Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-31/2020 23.07.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), X2 və X5 ibarət tərkibdə, Tahirova Lətafət Almazxan qızının katibliyi, İddiaçı “X4” MMC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı “X4” MMC-nin cavabdeh “xxxx” MMC-yə qarşı pul tələbinə dair iş üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-2(085)-55/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən cavabdeh “xxxx” MMC tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-2(85)-55/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh “xxxx” MMC-dən iddiaçı “X4” MMC-nin xeyrinə 228601,79 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun tutulması qət edilmişdir. (hakim Vəfa Əzizova) Qətnamədən cavabdeh“xxxx” MMC apelyasiya şikayəti vermişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(105)-66/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayətinin təmin edilməsi, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin qəbul etdiyi 2-2(85)-55/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddiaçı “X4” MMC-nin cavabdeh “xxxx” MMCyə qarşı “cavabdehdən 228571 manat 79 qəpik borcun və 30 manat dövlət rüsumunun, cəmi 228601 manat 79 qəpik məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. (sədrlik edən Zaur Məmmədov) Qətnamədən iddiaçı “X4” MMC kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(102)- 442/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə kassasiya şikayətinin təmin olunması, Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(105)-66/2019 saylı xx xxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. (sədrlik edən Kəmaləddin Bədəlov) İŞİN HALLARİ: İddiaçı “X4” MMC cavabdeh “xxxx” MMC-yə qarşı iddia qaldıraraq, cavabdehdən 228571 manat 79 qəpik borcun və 30 manat dövlət rüsumunun, cəmi 228601 manat 79 qəpik məbləğində pulun tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “X4” MMC ilə cavabdeh “xxxx” MMC arasında bağlanmış xx xxxx 2013-cü il tarixli SS-200 nömrəli alğı-satqı müqaviləsi əsasında iddiaçı cavabdehə ümumi dəyəri 251744,63 manat məbləğində müəyyən çeşiddə mallar satmışdır. İddiaçı malların alğı-satqısı ilə bağlı üzərinə düşən öhdəlikləri vaxtlı-vaxtında və lazımı qaydada icra etsə də, cavabdeh aldığı malların dəyərinin ödənilməsinə dair öhdəliklərini bu günə qədər tam icra etməmişdir. Belə ki, satılmış mallar iddiaçı tərəfindən cavabdehə qaimə-fakturalarla çatdırılmış və cavabdeh tərəfindən qəbul olunmuşdur. Lakin, iddiaçı tərəfindən cavabdehə müvafiq ödəniş sənədləri təqdim olunsa da, cavabdeh iddiaçıya bir sıra fakturalar üzrə yalnız 23172,84 manat məbləğində pul ödəmişdir. Nəticədə, cavabdehin iddiaçıya müqavilə üzrə 228571,79 manat məbləğində borcu yaranmışdır. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Cavabdeh “xxxx” MMC birinci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və Mülki Məcəllənin 375-ci maddəsinin tələbinə uyğun olaraq iddia müddətinin keçməsi əsasları ilə iddiadan imtina barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “X4” MMC hüquqlarının 2013-cü ildə pozulduğunu bildiyi halda qanunvericilikdə nəzərdə tutulmuş müddətdə alıcıdan pulunu tələb etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.Cavabdeh məhkəmədə iştirak etmədiyinə görə Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən iddia müddətinin keçməsinə dair məhkəmə tərəfindən qərar qəbul edilməsi üçün ərizə vermək mümkün olmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdeh “xxxx” MMC-nin vəkili Vəkil1 izahatında bildirmişdir ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018 il tarixli qətnaməsi ləğv edilməli, mübahisəyə yenidən baxılaraq qanuni qərar qəbul edilməlidir. Belə ki, iddiaçı “X4" MMC məhkəmədə iddia qaldırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372, 373, 377-ci maddələrinin tələblərini kobud surətdə pozmuşdur. Bundan başqa, məhkəmə işə baxarkən Mülki Prosessual Məcəlləsinin 167-ci maddəsinin tələblərinə tam əməl etməmiş, cavabdehin məhkəməyə gəlməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş bütün tədbirləri görməmiş və ona görə də, cavabdeh tərəfin məhkəmədə iştirak etməsi mümkün olmamışdır. İş üzrə qərar qəbul edilməsi cavabdehə yalnız məhkəmə qərarının icrası zamanı bəlli olmuş, ona görə vaxtında məhkəmə qərarından şikayət verilməmişdir. “X4” MMC iddia qaldırarkən Mülki Məcəllənin qeyd edilən maddələrinin tələbləri kobud surətdə pozulmuş, “xxxx” MMC məhkəmədə iştirak etmədiyinə görə Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən iddia müddətinin keçməsinə dair məhkəmə tərəfindən qərar qəbul edilməsi üçün ərizə vermək mümkün olmamışdır. Məhkəmə bildirişləri, ünvana çatmamışdır. Cavabdeh “xxxx” MMC-nin həm hüquqi ünvanı, həm də hal-hazırda fəaliyyət göstərdiyi ünvan ünvan 2indədir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X3 izahatında bildirmişdir ki, cavabdeh “xxxx” MMC hal-hazırda ünvan 2indən köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən borclu ünvanı dəyişdikdə kreditoru məlumatlandırmalıdır. Lakin cavabdeh “xxxx” MMC-nin ünvanı dəyişdiyi halda iddiaçı "X4" MMC-ni məlumatlandırmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxs qismində cəlb edilmiş “xxxx” MMC-nin X9 məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. “xxxx” MMC-nin X11 14/34 nömrəli xx.xx.2020-ci il tarixli məktubla məhkəməyə müraciət edərək göstərmişdir ki, mövcud “Poçt Rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”na əsasən poçt göndərişlərinin dövriyyəsinə dair məlumatlar qeydiyyatlı poçt göndərişlərinin qəbul günündən sonrakı 6 ay müddətində irəli sürülür. Əlavə edilən məktublar 2018-ci ilə aid olduğundan baxılması imkan xaricindədir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən, mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. İş materiallarında olan “X4” MMC ilə “xxxx” MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli №SS-200 nömrəli alğı-satqı müqaviləsinə əsasən Satıcı “X4” MMC Alıcı “xxxx” MMC-yə mal satması, Alıcı isə həmin malları qəbul edərək, dəyərinin ödənilməsi barədə öhdəlik götürmüşdür. Müqavilənin 5.1-ci bəndinə əsasən bu Müqavilə qüvvəyə mindikdən sonra Satıcı alıcının tələbatını və bu müqavilə ilə müəyyən edilmiş qaydaları nəzərə almaqla satdığı malı qaimə-faktura əsasında alıcıya satıcının anbarında təhvil verir. Müqavilənin 6.1-ci bəndinə görə Alıcı bu müqavilə üzrə müəyyən olunan malın dəyərinin 30% həcmində avans ödəməyi öhdəsinə götürür. Vəsait satıcının təqdim etdiyi hesab-fakturaya əsasən köçürmə yolu ilə aparılır. Müqavilənin 6.2-ci bəndinə görə Alıcı mal təslim olunduqdan 10 bank günü ərzində malın dəyərinin qalan 70 %-ni Satıcının hesabına ödəyir. Müqavilənin 10.1-ci bəndinə əsasən, müqavilənin qüvvədə olma müddəti xx.xx.2013cü il tarixədək müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş qaimə-fakturalardan görünür ki, “X6” MMC tərəfindən 251744,63 manat məbləğində mal “xxxx” MMC-yə təhvil verilmişdir. Bu hal və həmin məbləğdən 23172,84 manat ödənilməsi tərəflər arasında mübahisə predmeti deyil. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş, gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 285.1, 427.2, 442, 445.1, 448.1, 448.2, 567-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının hazırkı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası MMin 372.1 və 372.2-ci maddələrinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Mülki qanunvericiliyə müvafiq olaraq ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il təşkil edir (MM-in 373.2-373.4-cü maddələri). Eyni zamanda, tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətlərinin təyin edilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur (MM-in 373.5-ci maddəsi). İddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (MM 375.2-ci maddəsi). Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı ərizə yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir. Belə ki, MM-in 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. MPM-in 372.2-ci maddəsinə istinadla tərəfin müvafiq olaraq apellyasiya instansiyası məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı ərizə təqdim etmək hüququ istisna olunur. Apelyasiya instansiyası məhkəməsinin səlahiyyətinə dair qanunvericinin iradəsi MPM-in 78.1 və 372.2-ci maddələrində birmənalı şəkildə əks olunmuşdur: sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir; əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İş materiallarında olan kommersiya qurumlarının dövlət reyestri məlumatlarından, eləcə də “xxxx” MMC-nin nizamnaməsindən görünür ki, cavabdehin hüquqi ünvanı ünvan 2idir. İş birinci instansiya məhkəməsinin icraatında olarkən məhkəmə dəfələrlə cavabdehin yeganə məlum olan hüquqi ünvanına - ünvan 2inə məhkəmə bildirişləri göndərmiş, lakin cavabdeh tərəf məhkəmə iclasında iştirak etməmişdir. Apelyasiya instansiyası məhkəməsinin araşdırması zamanı cavabdeh “xxxx” MMCnin vəkili Vəkil1 izahatında bildirmişdir ki, cavabdeh “xxxx” MMC-nin hüquqi ünvanı ünvan 2idir və hal-hazırda həmin ünvanda fəaliyyət göstərir. Azərbaycan Respublikası MPM-in 135.1-ci maddəsinə əsasən, bu Məcəllənin 135.6cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Həmin Məcəllənin 146-cı maddəsinə əsasən, məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə də, birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamışsa və buna görə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişi əks etdirən ərizəni təqdim edə bilməmişdirsə, yalnız bu halda apelyasiya instansiyası məhkəməsi ərizədə göstərilən məsələyə baxmağa və müvafiq qərar qəbul etməyə haqlıdır. Məhkəmə kollegiyası yuxarıda sadalanan hallara əsasən qeyd edir ki, birinci instansiya məhkəməsinin məhkəmə iclaslarının vaxtı və yeri barədə məhkəmə bildirişləri, eləcə də iş üzrə qəbul edilmiş qərarlar cavabdeh “xxxx” MMC-nin hüquqi ünvanı ünvan 2inə sifarişli poçt göndərişi (məktubu) ilə göndərilmişdir. Lakin məktublar “bu ünvanda yaşamır” qeydi ilə məhkəməyə qaytarılmışdır. Cavabdeh tərəf hüquqi ünvanının dəyişmədiyini, ünvan 2ində fəaliyyət göstərdiyini bildirir. Bundan başqa, iş materiallarından görünür ki (səh. 5 və səh. 21), iddiaçı tərəfindən cavabdehlə mübahisənin məhkəməyə qədər nizama salınması üçün göndərilmiş pretenziya qaydasında məktub, o cümlədən iddia ərizəsinin surəti və ona əlavə edilmiş sənədlər cavabdeh tərəfindən ünvan 2i ünvanında qəbul edilmişdir. Bununla da, cavabdeh mövcud mübahisədən məlumatlı olmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh “xxxx” MMC-nin hüquqi ünvanı dəyişmədiyindən, birinci instansiya məhkəməsi tərəfindən cavabdeh hüquqi şəxsin qeydə alındığı hüquqi ünvana göndərilmiş məhkəmə bildirişləri rəsmi qaydada verilmiş hesab edilməlidir. Bu halda, cavabdehin nümayəndəsinin məhkəmə iclaslarında iştirak etməməsində birinci instansiya məhkəməsinin təqsiri olmamışdır. İddia müddətinin tətbiq edilməsi barədə ərizə isə birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilənə kimi verilməlidir. Bu ərizə iddia ərizəsi icraata qəbul ediləndən məhkəmə qətnamə çıxarmaq üçün müşavirə otağına gedənə kimi təqdim edilə bilər. Bu səbəbdən də, hazırkı iş üzrə cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi apelyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilə bilməz. İddia tələbi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarından müəyyən edilir ki, “X4” MMC ilə “xxxx” MMC arasında xx.xx.2013cü il tarixli SS-200 nömrəli alğı-satqı müqaviləsinə əsasən Satıcı “X4” MMC Alıcı “xxxx” MMC-yə mal satması, Alıcı isə həmin malları qəbul edərək dəyərinin ödənilməsi barədə öhdəlik götürmüşdür. “X4” MMC tərəfindən 251744,63 manat məbləğində mallar “xxxx” MMC-yə təhvil verilmişdir. Həmin məbləğdən 23172,84 manat iddiaçıya ödənilmiş, 228571,79 manat ödənilmədən qalmışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, alğı-satqı müqaviləsi üzrə cavabdehin iddiaçıya 228571,79 manat ödəməməsi iş materialları ilə təsdiqini tapdığından, cavabdeh “xxxx” MMC-dən 228571,79 manat məbləğində pul vəsaiti iddiaçı “X4” MMC-nin xeyrinə tutulmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı cavabdehdən 228571,79 manat borcun və 30 manat dövlət rüsumunun, cəmi 228601,79 manat məbləğində pulun tutulmasını xahiş etsə də, birinci instansiya məhkəməsi cavabdeh “xxxx” MMC-dən iddiaçı “X4” MMC-nin xeyrinə 228601,79 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul etmiş və bununla da iddia tələbindən kənara çıxmışdır. Halbuki, Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh “xxxx” MMC-nin apelyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2- 2(085)-55/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilməli, cavabdeh “xxxx” MMC-dən 228571 (iki yüz iyirmi səkkiz min beş yüz yetmiş bir) manat 79 (yetmiş doqquz) qəpik məbləğində pul vəsaiti tutularaq iddiaçı “X4” MMC-nin hesabına ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 382, 384.0.3, 392, 393 və 402-ci maddələrini rəhbər tuturaq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh “xxxx” MMC-nin apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-2(085)-55/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilsin. Cavabdeh “xxxx” MMC-dən 228571 (iki yüz iyirmi səkkiz min beş yüz yetmiş bir) manat 79 (yetmiş doqquz) qəpik məbləğində pul vəsaiti tutularaq iddiaçı “X4” MMC-nin hesabına ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fuad Məmmədov Hakimlər Fərmayıl Zeynallı Səyyad Qafari
Məhkəmə qərarları › İş №2-2(105)-31/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-31/2020
23.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki dövriyyənin iştirakçıları arasında hesablaşmalar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver