Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-33/2025 18.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası – hakimlər X1 (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması tələbinə dair” kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin “iddia ərizəsinin qaytarılması haqqında” xx.xx.2025-ci il tarixli, e-2-2(119)-425/2025 nömrəli qərardadından İddiaçı QSC BOKT tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC BOKT “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(119)-425/2025 nömrəli qəradadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır (hakim Həlimə Alıyeva). İddiaçı QSC BOKT həmin qəradaddan şikayət verərək, qərardadın ləğv edilməsini və iddia ərizəsinin baxılması üçün icraata qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(119)-425/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və İddiaçı QSC BOKT-nin Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(119)-425/2025 nömrəli qərardadından verdiyi şikayətin baxılması üçün kommersiya işi ilə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Həlimə Alıyeva). Şikayət Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası tərəfindən yazılı icraat qaydasında baxılmağa qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçının şikayəti təmin edilməməli və Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025ci il tarixli, e-2-2(119)-425/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmalı olması barədə qənaəti və bu qənaətə gəlməsinin əsasları ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 150.2-ci maddəsinə əsasən, kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin "Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh "Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və "Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.72-ci maddəsinə əsasən, elektron kabinet vergi ödəyicisi kimi uçota alınma zamanı təqdim edilən ərizəyə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılan, gücləndirilmiş elektron imza və (və ya) vergi orqanı tərəfindən verilən kod-parol ilə daxil olmağa imkan verən, vergi ödəyicisi ilə vergi orqanı arasında qarşılıqlı məlumat mübadiləsini təmin edən fərdi elektron səhifədir. Göründüyü kimi, Mülki Prosessual Məcəllənin 150.2-ci maddəsində kommersiya mübahisələri üzrə verilən iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin, eləcə də mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair sənədin cavabdeh(lər)ə çatdırılmasının xüsusi qaydası müəyyən edilmiş və qeyd olunan sənədlərin cavabdeh(lər)ə həmin qaydada göndərilməli olması MPM-in 150.1.4 və 150.1.6-cı maddələrində imperativ qaydada təsbit olunmuşdur. İddiaçının qanuni təmsilçisi Nümayəndə qərardaddan şikayətində qeyd etmişdir ki, İddiaçı QSC BOKT tərəfindən məhkəməyə iddia verilərkən qanunvericiliyin müvafiq tələblərinə riayət edilmiş, hər hansı bir qanun pozuntusuna yol verilməmişdir. İddia ərizəsinə əlavə olunmuş sənədlərdə həm iddia ərizəsinin və həm də pretenziyanın cavabdehlər tərəfindən alınmasına dair sübutlar mövcuddur, həmin sənədlər iddia ərizəsinə əlavə olunaraq elektron məhkəmə portalında yerləşdirilmişdir. Lakin, “Elektron məhkəmə” informasiya sistemindən əldə olunan məlumatlar iddiaçının dəlillərini qismən təkzib edir. Həmin məlumatlara əsasən müəyyən olunur ki, iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin sahibkar olan Cavabdeh3 (VÖEN: **********) göndərilməsi zamanı MPM-in 150.2-ci maddəsinin tələblərinə əməl olunsa da, lakin Cavabdeh1 (VÖEN: **********) da sahibkar olduğu halda ona münasibətdə müvafiq tələblərə əməl olunmamışdır. Bundan başqa, iddiaçı tərəfindən həmin cavabdehlərlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınması ilə bağlı sənədlərin onlara elektron sistem üzərindən təqdim olunması da təmin edilməmişdir. Halbuki, MPM-in 150.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilməlidir... İddiaçı sözügedən sənədlərin cavabdehlərə sifarişli poçt vasitəsilə çatdırılmasını təsdiqləyən sübutları iddia ərizəsinə əlavə etsə də, lakin prosessual qanunvericilik həmin sənədlərin kommersiya subyekti (sahibkar) olan cavabdehlərə məhz elektron sistem vasitəsilə təqdim olunmasını tələb edir. Qeyd olunan hallar onu ehtiva edir ki, hazırkı iş üzrə müvafiq sənədlərin cavabdeh(lər)ə qanunvericiliklə müəyyən edilmiş qaydada göndərilməsi və çatdırılması təmin olunaraq bunu təsdiq edən sübutlar məhkəməyə təqdim olunmadığından, iddia ərizəsi (və ona əlavə edilmiş sənədlər) məhkəməyə MPM-in 150.1.4, 150.1.6 və 150.2-ci maddələrinin tələblərinə riayət edilməklə verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi İddiaçı QSC BOKT-nin iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmaqda haqlı olmuşdur. İddiaçının şikayəti birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsinə əsas vermir və həmin şikayətlə bağlı qərardadın ləğvi üçün başqa əsaslar da müəyyən olunmamışdır. Ona görə də şikayət təmin edilməməli və Sumqayıt Kommersiya Məhkəməsinin “ərizənin qaytarılması haqqında” qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadından şikayətə baxdıqda qərardadı dəyişdirilmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad qəbul edə bilər. MPM-in 400 və 402-ci maddələrinə müvafiq olaraq, birinci instansiya məhkəməsinin ərizənin qaytarılması haqqında qərardadından şikayətə baxılması əsasında apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilən qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır və apellyasiya məhkəməsinin həmin qərardadı çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsasən və Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 150, 152, 395-400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kоllegiyаsı QƏRARA ALDİ: İddiaçı QSC BOKT tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin “iddia ərizəsinin qaytarılması haqqında” xx.xx.2025-ci il tarixli, e-2-2(119)-425/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Hazırkı qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(105)-33/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-33/2025
18.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver