Məhkəmə qərarları › İş №2-2(105)-35/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-35/2022

14.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-35/2022 14.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli, e-2-2(119)-1005/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə iddiaçı arasında 17 noyabr 2019-cu il tarixdə müqavilə bağlanmışdır. Müqavilə şərtlərinə əsasən cavabdehlə gözəllik salonunun işlədilməsi ilə əlaqədar birgə əməkdaşlıq məqsədi ilə müqavilə bağlandığı tarixdən iki ay sınaq müddətindən sonra – 17 yanvar 2020-ci il tarixdən 1 (bir) il müddətinə cavabdehə iddiaçı tərəfindən hər ay 800 (səkkiz yüz) manat olmaqla cəmi 9.600 (doqquz min altı yüz) manat ödənilməli, vəsaitin 4.800 (dörd min səkkiz yüz) manatının 17 noyabr 2019-cu il tarixdən, 11 iyul (2020-ci ilin) tarixdə isə qalan hissəsi ödənilməsi nəzərdə tutulmuşdur. Müqaviləyə görə, əgər Cavabdeh aldığı məbləğ müqabilində göstərilən vaxtdan tez müqaviləni pozarsa, ödənilən məbləği tamamilə geri qaytarmalı, iş prosesində əldə olunan vəsait tərəflər arasında yarı-yarıya bölünməli, iş saatı isə saat 11:00-dan saat 7:00 (19:00)-dək olmalı idi. İddiaçı Cavabdeh ilə bağlanmış birgə əməkdaşlıq müqaviləsinin şərtlərinə uyğun üzərinə düşən öhdəlikləri vicdanla yerinə yetirərək, 20 dekabr 2019-cu il tarixdə 1.000 (bir min) manat, 17 yanvar 2020-ci il tarixdə isə daha 1.000 (bir min) manat məbləğini ödəmişdir. Bununla yanaşı, Cavabdeh ailə vəziyyəti ilə əlaqədar xahişi əsasında ona vaxtından əvvəl əlavə olaraq 2.000 (iki min) ABŞ dolları və 1.400 (min dörd yüz) manat məbləğində də pul vəsaiti verilmişdir. Lakin bundan qısa bir müddət sonra – 2020-ci ilin mart ayından Cavabdeh 17 noyabr 2019-cu il tarixli əməkdaşlıq müqaviləsi üzrə üzərinə düşən öhdəliklərini kobudçasına pozaraq əməkdaşlıqdan imtina etmiş, aldığı pul vəsaitini geri qaytarmaqdan yayınmışdır. Cavabdehə pulun qaytarılması ilə bağlı dəfələrlə müraciət edilsə də, o, buna heç bir məhəl qoymayaraq öhdəliklərini yerinə yetirməmiş və aldığı pulları bu günə qədər geri qaytarmamışdır. Borcun ödənilməsi ilə bağlı cavabdehə göndərilən xəbərdarlıqlar da heç bir müsbət nəticəni verməmişdir. Ona görə də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Müqavilə öhdəliyi üzrə Cavabdeh tərəfindən gecikdirilmiş 1 (bir) il 6 (altı) ay vaxtı üçün isə iddiaçıya olan faiz borcu illik beş faiz olmaqla müvafiq olaraq 255 (iki yüz əlli beş) manat (3.400 AZN / 100 = 34 AZN x 5 % x 1,5 ilə = 255 AZN) və 150 (bir yüz əlli) ABŞ dolları (2.000 ABŞ / 100 = 20 ABŞ dolları x 5 % x 1,5 ilə = 150 ABŞ dolları) təşkil edir. İddianın məhkəməyə verilməsi ilə bağlı çəkilmiş əlavə xərclərin əvəzi 46 (qırx altı) manat təşkil edir (31 (otuz bir) manat ödənilmiş dövlət rüsumu və 16 (on altı) manat notariat xərcləri). Bununla da iddiaçının pozulmuş hüquqlarının bərpası üçün Cavabdeh maddi zərər qismində gecikdirilmiş vaxt üçün illik beş faizlə ümumilikdə müvafiq olaraq 3.655 (üç min altı yüz əlli beş) manat və 2.150 (iki min yüz əlli) ABŞ dolları məbləğində olan borcu, əlavə xərclərin əvəzi qismində isə 46 (qırx altı) manat məbləğində pul vəsaiti tutulub iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən, iddiaçı məhkəmədən Cavabdeh ilə aralarında bağlanmış 17 noyabr 2019-cu il tarixli müqaviləyə xitam verilməsi; həmin müqavilə üzrə yaranmış borc qismində 3.400 (üç min dörd yüz) manat və 2.000 (iki min) ABŞ dolları, gecikdirilmiş vaxt üçün illik beş faizi qismində müvafiq olaraq 255 (iki yüz əlli beş) manat və 150 (bir yüz əlli) ABŞ dolları olmaqla cəmi 3.655 (üç min altı yüz əlli beş) manat və 2.150 (iki min yüz əlli) ABŞ dolları məbləğində olan borcu, ödənilən əlavə xərclər qismində isə 46 (qırx altı) manat məbləğində pul vəsaitinin tutulub iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli, e-2-2(119)- 1005/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 17 noyabr 2019-cu il tarixdə bağlanmış müqaviləyə xitam verilməsi, Cavabdeh ilə İddiaçı arasında bağlanmış 17 noyabr 2019-cu il tarixli müqavilə üzrə yaranmış 3.400 (üç min dörd yüz) manat məbləğində borc və ödəniş gününə olan məzənnə üzrə manatla 2.000 (iki min) ABŞ dolları məbləğində borc, gecikdirilmiş vaxt üçün illik beş faizi qismində müvafiq olaraq 255 (iki yüz əlli beş) manat və ödəniş gününə olan məzənnə üzrə manatla 150 (yüz əlli) ABŞ dolları, cəmi 3.655 (üç min altı yüz əlli beş) manat və ödəniş gününə olan məzənnə üzrə manatla 2.150 (iki min yüz əlli) ABŞ dolları məbləğində pul, ödənilən əlavə xərclər qismində isə 42,5 (qırx iki manat əlli qəpik) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Xəqani Tağıyev). Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. apelyasiya şikayətinin dəlilləri: məhkəmə işə baxarkən iddiaçının tələb irəli sürməyə subyektiv hüququnun olub-olmamasını araşdırmalı və məhkəmənin çıxardığı qətnamə faktlara söykənməli idi. Belə ki, aralarında heç vaxt borc münasibətləri olmamışdır. İddiaçının tələbi onu ziyana salmaq və hansı yolla olursa olsun varlanmaq üçün nəzərdə tutulmuşdur. Aralarında işgüzar münasibətlər olmuşdur. İddiaçının məhkəməyə təqdim etdiyi müqavilədə göstərilən məbləğ birgə fəaliyyətə qoyulmuş pul məbləğidir. İddiaçının qoyduğu məbləğdən iki qat artıq pul qoymuşdur. Ona iddiaçıdan da çox maddi zərər dəymişdir. Məhkəmənin araşdırma aparmadan hansısa qətnamə çıxarması əsassız olaraq onu əlverişsiz vəziyyətə salır. İddiaçı pulu borc kimi tələb etdiyi üçün ümumiyyətlə işə ümumi məhkəmədə baxılmalı idi. Belə olduğu halda, məhkəmə aidiyyatı pozulmuş sayılır. Məlum olduğu kimi, kommersiya məhkəmələri sahibkarlıq fəaliyyəti ilə bağlı işlərə baxır. Bu isə iddiaçı ilə aralarında heç bir borc münasibətinin olmaması səbəbilə iddianın rədd edilməsi üçün əsas sayılmalıdır. Bundan başqa, məhkəmənin vaxtı və yeri barədə heç bir məhkəmə bildirişi almamış və bu barədə məlumatı olmamışdır. Məhkəmə qətnaməsindən təsadüfən xəbəri olmuşdur. Məhkəmədə iştirak edəcəyi halda özünü müdafiə edə və sübutlarını təqdim edərdi. tərəflərin izahatları: Apelyasiya baxışı zamanı cavabdehin vəkili apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını və apelyasiya şikayətinin rədd edilməsini xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq və iddiaçının və cavabdehin vəkillərinin izahatlarını dinləyib hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Cavabdeh ilə İddiaçı arasında bağlanmış 17 noyabr 2019-cu il tarixli müqavilədən görünür ki, iddiaçı iki ay sınaq müddətindən sonra – 17 yanvar 2020ci il tarixdən 1 (bir) il müddətinə cavabdehə iddiaçı tərəfindən hər ay 800 (səkkiz yüz) manat olmaqla cəmi 9.600 (doqquz min altı yüz) manat ödəməyi öhdəsinə götürmüşdür. Vəsaitin 4.800 (dörd min səkkiz yüz) manatının 17 noyabr 2019-cu il tarixdən, qalan hissəsinin isə 11 iyul (2020-ci ilin) tarixdə ödənilməsi nəzərdə tutulmuşdur. Müqaviləyə görə əgər Cavabdeh aldığı məbləğ müqabilində göstərilən vaxtdan tez müqaviləni pozarsa, ödənilən məbləği tamamilə geri qaytarmalıdır. Həmin müqavilədən görünür ki, Cavabdeh 20.12.2019-cu il tarixdə 1000 manat, 17.01.2020-ci il tarixdə 1000 manat məbləğində pul almışdır. İş materiallarına əlavə edilmiş video görüntüdən məlum olur ki, Cavabdeh həmin vaxt 2000 ABŞ dolları və 1.400 manat məbləğində pul almışdır. Birinci instansiya məhkəməsində şahid X1 bildirmişdir ki, video görüntüdə pulları təqdim edən şəxs həqiqətən də odur. Həmin vaxt iddiaçının özü xəstə olduğuna görə, müqavilə üzrə ödənilməli pul məbləğini Cavabdeh təqdim etməyi E.Mürsəlovdan xahiş edib. Müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə 3.400 manat və 2000 ABŞ dolları məbləğində pul verilib. Sonuncu ödənişlə bağlı cavabdehin razılığı ilə video çəkiliş aparılıb. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş və hesab etmişdir ki, Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, yəni müqaviləni əhəmiyyətli dərəcədə pozmuşdur, iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. Cavabdehin şikayətinin bir dəlili ondan ibarətdir ki, tərəflər arasında bağlanmış müqavilə əsasında cavabdeh də pul vəsaiti qoymuş, aralarında işgüzar münasibətlər olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya hər hansı pul məbləğinin ödənilməsi iş materialları ilə təsdiqini tapmır. Halbuki Mülki Prosessual Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdehin şikayətinin digər bir dəlili- məhkəmənin vaxtı və yeri barədə heç bir məhkəmə bildirişi almaması ilə bağlı isə kollegiya qeyd edir ki, həmin dəlil də əsassızdır. Belə ki, "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumat bazasındakı məlumatlarla müəyyən olunur ki, Cavabdeh qeydiyyat ünvanı “Abşeron rayonu, Xırdalan quşçuluq massivi, 6-cı küçə, dalan 2” ünvanıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. İş materiallarından görünür ki, həmin ünvana göndərilmiş çoxsaylı poçt zərfləri məhkəməyə geri qayıtmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-nin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Kollegiya qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə pul məbləğlərinin ödənilməsi, cavabdeh tərəfindən müqavilədə edilmiş yazılı qeydlə və digər sübutlarla öz əksini tapır, bundan başqa, iddiaçının nümayəndəsi və vəkili məhkəmə kollegiyasının iclasında həmin pul məbləğlərinin iddiaçı tərəfindən cavabdehə verildiyini qeyd etmiş və bu halın iş materiallarına əlavə edilmiş videogörünütüdə də əks olunduğunu qeyd etmişdir. Həmin müqavilədə cavabdeh tərəfindən müqavilə şərtlərinin pozulduğu halda cavabdehə ödənilən məbləğin tamamilə geri qaytarılmalı olduğu nəzərdə tutulmuşdur. Lakin müqavilə öhdəlikləri Cavabdeh tərəfindən pozulmasına baxmayaraq, cavabdeh iddiaçıdan aldığı pul məbləğini ona qaytarmamışdır. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Ona görə də apelyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. NƏTİCƏ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-1005/2021 saylı, 28 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar