Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-31/2024 02.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər X2 və X1 ibarət tərkibdə, Sumqayıt Kommersiya Məhkəməsinin 27 dekabr 2023-cü il tarixli e-2-2(119)-571/2023 nömrəli qərardadından cavabdeh Salmanov Samir Salman oğlu tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında yazılı icraatda baxaraq, müəyyən etdi: Sumqayıt Kommersiya Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli e-2-2(119)571/2023 nömrəli qətnaməsi ilə iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iddiası qismən təmin edilmiş, cavabdeh Salmanov Samir Salman oğlundan 6758,07 (altı min yeddi yüz əlli səkkiz manat yeddi qəpik) manat məbləğində əsas borc, 2651,34 (iki min altı yüz əlli bir manat otuz dörd qəpik) manat məbləğində faiz borcu, müqavilə müddəti bitdikdən sonra illik 5 %-lə hesablanmış 924,35 (doqquz yüz iyirmi dörd manat otuz beş qəpik) manat məbləğində faiz, 100 (yüz) manat məbləğində cərimə və mediasiya ilə əlaqədar ödənilmiş 100 (yüz) manat məbləğində mediasiya xərci olmaqla, cəmi 10533,76 (on min beş yüz otuz üç manat yetmiş altı qəpik) manat məbləğində pul vəsaitinin ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, cavabdeh Salmanov Samir Salman oğlundan dövlət nəfinə 121,30 (yüz iyirmi bir manat otuz qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdehlər Salmanov Samir Salman oğlu və Cavabdeh3 tərəfindən apellyasiya şikayəti verilmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 27 dekabr 2023-cü il tarixli e-2-2(119)571/2023 nömrəli qərardadı ilə Sumqayıt Kommersiya Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli e-2- 2(119)-571/2023 nömrəli qətnaməsindən cavabdehlər Salmanov Samir Salman oğlu və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh Salmanov Samir Salman oğlu “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Sumqayıt Kommersiya Məhkəməsinin 27 dekabr 2023cü il tarixli e-2-2(119)-571/2023 nömrəli qərardadından şikayət verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, elektron məhkəmə sistemində şəxsi kabineti olmadığından ərizəni kağız daşıyıcının üzərində dəftərxanaya təqdim etmişdir. Ərizə 26 dekabr 2023-cü il tarixində daxil olduğundan müddət keçməmişdir. 02 noyabr 2023-cü il tarixli Sumqayıt Kommersiya Məhkəməsinin qətnaməsindən görünür ki, iddiaçı 121,30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Həmin məbləğin 50%-i 60,65 manat təşkil etdiyindən 61 manat dövlət rüsumu ödəmiş və qəbzi apellyasiya şikayətinə əlavə etmişdir. Apellyasiya şikayətini özü imzalamışdır. İmzanın qarşısında ad, soyad yazmamaq səhv sayıla bilməz. 27 dekabr 2023-cü il tarixli qərardad 5 yanvar 2024-cü il tarixdə ona verilib və müddət bitməmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 08 yanvar 2024-cü il tarixli e-2-2(119)-571/2023 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. (hakim H.Alıyeva) 07 yanvar 2024-cü il tarixdə cavabdeh Salmanov Samir Salman oğlu Sumqayıt Kommersiya Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli e-2-2(119)-571/2023 nömrəli qətnaməsindən yenidən apellyasiya şikayəti vermişdir. Eyni zamanda o, müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət edərək Sumqayıt Kommersiya Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli e-2-2(119)-571/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin üzürlü hesab edilərək bərpa olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli e-2-2(119)-571/2023 nömrəli qərardadı ilə ərizə təmin edilmiş, Sumqayıt Kommersiya Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli e-2-2(119)571/2023 nömrəli qətnaməsindən cavabdeh Salmanov Samir Salman oğlu tərəfindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddət üzrlü hesab edilərək bərpa edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən Sumqayıt Kommersiya Məhkəməsinin 27 dekabr 2023-cü il tarixli e-2-2(119)571/2023 nömrəli qərardadından verilmiş şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayəti araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1-ci maddəsinə əsasən elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən, ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə həyata keçirilə bilər. Bu Məcəllənin 10-1.3-cü və 10-1.4-cü maddələrində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. İşdən görünür ki, cavabdeh Salmanov Samir Salman oğlu tərəfindən qətnamədən verilən apellyasiya şikayəti Sumqayıt Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə deyil, kağız daşıyıcıda məhkəmənin dəftərxanasına təqdim olunmuşdur. Eyni zamanda Sumqayıt Kommersiya Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli e- 22(119)-571/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilərkən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan məbləğdə dövlət rüsumu ödənilməmiş, apellyasiya şikayəti verilərkən cavabdeh tərəfindən cəmi 61 (altmış bir) manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.6-cı maddəsinə əsasən, apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.3-cü maddəsinə əsasən şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Həmçinin Sumqayıt Kommersiya Məhkəməsinin cavabdehlər Salmanov Samir Salman oğlu tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavə ilə tələb olunan forma və məzmuna uyğun tərtib edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə əsasən apellyasiya şikayəti həmin Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Bundan əlavə, cavabdehlər Salmanov Samir Salman oğlu və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti yalnız bir şəxs tərəfindən imzalanmış və imzalayan şəxsin kimliyi qeyd edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.2-ci maddəsinə əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə və “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. (Mülki Prosessual Məcəllənin 363.1.1-ci, 363.1.1-1-ci, 363.1.2-ci, 363.1.3-cü və 363.1.5-ci maddələri) Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398-ci maddəsinə əsasən аpellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraalır: Cavabdeh Salmanov Samir Salman oğlunun şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 27 dekabr 2023-cü il tarixli e-2-2(119)-571/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(105)-31/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-31/2024
02.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver