Məhkəmə qərarları › İş №2-2(105)-29/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-29/2021

07.05.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-29/2021 07.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, X9 oğlunun katibliyi, iddiaçının nümayəndəsi-vəkili X5 və cavabdehin nümayəndəsi-vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun tutulması tələbi barədə iddiası və cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçınə qarşı borcun silinməsi barədə qarşılıqlı tələbinə dair iddiası üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli 2-2(119)-563/2020 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətlərinə 06-07 may 2021-ci il tarixlərdə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun tutulması tələbi barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən istifadə olunan təbii qaza görə 25 iyul 2019-cu il tarixinədək yaranmış 525611,42 (beş yüz iyirmi beş min altı yüz on bir manat 42 qəpik) manat məbləğində borcun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, İddiaçı 30 yanvar 2018-ci il tarixli 2/625 saylı Müqavilə əsasında cavabdeh “xxxx” MMC-ni təbii qazla təchiz edir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə qeydə alınaraq rəsmiləşdirilmiş və ödənilməsi üçün cavabdehə bildirişlər göndərilmişdir. Cavabdeh istifadə olunan təbii qazın dəyərinin vaxtında ödəniləcəyi barədə üzərinə öhdəlik götürməsinə baxmayaraq, müqavilə öhdəliklərinə əməl etməmiş istifadə olunan təbii qazın dəyərini tam şəkildə ödəməmişdir. Nəticədə cavabdeh “xxxx” MMC-nin 25 iyul 2019-cu il tarixə 525611,42 (beş yüz iyirmi beş min altı yüz on bir manat 42 qəpik) manat borcu yaranmışdır. Mübahisənin məhkəməyədək həll olunması məqsədi ilə İddiaçı X4 müvafiq məktubla pretenziya qaydasında müraciət olunmasına baxmayaraq, cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. Məktubda cavabdehə borcunu ödəməyəcəyi təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Tərəflər arasında imzalanmış 30 yanvar 2018-ci il tarixli 2/625 saylı qazın alqı-satqı müqaviləsinin 3.4-cü bəndinin tələbi cavabdeh tərəfindən pozulmuşdur. Belə ki, Müqavilənin 3.4-cü bəndinə əsasən hesab İstehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra 1 ay müddətində istehlakçı tərəfindən istehlak olunmuş təbii qazın dəyəri bank və ya poçt şöbələri vasitəsi ilə tam ödənilməlidir. Sonda iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 13 noyabr 2019-cu il tarixli e-2-2(085)- 473/2019 nömrəli qiyabi qətnaməsi ilə həmin iddia tələbi təmin edilmiş olsa da, cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin ərizəsi əsasında qəbul edilmiş Sumqayıt Kommersiya Məhkəməsinin 21 avqust 2020-ci il tarixli e-2-2(085)-473/2019 nömrəli qərardadı ilə həmin qiyabi qətnamə ləğv edilərək, işin mahiyyəti üzrə baxılması təzələnmişdir. Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti İddiaçınə qarşı borcun silinməsi tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk İddiaçı ilkin iddiasının rədd edilməsi və qarşılıqlı iddianın təmin edilərək İddiaçı X4 əsassız hesablanmış 745967,20 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti qarşılıqlı iddia ərizəsində qeyd etmişdir ki, “xxxx” MMC özünə məxsus istixanada tərəvəz məhsullarının istehsalı ilə məşğuldur. İstixanada quraşdırılmış qaz sayğacı vasitəsi ilə təbii qazdan istifadə edilir. Bununla bağlı “xxxx” MMC ilə İddiaçı İB arasında qazın alqı-satqısına dair müqavilə bağlanmışdır. İstifadə edilmiş təbii qazın dəyəri həmişə vaxtında ödənilmişdir. Bu günədək ödənişlə bağlı heç bir mübahisə olmamışdır. Lakin, 25 oktyabr 2018-ci ildə İddiaçı İB tərəfindən istixanada quraşdırılmış qaz sayğacı dəyişdirilmiş və bundan sonra həmin gündən başlayaraq qaz sayğacı əvvəlki illərlə müqayisədə 5-6 dəfə çox yazmağa başlamışdır. Bununla bağlı dəfələrlə İddiaçınə müraciət edilmişdir. Müraciətlərdən sonra 13 yanvar 2020-ci il tarixdə istixananın qaz sayğacı dəyişdirilmiş və bundan sonra sayğac əvvəlki kimi normal sərfiyyat yazmağa başlamışdır. Belə ki, 2018-ci ilin noyabr ayında 118688,20 manat, dekabr ayında 211957 manat, 2019-cu ilin yanvar ayında 196023,80 manat, fevral ayında 197889,20 manat və mart ayında 123470,40 manat əsassız borc pul hesablanmışdır. Həmçinin, 2020-ci ilin yanvar ayında “xxxx” MMC-nə səbəbi məlum olmayan 43695,60 manat məbləğində cərimə yazılmışdır. Halbuki həmin ayda sayğac vasitəsi ilə 41222,20 manatlıq təbii qazdan istifadə edilmiş və "İddiaçı" İB tərəfindən “xxxx” MMC-nə bununla bağlı hesab faktura təqdim edilmişdir. Nə qədər cəhd göstərilsə də, cərimənin nəyə əsasən yazıldığını "İddiaçı" İB-nin nümayəndələri izah edə bilməmişlər. Beləliklə, İddiaçı X4 2018-ci ilin noyabr ayından 2020-ci ilin yanvar ayına kimi olan dövrdə “xxxx” MMC-nə əsassız olaraq 891724,20 manat (118688,20+211957+196023,80+197889,20+123470,40+43695,60=891724,20) borc hesablanmışdır. Halbuki, “xxxx” MMC-nin 2017-ci ilin noyabr-2018-ci ilin mart aylarında cəmi 145757 manat qaz sərfiyyatı olmuşdur. Nəticədə “xxxx” MMC-nə 6 dəfədən çox əsassız qaz sərfi hesablanmışdır. “xxxx” MMC-nin həmin dövr üçün real sərfiyyatı əvvəlki illərin sərfiyyatına yaxın ola bilər. Beləliklə, 891724,20-145757=745967,20 manat borc hesablanmışdır. Axı necə ola bilər ki, eyni istixana, cihazları artmayıb, əkin əvvəlki əkin olduğu halda sərfiyyat 6 dəfədən çox artıb. Bu faktı 2020-ci ilin yanvar ayında yeni sayğac quraşdırılandan sonra istixanadakı sərfiyyat da sübut edir. Sayğac dəyişildikdən sonra sərfiyyat azalaraq 2020-ci ilin yanvar ayına 41222,20 manat, fevral ayına 15381,20 manat, mart ayına 7628,80 manat olmuşdur. Göründüyü kimi, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə sərfiyyat 7 dəfədən çox aşağı düşmüşdür. İstənilən energetika sahəsi üzrə mütəxəssis işi araşdırsa hesablanmış borcun reallıqdan uzaq olduğunu asanlıqla müəyyən edə bilər. “Qazdan istifadə qaydaları”nın 4.1-ci bəndinə əsasən Qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Standartlaşdırma Metrologiya və Patent Dövlət Komitəsi tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Həmin qaydaların 5.2-ci bəndinə əsasən Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smartkart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Sumqayıt Kommersiya Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli 2-2(119)-563/2020 saylı qətnaməsi ilə İddiaçı cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” barədə iddia tələbi təmin edilmiş, cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən (abonent kodu **********00000) istifadə olunan təbii qaza görə 25 iyul 2019-cu il tarixinədək yaranmış 525611,42 (beş yüz iyirmi beş min altı yüz on bir manat 42 qəpik) manat məbləğində borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 525641,42 (beş yüz iyirmi beş min altı yüz qırx bir manat 42 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulması, qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçınə qarşı “borcun silinməsi” barədə qarşılıqlı iddia tələbi qismən təmin edilərək, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı X4 qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə (abonent kodu **********00000) əlavə sərfiyyat olaraq 2020-ci ilin yanvar ayında hesablanmış 43695,60 (qırx üç min altı yüz doxsan beş manat 60 qəpik) manat məbləğində borcun silinməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Z.Sadiqov) Həmin qətnamədən İddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qarşılıqlı iddianın qismən təmin edilməsi hissəsində ləğv edilməsini və “xxxx” MMC-nin qarşılıqlı iddiasının tam rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, “xxxx” MMC-yə məxsus istixanaya verilən təbii qazın dəyəri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sayğac göstəricilərinə əsasən müəyyən edilmişdir. Abonent saldosundan da göründüyü kimi qarşılıqlı iddia üzrə silinməsi qət edilmiş 43695,60 manat məbləğində təbii qazın dəyəri istehlakçının istismarında olan Elster G-1600 TRZ EK-280 tipli, 10519515 nömrəli qaz sayğacının elektron tablosunun göstəricilərinə əsasən müəyyən edilmişdir. Azərbaycan Respublikasinin Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən Birliyə ünvanlanmış məktubda da qeyd edilir ki, sənaye qaz sayğacları vasitəsi ilə qazın həcminin hesabatı dövlət reyestrinə düşmüş bütün tip elektron korrektorlu qaz sayğaclarında elektron tablonun göstəricilərinə əsasən aparılır. Göründüyü kimi Dövlət Komitəsi tərəfindən də təsdiq edilmişdir ki, sənaye sayğacları vasitəsi ilə sərf edilən qazın dəyəri elektron tablonun göstəricilərinə əsasən müəyyən edilir. Hazırki vəziyyətdə elektron hissə işləmədiyi üçün istifadə edilmiş qazın dəyəri mexaniki tabloya əsasən müəyyən edilmişdir. Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Hamin qaydanin 4.2. bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Hamin qaydalarin 4.8-ci bəndinə əsasən Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə qətnaməsindən də göründüyü kimi məhkəmə heç bir qanuna, normativ akta əsaslanmadan qaz sayğacının göstəricilərinə əsasən istifadə edilmiş təbii qazın dəyərinin silinməsini qət etmişdir. Həmin qətnamədən cavabdeh “xxxx” MMC apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin şikayət verilmiş hissədə ləğv edilməsini, ilkin iddia tələbinin rədd olunmasını və qarşılıqlı iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qarşılıqlı iddia ərizəsində göstərdiyi dəlilləri göstərmiş və əlavə olaraq qeyd etmişdir ki, Sumqayıt Kommersiya Məhkəməsində mübahisələndirilən məbləğlərə dair mütəxəssis tərəfindən qiymət verilməsi məqsədi ilə ekspertizanın keçirilməsinə dair tərəflərindən verilmiş vəsatət təmin edilməmişdir. Belə olan halda məhkəmə tərəfindən işin hallarının araşdırılması obyektivliyi pozulmuşdur. Məhkəmə tərəfindən İddiaçı “xxxx” MMC-yə münasibətdə qanunsuz hərəkətlərin olunmasının müəyyən edilməsinə baxmayaraq işi hərtərəfli araşdırmamışdır. Məhkəmələr tərəfindən qeyd olunan mötəbər hallara qiymət verilməməsi və qeyd edilən qanunun tələblərini tətbiq etməməsi maddi hüquq normalarının pozulması kimi qiymətləndirilməlidir. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi-vəkili X5 apelyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin qarşılıqlı iddianın qismən təmin edilməsi hissəsində ləğv edilməsini və “xxxx” MMC-nin qarşılıqlı iddiasının tam rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi-vəkili izahat verərək bildirmişdir ki, 25.10.2018-ci il tarixdə İddiaçı X4 fəaliyyətlərində olan istixanada quraşdırılmış qaz sayğacının yeri dəyişdirilmişdir. Həmin vaxtı qazın sərfiyyatı ən azından 5-6 dəfə artmağa başlamışdır. Qaz sayğacından əvvəl olan tənzimləyici qurğunu qaz sayğacından sonraya dəyişdirmişlər. Yüksək təzyiqlə gələn qaz birbaşa sayğaca daxil olmuşdur. Layihədə isə tənzimləyici sayğacdan əvvələ olmalıdır və yüksək sürətlə gələn qazı tənzimləməlidir. Sonra isə qaz istixananın istismarına verilir. Göründüyü kimi pozuntu halı baş vermişdir. 2018-ci ilin oktyabrından qaz sayğacının yeri dəyişdiridikdən sonra 2018-ci ilin noyabr ayında 118688 manat, dekabr ayında 211957 manat, yanvar ayında 196023 manat, fevralda 197889 manat, mart ayında isə 123470 manat əsassız borc hesablanmışdır. Hesab edir ki, borcun yaranmasına səbəb sayğacın tənzimləyicisinin yerinin dəyişməsidir. Borcun yarandığı tarixlərlə əvvəlki tarixləri müqayisə etdikdə görünür ki, dəfələrlə az borc hesablanmışdır. Bu barədə onlar bir neçə dəfə şikayət etdikdən sonra yenidən 2020-ci ilin yanvar ayında sayğacın yeri dəyişdirilmiş və sərfiyyat normal vəziyyətə düşmüşdür. Cavabdehin nümayəndəsi-vəkili birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilkin iddia tələbinin rədd olunmasını və qarşılıqlı iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iş üzrə tərəflərin nümayəndələrinin izahatını, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı apelyasiya şikayəti təmin edilməməli, cavabdeh “xxxx” MMC-nin apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməlidir. İş materiallarında olan İddiaçı X4 məhkəməyə təqdim olunmuş istehlakçı “xxxx” MMCnin adına tərtib edilmiş və 26 oktyabr 2020-ci ildə çap edilmiş Abonentin Saldosu (abonent kodu **********00000) ilə müəyyən olunur ki, abonent “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin təbii qazdan istifadəyə görə 25 iyul 2019-cu il tarixinə 525611,42 manat məbləğində borc qalığı olsa da, 26 oktyabr 2020-ci il tarixinə istehlak edilən təbii qazın dəyərinin ödənilməmiş hissəsi olaraq cəmi 576871,42 manat məbləğində borcu yaranmışdır. İddiaçı iddia tələbinin əsası odur ki, “xxxx” MMC-nin 25 iyul 2019-cu il tarixə təbii qazdan istifadəyə görə 525611,42 manat borcu yaranmış və iddiaçı tərəfindən müvafiq məktubla pretenziya qaydasında müraciət olunmasına baxmayaraq, cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. Cavabdeh “xxxx” MMC-nin qarşılıqlı iddia tələbinin və apelyasiya şikayətinin əsas dəlili isə ondan ibarətdir ki, 25 oktyabr 2018-ci ildə İddiaçı İB tərəfindən özünə məxsus istixanada quraşdırılmış qaz sayğacı dəyişdirilmiş və bundan sonra həmin gündən başlayaraq qaz sayğacı əvvəlki illərlə müqayisədə 5-6 dəfə çox yazmağa başlamışdır. Bununla bağlı dəfələrlə İddiaçınə müraciət edilmiş və müraciətlərdən sonra 13.01.2020-ci il tarixdə istixananın qaz sayğacı dəyişdirilmiş və bundan sonra sayğac əvvəlki kimi normal sərfiyyat yazmağa başlamışdır. Qeyd olunan hallarla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan “xxxx” MMC-nin adına tərtib edilmiş Abonentin Saldosu ilə müəyyən olunur ki, “xxxx” MMCyə məxsus istixanada quraşdırılmış qaz sayğacının göstəricisinə əsasən qazın sərfiyyatı 2018-ci ilin noyabr ayından 2019-cu ilin aprel ayınadək əvvəlki dövrlərə nisbətən 5-6 dəfə artmışdır. Belə ki, 2018-ci ilin noyabr ayında 593441 m3 (118688,20 manat), dekabr ayında ******* m3 (211957 manat), 2019-cu ilin yanvar ayında 980119 m3 (196023,80 manat), fevral ayında 989446 m3 (197889,2 manat) və mart ayında 617352 m3 (123470,40 manat) qaz sərfiyyatı qeyd olunmuşdur. 2019-cu ilin aprel ayından 2020-ci ilin yanvar ayınadək “xxxx” MMC tərəfindən təbii qazdan istifadə edilməmişdir. 2020-ci ilin yanvar ayından isə yenidən təbii qazdan istifadəyə başlanılmış və sərf edilən qaz həcmi mübahisəli dövrə nisbətdə dəfələrlə azalmışdır. İş materiallarında olan 30.01.2018-ci il tarixli, 2/625 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”yə əsasən istehlakçı “xxxx” MMC-yə məxsus istixanaya G-650 tipli qaz sayğacının və 2 ədəd suqızdırıcı qazanların quraşdırılması nəzərdə tutulmuşdur. Həmin alqı-satqısı müqaviləsinin 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə qazın qiyməti Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən tənzimlənən tarifə əsasən, hər 1 (bir) m3 üçün 0.20 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan 09.03.2018-ci il tarixli Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı aktın surətindən görünür ki, cavabdehə məxsus qaz xəttinin üzərindən G-1600 markalı, 10516024 saylı sayğac çıxarılmış, müvəqqəti qaz təminatı G-1600 markalı 10519515 saylı sayğac vasitəsilə bərpa olunmuşdur. Həmçinin iş materiallarında olan 13.01.2020-ci il tarixli Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı aktın surətindən görünür ki, abonentin şəxsi vəsaiti hesabına cavabdehə məxsus sayğac qaz xəttindən açılaraq növbədənkənar dövlət yoxlamasına aparılmış, sayğac dövlət yoxlamasından qayıtdıqdan sonra başqa qaz xətti üzərində quraşdırılacaqdır. Məhkəmə kollegiyası tərəfindən qazın real sərfıyyatını və istehlak edilən təbii qazın dəyərini müəyyən etmək üçün məhkəmə mühəndis-texniki və mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması təbii qaz satışına dövlət nəzarətini həyata keçirən Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin və elektron korrektor vasitəsi ilə qazın hesabatını nəzərə alaraq həmin korrektorların elektron hissələrinin istehsalı ilə məşğul olan “xxxx” MMC-nin mütəxəssislərinin iştirakı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/612, 9/1146 nömrəli ekspert rəyindən görünür ki, 29 mart 2021-ci il tarixdə ekspertin, tərəflərin, X1 Agentliyinin və “xxxx” MMC-nin mütəxəssislərinin iştirakı ilə “xxxx” MMC-yə məxsus istixanada quraşdırılmış qaz qəbuledicilərinə (cihazlara) baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, “xxxx” MMC-yə məxsus istixananın içərisindəki qazanxanada 2 ədəd eyni «Yalım» markalı qazanların quraşdırıldığı müəyyən edilmişdir. Qazanların odluq hissələrində İtaliya istehsalı olan «F.B.R.» markalı K350/M tipli odluqlar (forsunkalar) quraşdırılmışdır. Qazanların gövdələrinin üzərində olan texniki göstəriciləri əks etdirilmiş lövhəciklərdə (birkalarda) birinci qazanın gücü 4650 kw, ikinci qazanın gücü isə 5914 kw-dır. İş materiallarında olan 30.01.2018-ci il tarixli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”dən görünür ki, istehlakçıda G-250 markalı qaz sayğacının və 2 ədəd suqızdırıcı qazanların quraşdırılması nəzərdə tutulmuşdur. Beynəlxalq vahidlər sisteminə görə 10,28 kw enerjinin alınması üçün 1 m3 təbii qazın yanmasının sərf olunduğunu nəzərə aldıqda birinci qazanın saatlıq qaz sərfiyyatı 452,4 m3 (4650 kw /10,28 kw = 452,4 m3), ikinci qazanın saatlıq qaz sərfiyyatı isə 507,2 m3-dir. (5914 kw /10,28 kw = 507,2 m3). Hər iki qazanın saatlıq qaz sərfiyyatı isə 959,6 m3-dir. (507,2 m3 +452,4 m3 = 959,6 m3) Ekspertizaya əlavə materiallarla məktubdan görünür ki, istixanada qazanlar aylar üzrə fərqli iş rejimində işləmişlər. Belə ki, qazanlar gün ərzində 2018-ci ilin noyabr ayında 4-5 saat, 2018-ci ilin dekabr ayında 4,5-5,5 saat, 2019-cu ilin yanvar ayında 5- 6 saat, fevral ayında 4,5-5,5 saat, mart ayında isə 3,5-4,5 saat işləmişlər. Belə olan halda, “xxxx” MMC-yə məxsus istixananın yerləşdiyi Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsinin ərazisindəki istixanalarda quraşdırılmış qazanların maksimal saatlıq qaz sərfiyyatının 959,6 m3/saat olduğunu nəzərə aldıqda, 2018-ci ilin noyabr ayı üçün maksimal qaz sərfiyyatı 143940 m3 (959,5 m3/saat x 5 saat x 30 gün = 143940 m3), 2018-ci ilin dekabr ayı üçün maksimal qaz sərfiyyatı 163611,8 m3 (959,5 m3/saat x 5,5 saat x 31 gün = 163611,8 m3), 2019-cu ilin yanvar ayı üçün maksimal qaz sərfiyyatı 178486,6 m3 (959,5 m3/saat x 6 saat x 31 gün = 178486,6 m3), 2019-cu ilin fevral ayı üçün maksimal qaz sərfiyyatı 147778,4 m3 (959,5 m3/saat x 5,5 saat x 28 gün = 147778,4 m3), 2019-cu ilin mart ayı üçün maksimal qaz sərfiyyatı 133864,2 m3 (959,5 m3/saat x 4,5 saat x 31 gün = 133864,2 m3) təşkil edir. Ekspert rəyinə əsasən 2018-ci ilin noyabr ayı üçün artıq hesablanmış sərfiyyat 449501 m3 (593441 m3 - 143940 m3 = 449501 m3), 2018-ci ilin dekabr ayı üçün artıq hesablanmış sərfiyyat 896173,2 m3 (1059785 m3 - 163611,8 m3 = 896173,2 m3), 2019-cu ilin yanvar ayı üçün artıq hesablanmış sərfiyyat 801633,2 m3 (980119 m3 - 178485,8 m3 = 801633,2 m3), 2019-cu ilin fevral ayı üçün artıq hesablanmış sərfiyyat 841667,6 m3 (989446 m3 – 147778,4 m3 = 841667,6 m3) 2019-cu ilin mart ayı üçün artıq hesablanmış sərfiyyat 483487,8 m3 (617352 m3 – 133862,2 m3 = 483487,8 m3) təşkil etmişdir. Beləliklə, 2018-ci ilin noyabr, dekabr, 2019cu ilin yanvar, fevral və mart ayları üzrə cəmi 3472462,8 m3 artıq sərfiyyat hesablanmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyinə əsasən iddiaçıya məxsus istixanada quraşdırılmış qazanların maksimal saatlıq qaz sərfiyyatını nəzərə aldıqda, eyni zamanda yeni quraşdırılmış sayğacın göstəricisi ilə əvvəlki sayğacın göstəriciləri arasında fərqin böyük olması qaz sayğacının qüsurla işlədiyinə dəlalət edir. Bundan başqa 30.01.2018-ci il tarixli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”yə əsasən “xxxx” MMC-nin istifadəsi üçün qarşılıqlı olaraq G-650 tipli qaz sayğacı müəyyən edilmişdir. Lakin İddiaçı İB-yi birtərəfli qaydada müqavilədə nəzərdə tutulmayan G-1600 tipli qaz sayğacı quraşdırmış və mübahisəli dövr ərzində həmin sayğacdan istifadə edilmişdir. İddiaçı İB tərəflər arasında bağlanmış 30.01.2018-ci il tarixli müqaviləyə əlavə və ya dəyişiklik edilmədən G-650 tipli qaz sayğacının daha iri həcmli G-1600 tipli qaz sayğacı ilə əvəz edilməsinin hüquqi əsasını göstərə bilməmişdir. Abonentin Saldosundan isə görünür ki, sonradan 2020-ci ilin yanvar ayında artıq G-250 tipli qaz sayğacı quraşdırılmış və bundan sonra sərf edilən qazın həcmi mübahisəli dövrə nisbətdə əvvəlki vəziyyətə düşmüşdür. Göründüyü kimi “xxxx” MMC-yə məxsus istixanada qaz sayğacı dəyişdirilərək tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulmayan sayğac quraşdırıldıqdan sonra onun qüsurla işləməsi nəticəsində 2018-ci ilin noyabr, dekabr, 2019-cu ilin yanvar, fevral və mart ayları üzrə cəmi 3472462,8 m3 (3472462,8 m3 x 0.20 = 694492,56 manat) artıq sərfiyyat hesablanmışdır. Qarşılıqlı iddia ərizəsində silinməsi tələb olunan borcun 43695,60 manat hissəsi isə əlavə sərfiyyat (Akt) əsasında hesablanmış məbləğdir. Yəni, qarşılıqlı iddia ərizəsi ilə silinməsi tələb olunan 745967,20 manat borcun 43695,60 manat hissəsi əlavə sərfiyyat olaraq hesablanmışdır. Lakin, əlavə sərfiyyat olaraq 2020-ci ilin yanvar ayında ümumi borca daxil edilmiş 43695,60 manat məbləğində əlavə sərfiyyat kimi hesablanmış borcun yaranma əsasları İddiaçı X4 əsaslandırılmamış, borca dair sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərinə görə bu halı, yəni “əlavə sərfiyyat olaraq 2020-ci ilin yanvar ayında 43695,60 manat məbləğində hesablanan borcun” yaranma əsaslarının qanuniliyini sübut etmək vəzifəsi paylayıcının üzərinə düşür. Məhkəmə kollegiyası toplanmış sübutları müqayisəli surətdə tədqiq edib və işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, cavabdehə məxsus istixanada quraşdırılmış qaz sayğacının dəyişdirilməsi nəticəsində artıq hesablanmış 738188,16 manat (694492,56 + 43695,60 =738188,16) borc “xxxx” MMC-dən tutula bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smartkart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün əsasdır. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında da (“Delcourt Belçikaya qarşı” iş üzrə 17.01.1970-ci il tarixli, “Piersack Belçikaya qarşı” iş üzrə 01.10.1982-ci il tarixli, “X7rşı” iş üzrə 26.10.1984-cü il tarixli qərarları) ifadə olunmuş mövqeyinə görə “ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyasının qənaətinə görə mübahisənin hazırki formada həlli onun mahiyyətinə ədalətli yanaşmanın nəticəsi kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, İddiaçı apelyasiya şikayəti təmin edilməməli, cavabdeh “xxxx” MMC-nin apelyasiya şikayəti qismən təmin edilməklə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq İddiaçı cavabdeh “xxxx” MMC-nə qarşı borcun tutulması barədə iddia tələbi təmin edilməməli, qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçınə qarşı borcun silinməsi barədə qarşılıqlı iddia tələbi qismən təmin edilməli, İddiaçı X4 əsassız hesablanmış 738188,16 manat borc silinməlidir. Eyni zamanda iş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 102 (yüz iki) manat məbləğində ekspertiza xərci iş üzrə cavabdeh “xxxx” MMC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.2, 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Cavabdeh “xxxx” MMC-nin apelyasiya şikayəti qismən təmin edilsin Sumqayıt Kommersiya Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli 2-2(119)-563/2020 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh “xxxx” MMC-nə qarşı borcun tutulması barədə iddia tələbi təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçınə qarşı borcun silinməsi barədə qarşılıqlı iddia tələbi qismən təmin edilsin. İddiaçı X4 “xxxx” MMC-nə əsassız hesablanmış 738188,16 (yeddi yüz otuz səkkiz min yüz səksən səkkiz manat on altı qəpik) manat borc silinsin. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 102 (yüz iki) manat məbləğində ekspertiza xərci iş üzrə cavabdeh “xxxx” MMC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********; Hesab AZ34CTRE**********0002088501, X3, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin kommersiya kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim Səadət Bəktaşi Hakimlər Telman Quliyev Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar