Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-61/2023 10.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və X1 ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-42/2023 nömrəli, 24 yanvar 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı 11 oktyabr 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 19223,77 manat məbləğində əsas borcun və mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 200 manat məbləğində mediator haqqının tutularaq, İddiaçın xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, alıcı Cavabdeh ilə satıcı İddiaçı arasında bağlanmış 25 iyun 2020-ci il tarixli 195A saylı İnşaat materiallarının alqı-satqısı Müqaviləsinin 1.1-ci bəndinə əsasən Müqaviləyə 1 saylı Əlavə olan Spesifikasiya aktında adları qeyd olunan malları “Satıcı” satmağı, “Alıcı” isə onu qəbul edib, razılaşdırılmış qiymətdə və razılaşdırılmış müddətdə dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 9.1-ci bəndinə əsasən, bu Müqavilə bağlandığı andan qüvvəyə minmiş və bir il müddətinə qüvvədədir. Müqavilənin qüvvədə olma müddəti başa çatdıqdan sonra ona xitam vermək barədə tərəflərdən birinin digərinə yazılı müraciəti olmadıqda, bu müqavilə eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Müqaviləyə uyğun olaraq cavabdehin, yəni alıcı Cavabdeh sifarişi ilə tələb olunan mallar vaxtında və tam şəkildə ona təhvil verilmişdir. Belə ki, 11 avqust 2021-ci il tarixli 224059 nömrəli, 01 iyun 2021-ci il tarixli 555158 nömrəli, 20 may 2021-ci il tarixli 953890 nömrəli, 10 may 2021-ci il tarixli 523589 nömrəli, 01 may 2021-ci il tarixli 079326 nömrəli və 24 aprel 2021-ci il tarixli 700046 nömrəli elektron qaimə-faktura sənədlərinə əsasən alıcı Cavabdeh ümumilikdə 31843,03 (otuz bir min səkkiz yüz qırx üç manat 03 qəpik) manat dəyərində sement və gips əsaslı inşaat məhsulları satılmışdır. Alqı-satqı münasibətlərinin yekununda müştərinin qalıq debitor borcunun müəyyənləşdirilməsi məqsədilə Cavabdeh və iddiaçının səlahiyyətli nümayəndələrinin iştirakı ilə üzləşdirmə aktı tərtib edilmişdir. 13 sentyabr 2021-ci il tarixli “Üzləşdirmə aktı”na əsasən alıcı Cavabdeh satıcı İddiaçı MMC-yə 28123,77 manat məbləğində qalıq borcunun olduğu müəyyən edilmiş və həmin Akt tərəflərin imzası ilə təsdiqlənmişdir. Bu Akt imzalandıqdan sonra cavabdeh tərəfindən 8900 manat məbləğində ödənişlər edildikdən sonra Cavabdeh İddiaçı MMC-yə 19223,77 manat həcmində qalıq debitor borcu qalmışdır. Müqavilənin 8.1-ci bəndinə uyğun olaraq məsələni həll etmək məqsədilə dəfələrlə iddiaçı tərəfindən borcun ödənilməsi ilə bağlı cavabdehə şifahi və yazılı xəbərdarlıqlar edilmişdir. Eyni zamanda, Mülki-Prosessual Məcəlləyə uyğun olaraq pretenziya məktubu elektron qaydada cavabdehin müvafiq icra hakimiyyəti orqanında yaradılmış kabinetinə də yerləşdirilmişdir. Həmçinin, məhkəməyə müraciət olunmamışdan əvvəl bu mübahisə ilə əlaqədar mediasiya prosesinin təşkil olunmasına baxmayaraq, mediasiya vasitəsi ilə də mübahisənin həll edilməsi mümkün olmamışdır. Beləliklə iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər tamamilə icra olunsa da, Cavabdeh öz üzərinə götürdüyü öhdəliklərini sonadək yerinə yetirməyərək, müəssisədən aldığı malların dəyərini tam ödəməmiş və nəticədə onun alıcı olaraq İddiaçı MMC-yə 19223,77 manat məbləğində icra olunmamış borc öhdəliyi qalmışdır. Birinci instansiya məhkəməsində Cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirərək, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti göstərməsi ilə əlaqədar İddiaçındən sement və gips məhsulları aldığını, mağazasının yerləşdiyi ərazidə daşqın olduğu üçün aldığı malların suyun altında qaldığına və ziyana düşdüyünə görə İddiaçınə 17723,77 manat məbləğində ödənilməmiş borcun qaldığını təsdiq etmiş və iddia tələbi üzrə 17723,77 manat məbləğində borcun ondan iddiaçının xeyrinə tutulmasına etiraz etmədiyini bildirmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli, e-2-2(119)- 42/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh (VÖEN **********) 17723,77 (on yeddi min yeddi yüz iyirmi üç manat 77 qəpik) manat məbləğində əsas borc və mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqı olmaqla, cəmi 17923,77 (on yeddi min doqquz yüz iyirmi üç manat 77 qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh dövlət nəfinə 143,17 (yüz qırx üç manat 17 qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq, Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. (hakim Zülfüqar Sadiqov) Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Məhkəmə proses zamanı həqiqətən də məhkəmədə iştirak etməmişdir. Lakin İddiaçı MMC-dən sement və gips almış, bir müddət keçdikdə həmin sement özbaşına daşlaşmağa başlamışdır, bu barədə İddiaçı MMC şirkətinə bildirmişdir. İddiaçı MMC şirkəti ona məhəl qoymamışdır. Həmin sementin daşlanması tez zamanda mümkün deyil, sement İddiaçı MMC şirkətindən verildiyi zaman keyfiyyətsiz olmuşdur. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı Cavabdeh iddiaçı şirkətə borcunun olduğunu və onu hissə-hissə ödədiyini bildirdi. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan satıcı İddiaçı (VÖEN **********) ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan alıcı Cavabdeh (VÖEN **********) arasında bağlanmış 25 iyun 2020-ci il tarixli 195A nömrəli Alqı-satqı Müqaviləsinin şərtlərinə görə “Satıcı” müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Spesifikasiyada (Müqaviləyə 1 saylı Əlavə) adları göstərilən malları satmağı, “Alıcı” isə həmin malları qəbul edib, dəyərini ödəməyi öhdələrinə götürmüşlər (1.1-ci bənd). Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən, malların miqdarının ölçü vahidi və malların çeşidi - müqavilənin ayrılmaz hissəsi sayılan Spesifikasiyada (Müqaviləyə 1 saylı Əlavə) göstərilir. Həmin Müqavilənin 4.1-ci bəndinə əsasən, malların təhvil-təslimi Alıcının sifarişindən 2 gün ərzində Satıcının anbarında həyata keçirilir. Həmin Müqavilənin 4.2-ci bəndinə əsasən, satıcının anbarında Malların Alıcıya təhvil verdiyi gün Satıcının öz öhdəliklərini icra etdiyi gün hesab olunur. Həmin Müqavilənin 5.1-ci bəndinə əsasən, ödəmə bank köçürməsi yolu ilə və yaxud nəğd hesablaşma (ödəniş) yolu ilə malların Alıcıya təhvil verildiyi gündən 30 gün ərzində Alıcı tərəfindən həyata keçirilir. Həmin Müqavilənin 6.2-ci bəndinə əsasən, Alıcı sifariş edilmiş Malların dəyərini bu Müqavilənin 5.1-ci bəndində müəyyən edilmiş müddət ərzində ödəmədiyi halda, hər gecikdirilən gün üçün Satıcıya sifariş edilmiş malların tam ödənildiyi günə qədər Malların ödənilməyən dəyərinin 0,1% (sıfır tam onda bir) faizi məbləğində cərimə ödəyir. Həmin Müqavilənin 9.1-ci bəndinə əsasən, bu Müqavilə bağlandığı (imzalanaraq möhürlə təsdiqləndiyi) andan qüvvəyə minir və bir il müddətinə qüvvədədir. Bu müqavilənin qüvvədə olma müddəti başa çatdıqdan sonra ona xitam vermək barədə tərəflərdən birinin digərinə yazılı müraciəti olmadıqda, bu müqavilə eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. İş materiallarında olan müvafiq qaydada tərtib edilərək təqdim olunmuş elektron qaimələrlə müəyyən olunur ki, satıcı "xxxx" MMC tərəfindən alıcı Cavabdeh 24 aprel 2021ci il tarixli EBBA 700046 nömrəli Elektron Qaimə üzrə ƏDV daxil 5280,74 (beş min iki yüz səksən manat 74 qəpik) manat dəyərində, 01 may 2021-ci il tarixli EBBB 079326 nömrəli Elektron Qaimə üzrə ƏDV daxil 5280,74 (beş min iki yüz səksən manat 74 qəpik) manat dəyərində, 10 may 2021-ci il tarixli EBBB 523589 nömrəli Elektron Qaimə üzrə ƏDV daxil 5280,74 (beş min iki yüz səksən manat 74 qəpik) manat dəyərində, 20 may 2021-ci il tarixli EBBB 953890 nömrəli Elektron Qaimə üzrə ƏDV daxil 5280,74 (beş min iki yüz səksən manat 74 qəpik) manat dəyərində, 01 iyun 2021-ci il tarixli EBBC 555158 nömrəli Elektron Qaimə üzrə ƏDV daxil 5280,74 (beş min iki yüz səksən manat 74 qəpik) manat dəyərində və 11 avqust 2021-ci il tarixli EBBG 224059 nömrəli Elektron Qaimə üzrə ƏDV daxil 5439,33 (beş min dörd yüz otuz doqquz manat 33 qəpik) manat dəyərində olmaqla, ümumilikdə cəmi 31843,03 (otuz bir min səkkiz yüz qırx üç manat 03 qəpik) manat dəyərində müxtəlif sement və gips məhsullarının satılması ilə əlaqədar qeyd olunan elektron qaimələr təqdim olunmuşdur. İş materiallarında olan 25 iyun 2020-ci il tarixli 195 A nömrəli Alqı-satqı müqaviləsinin icrası ilə əlaqədar satıcı İddiaçı ilə alıcı Cavabdeh tərəfindən tərtib edilərək imzalanmış 13 sentyabr 2021-ci il tarixli Üzləşdirmə Aktından görünür ki, alıcı Cavabdeh 13 sentyabr 2021-ci il tarixə satıcı İddiaçınə cəmi 28123,77 (iyirmi səkkiz min yüz iyirmi üç manat 77 qəpik) manat məbləğində qalıq borcu olmuşdur. İş materiallarında olan, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 06 yanvar 2023-cü il tarixli Maliyyə Arayışından görünür ki, alıcı Cavabdeh 25 iyun 2020-ci il tarixli 195A nömrəli Alqı-Satqı Müqaviləsi üzrə satıcı İddiaçı MMC-yə 06 yanvar 2023-cü il tarixinə 17723,77 (on yeddi min yeddi yüz iyirmi üç manat 77 qəpik) manat məbləğində əsas borcu vardır. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş və iddianın təmin edilən hissəsi ilə bağlı hesab etmişdir ki, cavabdehdən iddia tələbində qeyd olunan “19223,77 manat məbləğində əsas borc” deyil, 17723,77 manat məbləğində əsas borc tutulmalıdır. Çünki, iş materiallarında olan 06 yanvar 2023-cü il tarixli Maliyyə Arayışı və eləcə də, iddiaçının nümayəndəsinin və cavabdehin məhkəmə iclasında vermiş olduqları izahatları ilə müəyyən olunur ki, alıcı Cavabdeh 25 iyun 2020-ci il tarixli 195A nömrəli Alqı-Satqı Müqaviləsi üzrə satıcı İddiaçı MMC-yə 06 yanvar 2023-cü il tarixinə cəmi 17723,77 manat məbləğində əsas borcu vardır və ona görə də, Cavabdeh 17723,77 (on yeddi min yeddi yüz iyirmi üç manat 77 qəpik) manat məbləğində əsas borc tutulmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, İddiaçı MMC şirkətindən sement verildiyi zaman keyfiyyətsiz olmuşdur. Lakin məhkəmə kollegiyasının iclasında cavabdeh malın keyfiyyətsizliyini mübahisələndirməmiş, borcu etiraf etmişdir və hissə-hissə ödədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Beləliklə, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. NƏTİCƏ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-42/2023 nömrəli, 24 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən təqdim olunduğu gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(105)-61/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-61/2023
10.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver