Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-3/2022 17.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Tahirova Lətafət Almazxan qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borc, borcun ipoteka və girov predmetlərinə yönəldilməsi tələbinə dair ilk iddia ərizəsi və Cavabdeh3 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı zaminliyə xitam verilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi barədə iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-257/2021 saylı, 07 aprel 2021-ci il tarixli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-257/2021 saylı, 07 aprel 2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbinin qismən təmin edilməsi, İddiaçı ASC ilə "xxxx" MMC arasında bağlanmış 20 iyun 2016-cı il tarixli, 108050-1-4174/6/2 saylı kredit müqaviləsi üzrə 1.018.968,02 manat məbləğində əsas borc, 103.413,50 manat məbləğində faiz borcu və 10.000 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 1.132.381,52 (bir milyon yüz otuz iki min üç yüz səksən bir manat əlli iki qəpik) manat məbləğində pulun, həmçinin 30 manat məbləğində məhkəmə üçün və 30 manat ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş cəmi 60 manat məbləğində dövlət rüsumunun müştərək qaydada "xxxx" MMC, "xxxx" MMC-dən və Cavabdeh3 İddiaçı ASCnin xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan ünvan 1 ünvanında 0,55539 ha torpaq sahəsində yerləşən 757,4 kv.m ümumi sahədən ibarət əmlak kompleksinə yönəldilməsi, həmin əmlak kompleksinin ilkin satış qiymətinin 1.500.000 (bir milyon beş yüz min) manat məbləğində müəyyən olunmaqla açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin İddiaçı ASC-yə ödənilməsi, daşınmaz əmlaka tutma yönəldildikdən və əmlak satıldıqdan sonra əmlak kompleksinin boşaldılması, cavabdehlərdən tutulmalı olan məbləğin İddiaçı ASC ilə "xxxx" MMC arasında bağlanmış 13 mart 2015-ci il tarixli, 108050-3-195 saylı “Dövriyyədəki malların girov müqaviləsi”nə əsasən "xxxx" MMC-nin mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən mağazada girov qoyanın birbaşa (vasitəsiz) sahibliyində saxlanılan, müqavilənin 1 saylı əlavəsində göstərilən dövriyyədə olan mallara yönəldilməsi, həmin malların açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin İddiaçı ASC-yə ödənilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 345 (üç yüz qırx beş) manat məbləğində pul vəsaitinin müştərək qaydada cavabdehlər "xxxx" MMC, "xxxx" MMC-dən və Cavabdeh3 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh3 İddiaçı ASC-yə qarşı “zaminliyə xitam verilməsi tələbinə” dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. (hakim Zahid Məmmədov) Qətnamədən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: İddiaçı ASC cavabdehlər "xxxx" MMC-yə, "xxxx" MMC-yə və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borc tələbi, borcun ipoteka və girov predmetlərinə yönəldilməsi tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə "xxxx" MMC arasında bağlanmış 20 iyun 2016-cı il tarixli, 108050-1-4174/6/2 saylı kredit müqaviləsi üzrə 10.01.2018-ci il tarixə banka borclu olduğu 1.018.968,02 (bir milyon on səkkiz min doqquz yüz altmış səkkiz manat, 02 qəpik) manat məbləğində əsas borc, 103.413,50 (yüz üç min dörd yüz on üç manat 50 qəpik) manat məbləğində faiz borcu, 100.572 (yüz min beş yüz yetmiş iki) manat məbləğində cərimə borcu, ümumilikdə isə 1.222.953,52 (bir milyon iki yüz iyirmi iki min doqquz yüz əlli üç manat 52 qəpik) manat məbləğində pulun, həmçinin, 30 (otuz) manat məbləğində məhkəmə üçün və 30 (otuz) manat ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş cəmi 60 (altmış) manat məbləğində dövlət rüsumunun müştərək qaydada "xxxx" MMC, "xxxx" MMC və Cavabdeh3 İddiaçı ASC-nin xeyrinə tutulması, ipoteka predmetinin ilkin satış qiymətini müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən etməklə cavabdehlərdən tutulmalı olan məbləği Bank qarşısında ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 0,55539 ha torpaq sahəsində yerləşən 757,4 kv.m ümumi sahəsindən ibarət əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, daşınmaz əmlakın açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin İddiaçı ASC-yə ödənilməsi, daşınmaz əmlaka tutma yönəldildikdən və əmlak satıldıqdan sonra əmlakın boşaldılması, cavabdehlərdən tutulmalı olan məbləğin İddiaçı ASC ilə "xxxx" MMC arasında bağlanmış 13 mart 2015-ci il tarixli, 108050-3-195 saylı “Dövriyyədəki malların girov müqaviləsi”nə əsasən "xxxx" MMCnin mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən mağazada girov qoyanın birbaşa (vasitəsiz) sahibliyində saxlanılan, bu müqavilənin 1 saylı əlavəsində göstərilən dövriyyədə olan mallara yönəldilməsi, həmin malların açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsində göstərilir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət arasında bağlanmış 30.10.2012-ci il tarixli, 108050-1-4174 saylı “Baş kredit razılaşması” əsasında bank "xxxx" MMC-yə 120 ay müddətinə 5.000.000 ABŞ dolları məbləğində kredit xətti açmışdır. Tərəflər arasında bağlanmış “Baş kredit razılaşması”nın şərtlərinə uyğun olaraq bank ilə "xxxx" MMC arasında bağlanmış 13 mart 2015-ci il tarixli, 108050-1-4174/5 saylı “Kommersiya krediti müqaviləsi”nə əsasən "xxxx" MMC-yə cari fəaliyyətinin maliyələşdirilməsi məqsədi üçün illik 14 faiz hesablanması şərti ilə 60 ay müddətinə 600.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Bank ilə "xxxx" MMC arasında bağlanmış 13 mart 2015-ci il tarixli, 108050-1-4174/6 saylı “Bərpa olunan kredit xətti müqaviləsi”nə əsasən "xxxx" MMC-yə investisiya məqsədi üçün istifadə edilmiş məbləğə illik 14 faiz hesablanması şərti ilə 60 ay müddətinə 200.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bundan başqa, bank ilə "xxxx" MMC arasında bağlanmış “13.03.2015-ci il tarixli, 108050-1-4174/6 saylı “Bərpa olunan kredit xətti müqaviləsi”nə dəyişiklik və əlavələr edilməsi barədə” 22 yanvar 2016-cı il tarixli, 1 saylı razılaşmaya əsasən bank tərəfindən kredit alana 100.000 ABŞ dolları məbləğində bərpa olunan kredit xətti açılmışdır. Daha sonra, bank ilə "xxxx" MMC arasında bağlanmış “13.03.2015-ci il tarixli, 108050-1-4174/6 saylı “Bərpa olunan kredit xətti müqaviləsi”nə və 13.03.2015-ci il tarixli, 108050-1-4174/5 saylı “Kommersiya krediti müqaviləsi”nə dəyişiklik və əlavələr edilməsi barədə” 24 may 2016-cı il tarixli, 1 saylı Razılaşmaya əsasən "xxxx" MMC-nin Banka 24.05.2016-cı il tarixə hər iki kredit müqaviləsi üzrə mövcud olan borcu kapitallaşdırılmış və "xxxx" MMC cəmi 702.494,73 ABŞ dolları məbləğində borcu illik 10 faiz hesablanması şərti ilə 60 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Daha sonra, bank ilə "xxxx" MMC arasında bağlanmış “13.03.2015-ci il tarixli, 108050-1-4174/6 saylı “Bərpa olunan kredit xətti müqaviləsi”nə və 13.03.2015-ci il tarixli, 108050-1-4174/5 saylı “Kommersiya krediti müqaviləsi”nə dəyişiklik və əlavələr edilməsi barədə” 20 iyun 2016-cı il tarixli 2 saylı razılaşmaya əsasən "xxxx" MMC-nin 20.06.2016-cı il tarixə banka mövcud olan borcu Azərbaycan Respublikası Mərkəzi Bankının həmin tarixə mövcud olan məzənnə ilə (ABŞ dollarından 1,5245 məzənnə ilə manata) konvertasiya edilərək 1.070.953,22 manat məbləğində müəyyən edilmiş və "xxxx" MMC illik 18 faiz hesablanması şərti ilə 59 ay müddətinə kredit məbləğinin qaytarılmasını öhdəsinə götürmüşdür. Bank tərəfindən verilmiş və “Baş kredit razılaşması”na əsasən kredit müqavilələrinin təminatı kimi bank ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 30.10.2012-ci il tarixli, 108238-NEDVİJ-474 saylı “Daşınmaz əmlak ipoteka müqaviləsi”nə əsasən “Baş kredit razılaşması” üzrə "xxxx" MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə xüsusi mülkiyyət hüququ ilə "xxxx" MMC-yə məxsus olan ünvan 1 ünvanında yerləşən 0,55539 ha torpaq sahəsində yerləşən 757,4 kv.m. ümumi sahəsindən ibarət əmlak kompleksi kimi müəssisə bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Eyni zamanda, “Baş kredit razılaşması” üzrə "xxxx" MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə "xxxx" MMC 30 oktyabr 2012-ci il tarixli, 108238-G_RAN- 39 saylı “Zaminlik müqaviləsi” əsasında "xxxx" MMC-nin bank qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Həmçinin, “Baş kredit razılaşması” üzrə "xxxx" MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh3 31 oktyabr 2012-ci il tarixli, 108237-7-2820 saylı “Zaminlik müqaviləsi” əsasında "xxxx" MMC-nin bank qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Bundan əlavə, verilmiş kreditin təminatı üsulu kimi, bankla "xxxx" MMC arasında bağlanmış 13 mart 2015-ci il tarixli, 108050-3-195 saylı “Dövriyyədəki malların girov müqaviləsi”nə əsasən "xxxx" MMCnin mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən mağazada girov qoyanın birbaşa sahibliyində saxlanılan, bu müqavilənin 1 saylı əlavəsində göstərilən dövriyyədə olan mallar bankın xeyrinə girov qoyulmuşdur. İddia tələbi onunla əsaslandırılır ki, borclu "xxxx" MMC üzərinə götürdüyü kredit öhdəliklərini 20.04.2017-ciil tarixdən icra etməmiş və nəticədə cavabdehin banka 1.018.968,02 manat məbləğində əsas borc, 103.413,50 manat məbləğində faiz borcu, 100.572 manat məbləğində cərimə borcu, ümumilikdə isə 1.222.953,52 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək, pozulmasına yol verməmək kredit alanın vəzifəsidir. İddia ərizəsində iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 739.1, 442, 385.1 və 462.1-ci maddələrinə istinad edilmişdir. Bank ilə "xxxx" MMC və Cavabdeh3 arasında bağlanmış zaminlik müqavilələrinin tələbinə görə “Kredit alan” kredit müqaviləsinə əsasən üzərinə düşən öhdəliyi lazımınca icra etmədikdə, “Zamin” “Kredit alan” ilə birlikdə bank qarşısında kredit məbləğinin, hesablanacaq faizlərin, dəbbə pulunun və icranın gecikdirilməsi ilə vurulmuş zərərin ödənilməsi üçün birgə məsuliyyət daşıyırlar. İddia ərizəsində Mülki Məcəllənin 472-ci maddəsinə istinad edilməklə göstərilir ki, tərəflər arasında bağlanmış müqavilələrinin və qanunvericiliyin tələblərinə əsasən "xxxx" MMC, "xxxx" MMC və Cavabdeh3 bank qarşısında birgə məsuliyyət daşıyırlar. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə "xxxx" MMC, "xxxx" MMC və Cavabdeh3 dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da, qeyd olunan kredit müqaviləsinin şərtləri onlar tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Eyni zamanda, bank ilə "xxxx" MMC arasında bağlanmış 30 oktyabr 2012-ci il tarixli, 108238-NEDVİJ-474 saylı “Daşınmaz əmlak ipoteka müqaviləsi”nə əsasən borc alan kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə, ipoteka saxlayanın ipoteka predmetlərinə ödəniş yönəltmək hüququ vardır. Bank ilə "xxxx" MMC arasında bağlanmış 13 mart 2015-ci il tarixli, 108050-3-195 saylı “Dövriyyədəki malların girov müqaviləsi”nə əsasən borc alan kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə, girov saxlayanının tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyalara yönəldilməlidir. Belə ki, cavabdehlər "xxxx" MMC, "xxxx" MMC və Cavabdeh3 kredit müqavilələri üzrə borcu qaytarmalı olduqlarına dair vəzifələrini icra etməmələri nəticəsində bank məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumları ödəməklə əlavə zərər çəkmişdir. İddiaçı hesab edir ki, dövlət rüsumları da, cavabdehlər "xxxx" MMC, "xxxx" MMC və Cavabdeh3 tutulmalıdır. Daha sonra ilkin iddia üzrə Cavabdeh3 İddiaçı ASC-yə qarşı zaminliyə xitam verilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASCnin "xxxx" MMC, "xxxx" MMC və ona qarşı iddia tələbinin qismən, zamin kimi ona qarşı hissəsinin təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilərək, İddiaçı ASC ilə "xxxx" MMC arasında bağlanmış 30.10.2012-ci il tarixli “Baş kredit razılaşması” üzrə onun zaminliyinə xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, bankla onun arasında bağlanmış 31.10.2012-ci il tarixli, 108237-7-2820 saylı “Zaminlik müqaviləsi”nin predmeti bankla borcalan "xxxx" MMC arasında bağlanmış 30.10.2012-ci il tarixli, 108050-1-4174 saylı “Baş kredit razılaşması”ndan irəli gələn öhdəliklərin təminatıdır. Sözügedən “Baş kredit razılaşması”nın məzmunundan göründüyü kimi, həmin razılaşma ilə bank “Kredit alan”a 120 ay mddətinə, 5 000.000 ABŞ dolları məbləğində kredit xətti açır. Bu razılaşma bankın “kredit alan”a kredit vermək öhdəliyini ifadə etmir və 2.6-cı bənd nəzərə alınaraq kredit(lər) bu razılaşma əsasında tərəflər arasında “Kredit müqaviləsi” və “Bank qarantiyasının verilməsinə dair razılaşma”, o cümlədən bərpa olun(may)an kredit xətti müqavilələri formasında bağlanmış müqavilələr və razılaşmalar əsasında veriləcək. “Baş kredit razılaşması”nın 2.3-cü bəndində göstərilir ki, verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan və bu razılaşmanın ayrılmaz tərkib hissəsi olan kredit müqaviləsi(ləri) ilə müəyyən edilir. Göründüyü kimi, “Baş kredit razılaşması”nda bank tərəfindən “kredit alan”a kredit verilməsi öhdəliyi götürülmür, gələcəkdə veriləcək kreditlərin ayrıca bağlanacaq kredit müqavilələri ilə verilməsi nəzərdə tutulur. Baş kredit razılaşmasında konkret olaraq verilməsi razılaşdırılan kredit məbləği, faiz dərəcəsi, müddəti, qaytarılma şərtləri, ödəniş qrafiki və s. kredit müqaviləsi üçün əsas sayılan şərtlər nəzərdə tutulmamışdır. 31.10.2012-ci il tarixli 108237-7-2820 saylı “Zaminlik müqaviləsi” isə yalnız - bankla borcalan "xxxx" MMC arasında bağlanmış 30.10.2012-ci il tarixli, 108050-1-4174 saylı “Baş kredit razılaşması”ndan irəli gələn öhdəliklərin təminatı kimi nəzərdə tutulmaqla, həmin tarixdə və ondan sonra bankla “kredit alan” arasında bağlanılmış “kredit müqavilə”ləri və onlara əlavə və dəyişikliklər edilməsinə dair heç bir razılaşmada nəzərdə tutulan öhdəliklərin təminatı deyildir. Həmçinin, nəzərə alınmalıdır ki, bankla “kredit alan” müəssisə arasında bağlanmış 13.03.2015-ci il tarixli kredit müqavilələri və həmin müqaviləyə əlavə və dəyişikliklərə dair 24.05.2016-cı il tarixli və 20.06.2016-cı il tarixli, 1 saylı və 2 saylı razılaşmalardan Cavabdeh3 məlumatı olmamış, həmin müqavilə və razılaşmalarda "xxxx" MMC-nin üzərinə götürdüyü öhdəliklərə Cavabdeh3 zamin olmamışdır. Məhz bankla "xxxx" MMC arasında bağlanmış 13.03.2015-ci il tarixli kredit müqavilələrində bank tərəfindən verilən kreditin məbləği, faiz dərəcəsi, qaytarılma müddəti və şərtləri müəyyənləşdirilmiş, sonradan həmin müqavilələrə dair 1 saylı və 2 saylı razılaşmalarda kreditin qaytarılması şərtlərində dəyişikliklər edilmiş, qaytarılma müddəti uzadılmış, faiz dərəcəsi artırılmış və s. mühüm şərtlər dəyişdirilmişdir. Bütün bu dəyişiklik və əlavələr isə onun iştirakı, məlumatı və razılığı olmadan bankla “kredit alan” arasında bağlanmış razılaşmalarda öz əksini tapdığından, Mülki Məcəllənin müvafiq müddəalarına əsasən, o zamin olaraq “kredit alan”ın bank qarşısında sözügedən kredit müqaviləsi və razılaşmalarla götürdüyü öhdəliklərə görə məsuliyyət daşımır. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyəti birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayət verərək, qətnamənin ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt Kommersiya Məhkəməsinin 07 aprel 2021-ci il tarixli 2-2(119)-257/2021 saylı qətnaməsi mahiyyəti üzrə düzgün olsa da, ipoteka predmetinin ilkin satış qiymətinin düzgün müəyyən edilməməsi ilə qəbul edilmişdir. Bu səbəbdən də, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməli və yenidən müəyyən olunmalıdır. Birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini müəyyən edərkən, "xxxx" MMC-nin 24 sentyabr 2020-ci il tarixli M206/20 saylı qiymətləndirmə hesabatını əsas götürmüşdür. Hesab edirik ki, ipoteka predmeti olan qeyriyaşayış sahəsinin dəyəri qiymətləndirici tərəfindən artıq dərəcədə yüksək müəyyən olunmuş və reallığı əks etdirmir, həmin hesabat qeyri-obyektiv və qərəzlidir. Bu səbəbdən də, “Dominant Konsaltinq’’ MMC-nin qiymətləndirmə hesabatı tamamilə əsassızdır. Həmin hesabat ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması üçün mötəbər sübut kimi qəbul oluna bilməz. Belə ki, tərəflər arasında bağlanmış 30 oktyabr 2012-ci il tarixli 108238-NEDVİJ-474 saylı “Daşınmaz əmlakın ipoteka müqaviləsi”nin 3.5-ci bəndinə əsasən ipoteka predmeti olan ünvan 2 ünvanında 0,55539 ha torpaq sahəsində yerləşən 757,4 kv.m. ümumi sahəsindən ibarət əmlak kompleksi 1.526.912 ABŞ dolları məbləğində, yəni həmin dövrün məzənnəsinə uyğun olaraq 1.190.991,36 manat (1.526.912 ABŞ dolları x 0,78 manat=1.190.991,36 manat) məbləğində qiymətləndirilmişdir. Tərəflər arasında bağlanmış “30.10.2012-ci il tarixli 108238-NEDVİJ-474 saylı ipoteka müqaviləsinə” 24 may 2016-cı il tarixli 1 saylı əlavəyə əsasən ipoteka predmeti olan ünvan 2 ünvanında 0,55539 ha torpaq sahəsində yerləşən 757,4 kv.m ümumi sahəsindən ibarət əmlak kompleksi 1.200.000 manat məbləğində qiymətləndirilmişdir. Bankın “Girovların qiymətləndirilməsi və monitorinqi şöbəsi”nin qiymətləndirici şirkət "xxxx" MMC ilə birgə tərtib etdiyi 10 yanvar 2020-ci il tarixli ekspert rəyinə əsasən ipoteka predmeti olan ünvan 2 ünvanında 0,55539 ha torpaq sahəsində yerləşən 757,4 kv.m ümumi sahəsindən ibarət əmlak kompleksinin dəyəri 700.000 manat məbləğində müəyyən olunmuşdur. Bundan başqa, məhkəmə araşdırması zamanı İddiaçı ASC tərəfindən apellyasiya instansiyası məhkəməsinə təqdim olunmuş müstəqil qiymətləndirici "xxxx" MMC-nin 04 may 2020-ci il tarixli ƏEM/M 01- 210/20 saylı qiymətləndirmə hesabatına əsasən "xxxx" MMC-yə məxsus olan ünvan 2 ünvanında xüsusi mülkiyyətdə olan 0,55539 ha üzərində yerləşən, ümumi sahəsi 757,4 kv.m təşkil edən əmlak kompleksi kimi müəssisənin 04.05.2020-ci il tarixə bazar dəyəri 826.000 manat məbləğində müəyyən olunmuşdur. Göründüyü kimi, ipoteka predmeti olan qeyri-yaşayış sahəsinin likvid dəyəri "xxxx" MMC-nin qiymətləndirmə hesabatında həddindən yüksək göstərilmiş və reallığı əks etdirmir, bu hesabat tamamilə əsassızdır. Belə ki, ölkədə baş vermiş devalvasiya nəticəsində daşınmaz əmlakın qiyməti ildən ilə kəskin şəkildə aşağı düşmüşdür. Bu səbəbdən, "xxxx" MMC-nin qiymətləndirmə hesabatında göstərilmiş daşınmaz əmlakın likvid dəyəri həqiqəti əks etdirmir və real dəyərindən uzaqdır. "xxxx" MMC-nin qiymətləndirmə hesabatında daşınmaz əmlakın iqtisadi əsasları düzgün nəzərdən keçirilməmiş, qiymətləndirmə konyukturasına əməl edilməmiş, qiymətləndirilən daşınmaz əmlak eyni regionda yerləşən oxşar və eyni daşınmaz əmlakların bazarda satış qiyməti və bu əmlaklara olan istehlakçı tələbatı düzgün araşdırılmamışdır. Bunun nəticəsində, qiymətləndirici "xxxx" MMC-nin qiymətləndirmə hesabatı ipoteka predmeti olan daşınmaz əmlakın dəyərini reallığı əks etdirməyən və həddən yüksək qiymət ilə müəyyən etməklə, həmin əmlakın gələcəkdə açıq hərracda satılmasını qeyri-mümkün edir. Bütün sadalanlardan müəyyən olunur ki, "xxxx" MMC-nin 24 sentyabr 2020-ci il tarixli M206/20 saylı qiymətləndirmə hesabatı iş üzrə mötəbər sübut hesab oluna bilməz. Bundan başqa, Sumqayıt Kommersiya Məhkəməsi qətnaməsində "xxxx" MMC-nin 24 sentyabr 2020-ci il tarixli M206/20 saylı qiymətləndirmə hesabatına istinad edərək, ipoteka predmetinin ilkin satış qiymətini 1.500.000 manat məbləğində müəyyən etmişdir. Lakin "xxxx" MMC-nin 24 sentyabr 2020-ci il tarixli M206/20 saylı qiymətləndirmə hesabatının “Qiymətləndirmənin nəticəsi hissəsi”nə əsasən "xxxx" MMCyə məxsus qeyri-yaşayış sahəsinin 24.09.2020-ci il tarixinə olan likvid dəyəri 1.450.000- 1.500.000 manat məbləğində müəyyən olunması qeyd olunmuşdur. Göründüyü kimi, birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini müəyyən edərkən, qiymətləndirmə hesabatı ilə müəyyən olunmuş likvid dəyərinin ən yüksək həddini əsas götürmüşdür. Halbuki, qanunvericiliklə ipoteka predmetinin ilkin satış qiymətinin likvid dəyəri ilə (aşağı qiymətlə) müəyyən olunması ona görə nəzərdə tutulmuşdur ki, tutma ipoteka predmetinə yönəldilən zaman açıq hərracda satılması tez və real olsun. Bundan əlavə, açıq hərraca çıxarılmış ipoteka predmetinin ilkin satış qiyməti adından da bəlli olduğu kimi, “ilkin” qiymətdir və hərracda son satış qiyməti deyil. Hərrac iştirakçılarının tələbatına əsasən təbii ki, qiymətin artması mümkündür. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 42.5-ci maddəsinin tələbinə əsasən ən yüksək qiymət təklif etmiş şəxs hərracı udmuş sayılır. Göründüyü kimi, ipoteka predmetinin ilkin satış qiyməti əmlakın son satış qiyməti deyil. Əmlakın son satış qiyməti yalnız hərrac vaxtı tələblə təklif əsasında müəyyən oluna bilər. Bu səbəbdən də, ipoteka predmetinin ilkin satış qiyməti məhkəmə tərəfindən müəyyən olunarkən elə bir qiymət müəyyən olunmalıdır ki, tutma ipoteka predmetinə yönəldilən zaman açıq hərracda satılması tez və real olsun. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verərək, aellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh3 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməlidir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş, gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739, 425.1, 448, 269.1, 269.7, 317.1, 319.1, 319.6, 300, 470, 477-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində mübahisələndirildiyindən həmin hissədə araşdırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.5-ci maddəsinə əsasən, girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən, əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi əsas borc; faizlər; öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi də daxil edilməklə tam həcmdə təmin edilir. Həmin Qanunun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.1 və 34.1.2-ci maddələrinə əsasən, borclu tərəfindən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “İpoteka haqqında” Qanunun 1.0.9-cu maddəsinə əsasən, ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Qanunun 1.0.9-cu maddəsindən göründüyü kimi, sözügedən normada ipoteka predmetinin ilkin satış qiymətinin anlayışı aydın şəkildə həmin əmlakın məhz likvid qiymətini ehtiva etməsi kimi verilmişdir. “Likvidlik” özü iqtisadi termin olaraq biznesdə, yaxud investisiya proseslərində aktivlərin bazarda əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan tez reallaşdırıla (satıla) bilməsi qabiliyyətidir. Likvid dəyər bazar dəyərinin müəyyənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir. Bu baxımdan aydın olur ki, əmlakın likvid qiyməti onun bazar qiymətinin açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehtiva edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41.1-ci maddəsinə əsasən, ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. İş materiallarında olan Bank ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 30 oktyabr 2012-ci il tarixli, 108238-NEDVİJ-474 saylı “Daşınmaz əmlak ipoteka müqaviləsi”nə əsasən “Baş kredit razılaşması” üzrə "xxxx" MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə xüsusi mülkiyyət hüququ ilə "xxxx" MMC-yə məxsus olan ünvan 1 ünvanında yerləşən 0,55539 ha torpaq sahəsində yerləşən 757,4 kv.m. ümumi sahəsindən ibarət əmlak kompleksi kimi müəssisə bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş "xxxx" MMC-nin 14.01.2022-ci il tarixli qiymətləndirmə hesabatında "xxxx" MMC-yə məxsus olan ünvan 1 ünvanında yerləşən 0,55539 ha torpaq sahəsində yerləşən 757,4 kv.m ümumi sahədən ibarət əmlak kompleksinin bazar dəyəri 825000, likvid dəyəri isə 750000 manat göstərilsə də, iş materiallarından görünür ki, ipoteka müqaviləsində ipoteka predmeti 1.526.912 ABŞ dolları məbləğində qiymətləndirilmiş, tərəflər arasında bağlanmış “30.10.2012-ci il tarixli 108238-NEDVİJ-474 saylı ipoteka müqaviləsinə” 24 may 2016-cı il tarixli 1 saylı əlavəyə əsasən isə həmin ipoteka predmeti olan əmlak kompleksi 1.200.000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş H/01-PLS nömrəli, 16.01.2020-ci il tarixli hesabatdan görünür ki, cavabdeh "xxxx" MMC-yə məxsus ünvan 2 ünvanında yerləşən 0.55539 ha torpaq sahəsində yerləşən 757.4 kv.m ümumi sahəsi olan əmlak kompleksinin ilkin satış qiyməti 1.700.000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş M206/20, 24.09.2020-ci il tarixli “Qiymətləndirmə Hesabatı” ilə "xxxx" MMC-yə məxsus ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin orta bazar qiymətinin 1.630.000,00 manat, likvid dəyərinin isə 1.500.000 manat olması müəyyən edilmişdir. İpoteka predmetinin dəyəri ilə bağlı qiymətləndirmə hesabatları arasında ziddiyətlər olduğunu və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməli olduğunu və apellyasiya şikayətinin dəlillərini nəzərə alan məhkəmə kollegiyası ipoteka predmetinin likvid qiymətinin yenidən müəyyənləşdirilməsi üçün iş üzrə təkrar ekspertiza təyin etmişdir. "xxxx" MMC-nin 507/VTB/21 nömrəli qiymətləndirmə hesabatından müəyyən olunmuşdur ki, "xxxx" MMC-yə məxsus olan ünvan 1 ünvanında yerləşən 0,55539 ha torpaq sahəsində yerləşən 757,4 kv.m ümumi sahədən ibarət əmlak kompleksinin likvid qiyməti ******* manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə kollegiyası ipoteka predmetinə dair göstərilən qiymətləndirmə hesabatlarına müqayisəli şəkildə qiymət verərək hesab edir ki, ipoteka predmeti olan əmlak kompleksi hərraca çıxarılarkən onun likvid qiyməti "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə rəyinə müvafiq olaraq birinci instansiya məhkəməsinin ipoteka predmetinin satışı üçün qətnamədə göstərdiyi 1.500.000 manat məbləğində müəyyən edilməlidir. Belə ki, birinci instansiya məhkəməsinin ipoteka predmetinin ilkin satış qiyməti kimi qətnamədə göstərdiyi məbləğ qiymətləndirmə rəyinə əsasən həmin dövr üçün ipoteka predmetinin likvid dəyəri olmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Kommersiya Məhkəməsinin 07.04.2021-ci il tarixli 2-2(119)- 257/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə-ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməli, ipoteka predmeti olan ünvan 1 ünvanında 0,55539 ha torpaq sahəsində yerləşən 757,4 kv.m ümumi sahədən ibarət əmlak kompleksinin likvid qiyməti 1.500.000 (bir milyon beş yüz min) manat müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, ipoteka predmetinin qiymətləndirilməsi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 500 (beş yüz) manat ilkin iddia üzrə cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh3 alınaraq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və MPM-in 382, 384.0.3, 392, 393, 402 və 405ci maddələrini rəhbər tuturaq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin 07.04.2021-ci il tarixli 2-2(119)-257/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə-ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilsin. İpoteka predmeti olan ünvan 1 ünvanında 0,55539 ha torpaq sahəsində yerləşən 757,4 kv.m ümumi sahədən ibarət əmlak kompleksinin likvid qiyməti 1.500.000 (bir milyon beş yüz min) manat müəyyən edilsin. İpoteka predmetinin qiymətləndirilməsi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 500 (beş yüz) manat ilkin iddia üzrə cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh3 alınaraq "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(105)-3/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-3/2022
17.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver