Məhkəmə qərarları › İş №2-2(105)-24/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-24/2021

01.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-24/2021 01.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və Babayeva Hökümə Çingiz qızından ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi ilə İddiaçı ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-470/2020 saylı, 20 oktyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-470/2020 saylı, 20 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Zülfqar Sadiqov) Qətnamədən iddiaçı ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyəti apelyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: İddiaçı ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12.477,33 manat əsas, 2.225,32 manat məbləğində cərimə və 1871,86 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 16.574,51 AZN (on altı manat, beş yüz yetmiş dörd manat, 51 qəpik) kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan “xxxx” ASC-nin xeyrinə ödənilməsi, ipoteka qoyulmuş, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan, Şamaxı rayonu, Çıraqlı kəndində yerləşən fərdi yaşayş evinə (0,12 ha torpaq sahəsi ilə birlikdə) tutmanın yönəldilməsi, həmin evin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh tutularaq ləğv prosesində olan “xxxx” ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 16.05.2014-cü il tarixli 2297 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 36 ay müddətinə, illik 12% ödənilmək şərtilə, 15.000 AZN məbləğində kredit vəsaiti verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh ilə 20.05.2014-cü il tarixdə Y36/2297 saylı ipoteka müqaviləsi bağlanmış və həmin ipoteka müqaviləsinə əsasən, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan Şamaxı rayonu Çıraqlı kəndində yerləşən fərdi yaşayış evi (0,12 ha torpaq sahəsi ilə birlikdə) “xxxx” ASCnin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür. Müqaviləyə əsasən borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub başa çatanadək hesablanmış faizləri banka ödəməlidir. Lakin buna baxmayaraq borclu Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda borclunun banka ödənilməmiş 12.477,33 manat əsas, 2.225,32 manat məbləğində cərimə və 1871,86 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 16.574,51 AZN borcu mövcuddur. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İddiaçı ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyəti qətnamədən apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlili bundan ibarət olmuşdur ki, iş materiallarından göründüyü kimi, “xxxx” ASC ilə Cavabdeh arasında imzalanmış 16.05.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə 15000 (on beş min) manat məbləğində kredit verilmişdir. Həmin kreditin təminatı kimi tərəflər arasında həmin tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən, Cavabdeh məxsus Şamaxı rayonu, Çıraqlı kəndində yerləşən fərdi yaşayış evi yüklü edilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə ona ayrılmış məbləğdən istifadə etmiş, lakin əsas məbləğ və hesablanmış faiz ödənişlərini yerinə yetirməmiş, bununla da istifadə edilmiş məbləğin geri qaytarılmasına dair üzərinə düşən öhdəliyi icra etməmişdir. Cavabdehə gecikdirilən pul öhdəliyinin banka ödənilməsi barədə dəfələrlə xəbərdarlıq edilmiş, bildiriş göndərilmiş və digər vasitələrlə borcun ödənilməsi təklif olunmuşdur. Lakin borcun qaytarılması yönündə tərəfimizdən atılmış bütün addımlara baxmayaraq yuxarıda qeyd olunan borc məbləği bu günədək ödənilməmiş qalmaqdadır. Məhkəmə iş üzrə qətnamə çıxararkən iddianın əsası olan sənədlərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə təqdim edildiyi və sonradan kağız daşıyıcıda məhkəməyə təqdim olunmadığı əsas gətirilərək iddianı rədd etmişdir. Məhkəmə tərəfindən qəbul edilmiş qətnamə tam şəkildə əsassızdır, iddianın əsasını təşkil edən sənədlərin elekton şəkildə məhkəməyə təqdim edilməsi, kağız daşıyıcıda təqdim edilməyə bərabər tutulur. Sənədlərin kağız daşıyıcıda tələb edilməsi “Elektron məhkəmə” informasiya sisteminin mahiyyətinə ziddir və ümumi prosesin rəqəmsallaşdırılması, vahid bazanın yaradılması ilə həm məhkəmə prosesinin gedişatının həm də məhkəmənin yükünün daha da azaldılmasına yönəldilməsi məqsədini pozur. Məhkəmə qətnamədə iddiaçı tərəfin məhkəmə iclaslarına gəlmədiyi bildirilmişdir, halbuki tərəfimizdən məhkəmə iclasında bir dəfə iştirak təmin edilmişdir və son iclasda məhkəmə proseslərinin çoxluğu səbəbindən məhkəmədən ərizə ilə işə iştirakımız olmadan baxılması xahiş edilmişdir. İddia tələbinin əsası kimi tərəflər arasında bağlanmış kredit müqaviləsinin cavabdeh tərəfindən kredit borcunun ödənilməsi öhdəliyin pozulması təşkil edir. İddiaçının hazırkı iddia tələbi haqlı tələb olmaqla kreditor kimi öhdəliyin icrasını və vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmə hüququnda irəli gəldiyindən iddia tələbi təmin olunmalıdır və iddia ərizəsində tələb olunan məbləğlər cavabdehdən tutulmalıdır. İddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Azərbaycan Respublikası Mülki Məcəlləsi və Mülki Prosessual Məcəlləsindən irəli gələn maddi və prosessual hüquqları pozulmuşdur. Qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi sübuta yetirilir, bu səbəbdən qətnamə ləğv edilməli və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. İddiaçı ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci və 327.7-ci maddələrinə əsasən apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimi və tərəflərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun olaraq əsaslı hesab etmir. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərək, gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan – hazırkı mübahisə üzrə də iddia tələbini təsdiq edən mötəbər sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim olunmalı, iddia ərizəsində iddia tələbi iddiaçı tərəfin malik olduğu və məhkəməyə təqdim etdiyi sübutlar əsasında müvafiq qaydada əsaslandırılmalı və məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən iddia tələbi sübut edilməli idi. Lakin, hazırkı kommersiya işi üzrə məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən elektron kabinetə daxil edilmiş sənədlərin həqiqiliyinin müəyyən edilməsi mümkün olmaması səbəbindən – həmin sənədlərin yazılı sübutlar kimi qəbul edilərək qiymətləndirilməsi mümkün olmamışdır. Halbuki, Mülki Prosessual Məcəllənin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 10-1.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü və 10-1.4cü maddələrində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. İddiaçı ləğv prosesində olan “xxxx” ASC iddia ərizəsini və ona əlavə edilmiş sənədləri “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirsə də, birinci instansiya məhkəməsi iddia tələbini təsdiq edən sübutların iddiaçı tərəfindən məhkəməyə təqdim olunmadığını göstərmiş, iş üzrə araşdırma aparmadan və elektron kabinetdə yerləşdirilmiş sənədləri tələb edib onlara baxış keçirmədən iddia tələbini təmin etməmişdir. Məhkəmə kollegiyası işə baxarkən iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi sənədləri sorğu verərək tələb etmiş və məhkəmənin sorğusuna əsasən elektron kabinetdə yerləşdirilmiş sənədlərin əsli məhkəməyə təqdim edilmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kommersiya mübahisələri üzrə məhkəmə icraatı “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirildiyindən, iddiaçı tərəfindən bu qaydaya əməl edildiyindən, elektron kabinetdə yerləşdirilmiş sənədlərin əslinin məhkəməyə təqdim edilməməsi əsası ilə iddia tələbinin təmin edilməməsi əsaslı hesab edilə bilməz. İddia tələbi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan “xxxx” ASC-nin Quba filialı ilə Cavabdeh arasında bağlanmış 16.05.2014-cü il tarixli 2297 №-li kredit müqaviləsinə əsasən cavabdehə “xxxx” ASC-nin Quba filialından illik 12 faizlə 36 ay müddətinə 15000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 20.05.2014-cü il tarixli, Y36/2297 saylı ipoteka müqaviləsindən görünür ki, ipoteka qoyan Cavabdeh “xxxx” ASC ilə bağladığı kredit kredit müqaviləsinin təminatı olaraq xüsusi mülkiyyət hüququ ilə ona məxsus Şamaxı rayonu, Çıraqlı kəndində mülkiyyətində olan 0,12 ha torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən, xüsusi mülkiyyətində olan 1 mərtəbəli, 2 otaqlı, 48.0 kv.m ümumi, 32,8 kv.m yaşayış və 15,2 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evini ipoteka ilə yüklü etdirmişdir. İpoteka müqaviləsinin 2.4-cü bəndinə əsasən ipoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 25000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan 22.05.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 22.05.2014-cü il il tarixli kredit müqaviləsinə əsasən 08.05.2020-ci il tarixinə 12477,33 manat əsas borcu, müqavilə müddəti bitdikdən sonra illik 5 %-lə hesablanmış 1871 manat faiz borcu, 2225,32 manat cərimə borcu olmaqla, cəmi 16574,51 manat borcu vardır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin RX seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, Cavabdeh xüsusi mülkiyyətində olan Şamaxı rayonu, Çıraqlı kəndində yerləşən fərdi yaşayış evi (0,12 ha həyətyanı torpaq sahəsi ilə birlikdə) “xxxx” ASC-nin Quba filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan bildirişdən görünür ki, Cavabdeh ipoteka predmetinə tutmanın yönəldilməsinə dair xəbərdar edilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə təqdim olunmuş və İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş 29.06.2020-ci il tarixdə qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, həmin kreditdən yaranan borclarını ödəməli olmasına dair vəzifəsini isə lazımınca icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəllənin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında qeyd olunur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca icra etmədiyi üçün iddiaçı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılmasını tələb etməkdə haqlıdır və Cavabdeh 12477,33 manat əsas borc, müqavilə müddəti bitdikdən sonra illik 5 %-lə hesablanmış 1871,86 manat tutularaq ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İddia tələbinin dəbbə pulunun tutulması hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və lazımınca icra edilmədiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azadılması istisna edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsi üzrə tələb edilən 2225,32 manat məbləğində cərimə borcu isə azaldılaraq 200 manat məbləğində müəyyən edilməlidir. İddia tələbinin ipoteka predmetinə tutmanın yönəldilməsi hissəsi ilə bağlı kollegiya qeyd edir ki, Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əmlakın satılmasını tələb edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən, əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi əsas borc; faizlər; öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi də daxil edilməklə tam həcmdə təmin edilir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 41.1-ci maddəsinə əsasən, ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Sadalanan normalara əsasən əsas öhdəlik icra edilmədikdə və ya müqavilə üzrə nəzərdə tutulmuş qaydada lazımınca icra edilmədikdə, öhdəliyin icrasının təminatı olan ipoteka müqaviləsinə yönəldilmə edilərək əsas öhdəliyin icrası təmin edilə bilər. İş materiallarından görünür ki, müqavilə üzrə öhdəlik cavabdeh tərəfindən lazımınca icra edilmədiyindən, iddiaçı əsas öhdəliyin icrasının təmin edilməsi üçün tutmanın ipoteka predmetinə yönəldilməsini də məhkəmədən xahiş etmişdir. Belə olan halda məhkəmə kollegiyası iddia tələbini tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində əsaslı hesab edir. İpoteka predmetinin dəyəri ilə bağlı isə kollegiyası qeyd edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən, ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. “Likvidlik” özü iqtisadi termin olaraq biznesdə, yaxud investisiya proseslərində aktivlərin bazarda əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan tez reallaşdırıla (satıla) bilməsi qabiliyyətidir. Likvid dəyər bazar dəyərinin müəyyənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir. Bu baxımdan aydın olur ki, əmlakın likvid qiyməti onun bazar qiymətinin açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehtiva edir. İş materiallarından göründüyü kimi ipoteka müqaviləsində ipoteka predmetinin dəyəri 25000 manat məbləğində müəyyən edilmişdir. “xxxx” MMC-nin 168/ZB/21 nömrəli, 03 may 2021-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, Şamaxı rayonu, Çıraqlı kəndində yerləşən fərdi yaşayış evinin likvid dəyəri 22000 manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, ipoteka predmeti açıq hərraca çıxarılarkən onun likvid qiyməti qiymətləndirmə rəyinə müvafiq olaraq 22000 manat məbləğində müəyyən edilməlidir. İddia tələbinin ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh tutulması hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsini icra məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciəti icra sənədinin icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur. Göründüyü kimi, tələbin təmin edilməsi üçün yetərli pul vəsaiti olmayan borcludan borcun tutulması qaydası qətnamənin icra mərhələsində həll edilən məsələ olduğundan iddia həmin hissədə təmin edilə bilməz. Məhkəmə kollegiyası iddia tələbinin ödənilmiş 30 manat dövlət rüsumunun tutulması hissəsinə qiymət verərək hesab edir ki, həmin məbləğ iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinin tələbinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinin tələbinə görə, iddia qiyməti 500 manatdan çox olduqda, 30 manat dövlət rüsumu ödənilir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iş üzrə keçirilmiş məhkəməəmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri - 250 (iki yüz əlli) manat Cavabdeh alınaraq “xxxx” MMC-nin hesabına ödənilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Kommersiya Məhkəməsinin 20.10.2020-ci il tarixli 2-2(119)- 470/2020 saylı qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 12477,33 manat əsas borc, müqavilə müddəti bitdikdən sonra illik 5 %-lə hesablanmış 1871,86 manat və 200 manat cərimə borcu olmaqla, cəmi 14549,19 (on dörd min beş yüz qırx doqquz manat on doqquz qəpik) manat məbləğində pul vəsaiti və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat tutularaq ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, tələb ipoteka qoyulmuş xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan Şamaxı rayonu, Çıraqlı kəndində yerləşən fərdi yaşayış evinə (0,12 ha torpaq sahəsi ilə birlikdə) yönəldilməli, ipoteka predmeti olan Şamaxı rayonu, Çıraqlı kəndində yerləşən fərdi yaşayış evinin likvid qiyməti 22.000 (iyirmi iki min) manat müəyyən edilməli və ipoteka predmeti açıq hərracda satılmalı, satışdan əldə olunan vəsait hesabına Cavabdeh iddiaçı ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinə olan borcu ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, ipoteka predmetinin qiymətləndirilməsi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 250 (iki yüz əlli) manat Cavabdeh alınaraq “xxxx” MMC-nin hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 384.0.2, 392, 393 və 402-ci maddələrini rəhbər tuturaq məhkəmə kollegiyası QƏT ETDİ: Apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin 20.10.2020-ci il tarixli 2-2(119)-470/2020 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh 12477,33 manat əsas borc, müqavilə müddəti bitdikdən sonra illik 5 %-lə hesablanmış 1871,86 manat və 200 manat cərimə borcu olmaqla, cəmi 14549,19 (on dörd min beş yüz qırx doqquz manat on doqquz qəpik) manat məbləğində pul vəsaiti və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat tutularaq ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Tələb ipoteka qoyulmuş xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan Şamaxı rayonu, Çıraqlı kəndində yerləşən fərdi yaşayış evinə (0,12 ha torpaq sahəsi ilə birlikdə) yönəldilsin. İpoteka predmeti olan Şamaxı rayonu, Çıraqlı kəndində yerləşən fərdi yaşayış evinin likvid qiyməti 22.000 (iyirmi iki min) manat müəyyən edilsin və ipoteka predmeti açıq hərracda satılsın. Satışdan əldə olunan vəsait hesabına Cavabdeh iddiaçı ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinə olan borcu ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İpoteka predmetinin qiymətləndirilməsi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 250 (iki yüz əlli) manat Cavabdeh alınaraq “xxxx” MMC-nin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasısı vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasısına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar