Məhkəmə qərarları › İş №2-2(105)-25/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-25/2025

21.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-25/2025 21.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X6 qızının katibliyi, İddiaçı, onun nümayəndəsi vəkil Nümayəndə1, cavabdeh “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Qanuni nümayəndə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “X2 və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinə (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “X2 və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsi müstəqil tələb irəli sürməyən üçüncü şəxsdir) qarşı verilmiş “borcun tutulması” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 29 noyabr 2024-cü il tarixli, e-2-2(119)-1118/2024 nömrəli qətnaməsindən cavabdeh “X4” Məhdud Məsuliyyətli Cəmiyyəti və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “X2 və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək 147564,40 (yüz qırx yeddi min beş yüz altmış dörd manat, qırx qəpik) manat məbləğində əsas borc, həmin pul məbləğinin ödənilməsinin gecikdirilməsinə görə gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizlə hesablanmış 7378 (yeddi min üç yüz yetmiş səkkiz) manat məbləğində faiz borcu, hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 350 (üç yüz əlli) manat məbləğində xidmət haqqının əvəzi və 450 (dörd yüz əlli) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 155742 (yüz əlli beş min yeddi yüz qırx iki) manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh “X4” MMC (əvvəlki adı "xxxx" MMC, daha sonra "xxxx" MMC, hazırda isə “X4” MMC) arasında bağlanmış 17 fevral 2021-ci il tarixli AK-04/2021 saylı alqı-satqı müqaviləsinə əsasən öncədən ödəmə üsulu ilə satıcı (hazırda “X4” MMC olan iş üzrə cavabdeh) tərəfindən alıcıya (iş üzrə İddiaçı) kərpic satılması barədə razılıq əldə edilmişdir. Tərəflər arasında qeyd edilən alqısatqı müqaviləsi bağlandıqdan sonra 2021-ci ildən 2022-ci ilədək İddiaçı cavabdeh “X4” MMC-yə ümumilikdə 390825,13 manat məbləğində pul ödəmişdir. Cavabdeh isə qeyd edilən tarixlərdə iddiaçıya ümumilikdə 243260,73 manat dəyərində kərpic vermiş, daha sonra kərpic verməkdən müxtəlif bəhanələrlə imtina etmişdir. İddiaçı cavabdehə dəfələrlə aralarında bağlanmış müqavilə şərtlərinə əməl etməyi, ödədiyi pulun əvəzində ona kərpic verilməsini tələb etsə də, ödənmiş pulun tam dəyərində kərpic ala bilməmişdir. Daha sonra iddiaçı cavabdehdən ya ödədiyi pulun müqabilində kərpic verməsini, ya da əvvəldən ödədiyi qalıq pulunun ona geri qaytarılmasını tələb etmişdir. Bununla bağlı tərəflər xx.xx.2023-cü il tarixdə üzləşmə aktı tərtib etmiş, qarşılıqlı öhdəliklərinin bəyanını edərək qalıq məbləğin həcmini müəyyənləşdirmişlər. Həmin aktla müəyyən edilmiş və razılaşdırılmışdır ki, xx.xx.2023-cü il tarixə cavabdehin iddiaçıya 147564,4 manat məbləğində borcu qalmışdır. Qeyd edilən üzləşmə aktından sonra iddiaçı akt üzrə cavabdehdən ona olan 147564,4 manat borcunun geri qaytarılmasını tələb etsə də, hər dəfə müxtəlif bəhanələrlə borcun ödənilməsi təmin edilməmişdir. Nəhayət, iddiaçı cavabdehin borcunu ödəmək fikrində olmadığına əmin olmuş və qanunvericiliyin tələbi üzrə işə hüquqi qiymət verilməsi və pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Müqavilə üzrə alıcı İddiaçı öz öhdəliklərini tam və yubatmadan icra etsə də, satıcı olan “X4” MMC öz öhdəliklərini yerinə yetirməmişdir. Cavabdeh iddiaçıya borclu olduğu 147564,40 manat pul məbləğini xx.xx.2023-cü ildən (üzləşmə aktı imzalandıqdan) bu günədək özündə saxlamaqla, həmin borcun ödənilməsini heç bir üzrlü səbəb olmadan yubatmışdır. Qanunvericiliyin tələbinə əsasən həmin borcun qeyd edilən şəkildə qanunsuz saxlanılması və yubadılması nəticəsində iddiaçının əsas borcla yanaşı, gecikdirilmiş 147564,40 manat borca görə həmin məbləğin illik 5 %-i həcmində, yəni 7378 (yeddi min üç yüz yetmiş səkkiz) manat həcmində tələb hüququ da yaranmışdır. Abşeron Rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli, e-2(012)-2085/2024 nömrəli qərardadı ilə İddiaçı cavabdeh “X4” MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə iş baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Elman Məmmədov) Sumqayıt Kommersiya Məhkəməsinin 2024-cü il 26 iyul tarixli e-2-2(119)-1118/2024 nömrəli qərardadı ilə işin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 15 avqust 2024-cü il tarixli 2-2(102)- 516/2024 nömrəli qərarı ilə iş məhkəmə aidiyyəti qaydalarına uyğun olaraq mahiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 29 noyabr 2024-cü il tarixli, e-2-2(119)- 1118/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh “X4” Məhdud Məsuliyyətli Cəmiyyətindən 147564,4 (yüz qırx yeddi min beş yüz altmış dörd manat, qırx qəpik) manat məbləğində borcun, hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 350 (üç yüz əlli) manat məbləğində pul vəsaitinin əvəzinin və 437,56 (dörd yüz otuz yeddi manat, əlli altı qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 148351,96 (yüz qırx səkkiz min üç yüz əlli bir manat, doxsan altı qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Fərman Həmidli). Sumqayıt Kommersiya Məhkəməsinin 29 noyabr 2024-cü il tarixli, e-2-2(119)- 1118/2024 nömrəli qətnaməsindən cavabdeh “X4” Məhdud Məsuliyyətli Cəmiyyəti və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “X2 və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsi tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilərək qətnamənin tamamilə ləğv edilməsi və iddianın rədd edilməməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ APELLYASİYA ŞİKAYƏTİNƏ ETİRAZİN DƏLİLLƏRİ Cavabdeh “X4” Məhdud Məsuliyyətli Cəmiyyəti və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “X2 və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsi apellyasiya şikayətlərini eyni qaydada əsaslandıraraq qeyd etmişlər ki, iddiaçının məhkəməyə təqdim etmiş olduğu kassa mədaxil orderlərində hansı müəssisəyə pulun ödənildiyi və həmin sənədlərdə olan imzaların da kimə məxsus olduğu sübuta yetirilməyib. İddiaçı tərəfindən təqdim edilmiş üzləşmə aktında borcun hansı dövrlərdə (aylar üzrə) və hansı müqavilə üzrə olduğu sübuta yetirilməmişdir. “X4” MMC ilə iddiaçı arasında bağlanmış 17 fevral 2021-ci il tarixli AK-04/2021 saylı alqı-satqı müqaviləsi olsa da, İddiaçı pulun ödənilməsi barədə rəsmi sübut təqdim etməyib. Məhkəmə işin hallarını və münasibətləri araşdırmadan müvafiq akt qəbul edib.İddiaçının məhkəməyə təqdim etmiş olduğu kassa mədaxil orderlərində müəssisənin möhürü yoxdur, həmin sənədlərdə olan imzaların da kimə məxsus olduğu məlum deyil və mədaxil orderlərinin üzərində qeyd olunan ödəniş tarixlərinin məbləğləri ilə orderin sonunda qeyd olunan müştəri borcunun cəmi hissəsi uyğun deyildir. Həmçinin ciddi hesabat blankı olan kassa mədaxil orderlərinin forması Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kolleqiyasının xx.xx.2016 tarixli Q-09 N-li qərarı ilə təsdiq edilmiş kassa mədaxil orderinin formasına uyğun gəlmir və həmin mədaxil orderlərin mövcudluğunu qeydiyyat bazası ilə də müəyyən etmək olmur. İddiaçı tərəfindən təqdim edilmiş üzləşmə aktında borcun hansı dövrlərdə (aylar üzrə) və hansı müqavilə üzrə olduğu da qeyd edilməmişdir. Belə ki, iddiaçının təqdim etdiyi xx.xx.2019-cu il tarixə olan X5 6 945.13 manat ödəniş 17 fevral 2021-ci il tarixli AK04/2021 saylı alqı-satqı müqaviləsindən əvvəlki tarixə təsadüf edir. Bu səbəbdən də, həmin üzləşmə aktı müqavilə üzrə sübut hesab edilə bilməz. Belə ki, sözü gedən üzləşmə aktı həqiqəti əks etdirməyən rəqəmlər üzərindən tərtib olunmuş hüquqi çəkisi olmayan kağız parçasıdır. Buna əyani sübut olaraq Şəki Kommersiya Məhkəməsinin qanuni qüvvəsini almış e-2-2(117)- 583/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsini qeyd etmək olar ki, eyni qətnamənin əsaslandırma hissəsində məhkəmə tərəflər arasında tərtib edilmiş üzləşmə aktına münasibətdə qeyd etmişdir ki, həmin üzləşmə aktı ilə cavabdehin 19005,21 manat borcunun olması göstərilsə də, üzləşmə aktında bu məbləğin cavabdehin hansı müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində yarandığına dair məlumatın mövcud olmamasıdır. Bu səbəbdən də iddia ərizəsi qismən təmin edilmiş və iddiçanın təqdim etdiyi üzləşmə aktı sübut kimi qiymətləndirilməyərək nəzərə alınmamışdır. “X4” MMC-nin "xxxx" ASC və "xxxx" ASC-dən 2021-2024-cü il tarixlərinə bank hesablarından çıxarış çıxartmış və iddiaçı tərəfindən eyni dövrlə bağlı müəssisənin hesabına hər hansısa ödənişin həyata keçirildiyi müəyyən edilməmişdir. Yəni iddiaçı tərəfindən təqdim edilmiş kassa mədaxil orderlərində göstərilmiş tarixlər və həmin tarixlərdə köçürülmüş məbləğlər hər iki bank hesabından çıxarış sənədlərində qeyd edilmiş köçürmələrə uyğun gəlmir.Nağdsız hesablaşmalar haqqında Azərbaycan Respublikasının Qanununun 3.3-cü maddəsinə əsasən həmin Qanunun 3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, əlavə dəyər vergisi məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir. İddiaçı sadələşdirilmiş vergi ödəyicisi olduğunu bilərək məhkəməyə təqdim etdiyi xəzinə mədaxil orderlərinin məzmununa əsasən 2021-ci ilin mart ayında 110.000,0 manat, may ayında 146.000,0 manat, iyun ayında 40.000,0 manat və iyul ayında 57.840,0 manat (və s.) yəni bir təqvim ayı ərzində 15 min manatdan yuxarı olan ödənişi nağd şəkildə “X4” MMC-yə ödənişlər aparmış və bununla da “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının qanunun 3.3-cü maddəsinin tələbləri dəfələrlə pozulmuşdur. Vergi Məcəlləsinin 58.7-1-ci, 71-1.1-ci maddəsi və 13.2.63-cü maddəsi onu deməyə əsas verir ki, iddia ərizəsində mövcud olduğu iddia olunan əməliyyatlar qanunvericiliyə uyğun rəsmiləşdirilməmişdir. Başqa sözlə, həmin əməliyyatların mövcudluğu iddiaçı tərəfindən qanunvericilikdə müəyyən olunan sübutetmə vasitələri ilə sübuta yetirilməmişdir. Məhkəmə tərəfindən də elektron qaimə-faktura sənədinin əldə edilməsinə təşəbbüs göstərilməmişdir. Bütün bunlar göstərir ki, İddiaçı qaldırdığı iddianın heç bir əsası yoxdur. Sumqayıt Kommersiya Məhkəməsində hakim faktlara və sübutlara əsasən deyil, özünün subyektiv fikirlərinə uyğun olaraq qətnamə qəbul etmişdir. Məhkəmə yalnız iddiaçı tərəfin həqiqət olmayan fikirlərini nəzərə almış, sübutlara deyil, ehtimallara əsasən belə bir nəticəyə gəlmişdir.İddiaçının təqdim etdiyi xx.xx.2019-cu il tarixə olan X5 6 945.13 manat ödənişin 17 fevral 2021-ci il tarixli AK-04/2021 saylı alqı-satqı müqaviləsindən əvvəlki tarixə qeyd olunmasına baxmayaraq bu istiqamətdə məhkəmə tərəfindən araşdırma aparılmamış və buna dair iddiaçı tərəfdən məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş üzləşmə aktında borcun hansı dövrlərdə (aylar üzrə) və hansı müqavilə üzrə olduğu da qeyd edilməmişdir. İddiaçının qaiməfakturaəsasında ödənişlər etməsi ilə əlaqədar araşdırma aparılmamış, bu barədə sənədin əldə edilməsinə təşəbbüs göstərilməmişdir. Sonda isə məhkəmə düzgün olmayan nəticəyə gəlmişdir. İddiaçı, onun nümayəndəsi vəkil Nümayəndə1 apellyasiya şikayətinə etiraz verərək qeyd etmişdir ki, işə birinci instansiya məhkəməsində baxılarkən ətraflı və geniş məhkəmə araşdırması olmuş, iş üzrə iddia tələbinin əsaslandırıldığı sübutlar və faktiki hallar tədqiq edilmiş, obyektiv aparılmış məhkəmə araşdırmasının yekununda iddiaçının tələbinin qanuni və əsaslı olması öz təsdiqini tapmışdır. Eyni zamanda cavabdeh “X4” MMC-nin təqdim etdiyi apellyasiya şikayəti də sadəcə formal mülahizələrlə “əsaslandırılmış”, iş üzrə birinci instansiya məhkəməsi tərəfindən yol verilməsi iddia olunan maddi və prosessual pozuntuların nədən ibarət olması qanunamüvafiq şəkildə göstərilməklə əsaslandırılmamışdır. Cavabdeh “X4” MMC tərəfində verilmiş apellyasiya şikayətində sadəcə olaraq prosessual qanunvericiliyin tələbi üzrə hansı hallarda apellyasiya şikayətinin verilməsinin mümkün olması halları qeyd edilmişdir. Lakin işin araşdırılması zamanı birinci instansiya məhkəməsi tərəfindən yol verilməsi iddia olunan pozuntuların nədə ehtiva olunması, bu pozuntuların konkret olaraq nədən ibarət olması göstərilə bilməmişdir. Çünki birinci instansiya məhkəməsində iş üzrə məhkəmə araşdırmaları aparılarkən hər hansı pozuntuya yol verilməmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən iş üzrə hərtərəfli və tam araşdırılma aparılmaqla yekun qətnamə qəbul edildiyindən həmin qətnamə qanuni və əsaslı aktdır. Bu səbəbdən də cavabdeh “X4” MMC tərəfindən təqdim edilən apellyasiya şikayəti əsassız şikayətdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Qanuni nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “X2 və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsinin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi vəkil Nümayəndə1 apellyasiya şikayətlərinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan 17 fevral 2021-ci il tarixli AK 04/2021 nömrəli alqısatqı müqaviləsinin 1.1-ci bəndinə əsasən, satıcı "xxxx" MMC (hazırda “X4” MMC) malları satır, alıcı isə bu müqaviləyə və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan və müqaviləyə əlavə edilən spesifikasiya(lar)da göstərilən tərkibdə, texniki göstəricilərə uyğun olan vəziyyətdə malları (bundan sonra “mal” adlandırılacaq) satıcıdan alır və malın müqabilində satıcıya bu müqavilə ilə nəzərdə tutulmuş qiyməti (haqqı) ödəyir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə malın qiyməti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan və müqaviləyə əlavə edilən spesifikasiya(lar)da müəyyən edilir. İş materiallarında olan alıcı İddiaçı ilə satıcı "xxxx" MMC (hal-hazırda “X4” MMC) arasında bağlanmış 17 fevral 2021-ci il tarixli AK 04/2021 nömrəli alqı-satqı müqaviləsinə 01 nömrəli 17 fevral 2021-ci il tarixli əlavəyə əsasən 19x19x29 ölçülü kərpicin 1 ədədinin qiyməti 0,32 manat müəyyən olunmuşdur. Həmin əlavənin 1-ci bəndinə əsasən, ödəniş hər ayın 25-i tarixindən gec olmayaraq alıcı tərəfindən nağd qaydada və ya bank köçürmə yolu ilə ödənilir. İş materiallarında olan xəzinə mədaxil orderlərindən görünür ki, iddiaçı tərəfindən kərpic satışı ilə əlaqədar cavabdehə xx.xx.2021-ci il tarixdə 100000 manat, xx.xx.2019-cu il tarixdə 6945,13 manat, xx.xx.2021-ci il tarixdə 3000 manat, xx.xx.2021-ci il tarixdə 10000 manat, xx.xx.2021-ci il tarixdə 16000 manat, xx.xx.2021-ci il tarixdə 10000 manat, xx.xx.2021-ci il tarixdə 120000 manat, xx.xx.2021-ci il tarixdə 20000 manat və 20000 manat, xx.xx.2021-ci il tarixdə 3700 manat, xx.xx.2021-ci il tarixdə 1050 manat və 53090 manat, xx.xx.2021-ci il tarixdə 15000 manat, xx.xx.2021-ci il tarixdə 10000 manat, xx.xx.2022-ci il tarixdə 1020 manat və 1020 manat olmaqla, ümumilikdə 390825,13 manat məbləğində ödəniş olunmuşdur. İş materiallarında olan iddiaçı ilə cavabdeh arasında imzalanmış və cavabdeh hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş 20 yanvar 2023-cü il tarixli üzləşmə aktından görünür ki, tərəflər xx.xx.2021-ci il tarixdən-xx.xx.2022-ci il tarixədək olan dövr ərzində aparılmış əməliyyatlar üzrə üzləşmə aparmış və belə nəticəyə gəlmişlər ki, xx.xx.2023-cu il tarixinə cavabdehin iddiaçıya ödədiyi avans vəsaitə görə 147564,4 (yüz qırx yeddi min beş yüz altmış dörd manat, qırx qəpik) manat kreditor borcu qalmışdır. Birinci instansiya məhkəməsi iddiaçı və cavabdeh arasında bağlanılmış 17 fevral 2021-ci il tarixli AK 04/2021 nömrəli alqı-satqı müqaviləsinə istinad edərək iddianı əsas borc tələbinə aid hissədə təmin etmiş və qeyd etmişdir ki, müqaviləyə əsasən tərəflər arasında kərpic satılması barədə razılıq əldə edilmişdir. İş materiallarına əlavə edilmiş xəzinə mədaxil orderləri əsasında müəyyən edilmişdir ki, alıcı qismində çıxış edən iddiaçı cavabdehə ümumilikdə 390825,13 manat məbləğində pul ödəsə də, cavabdeh müqavilə üzrə öhdəliyini tam icra etməyərək iddiaçıya həmin dəyərdə kərpic təqdim etməmişdir. İddiaçı və cavabdeh hüquqi şəxsin həmin dövrdəki qanuni təmsilçisi tərəfindən tərtib edilərək imzalanmış, o cümlədən cavabdeh hüquqi şəxsin möhürü ilə möhürlənmiş 20 yanvar 2023-cü il tarixli üzləşmə aktının məzmunu ilə müəyyən edilir ki, tərəflər xx.xx.2021-ci il tarixdən-xx.xx.2022-ci il tarixədək olan dövr ərzində aparılmış əməliyyatlar üzrə üzləşmə aparmış, xx.xx.2023-cü il tarixinə cavabdehin iddiaçıya ödədiyi avans vəsaitə görə 147564,4 (yüz qırx yeddi min beş yüz altmış dörd manat, qırx qəpik) manat məbləğində borcu qalmışdır. İş materiallarına əsli əlavə edilmiş 20 yanvar 2023-cü il tarixli üzləşmə aktı barədə Mülki Prosessual Məcəllənin 76.1-ci, 80-ci, 88-ci, 89.1-ci və 89.3-cü maddələri baxımından birinci instansiya məhkəməsi qiymətləndirmə aparmış və müəyyən etmişdir ki, qeyd edilən sübut iddiaçının tələbini əsaslandıran halları müəyyən edir, yəni iddiaçının tələbini müəyyən edən hallarla əlaqədardır və onun mötəbərliyi mübahisə doğurmur. Həmin üzləşmə aktının məzmununda bilavasitə xx.xx.2023-cü il tarixinə cavabdehin iddiaçıya 147564,4 (yüz qırx yeddi min beş yüz altmış dörd manat, qırx qəpik) manat məbləğində borcunun qalması qeyd edilmişdir. Göstərilənlərə əsasən, birinci instansiya məhkəməsi hesab etmişdir ki, 17 fevral 2021-ci il tarixli AK 04/2021 nömrəli alqı-satqı müqaviləsi üzrə 147564,40 manat məbləğində borcun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə araşdırması zamanı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi izahatlarında məhkəməyə təqdim edilmiş bank hesablarından çıxarış sənədlərinə istinadən iddiaçı tərəfindən cavabdehin bank hesabına hər hansı ödənişin həyata keçirilmədiyini bildirmişdir. Birinci instansiya məhkəməsi araşdırması zamanı cavabdehin təqdim etdiyi hüquqi şəxsin bank hesab sənədləri yoxlanılarkən da bu hal öz təsdiqini tapmışdır. Bununla bağlı birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında bağlanmış 17 fevral 2021-ci il tarixli AK 04/2021 nömrəli alqı-satqı müqaviləsinə 01 nömrəli 17 fevral 2021-ci il tarixli əlavənin 1-ci bəndində ödənişin alıcı tərəfindən nağd qaydada da ödənilməsi imkanı nəzərdə tutulmuşdur. Buna görə də birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən cavabdehin bank hesabına ödəniş edilməməsi, onun müqavilə üzrə nağd qaydada ödəniş etmiş olması halını (və ya imkanını) istisna etmir. Bundan başqa, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi, həmçinin iddiaçı və cavabdeh tərəfindən tərtib edilmiş 20 yanvar 2023-cü il tarixli üzləşmə aktında göstərilən borcun hansı müqavilə üzrə yarandığının qeyd edilməməsi səbəbindən həmin aktın mötəbər sübut hesab edilmədiyi bildirmiş, lakin birinci instansiya məhkəməsinə bu üzləşmə aktında göstərilən borcun yaranması üçün əsas olduğu güman edilə biləcək hər hansı digər müqavilə təqdim edilməmişdir. Bununla yanaşı, həmçinin o da nəzərə alınmalıdır ki, üzləşmə aktının məzmununda qeyd edilən borcun hansı müqavilə üzrə yaranmasının qeyd edilməməsi özlüyündə həmin aktın mötəbərliyinə xələl gətirən hal hesab edilə bilməz. Bundan əlavə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi iddiaçı tərəfindən ödənişlər edilməsini göstərən iş materiallarındakı xəzinə mədaxil orderlərini imzalamış Rəvan Babayevin və 20 yanvar 2023-cü il tarixli üzləşmə aktını imzalamış cavabdeh hüquqi şəxsin həmin dövrdəki qanuni təmsilçisi Tapdıq Osmanovun şahid kimi dindirilməsini xahiş etmiş, lakin birinci instansiya məhkəməsi tərəfindən buna müvafiq şərait yaradılmasına baxmayaraq həmin şəxlərin məhkəmədə şahid qismində iştirakları təmin edilməmişdir (Mülki Prosessual Məcəllənin 104.6-ci maddəsinə görə şahidin çağırılması barədə vəsatət qaldıran şəxs şahidin soyadını, adını, atasının adını və yaşadığı yeri göstərməyə borcludur). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etmir. Belə ki, hazırkı işin müəyyən edilmiş hallarına əsasən 17 fevral 2021-ci il tarixli AK 04/2021 nömrəli alqı-satqı müqaviləsinə əsasən cavabdehin xx.xx.2023-cü il tarixinə iddiaçıya ödədiyi avans vəsaitə görə 147564,4 (yüz qırx yeddi min beş yüz altmış dörd manat, qırx qəpik) manat borcunun olduğu 20 yanvar 2023-cü il tarixli qarşılıqlı üzləşmə aktı ilə etiraf və təsdiq edilmişdir. Kollegiya apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, cavabdeh xəzinə mədaxil orderlərinin etibarlılığını mübahisələndirmiş bununla əlaqədar qeyd etmişdir ki, həmin orderlərdə möhür yoxdur və imzaların kimə məxsus olması müəyyən edilmir. Bununla əlaqədar iş materiallarına əlavə edilmiş, həmçinin məhkəmə kollegiyasının iclasında əslləri təqdim edilmiş xx.xx.2021 - xx.xx.2022-ci il aralığında tərtib edilmiş mədaxil orderləri ilə müəyyən edilir ki, həmin orderləri müvafiq olaraq müəssisənin keçmiş direktorları Tapdıq Osmanov və Rəvan Babayev, həmçinin mühasiblər Vasif Hakimoğlu və Ruslan Məmmədov imzalamaqla qəbul etmişlər.Həmin mədaxil orderlərdən sonuncu tərtib edilən xx.xx.2022-ci il tarixli xəzinə mədaxil orderi ilə müəyyən edilir ki, həmin orderi direktor Osmanov Tapdıq və mühasib Ruslan Məmmədov imza etməklə qəbul etmişlər və həmin tarixə cavabdehin 147564,4 (yüz qırx yeddi min beş yüz altmış dörd manat, qırx qəpik) manat borcu vardır. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh və üçüncü şəxs həmin mədaxil orderlərinin etibarlılığını mübahisələndirsə də, iddiaçı tərəfindən cavabdehin borcunun olmasını təsdiq edən 20 yanvar 2023-cü il tarixli üzləşmə aktı təqdim edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Xəyal» kəndli fermer təsərrüfatının başçısı Ə.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İqtisadi Mübahisələrə dair İşlər üzrə Məhkəmə Kollegiyasının 08 yanvar 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 2005-ci il 01 fevral tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə əsasən «… borc həmçinin 23 dekabr 1999-cu il tarixində tərəflər arasında tərtib olunmuş üzləşmə aktında da etiraf olunmuşdur. Belə olan halda aydındır ki, tərəflər arasındakı hüquq münasibətləri həmin andan təzələnmişdir». Göründüyü kimi iddiaçı iddiasının əsasını təsdiq edən mötəbər sübutu məhkəməyə təqdim etsə də, cavabdeh tərəf və üçüncü şəxs apellyasiya şikayətinin dəlillərini təsdiq edən əsaslı mövqe ilə çıxış etməmişlər. Bununla yanaşı məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli iclasında cavabdehin nümayəndəsi Qanuni nümayəndə və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi Nümayəndə2 tərəfindən məhkəməyə 413319,55 manatın ödənilməsinə dair satış qaimələri təqdim edilmişdir. Cavabdehin və üçüncü şəxsin nümayəndələri apellyasiya şikayətinin dəlillərindən fərqli mövqe ilə çıxış edərək həmin gecikdirilmiş sübutlara münasibətdə qeyd etmişlər ki, cavabdeh tərəfindən iddiaçıya 400.000 manat dəyərindən artıq kərpic verilmişdir. Lakin cavabdehin və üçüncü şəxsin nümayəndələri MPM-in 372.2-ci maddəsinə əsasən həmin gecikdirilmiş sübutları apellyasiya instansiya məhkəməsinə sonradan üzrlü səbəbdən təqdim edilməsini sübut edə bilməmişlər. Belə ki, həmin maddəyə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Qeyd edilən satış qaimələrinə münasibətdə məhkəmə kollegiyasının sonuncu iclasında izahat verən İddiaçı bildirmişdir ki, həmin satış qaimələrini ona göstərməyiblər. Bununla əlaqədar hazırki məhkəmə kollegiyasının iclasına gəlməmişdən əvvəl qeyd olunan məsələyə aydınlıq gətirilməsi üçün əvvəllər direktor olmuş Rəvan adlı şəxslə danışmış, Rəvan adlı şəxs də araşdıraraq ona məlumat vermişdir ki, ödəniş onun tərəfindən əvvəlcədən edildiyindən kərpiclər aşağı qiymətə ona satılmışdır.Buna görə zavoddakı bəzi şəxslər onun adından istifadə edərək kərpic çıxarmış və həmin aradakı qiymət fərqini mənimsəmişlər. Yəni həmin kərpiclər ona verilməyib. Bununla əlaqədar onun adına olan satış qəbzləri barədə ümumiyyətlə ona məlumat verilməmişdir.Kollegiya həmçinin qeyd edir ki, həmin satış qaimələrinin məhz İddiaçı Cəfər oğlu tərəfindən qəbul edilməsi də sübut edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci madəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448-ci madəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 456-cı maddəsinə əsasən borclunun öhdəliyini icra etmək üçün onun işçilərinin yerinə yetirdikləri hərəkətlər borclunun hərəkətləri sayılır. Əgər həmin hərəkətlər öhdəliyin icra edilməməsinə və lazımınca icra edilməməsinə səbəb olmuşsa, borclu bu hərəkətlər üçün məsuliyyət daşıyır. 598.1-ci madəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 567-ci madəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, yuxarıda qeyd olunanlardan göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslandığı üçün əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh “X4” Məhdud Məsuliyyətli Cəmiyyəti və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “X2 və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsi tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 29 noyabr 2024-cü il tarixli, e-2-2(119)- 1118/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar