Məhkəmə qərarları › İş №2-2(105)-26/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-26/2021

29.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-26/2021 29.01.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və X1 ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı ASC-nin cavabdeh “xxxx” şirkətinə qarşı borcun tutulması tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(85)-820/2010 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, müəyyən etdi: X6 Məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli, 2(85)-820/2020 nömrəli qiyabi qətnaməsi ilə “xxxx” şirkətindən İddiaçı ASC-nin xeyrinə 164.600 ABŞ dolları məbləğində əsas borc, 27.412 ABŞ dolları məbləğində faiz borcu, 27.400 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 219.413 ABŞ dolları məbləğində kredit borcu və 20 manat məbləğində dövlət rüsumunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, “xxxx” şirkətinə məxsus 1 ədəd poladəritmə elektrik qövs sobasına yönəldilməsi, həmin daşınar əmlakın açıq hərracda satılması üçün ixtisaslaşdırılmış açıq hərrac təşkilatının sərəncamına verilməsi, hərracda satışından əldə ediləcək vəsait hesabına “xxxx” şirkətinin İddiaçı ASC-yə olan kredit borcunun və ödənilmiş dövlət rüsumunun tutulması qət edilmişdir. “xxxx” şirkəti ərizə ilə məhkəməyə müraciət edərək, qiyabi qətnamənin ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(85)-820/2010 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə “xxxx” Şirkətinin X6 Məhkəməsinin 2(85)-820/2010 saylı, xx xxxxxx 2010-cu il tarixli qətnaməsinin ləğv edilməsi barədə ərizəsindən imtina olunması qərara alınmışdır. Qərardaddan cavabdeh “xxxx” Şirkəti şikayət verərək, Sumqayıt Kommersiya Məhkəməsinin li xx xxxxxxx 2020-ci il tarixli, 2(85)-820/2010 saylı qərardadının ləğv edilməsini, X6 Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(85)-820/2010 nömrəli qiyabi qətnaməsinin ləğv edilərək iş üzrə icraatın təzələnməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad prosessual qanunvericilikdə təsbit olunmuş normaya ziddir. Belə ki, X6 Məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli, 2(85)- 820/2010 nömrəli qiyabi qətnaməsi ilə “xxxx” şirkətinin ofisinin ünvanına göndərilməmişdir. Göndərildiyi ünvanda isə “xxxx” şirkətinin işçisi və ya etibarnamə üzrə nümayəndəsi olmayan, ümümiyyətlə, kimliyi şirkətə məlum olmayan şəxs tərəfindən imzalanıb götürülmüşdür. Cavabdeh qiyabi qətnaməni almaq üçün məhkəməyə müraciət etmiş və qiyabi qətnamə xx xxxxxxxx 2020-ci il tarixdə “xxxx” şirkətinə təqdim olunmuşdur. Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilmişdir. (hakim Xəqani Tağıyev) Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X3 şikayətin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Həmçinin bildirdi ki, cavabdeh qiyabi qətnamənin surətini almış, hətta qiyabi qətnamə qismən icra edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh “xxxx” şirkətinə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 244-cü maddəsinə əsasən, cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Həmin Məcəllənin 250-ci maddəsinə əsasən, əgər məhkəmə cavabdehin iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməməsini və ya cavabdehin üzürlü səbəblərdən məhkəmə iclasına gəlməməsini vaxtında məhkəməyə bildirməyə imkanının olmamasını müəyyən etsə, qiyabi məhkəmə qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan “xxxx” şirkətinin nizamnaməsinin surətindən görünür ki (səh 25), şirkətin hüquqi ünvanı ünvan 1 ünvanıdır. İş materiallarından həmçinin görünür ki, X6 Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(85)-820/2020 nömrəli qiyabi qətnaməsi cavabdehin hüquqi ünvanına göndərilmiş və qiyabi qətnamənin surəti xx xxxxxx 2011-ci il tarixdə qəbul edilmişdir. Bundan əlavə, birinci instansiya məhkəməsinin qərardadında göstərildiyi kimi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-2(81)-496/2019 saylı qətnaməsindən görünür ki, həmin iş üzrə iddiaçı olmuş “xxxx” şirkəti öz iddia ərizəsində X6 Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(85)-820/2010 nömrəli qiyabi qətnaməsinə istinad etmişdir. Bu isə o deməkdir ki, hələ 2019-cu ilin əvvəllərindən “xxxx” şirkətinin qətnamənin mövcudluğundan xəbəri olmuş və ötən müddət ərzində məhkəməyə rəsmi müraciət edərək, qiyabi qətnaməni almaqla onun ləğvi barədə ərizə vermək imkanına malik olmuş, lakin bu imkandan istifadə etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, qiyabi qətnamənin surəti cavabdehə rəsmi qaydada təqdim edildiyi gündən 10 gün ərzində həmin qətnamənin ləğvi barədə ərizə vermək imkanına malik olduğu halda, ərizə keçən müddət ərzində verilməmişdir. Bundan başqa, cavabdeh tərəf qiyabi qətnamə barədə xx xxxxxxxx 2020-ci il tarixdə “Azkredit” Departamentindən məlumat verildiyinə istinad etsə də, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-2(81)-496/2019 saylı qətnaməsinin surətindən görünür ki, həmin iş üzrə iddiaçı “xxxx” şirkəti İddiaçı ASC-yə qarşı olan iddia ərizəsində məhz X6 Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(85)-820/2020 nömrəli qiyabi qətnaməsinə istinad etmişdir. Bu isə, cavabdehin ən azından xx xxxx 2019-cu il tarixdən əvvəl X6 Məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli, 2(85)-820/2020 nömrəli qiyabi qətnaməsinin mövcudluğundan məlumatlı olduğunu göstərir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı, Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(85)-820/2010 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 398.0.1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-269, 398.0.2, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(85)-820/2010 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Fuad Məmmədov Hakimlər Hökümə Babayeva Məhəmmədəli Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar