Məhkəmə qərarları › İş №2-2(105)-37/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-37/2020

08.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-37/2020 08.12.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), X2 və Babayeva Hökümə Çingiz qızından ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbi və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iş üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-2(085)- 35/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-2(085)-35/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 13462,73 manat əsas, müqavilənin bitdiyi tarixə 3608,15 manat faiz və 200 manat cərimə olmaqla, cəmi 17270,88 manat borcun İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh məxsus Şamaxı şəhəri, Hüseyn Ciddi küçəsində 0,05 ha torpaq sahəsi ilə birlikdə 7 saylı fərdi yaşayış evinə yönəldilməsi, 0,05 ha torpaq sahəsi ilə birlikdə 7 saylı fərdi yaşayış evi hərracda ilkin satış qiymətinin 48000 (qırx səkkiz min) manat müəyyən olunmaqla hərracda satılması və əldə edilən vəsaitin borcun ödənilməsinə yönəldilməsi, ipoteka əmlakına tutma yönəldikdə və o satıldıqda, fərdi yaşayış evinin boşaldılması, Cavabdeh həmin yaşayış evinə istifadə hüquqlarının itirilməsi, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 26,25 manat məbləğinin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi, qalan 3,75 manat məbləğin isə İddiaçı ASC-yə aid edilməsi, iddianın qalan hissədə rədd edilməsi, iş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 200 manat məbləğində ekspertiza xərclərinin 175 manat məbləğinin Cavabdeh, qalan 25 manat məbləğinin isə İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. (hakim Zaur Pirverdiyev) Qətnamədən Cavabdeh apelyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: İddiaçı cavabdehə qarşı xx.xx.2014-cü il tarixli 108.LN.2004.281014.00001 saylı Kredit Müqaviləsi üzrə cavabdehdən iddiaçının xeyrinə 15000 manat əsas, 2931,38 manat faiz, 2005,12 manat artırılmış faiz borcu (cərimə), cəmi 19936,5 manat və 30 manat məbləğində dövlət rüsumunun tutulması, tutmanı cavabdehə məxsus Şamaxı şəhəri, Hüseyn Ciddi küçəsində 0,05 ha torpaq sahəsinin üzərində yerləşən 7 saylı fərdi yaşayış evinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satışdan əldə edilən vəsait hesabına tələb edilən borcun ödənilməsi, ipoteka predmetinin satışından əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalıq borcun ümumi qaydada tutulması, ipoteka qoyulmuş cavabdehə məxsus Şamaxı şəhəri, Hüseyn Ciddi küçəsində 0,05 ha torpaq sahəsinin üzərində yerləşən 7 saylı fərdi yaşayış evini ən geci bir ay ərzində tərk etməsi, evin boşaldılması, evə istifadə hüququnun itirilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizəylə məhkəməyə müraciət edərək, cavabdehdən 13462,73 manat əsas, müqavilənin bitdiyi tarixə 3608,15 manat faiz və 2665,35 manat cərimə olmaqla, cəmi 19736,23 manat borcun tutulması, tutmanın cavabdehə məxsus Şamaxı şəhəri, Hüseyn Ciddi küçəsində 0,05 ha torpaq sahəsi ilə birlikdə 7 saylı fərdi yaşayış evinə yönəldilməsi, hərracda satılması və əldə edilən vəsaitin borcun ödənilməsinə yönəldilməsi, ipoteka əmlakına tutma yönəldikdə və o satıldıqda, evin boşaldılması, cavabdehin həmin yaşayış evinə istifadə hüquqlarının itirilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx xxxxxxx 2014-cü il tarixli 108.LN.2004. 281014.00001 saylı Kredit Müqaviləsinin şərtlərinə uyğun olaraq cavabdehə 36 ay müddətinə, illik 6 faizlə 15000 manat məbləğində kredit verilmişdir. Cavabdehə kredit dövriyyə vəsaitlərinin artırılması məqsədi ilə verilmişdir. Göstərilən müqavilə üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün iddiaçı ilə ipoteka qoyan arasında bağlanmış xx xxxxxxx 2014-cü il tarixli 108.CL.281014.00001/d saylı ipoteka müqaviləsinin şərtlərinə görə iddiaçıya, cavabdehə məxsus Şamaxı şəhəri, Hüseyn Ciddi küçəsində 0,05 ha torpaq sahəsinin üzərində yerləşən 7 saylı fərdi yaşayış evinə ipoteka hüququ verilmiş və bununla əlaqədar olaraq xx.xx.2014-cü il tarixdə RX seriyalı ******* nömrəli çıxarış ilə ipotekanın qeydiyyatı aparılmışdır. Cavabdehin kredit müqaviləsi üzrə iddiaçıya xx.xx.2017-ci il tarixə olan borcu 15000 manat əsas, 2931,38 manat faiz, 2005,12 manat artırılmış faiz borcu (cərimə), ümumi 19936.5 manat təşkil edir. Bu günədək cavabdeh tərəfindən Kredit Müqaviləsinin şərtləri dəfələrlə yerinə yetirilməmiş və kredit üzrə faizlərin ödənilməsi müddətləri pozulmuşdur ki, bu da öz növbəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295 və 3,19-cu maddələrinə əsasən iddiaçıya İpoteka Müqaviləsinin şərtlərinə görə ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi hüququnu vermişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəf heç bir əsas olmadan ona faiz və faizin faizini hesablamış və ödəniləcək məbləğ əsassız olaraq şişirdilmişdir. Hazırda borcu ödəmək qabiliyyətində və niyyətindədir, lakin şişirdilmiş məbləği ödəmək niyyətində deyil. İddiaçı ASC-nin X3 Əfqan Cəlilov xx.xx.2019-cu il tarixdə kredit məsələləri üzrə ən yüksək icra orqanı hesab olunan Azərbaycan Respublikası Maliyyə X1 İdarə heyyətinin üzvü vəzifəsini icra edən cənab Əfqan Baxışova məktub göndərərək tələbin əsas borc üzrə 15.000manat deyil, 13462.73 manat tutlması barədə məhkəməyə ərizə təqdim ediləcəyi barədə ona təminat vermişdir. Beləliklə onun banka olan ümumi borcu göstərilmişdir, lakin məhkəmənin nəyə əsaslanıb məbləği 17270.88 manat müəyyən etməklə əlavə olaraq əmlakını əlindən alması aydın deyil. Buna baxmayaraq məhkəmə məktuba və digər işdəki sübutlara əhəmiyyət vermədən qarşı tərəfin əsassız iddiasını təmin etmişdir. Ona görə də qətnamə mövcud qanunuverciliyə ziddir. İddiaçı ASC-nin əsassız hesabladığı 2.932 manat faizin, 200 manat cərimənin silinməsini, əsas borcun 13462.73 manat müəyyən edilməsi, kredit və ipoteka müqavilələrinin ləğv edilməsi barədə vəzifənin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etsə də, məhkəmə tələbi onun və iki əlil uşağının yaşadığı yeganə yaşayış sahəsinə yönəltmişdir. Qətnamə bu hissədə Azərbaycan Respublikası “İpoteka haqqında” qanunun mahiyyət və tələblərinə ziddir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apelyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməlidir. İş materiallarında olan İddiaçı ASC-nin 19/3420 nömrəli, xx xxxxxxx 2019-cu il tarixli məktubunun surətindən görünür ki, Cavabdeh İddiaçı ASC tərəfindən xx xxxxxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən 15000 manat, xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən isə 4000 ABŞ dolları məbləğində kredit verilmişdir. xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh 3195,79 ABŞ dolları əsas, 407,8 ABŞ dolları faiz, 0,8 ABŞ dolları cərimə, cəmi 3604,39 ABŞ dolları borcun tutulmasına dair məhkəmə qətnaməsi vardır. Hesablanmış kompensiyaya görə hazırda müştərinin bu müqavilə üzrə əsas qalıq borcu 4783,42 manat təşkil edir. xx xxxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə isə 15000 manat əsas, 2931,38 manat faiz, 2005,12 manat cərimə olmaqla, cəmi 19936,50 manat borcun tutulması ilə bağlı məhkəməyə müraciət edilmiş və hazırda məhkəmənin icraatında olmaqla iş üzrə mühasibatlıq ekspertizası təyin edilmişdir. Kompensasiya hesabına həmin müqavilə üzrə isə müştərinin əsas qalıq borcu 13462,73 manat təşkil etmişdir. Mülki iş ekspertizadan məhkəmənin icraatına daxil olduqdan sonra iddia tələbinin məbləği azaldılaraq, borcludan əsas borc üzrə 15000 manat deyil, 13462,73 manat tutulması barədə məhkəməyə ərizə təqdim ediləcəkdir. Müştərinin iki müqavilə üzrə borcu 17000 manatdan çox olduğuna görə restrukturizasiya siyahısına düşməmişdir. xx xxxxxxx 2014-cü il tarixli 108.LN.2004.281014.00001 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı cavabdehə 36 ay müddətinə illik 6 faizlə 15.000,0 manat məbləğində kredit verməyi, cavabdeh isə krediti və ona hesablanmış faizləri iddiaçıya ödəməyi öhdələrinə götürmüşlər. xx xxxxxxx 2014-cü il tarixli 108.CL.281014.00001/d saylı ipoteka müqaviləsinən görünür ki, ipoteka müqaviləsi cavabdeh ilə iddiaçı arasında xx xxxxxxx 2014-cü il tarixli 108.LN.2004.281014.00001 saylı kredit müqaviləsi üzrə pul öhdəliyinin icrasını təmin etmək məqsədilə bağlanmış və cavabdehə məxsus Şamaxı şəhəri, Hüseyn Ciddi küçəsində yerləşən 7 saylı fərdi yaşayış evi (0,05 ha həyətyanı torpaq sahəsi ilə birlikdə) iddiaçı qarşısında ipoteka ilə yüklü edilmişdir. RX seriyalı ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışdan görünür ki, cavabdehə məxsus Şamaxı şəhəri, Hüseyn Ciddi küçəsində yerləşən 7 saylı fərdi yaşayış evi (0,05 ha həyətyanı torpaq sahəsi ilə birlikdə) xx xxxxxxx 2014-cü il tarixli 108.LN.2004.281014.00001 saylı Kredit Müqaviləsinin öhdəliyinin təminatı kimi iddiaçının adına ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. xx xxxxxx 2017-ci il tarixli 19/9867 saylı “İpoteka predmetinə tutmanın yönəldilməsinə dair” Bildirişdən görünür ki, iddiaçı tərəfindən cavabdehə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə xəbərdarlıq edilmişdir. İddiaçı tərəfindən Azərbaycan Respublikasının Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsinə ünvanlanmış xx xxxxxx 2017-ci il tarixli, 19/10087 saylı Bildirişin qeydə alınmasına dair Ərizədən görünür ki, iddiaçı tərəfindən cavabdehə ünvanlanmış “İpoteka predmetinə tutmanın yönəldilməsinə dair” bildirişin qeydə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsinin xx xxxxxxxx 2017-ci il tarixli **********29 saylı məktubundan görünür ki, cavabdehə məxsus Şamaxı şəhəri, Hüseyn Ciddi küçəsində yerləşən 7 saylı fərdi yaşayış evinə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş xx xxxxxxxx 2017-ci il tarixdə qeydiyyata alınmışdır. “Dominant Konsaltinq” məhdud məsuliyyətli cəmiyyətinin xx xxxxxx 2019-cu il tarixli M108/19 saylı Qiymətləndirmə hesabatından görünür ki, Şamaxı şəhəri, Hüseyn Ciddi küçəsində 0,05 ha torpaq sahəsi ilə birlikdə 7 saylı fərdi yaşayış evinin bazar qiyməti 48000 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxx 2019-cu il tarixli 11039 saylı rəyindən görünür ki, xx xxxxxxx 2014-cü il tarixli, 108.LN.2004.281014.00001 saylı kredit müqaviləsi üzrə Cavabdeh xx xxxxxx 2017-ci il tarixədək banka olan borcu 16,480,00 manat məbləğində müəyyən olunur, o cümlədən əsas borc üzrə 15.000 manat, faiz borcu üzrə 1480 manat. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etmiş, gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295, 317, 385.1, 442, 448.1, 468, 739.1, 739.2-ci maddələrinə və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 7.2, 34.1.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əmlakın satılmasını tələb edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən, əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi əsas borc; faizlər; öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi də daxil edilməklə tam həcmdə təmin edilir. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında kredit müqaviləsi əsasında öhdəlik münasibətləri yaranmış, iddiaçı kredit razılaşması üzrə öhdəliyi icra edərək nəzərdə tutulan məbləği Cavabdeh versə də, cavabdeh müqavilə üzrə öhdəliyi lazımınca icra etməyərək ödəməli olduğu pul məbləğini ödəməmiş, bununla da müqavilə şərtlərinə əməl etməyərək üzərinə düşən öhdəliyi lazımınca və vaxtında icra etməmiş, nəticədə bank qarşısında borcu yaranmışdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq tələb edilən borc məbləğinin düzgün hesablanıb-hesablanmamasının müəyyənləşdirilməsi üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/1986 saylı xx xxxxxx 2020-ci il tarixli rəyindən görünür ki, iş materiallarında olan sənədlərə (bank tərəfindən tərtib olunmuş hesabdan çıxarış, kredit müqaviləsi, ödəniş qrafiki və s.) əsasən xx xxxxxxx 2014-cü il tarixli, 108.LN.2004.281014.00001 saylı kredit müqaviləsi üzrə Cavabdeh xx xxxxxxx 2017-ci il tarixədək banka olan borcu 16652,50 manat məbləğində müəyyən olunur, o cümlədən, əsas borc üzrə 15000 manat, faiz borcu üzrə 1652,00 manat. Məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən də müəyyən edilir ki, iddiaçı bank tərəfindən kredit müqaviləsi üzrə tələb edilmiş əsas və faiz borc məbləği cavabdeh tərəfindən ödənilmədən qalmışdır və həmin borc məbləğinin tələb edilməsinin hüquqi əsasları vardır. Ekspert rəyindən müəyyən edilir ki, faiz borcunun məbləği tələbdən azdır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Cavabdeh tələb edilən məbləğ ilə razı olmadığından verilmiş apelyasiya şikayətinə əsasən faiz borcunun məbləği rəy ilə müəyyən edilmiş həddə, yəni 1652 manat məbləğində müəyyən edilməlidir. Cərimə borcunun tutulması barədə apelyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və lazımınca icra edilmədiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azadılması istisna edilir. Birinci instansiya məhkəməsi mülki qanunvericiliyin qeyd olunan normalarını nəzərə alaraq, 2005,12 manat cərimə məbləğini azaldaraq 200 manat cərimə tutmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı bank tərəfindən tələb edilən dəbbə pulunun azaldılması cavabdehin kredit müqaviləsi üzrə ödənilmədən qalmış borc məbləğinin ödənilməsinə zəmin yaratmış olur. Cərimə borcunun ümumiyyətlə silinməsi isə kreditorun əmlak mənafeyinin pozulmasıdır. Apelyasiya şikayətinin ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.5-ci maddəsinə əsasən, girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əmlakın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi əsas borc; faizlər; öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi də daxil edilməklə tam həcmdə təmin edilir. Həmin Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.1 və 34.1.2-ci maddələrinə əsasən borclu tərəfindən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Həmin Qanunun 41.1-ci maddəsinə əsasən, ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən, ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Qanunun 1.0.9-cu maddəsindən göründüyü kimi, sözügedən normada ipoteka predmetinin ilkin satış qiymətinin anlayışı aydın şəkildə həmin əmlakın məhz likvid qiymətini ehtiva etməsi kimi verilmişdir “Likvidlik” özü iqtisadi termin olaraq biznesdə, yaxud investisiya proseslərində aktivlərin bazarda əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan tez reallaşdırıla (satıla) bilməsi qabiliyyətidir. Likvid dəyər bazar dəyərinin müəyyənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir. Bu baxımdan aydın olur ki, əmlakın likvid qiyməti onun bazar qiymətinin açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehtiva edir. “xxxx” MMC-nin xx xxxxxx 2020-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, Şamaxı şəhəri, Hüseyn Ciddi küçəsində 0,05 ha torpaq sahəsi üzərində yerləşən 7 saylı fərdi yaşayış evinin likvid dəyəri 82800 manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, ipoteka predmeti açıq hərraca çıxarılarkən onun likvid dəyəri qiymətləndirmə rəyinə müvafiq olaraq 82800 manat məbləğində müəyyən edilməlidir. İddia tələbinin fərdi yaşayış evindən istifadə hüququnun itirilməsi hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, ipotekaya qoyulmuş fərdi yaşayış evi satıldıqdan, münasibətlərə yeni mülkiyyətçi daxil olduqdan sonra, yeni mülkiyyətçi istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. İddiaçı bankın, yəni ipoteka saxlayanın belə tələblə məhkəməyə müraciət etmək hüququ yoxdur. Belə olan halda, iddia tələbi Cavabdeh Şamaxı şəhəri, Hüseyn Ciddi küçəsində 0,05 ha torpaq sahəsi üzərində yerləşən 7 saylı fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi hissəsində təmin edilə bilməz. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-2(085)-35/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi qismən – 3608,15 manat faiz borcunun tutulması, 0,05 ha torpaq sahəsi ilə birlikdə 7 saylı fərdi yaşayış evinin hərracda ilkin satış qiymətinin 48000 (qırx səkkiz min) manat müəyyən olunması, Cavabdeh həmin yaşayış evinə istifadə hüququnun itirilməsi hissələrində ləğv edilməli və həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilməli, Cavabdeh 1652 (bir min altı yüz əlli iki) manat faiz borcunun iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmalı, ipoteka predmeti olan Şamaxı şəhəri, Hüseyn Ciddi küçəsində 0,05 ha torpaq sahəsi üzərində yerləşən 7 saylı fərdi yaşayış evinin likvid dəyərinin 82800 (səksən iki min səkkiz yüz) manat müəyyən edilməli, Cavabdeh Şamaxı şəhəri, Hüseyn Ciddi küçəsində 0,05 ha torpaq sahəsi üzərində yerləşən 7 saylı fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi hissəsində iddia tələbi təmin edilməməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Cavabdeh iş üzrə keçirilmiş məhkəməmühasibatlıq ekspertizası tədqiqatının dəyəri-200 (iki yüz) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, ipoteka predmetinin qiymətləndirilməsi üçün keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri-350 (üç yüz əlli) manat alınaraq “xxxx” MMC-nin hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 382, 384.0.2, 392, 393 və 402-ci maddələrini rəhbər tuturaq məhkəmə kollegiyası QƏT ETDİ: Apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-2(085)-35/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi qismən – 3608,15 manat faiz borcunun tutulması, 0,05 ha torpaq sahəsi ilə birlikdə 7 saylı fərdi yaşayış evinin hərracda ilkin satış qiymətinin 48000 (qırx səkkiz min) manat müəyyən olunması, Cavabdeh həmin yaşayış evinə istifadə hüququnun itirilməsi hissələrində ləğv edilsin və həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdeh 1652 (bir min altı yüz əlli iki) manat faiz borcu iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulsun. İpoteka predmeti olan Şamaxı şəhəri, Hüseyn Ciddi küçəsində 0,05 ha torpaq sahəsi üzərində yerləşən 7 saylı fərdi yaşayış evinin likvid dəyəri 82800 (səksən iki min səkkiz yüz) manat müəyyən edilsin. Cavabdeh Şamaxı şəhəri, Hüseyn Ciddi küçəsində 0,05 ha torpaq sahəsi üzərində yerləşən 7 saylı fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi hissəsində iddia tələbi təmin edilməsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Cavabdeh iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri- 200 (iki yüz) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, ipoteka predmetinin qiymətləndirilməsi üçün keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri-350 (üç yüz əlli) manat alınaraq “xxxx” MMC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fuad Məmmədov Hakimlər Zaur Məmmədov Hökümə Babayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar