Məhkəmə qərarları › İş №2-2(105)-30/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-30/2024

02.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-30/2024 02.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublı̇ kasının İqtı̇ sadı̇ yyat Nazı̇ rlı̇ yi yaninda Dövlət Vergı̇ Xı̇ dmətinin 3 saylı Ərazi Vergı̇ lər İdarəsinin Cavabdeh qarşı kommersiya mübahisəsi üzrə (Açar sözlər: prosessual müddətin ötürülməsi, apellyasiya şikayətinin geri qaytarılması) X2 Süleymanovanın sədrliyi və məruzəsi, X3 Məmmədov və X1 ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi ilə, İddiaçı Azərbaycan Respublı̇ kasının İqtı̇ sadı̇ yyat Nazı̇ rlı̇ yi yaninda Dövlət Vergı̇ Xı̇ dmətinin 3 saylı Ərazi Vergı̇ lər İdarəsinin Cavabdeh qarşı “icarə haqqının ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli, e-2-2(119)-424/2023 nömrəli qərardadından Cavabdeh nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. Sumqayıt Kommersiya Məhkəməsinin 20 aprel 2023-cü il tarixli e-2-2(119)- 424/2023 nömrəli qətnaməsi ilə iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı “icarə haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilərək, Cavabdeh (VÖEN **********) 30 dekabr 2014-cü il tarixli Torpaq icarə Müqaviləsi üzrə 28 fevral 2023-cü il tarixinə olan 664,63 (altı yüz altmış dörd manat 63 qəpik) manat məbləğində icarə haqqı borcunun və 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir.

2. Cavabdeh nümayəndəsi Nümayəndə2 22 dekabr 2023-cü ildə Sumqayıt Kommersiya Məhkəməsinin 20 aprel 2023-cü il tarixli e-2-2(119)-424/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermişdir.

3. Sumqayıt Kommersiya Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli, e-2- 2(119)- 424/2023 nömrəli qərardadı ilə (hakim Zülfüqar Sadiqov) həmin apellyasiya şikayəti Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 363.1.2-ci və 363.1.3-cü maddələrinə əsasən geri qaytarılmışdır.

4. Cavabdeh nümayəndəsi Nümayəndə2 30 dekabr 2023-cü il tarixdə Sumqayıt Kommersiya Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli e-2-2(119)-424/2023 nömrəli qərardadından şikayət verərək, həmin qərardadın ləğv olunmasını xahiş etmişdir.

5. Sumqayıt Kommersiya Məhkəməsinin 07 yanvar 2024-cü il tarixli, e-2-2(119)- 424/2023 nömrəli qərardadı ilə Cavabdeh nümayəndəsi Nümayəndə2 Sumqayıt Kommersiya Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli e-2-2(119)-424/2023 nömrəli qərardadından verdiyi şikayətin təmin edilməməsi və həmin qərardadın qüvvəsində saxlanılması, şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Şikayətin dəlilləri

6. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə hesab etmişdir ki, məhkəmə bildirişi cavabdeh tərəfindən xəbərnaməyə imza edilməklə çatdırılıbsa, eyni ünvana qətnamənin də göndərilməsi qətnamənin rəsmi qaydada əldə olunması deməkdir və bunu təsdiq edən xəbərnamənin mövcud olub-olmaması əhəmiyyət kəsb etmir. Halbuki, qanunun tələbinə görə Qətnamədən məhz rəsmi qaydada verildiyi gündən bir ay müddətində apellyasiya şikayəti verilə bilər, göndərildiyi tarixdən deyil. İş materiallarında isə qətnamənin cavabdehə çatdırılmasını, yəni rəsmi qaydada verilməsini təsdiq edən sənəd (xəbərnamə) mövcud deyildir. Qərardadda qətnamənin elektron kabinetə yerləşdirilməsinə və cavabdeh tərəfindən müvafiq etirazın təqdim edilməsinə istinadını isə yanlış hesab edir. Belə ki, etiraz cavabdeh tərəfindən elektron kabinet vasitəsi ilə verilməmiş, cavabdeh elektron kabinetdən istifadə etməmiş, bu baxımdan da qətnamənin elektron kabinetə yerləşdirilmə tarixinin əhəmiyyəti yoxdur. Digər tərəfdən əgər məhkəmə həqiqətən hesab edirdisə ki, cavabdeh tərəf qətnamənin sürətini rəsmi qaydada əldə edib, o halda onun ərizəsini təmin edib onu nümayəndə və vəkil kimi elektron kabinetdə hazırkı iş üzrə qeydiyyata almayaraq qətnamənin rəsmi qaydada təkrar əldə olunmasının qarşısını almalı və cavabdeh tərəfdən Azərbaycan Respublikası MPM-nin 108.1.9-cu maddəsinin tələbi baxımından məhkəmə aktlarının surətlərinin təkrarən verilməsi üçün dövlət rüsumunun ödənilməsini tələb etməli idi. Məhkəmə isə bunu etməmiş, onu nümayəndə və vəkil kimi elektron kabinetdə hazırkı iş üzrə xx.xx.2023-cü il tarixdə qeydiyyata almış və qətnamənin surətinin məhz qeyd olunan tarixdə rəsmi qaydada əldə olunmasını təmin etmişdir. Hesab edir ki, qətnamənin məhz xx.xx.2023-cü il tarixdə rəsmi qaydada əldə olunması nəzərə alındıqda qətnamədən apellyasiya şikayətinin verilməsi üçün son müddət xx.xx.2024-cü il tarix götürülməli, bu halda isə qeyd olunan 1 aylıq müddət çərçivəsində verilmiş apellyasiya şikayəti, habelə ödənilmiş dövlət rüsumu nəzərə alınaraq işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməlidir. Qərardadda dövlət rüsumunun yanlış olaraq ödənilməsinə gəldikdə isə hazırkı iş üzrə elektron kabinetə əlavə olunmuş dövlət rüsumunun ödənilməsi qəbzindən göründüyü kimi bu yanlışlıq xx.xx.2023-cü il tarixdə aradan qaldırılmışdır. Göstərilənlərə əsasən ərizədə qeyd olunanları nəzərə alıb Sumqayıt Kommersiya Məhkəməsinin 20 aprel 2023-cü il tarixli e-2- 2(119)424/2023 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddət üzrlü səbəbdən ötürülməmiş hesab olunmalı və baxılması üçün işlə birlikdə aidiyyəti üzrə göndərilməsi haqqında qərardad qəbul edilməli, Sumqayıt Kommersiya Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli e-2-2(119)-424/2023 nömrəli qərardadı qanunsuz və əsassız hesab edilməklə ləğv olunmalıdır.

b) Şikayətə qarşı etirazın dəlilləri Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

7. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

8. Azərbaycan Respublikası Konstitusiyası: 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 357.1 Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Maddə 363.1.2. Apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa - birinci instansiya məhkəməsi tərəfindən apelyasiya şikayəti geri qaytarılır. Maddə 363.1.3. Apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.

10. Apellyasiya baxışının hədləri Şikayətdən görünür ki, apellyator Sumqayıt Kommersiya Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli, e-2-2(119)-424/2023 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Odur ki, kollegiya Sumqayıt Kommersiya Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli, e-2-2(119)-424/2023 nömrəli qərardadının tam yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

11. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Kommersiya Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli, e-2-2(119)-424/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

12. Göründüyü kimi Cavabdeh nümayəndəsi Nümayəndə2 22 dekabr 2023-cü ildə Sumqayıt Kommersiya Məhkəməsinin 20 aprel 2023-cü il tarixli e-2-2(119)-424/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli, e-2-2(119)- 424/2023 nömrəli qərardadı ilə həmin apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.2-ci və 363.1.3-cü maddələrinə əsasən geri qaytarılmışdır.

13. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin geri qaytarılması ilə bağlı mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı verilmiş “icarə haqqının ödənilməsi” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, Mülki-Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun və eyni zamanda, “ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılması və həmin işin həllinə dair qətnamə çıxarılması” barədə Qanunvericiliyin tələblərinin izah olunması barədə Bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Həmin poçt göndərişi üzrə məhkəməyə qaytarılmış “Xəbərnamə” ilə müəyyən olunur ki, məlum Bildirişin göndərildiyi məlum poçt göndərişi 25 mart 2023-cü ildə cavabdehin ünvanında rəsmi qaydada qəbul edilmişdir. Cavabdeh 29 mart 2023-cü il tarixdə məhkəməyə «iddia tələbinə qarşı Etiraz» təqdim edərək iddianın rədd edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 20 aprel 2023-cü il tarixli e-2-2(119)-424/2023 nömrəli qətnaməsinin tam mətni 03 may 2023cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə daxil edilərək imzalanmış, həmin qətnamə 03 may 2023-cü il tarixli məktuba əlavə edilərək, “sifarişli-xəbərnaməli” poçt göndərişi ilə Cavabdeh rəsmi ünvanına, yəni məhkəmə Bildirişinin çatdırıldığı ünvana göndərilmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 20 aprel 2023-cü il tarixli e-2-2(119)- 424/2023 nömrəli qətnaməsi qanuni qüvvəyə mindikdən sonra 09 iyun 2023-cü il tarixli icra vərəqəsi icra olunmaq üçün Quba rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Quba rayon İcra və Probasiya Şöbəsi tərəfindən qəbul edilmiş 06 iyul 2023-cü il tarixli qərar ilə həmin icra sənədi üzrə icraata başlanılmışdır. Cavabdehin nümayəndəsi Nümayəndə2 01 dekabr 2023-cü ildə məhkəməyə ərizə, 19 iyul 2023-cü il tarixli etibarnamə və 01 dekabr 2023-cü il tarixli Order təqdim edərək “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə 04 dekabr 2023-cü ildə qətnaməni əldə edib, Cavabdeh nümayəndəsi qismində həmin Qətnamədən məhkəməyə 22 dekabr 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti vermişdir. Lakin, apellyasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət keçdikdən sonra verilmişdir.

14. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, məhkəmə sənədlərinin tərəfə göndərilməsi tək məhkəmənin vəzifəsi olmaqla məhdudlaşmır, tərəfin özü də məhkəmədə olan barəsində gedən işlərə dair sənədlərin əldə edilməsində maraqlı olmalıdır. Bu konteksdən yanaşaraq birinci instansiya məhkəməsi apellyasiya şikayətinin geri qaytarılmasını əsaslı hesab hesab etmişdir.

15. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Akif Həsənov Azərbaycana qarşı” iş üzrə 19 sentyabr 2019-cu il tarixli Qərarında vurğulanmışdır ki, “ərizəçi birinci instansiya məhkəməsinin qərarından 26 noyabr 2007-ci ildə verdiyi şikayətini nəzərə alaraq ərizəçinin 2007-ci ilin axırında apellyasiya şikayəti münasibətində apellyasiya məhkəməsinin hərəkətsizliyi barədə xəbəri olmalı idi. Hətta, Bakı Apellyasiya Məhkəməsi onu məhkəmə iclasına çağırmasa və dinləmədə onun iştirakını təmin etməsə (həmçinin, qərarın surətini ona təqdim etməsə) belə, bu hallar ərizəçini öz təşəbbüsü ilə elementar addımlar atmağa və müvafiq orqanlardan apellyasiya baxışının nəticəsi barədə məlumat əldə etməyə dair fərdi məsuliyyətdən azad etmir”.

16. Eləcə də, Sumqayıt Kommersiya Məhkəməsinin 20 aprel 2023-cü il tarixli e- 2- 2(119)-424/2023 nömrəli qətnaməsindən Cavabdeh nümayəndəsi qismində Nümayəndə2 tərəfindən apellyasiya şikayəti verilərkən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan qaydada və məbləğdə dövlət rüsumu ödənməmişdir. Apellyasiya şikayətinə əlavə edilmiş 21 dekabr 2023-cü il tarixli ********** nömrəli Mədaxil Qəbzi ilə müəyyən olunur ki, Cavabdeh apellyasiya şikayəti verməyə görə 21 dekabr 2023-cü ildə 15 (on beş) manat məbləğində dövlət rüsumunu Sumqayıt Apellyasiya Məhkəməsi üçün deyil, Sumqayıt Kommersiya Məhkəməsi üçün ödəmişdir.

17. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.6-cı maddəsinə əsasən, apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilir.

18. Məhkəmə kollegiyası, qeyd edir ki, məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini nəzərdə tutur. Konstitusiyanın yuxarıda qeyd edilən normaları həmçinin müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirməklə, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı).

19. Mülki prosessual qanunvericiliyin göstərişinə əsasən şikayət onun verilməsi üçün müəyyən edilmiş müddət ötürüldükdən sonra verilirsə, qəbul edilmir. Şikayət vermiş şəxs müddət ötürülməsinə səbəb olan halları göstərməklə həmin müddətin bərpa edilməsi barədə məhkəmə qarşısında vəsatət qaldıra bilər.

20. Həmçinin qeyd olunmalıdır ki, məhkəmələr tərəfindən müvafiq prosessual normaların həddən artıq formal tətbiqi yolverilməz hesab olunsa da, bu zaman mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş müddətlərə əməl edilməsi gözlənilməlidir.

21. Avropa İnsan Hüquqları Məhkəməsinin Miraqall Eskolano və digərləri İspaniyaya qarşı 20 yanvar 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdır.

22. Göründüyü kimi müddətlərin müəyyən edilməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinin qarşısını almağa, mülki münasibətdə qeyri-müəyyənliyi, qeyri-sabitliyi aradan qaldırmağa xidmət göstərir.

23. Kollegiya həmçinin vurğulayır ki, qəbul edilən qərarın rəsmi qaydada təqdim edilməsini təsdiq edən sənədin olmaması, heç də cavabdehin məhkəmə aktı barədə məlumatı olmaması kimi qiymətləndirməyə əsas vermir. Cavabdeh məhkəmə icraatı barədə xəbərdar olmaqla, iddiaya etiraz bildirmişdir. Kollegiya hesab edir ki, cavabdeh məhkəmə mübahisəsi barədə məlumatlı olmaqla işin nəticəsində maraqlı şəxs kimi məhkəmə mübahisəsinin nəticəsi barədə xəbərdar olmağa səy göstərməli idi. Məhkəmə aktının rəsmi qaydada tərəfə təqdim edilməsi tərəfin məhkəmə aktı barədə məlumatlı olmasını ehtiva edir. Kollegiyanın qənatincə qanunvericiliyin qeyd olunan göstərişi cavabdehin özünün məhkəmə mübahisəsinin nəticəsi, qəbul olunan məhkəmə aktı barədə maraqlanmaq öhdəlikdən azad etmir.

24. Beləliklə, apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırması ilə razılaşıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Odur ki, şikayət təmin edilməməlidir.

25. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli, e-2-2(119)- 424/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar