2-ci maddəsinə əsasən əgər əşya üçün qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alğı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. Daşınmalı və ya poçtla göndərilməli əşyanın qüsurlarının aşkar edilməsi müddəti əşyanın təyinat yerinə çatdırıldığı gündən hesablanır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər arasında mal alqısatqısına dair müqavilə bağlanılmış, müqavilənin şərtlərinə görə cavabdeh iddiaçıya 40 dəst çevirici tirləri satmağı, cavabdeh isə həmin məhsulu qəbul edib onun dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin mallardan 10 dəsti iddiaçı “xxxx” QSC-yə təhvil verilmiş və sonuncu tərəfindən yol stansiyaları və yol sahələrinə paylanmışdır. Təxminən iki aydan sonra malların qüsurlu olması aşkarlanmışdır. Belə ki, təhvil verilmiş tirlərdə dərin çatlar aşkar edilmişdir ki, həmin qüsurlar tirlərin təyinatı üzrə istifadə edilməsi məqsədəuyğun hesab edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, ekspertiza tədqiqatı ilə aşkar edilmiş qüsurların malın alıcı tərəfindən saxlanılması şəraiti ilə bağlı olmaması, yəni istehsal qüsuru olması müəyyən edilmişdir. Qüsurların məhz alıcı tərəfindən malın saxlanılması şəraiti ilə bağlı olması barədə isə cavabdeh heç bir mötəbər sübut təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərclərinin bölüşdürülməsi prinsipinə uyğun olaraq apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. NƏTİCƏ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 402, 403, 404, 405, 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh “xxxx” MMC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-2(085)- 26/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş 15 manat dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: ünvan 2 vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına (ünvan: ünvan 3 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Məmmədov Hakimlər Telman Quliyev Fuad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar