Məhkəmə qərarları › İş №2-2(105)-34/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-34/2023

13.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-34/2023 13.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın girov predmetinə yönəldilməsi” tələbi barədə kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-811/2022 nömrəli, 06 dekabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın girov predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 15000 manat məbləğində əsas bоrc, 7594,51 manat məbləğində faiz borcu оlmaqla, cəmi 22594,51 manat məbləğində borcun və 200 manat məbləğində mediasiya xərcinin tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi və tutmanın bank qarşısında girov qoyulmuş Cavabdeh2 məxsus ******* nömrəli xüsusi paketdə bankın pul anbarına saxlanca qəbul edilmiş 63,8 qram, 750 əyarlı 1 ədəd boyunbağıya və 1 ədəd qolbağa, 43,3 qram, 583 əyarlı 4 ədəd boyunbağa, 3 cüt sırğaya, 1 ədəd qolbağa, 38,1 qram, 583 əyarlı 1 ədəd klona və 7 ədəd üzüyə yönəldilməsi, qızıl-zinət əşyalarının hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borcalan Cavabdeh2 arasında bağlanmış 13 mart 2020-ci il tariхli 200842-870755/1 nömrəli krеdit müqaviləsinə əsasən borcluya 18 ay müddətinə, illik 25% dərəcəsi ilə 15000 manat məbləğində krеdit vеrilmişdir. 13 mart 2020-ci il tariхli, 200842 870755/1 nömrəli girov müqaviləsinə əsasən həmin krеdit müqaviləsinin təminatı qismində çıxış edən, Cavabdeh2 tərəfindən girov qoyulmuş 63,8 qram, 750 əyarlı 1 ədəd boyunbağı və 1 ədəd qolbaq; 43,3 qram, 583 əyarlı 4 ədəd boyunbağı, 3 cüt sırğa və 1 ədəd qolbaq; 38,1 qram, 583 əyarlı 1 ədəd klon və 7 ədəd üzük qəbul edilmə aktına (№1845262) əsasən xüsusi paketə qoyularaq bankın pul anbarına saxlanca verilmişdir. Еyni zamanda bank və digər Cavabdeh1 arasında 13 mart 2020-ci il tariхli 200842-870755/1 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 4.2-ci bəndinə əsasən zamin bank qarşısında bоrcalanla еyni dərəcədə, krеditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsi, bоrcalan tərəfindən krеdit müqaviləsi üzrə icra еdilməyən və icrası mümkün оlmayan öhdəliklər üzrə bоrcların yığılması ilə əlaqədar məhkəmə хərclərinin və digər хərclərin ödənilməsinə cavabdеhlik daşıyır. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, onlar banka olan borclarını ödəməmişlər. 10 may 2022-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 15000 manat məbləğində əsas bоrcu və 7594,51 manat faiz borcu оlmaqla, cəmi 22594,51 manat məbləğində kredit bоrcu yaranmışdır. Krеdit müqaviləsinin şərtlərinə əsasən borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, borcalanlar krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Məhkəməyə müraciət edilməmişdən əvvəl mübahisənin mediasiya qaydasında həll edilməsi üçün Mediasiya şurasına müraciət edilmiş və mediasiya prosesində qarşı tərəf iştirak etmədiyinə görə 08 dekabr 2021-ci il tarixdə 2021-001667 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayış verilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilkin mediasiya sessiyasının keçirilməsi üçün 200 (iki) yüz manat məbləğində mediasiyaya dair xərc ödəmişdir. Girov müqaviləsinin 4.1.2-ci bəndinə əsasən borcalanla bank arasında bağlanmış kredit müqaviləsinə əsasən borcalan üzərinə götürdüyü öhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədikdə bankın tələbi girov predmetinə yönəltmək hüququ vardır. Girov müqaviləsinin 5.1-ci bəndinə əsasən girov qoyan girovla təmin edilmiş öhdəliyi vaxtında icra etmədikdə, bankın girov predmetinə tutma hüququ yaranır. Kredit müqaviləsi üzrə borclu öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin girov predmetinə tutma hüququ yaranmışdır. Sumqayıt Kommersiya Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, e-2-2(119)- 811/2022 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh2 (VÖEN: **********) və Cavabdeh1 müştərək qaydada 15000 (on beş min) manat məbləğində əsas borc, 6199,59 (altı min yüz doxsan doqquz manat 59 qəpik) manat məbləğində faiz borcu və mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci olmaqla, cəmi 21399,59 (iyirmi bir min üç yüz doxsan doqquz manat 59 qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutmanın Cavabdeh2 məxsus ******* nömrəli xüsusi paketdə bankın pul anbarına saxlanca qəbul edilmiş 63,8 qram, 750 əyarlı 1 ədəd boyunbağıya və 1 ədəd qolbağa; 43,3 qram, 583 əyarlı 4 ədəd boyunbağıya, 3 cüt sırğaya və 1 ədəd qolbağa; 38,1 qram, 583 əyarlı 1 ədəd klona və 7 ədəd üzüyə yönəldilməsi, həmin qızıl-zinət əşyalarının orta bazar qiyməti ilə ümumi dəyərinin 12892 manat müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcunun ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada dövlət nəfinə 153,60 (yüz əlli üç manat 60 qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq X1 ödənilməsi qət edilmişdir. (hakim Həlimə Alıyeva). Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh2 “COVİD19” pandemiyası ilə əlaqədar olaraq ölkədə tətbiq olunan qapanma nəticəsində kredit borcunu ödəyə bilməmişdir. Cavabdeh2 girovla təmin edilmiş öhdəliyini icra etməmə səbəbi ondan asılı olmamışdır. Yuxarıda qeyd olunan səbəblə bağlı Cavabdeh2 cavabdehlik daşımır. Ölkədəvə dünyadakı mövcud vəziyyət onun öz öhdəliyini icra etməsinə mane olmuşdur. Qeyd olunan hal qərar qəbul edərkən birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmalı idi. Məhkəmə qərar qəbul etməzdən öncə tərəflərə barışıq təklif edə, mövcud vəziyyətin cavabdehin vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq tərəflər arasında ortaq bir razılığı təmin edə bilərdi. Məhkəmə istənilən halda tərəflərə mübahisəni barışıqla həll etməyi təklif etməkdə haqlıdır. Birinci instansiya məhəkəməsi bu səlahiyyətindən istifadə etməmiş, Cavabdeh2 cavabdeh olmadığı səbəbdən öhdəliyi icra edə bilməməsini nəzərə almamışdır. Odur ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi barədə qərar qəbul edilməlidir. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq, cavabdehlərin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Kommersiya Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, e-2- 2(119)-811/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh2 (VÖEN **********) arasında bağlanmış 13 mart 2020-ci il tarixli 200842-870755/1 nömrəli kredit müqaviləsinə əsasən dövriyyə vəsaitinin alınması və cari xərclər məqsədilə Cavabdeh2 18 ay müddətinə illik 25% dərəcəsi ilə 15000 (on beş min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 13 mart 2020-ci il tarixli 200842-870755/1 nömrəli kredit müqaviləsində göstərilən kreditin və ona hesablanmış faizlərin Ödəniş cədvəlindən görünür ki, borcalan Cavabdeh2 banka olan borcunun müvafiq qrafikə əsasən aylar üzrə müəyyən edilmiş məbləğlərdə və müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş cədvəlini borcalan Cavabdeh2 imza etmişdir. Həmin ödəniş cədvəlinə əsasən ödənişin son tarixi 13 sentyabr 2021-ci il müəyyən olunmuşdur. İş materiallarında olan borc verən İddiaçı Açıq Səhmdar Cəmiyyəti, zamin Cavabdeh1, borcalan Cavabdeh2 olmaqla bağlanmış 13 mart 2020-ci il tariхli, 200842- 870755/1 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh1 zamin olaraq borcalan Cavabdeh2 13 mart 2020-ci il tarixli 200842-870755/1 nömrəli kredit müqaviləsi əsasında aldığı kredit üzrə bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə borcalanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə girov qoyan Cavabdeh2 arasında bağlanmış 13 mart 2020-ci il tarixli **********55/1 nömrəli girov müqaviləsinə əsasən bankla borcalan kreditin təminatı olaraq müqavilədə qeyd edilmiş əmlakın girova qoyulması barədə razılığa gəlməlidirlər. İş materiallarında olan 13 mart 2020-ci il tarixli ******* nömrəli “Girovun təkrar qiymətləndirilməsi” Aktından görünür ki, bankın pul anbarında ******* nömrəli xüsusi paketdə saxlanılan və eyni tarixli kredit müqaviləsinin təminatı qismində çıxış edən Cavabdeh2 tərəfindən girov qoyulmuş 21 ədəd qızıl-zinət əşyası yenidən qiymətləndirilərək, dəyəri 6864 manat (63,8 qram, 750 əyarlı 1 ədəd boyunbağı və 1 ədəd qolbaq 3445,20 manat; 43,3 qram, 583 əyarlı 4 ədəd boyunbağı, 3 cüt sırğa və 1 ədəd qolbaq 1818,60 manat; 38,1 qram, 583 əyarlı 1 ədəd klon və 7 ədəd üzük 1600,20 manat) məbləğində müəyyən edilmişdir. İş materiallarında olan 10 may 2022-ci il tarixli maliyyə arayışından görünür ki, borcalan Cavabdeh2 13 mart 2020-ci il tarixli 200842-870755/1 nömrəli kredit müqaviləsi üzrə borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 15000 manat məbləğində əsas bоrcu və 7594,51 manat faiz borcu оlmaqla, cəmi 22594,51 (iyirmi iki min beş yüz doxsan dörd manat 51 qəpik) manat məbləğində kredit borcu vardır və kredit müqaviləsi üzrə gecikmə 757 gün təşkil edir. 14 noyabr 2022-ci il tarixli 9/6863-9/6915 nömrəli ekspert rəyindən görünür ki, iddia ərizəsində adları sadalanan qızıl-zinət əşyalarının nəzəri qaydada hazırkı orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 12892 manat müəyyən edilir. İş materiallarında olan hesabdan çıxarış məlumatları və 13 mart 2020-ci il tariхli 200842-870755/1 saylı krеdit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh2 banka olan borcu müqavilə müddətinin bitdiyi 13 sentyabr 2021-ci il tarixinə əsas borc 15000 manat və faiz borcu 5622,51 manat, müqavilə müddəti bitdikdən sonra illik faiz dərəcəsi 5%-lə hesablanmaqla maliyyə arayışında göstərilən tarixə faiz borcu 577,08 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş və hesab etmişdir ki, 13 mart 2020-ci il tarixli 200842-870755/1 nömrəli kredit müqaviləsi üzrə kredit ödənişləri müqavilə şərtlərinə uyğun ödənilmədiyindən həmin müqavilə üzrə yaranmış əsas və faiz borcu iddiaçının xeyrinə tutulmalı, faiz borcunun məbləğləri müəyyən edilərkən 14 noyabr 2022-ci il tarixli 9/6863-9/6915 nömrəli ekspert rəyi mötəbər sübut olaraq nəzərə alınmalıdır. Belə ki, iddia tələbində 10 may 2022-ci il tarixinə hesablanaraq tələb edilən “7594,51 manat məbləğində” faiz borcu 14 noyabr 2022-ci il tarixli 9/6863-9/6915 nömrəli ekspertiza rəyi ilə təsdiq olunmur və ona görə də, həmin müqavilə üzrə faiz borcunun tutulması hissəsində ekspertiza rəyi mötəbər sübut kimi nəzərə alınmalı, 15000 manat məbləğində əsas borc və müqavilə müddəti bitdikdən sonra əsas borca münasibətdə illik 5% hesablanmaqla müəyyən edilmiş 6199,59 (altı min yüz doxsan doqquz manat 59 qəpik) manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarından görünür ki, cavabdehlərə borcun müvafiq qaydada ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269-cu və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Həmin Məcəllənin 295.1-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 296.1-ci maddəsinə əsasən, girov qoyanla girov saxlayan arasında girova tutmanın məhkəmədən kənar qaydada yönəldilməsinə dair razılaşma olmadıqda, girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Həmin Məcəllənin 297-ci maddəsinə əsasən girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə girov qoyan Cavabdeh2 arasında bağlanmış 13 mart 2020-ci il tarixli 200842-870755/1 nömrəli girov müqaviləsinin 3-cü bəndinə əsasən, girov qoyan verilmiş kreditin və ona hesablanmış faizlərin, cərimə faizlərinin, habelə kredit və girov müqavilələrinin şərtlərinin yerinə yetirilməsinə dair bütün mübahisələrin baxılması və həlli ilə bağlı xərclərin ödənilməsinin icrasını təmin etmək üçün qızıl əşyaları bankın xeyrinə girova qoyur və bu qızıl əşyalarını “Girov qoyulmuş əmlakın saxlanca qəbul edilməsi aktı”na (1 nömrəli Əlavə) əsasən bankın sahibliyinə verir. Girov predmeti müstəqil qiymətləndirici tərəfindən 6864 (altı min səkkiz yüz altmış dörd) manat dəyərində qiymətləndirilmişdir. Həmin girov müqaviləsinin 5-ci bəndinə əsasən girov qoyan girov ilə təmin edilmiş öhdəliyi vaxtında icra etmədikdə bankın girov predmetinə tutma yönəltmək hüququ yaranır. Girov predmetinin satışı nəticəsində əldə edilmiş məbləğ girov ilə təmin edilmiş öhdəliyin tam ödənilməsinə kifayət etmədikdə, tutma məhkəmə qaydasında girov qoyanın digər əmlakına yönəldilə bilər. Apellyasiya şikayətlərinin dəlillərindən görünür ki, Cavabdeh2 “COVİD 19” pandemiyası ilə əlaqədar olaraq ölkədə tətbiq olunan qapanma nəticəsində kredit borcunu ödəyə bilməməsini, girovla təmin edilmiş öhdəliyini icra etməmə səbəbinin ondan asılı olmadığını, məhkəmənin tərəflərə mübahisəni barışıqla həll etməyi təklif etmədiyini qeyd etmişdir. Məhkəmə kollegiyası bu dəlilləri əsassız hesab edir. Belə ki, cavabdehin borcu ödəmək imkanı hazırda da itirilməmişdir. Apellyasiya baxışı zamanı məhkəmə kollgiyasının icıasında mübahisənin həll edilməsi üçün tərəflərə vaxt verilməsinə baxmayaraq, cavabdehlər tərəfindən borcun ödənilməsi üçün heç bir tədbir görülməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Bundan əlavə, Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. "xxxx" MMC-nin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2018-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, “...tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.” Beləliklə kollegiya yuxarıda qeyd olunanlarla apellyasiya şikayətlərinin dəlillərinə qiymət verərək hesab edir ki, həmin dəlillər məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış və mötəbər sübutlar əsasında sübuta yetməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnamə üzrə düzgün nəticəyə gəlmişdir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. NƏTİCƏ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402.1ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-811/2022 nömrəli, 06 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar