Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-23/2021 03.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin cavabdeh "xxxx" ASC-yə qarşı siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-510/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-510/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdeh "xxxx" ASC-nin 49.657,53 manat məbləğində sosial sığorta haqqı borcunun ödənilməsini təmin edilməsi üçün “vergi ödəyicisinin əmlakının siyahıya alınması” haqqında xx.xx.2020-ci il tarixli protokola əlavədə göstərilmiş 200.000 manat məbləğində siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması qət edilmişdir. (hakim Xəqani Tağıyev) Qətnamədən cavabdeh "xxxx" ASC apelyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi "xxxx" ASC-yə qarşı siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2019 tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 199.823,45 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 200.000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan “xxxx” ASC Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində büdcəyə ödənilməsi məqsədilə cavabdehə VM-nin 65-ci maddəsinə əsasən bildiriş göndərilmiş, lakin cavabdeh yaranmış borc məbləğini büdcəyə ödəməmişdir. Ona görə də, Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2019 tarixli qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2019 tarixə yaranan 304.832,18 manat borcuna görə 200.000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2019 tarixli **********5 №-li protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xx.xx.2019 tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2019 tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 199.823,45 manat ödənilməmiş borcu qalmışdır. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək iddia ərizəsində göstərilən 199.823,45 manat məbləğində öhdəliyin məcburi dövlət sosial sığorta borcu olduğunu bildirmişdir. Sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək 49.657,53 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı borcunun ödənilməsinin təmin edilməsi üçün cavabdehin 200.000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh "xxxx" ASC qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlili bundan ibarət olmuşdur ki, vergi orqanının məcburi sosial sığorta borcuna görə vergi ödəyicisinin əmlakını siyahıya almaq və bu əmlakın hərracdan satılması haqqında iddia qaldırmaq hüququ qanunvericilikdə nəzərdə tutulmamışdır. İddiaçının məhkəməyə təqdim etdiyi ilk iddia ərizəsində cavabdehin 199.823.,45 manat məbləğində ödənilməmiş vergi borcuna görə 200.000 manat məbləğində siyahıya alınmış əmlakının açıq hərracda satılması xahiş edilmişdir. Lakin iddiaçı xx.xx.2020-ci tarixli ərizəsi ilə iddiasına dəqiqləşdirmə apararaq həmin öhdəliyin məcburi sosial sığorta borcu olduğunu iddia etmişdir. Halbuki, Azərbaycan Respublikasının heç bir qanununda, o cümlədən Vergi Məcəlləsində iddiaçı vergi orqanına vergi ödəyicisinin sosial sığorta borcunun məcburi tutulması üçün onun əmlakını siyahıya almaq, bu əmlakın açıq hərracda satılması barədə məhkəmədə iddia qaldırmaq hüququ nəzərdə tutulmamışdır. Bir inzibati orqan kimi isə, vergi orqanının qanunda nəzərdə tutulmayan hərəkətlər etməsi Azərbaycan Respublikasının Konstitusiyasına ziddir. Məhkəmə iddiaçının bu hüquqlarını Vergi Məcəlləsinin 89-cu və 90-cı maddələri ilə əsaslandırmışdır. Lakin məhkəmə cavabdehin həmin maddələrin yalnız vergi borclarına münasibətdə tətbiq oluna biləcəyi, məcburi sosial sığorta ödəmələrinə münasibətdə isə sosial sığorta haqqında qanunun müddəalarının tətbiq edilməli olduğu barədə dəlilini qəbul etməməsini heç nə ilə əsaslandırmamışdır. İddia ərizələrindən və işə əlavə olunmuş protokollardan göründüyü kimi, cavabdehin əmlakı sosial sığorta borcunun məcburi alınması üçün deyil, vergi borcunun alınması üçün siyahıya alınmışdır. Vergi orqanının siyahıya alınmış bu əmlakı qeyri-vergi borclarının ödənilməsi üçün tələb etmək hüququ da qanunvericilikdə nəzərdə tutulmamışdır. Qətnamədə iddiaçının tələb etdiyi məcburi sosial sığorta borcunun tədiyyə növü, yarandığı müddət, hansı hissəsinin əsas, hansının penya və fazi olduğu açıqlanmamış, bu borcun hansı əsaslarla hesablandığı və yarandığı göstərilməmiş və sübutlarla əsaslandırılmamışdır. Halbuki, cavabdeh belə borcunun olduğunu inkar edir. İddia ərizəsinə əlavə olunmuş protokolda siyahıya alınmış əmlakın istehsalat sexindən ibarət olduğu göstərilib. Halbuki, cavabdehin belə növ əmlakı yoxdur. Bu əmlakı fərdiləşdirən əlamətlər də iddia ərizəsində göstərilmədiyi üçün, iddia predmetinin məhz hansı əşyadan ibarət olduğunu müəyyən etmək mümkün deyil. Belə çıxır ki, tələb cavabdehin bütün istehsal alətlərinə yönəldilə bilər. Cavabdehin əmlakı onun icazəsi və iştirakı olmadan siyahıya alınmışdır. Bu səbəbdən tərtib olunmuş protokol və aktlarda cavabdehin səlahiyyətli nümayəndələrinin imzası yoxdur. Siyahıya alınmış əmlakın dəyəri ilə borcun məbləği arasında uyğunlsuzluq var. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi ilk iddia ərizəsində 199.823.,45 manat məbləğində borca görə 200.000 manat məbləğində əmlak siyahıya alınmışdır. Sonradan iddiaçı məhkəməyə təqdim etdiyi ərizədə dəqiqləşdirdi ki, borc məbləği əslində 49.657,53 manat təşkil edir. Lakin borcun məbləğinin 3 dəfə azaldılmasına baxmayaraq, siyahıya alınmış əmlakın tərkibi azaldılmamışdır. Məhkəmə buna əhəmiyyət verməmiş, borcla əmlak arasında adekvatlığı müəyyən etmək, cavabdehin mülkiyyət hüququnu qorumaq üçün heç bir hüquqi qərar qəbul etməmişdir. Cavabdehin iddiaçıya qarşı vergi borclarının uçotunun düzgün aparılmaması, ümidsiz borcları vaxtında silməməsi nəticəsində vurduğu maddi ziyanla bağlı inzibati icraat qaydasında iddiası vardır. Bu iddia tələbində həmçinin cavabdehin bank hesablarına əsassız sərəncamların qoyulması üzündən məcburi sosial sığorta haqlarının ödənilməsinin mümkün olmamağı, buna görə haqsız peniya və faiz hesablandığı, bu faizin vergi orqanının hesabına ödənilməli olduğu mübahisələndirilib. Əgər bu iddia təmin olunarsa, cavabdehin bank hesabları açıla, vergi borcu qalmaya və faizlər şilinə bilər. Bu da cavabdehə məcburi sosial sığorta borcunu könüllü ödəməyə imkan yaradar. Lakin hazırda, cavabdeh istəsə də bu borcu ödəyə bilməz. Çünki iddiaçı onun bank hesablarına daxil olan bütün vəsaitləri vergi borcu adı ilə məlum olmayan təyinatlara silir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Vəkil apelyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verərək apelyasiya şikayətinin təmin edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X2 apelyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci və 327.7-ci maddələrinə əsasən apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimi və tərəflərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş, gəldiyi nəticəni Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1, 23.1.6, 89.1 və 90.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. “Vergi borcunun ödənilməsinə dair” xx.xx.2019-cu il tarixli, **********6 nömrəli bildirişdən görünür ki, ümumilikdə 304.711,18 manat məbləğində borcunu könüllü olaraq ödəməsi barədə cavabdeh "xxxx" ASC-yə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, **********5 nömrəli qərardan görünür ki, vergi borcuna görə cavabdeh "xxxx" ASC-nin əmlakının siyahıya alınması qərara alınmışdır. İş materiallarında olan vergilər, faizlər və maliyyə sanksiyaları üzrə yaranmış öhdəlikləri yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında xx.xx.2019-cu il tarixli, **********5 nömrəli protokoldan və ona əlavə edilmiş siyahıdan görünür ki, cavabdehin 200.000 manat məbləğində əmlakı siyahıya alınmışdır. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində hesablanmış borc məbləği dövlət büdcəsinə ödənilmədiyi halda, siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. İş materiallarında olan şəxsi hesab vərəqəsindən görünür ki, xx.xx.2020-ci il tarixə "xxxx" ASC-nin cəmi ödənməli borcu 197.020,18 manat təşkil edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun olaraq əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1 və 16.1.1-ci maddələrinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini) ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Həmin Məcəllənin 89.2-ci maddəsinə əsasən, əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən, Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. İş materiallarından müəyyən edilir ki, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı tərəfindən vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə qərar qəbul edilmiş və vergi ödəyicisinin Sumqayıt şəhəri, Azəbaycan prospekti 2 ünvanında yerləşən ********* inventar nömrəli istehsal binası siyahıya alınmışdır. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Cavabdeh apelyasiya şikayətində vergi orqanının məcburi sosial sığorta borcuna görə vergi ödəyicisinin əmlakını siyahıya almaq və bu əmlakın hərracdan satılması haqqında iddia qaldırmaq hüququnun qanunvericilikdə nəzərdə tutulmadığını göstərmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin göstərilən dəlili ilə bağlı qeyd edir ki, Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən, bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Göstərilən normadan göründüyü kimi, vergilərin ödənilməsi qaydaları məcburi dövlət sosial sığorta haqqına da münasibətdə eyni əsaslarla tətbiq olunur. Belə olan halda, cavabdehin iddiaçının məcburi dövlət sosial sığorta haqqına görə əmlakı siyahı almaq və əmlakın hərracdan satılması haqqında iddia qaldırmaq hüququnun olmadığına istinad etməsi əsassızdır. Apelyasiya şikayətinin protokolda siyahıya alınmış əmlakın fərdi əlamətlərinin göstərilməməsi barədə dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə protokola əlavədə əmlakın fərdi əlamətləri, inventar nömrəsi qeyd olunmuşdur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, hazıradək cavabdehin sosial sığorta haqqı üzrə borcları tam ödənilməmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, sığorta haqqı borcunun ödənilməsini təmin edilməsi üçün vergi ödəyicisinin siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasından baxıldıqda dəyişdirmədən, apelyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 382, 384.0.1, 385.1.2, 392, 393 və 402-ci maddələrini rəhbər tuturaq məhkəmə kollegiyası QƏT ETDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-510/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(105)-23/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-23/2021
03.03.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver