Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-37/2025 11.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X3, cavabdeh, eyni zamanda digər Cavabdeh2 MMC-nin qanuni təmsilçisi Cavabdeh4 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2nə, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun və digər ödənişlərin tutulması tələbinə dair” kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(119)-370/2024 nömrəli qətnaməsindən Cavabdeh2 MMC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(119)-370/2024 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh2ndən, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 8082,81 manat əsas bоrc, 1051,93 manat faiz borcu və 210 manat mediasiya xərcinin əvəzi olmaqla cəmi 9344,74 manat (doqquz min üç yüz qırx dörd manat 74 qəpik) məbləğdə pul vəsaitinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğdə pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi, həmçinin cavabdehlərdən müştərək qaydada 111,34 manat (yüz on bir manat 34 qəpik) məbləğdə dövlət rüsumu əvəzinin dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (hakim Fərman Həmidli). Qətnamədən Cavabdeh2 MMC tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı ASC cavabdehlər Cavabdeh2 MMC-yə, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun və digər ödənişlərin tutulması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC ilə aralarında bağlanmış xx.xx.2020-ci il tariхli 101842-840283/1 nömrəli krеdit müqaviləsi üzrə 8082,81 manat əsas bоrc, 2327,25 manat faiz borcu оlmaqla cəmi 10410,06 manat məbləğdə kredit borcunun, həmçinin 210 manat məbləğdə mediasiya xərcinin əvəzinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və borcalan Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2020 il tariхli 101842-840283/1 nömrəli krеdit müqaviləsinə əsasən borcluya 24 ay müddətinə illik 24% dərəcəsi ilə 15000 (on beş min) manat məbləğində krеdit vеrilmişdir. Еyni zamanda, bank ilə digər cavabdehlər - Cavabdeh4 arasında xx.xx.2020-ci il tariхli 101842-840283/1/3 nömrəli və Cavabdeh3 arasında xx.xx.2020 il tariхli 101842-840283/1 nömrəli zaminlik müqavilələri bağlanılmışdır. Sonradan borcalan Cavabdeh2 MMC-nin ərizəsi əsasında xx.xx.2020-ci il tariхli 101842- 840283/1 nömrəli krеdit müqaviləsi restrukturizasiya olunaraq, bankla Cavabdeh2 MMC arasında kredit müqaviləsinə xx.xx.2020-ci il tarixli 1 nömrəli Əlavə Razılaşma bağlanılıb kredit müqaviləsinin müddəti 24 aydan 48 ayadək uzadılmış və borcalana yeni ödəniş cədvəli təqdim edilmişdir. Eyni zamanda bankla cavabdehlər Cavabdeh4 və Cavabdeh3 arasında xx.xx.2020-ci il tariхli zaminlik müqavilələri üzrə ayrı-ayrılıqda xx.xx.2020-ci il tarixli 01 nömrəli Əlavə Razılaşmalar və digər Cavabdeh1 arasında xx.xx.2020-ci il tariхli 101842-840283/1 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş ödəmə qrafikini pоzmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı qaydada хəbərdarlıq edilsə də, onlar banka olan borclarını ödəməmişlər. xx.xx.2024-cü il tarixinə cavabdehlərin kredit müqaviləsi üzrə 8082,81 manat əsas bоrcu və 2327,25 manat faiz borcu оlmaqla, ümumilikdə 10410,06 manat (on min dörd yüz on manat 06 qəpik) məbləğdə kredit bоrcu yaranmışdır. Mübahisənin mediasiya qaydasında həllinə cəhd edilməsi də hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan qətnamə qəbul etmişdir. Qətnamədən narazı qalan Cavabdeh2 MMC apellyasiya şikayəti verərək, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(119)-370/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin və işdə iştirak edən şəxslərin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, bankın məhkəməyə təqdim etdiyi yalanlarla dolu iddia ərizəsində həm əsas borc, həm də faiz borcu düzgün hesablanmamışdır. Təsisçi tərəfindən kredit və qanunsuzluqlarla bağlı Azərbaycan Respublikası Mərkəzi Bankına müraciət edilmişdir. Araşdırma zamanı Mərkəzi Bank "xxxx" ASC-dən məlumatlar istəmişdir. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə KB-119/2- 24/2024 nömrəli məktubla Mərkəzi banka və eyni zamanda, MMC-nin rəhbəri Cavabdeh4 cavab göndərilmişdir. Həmin cavabda qeyd olunmuşdur ki, “Xocalı FK” əsas borc üzrə 10.366,16 manat, faiz borcu üzrə 8876,12 manat məbləğdə ödənişlər etmişdir. Eyni zamanda müştərinin borcu 10496,29 manat (əsas borc 8082,81 manat, faiz borcu 1351,70 manat, cərimə borcu 1061,78 manat) təşkil etmişdir. Bu məlumatlar xx.xx.2024 tarixdə verilmişdir. Bir ay ərzində faizin ikiqat artması mümkün deyildir. Sadəcə olaraq iddiaçı məhkəmə tərəfindən cərimə borclarının silindiyini bildiyi üçün cəriməni məhkəmədən gizlədərək faiz kimi hesablamışdır. Burada xeyli qeyri-müəyyənlik mövcuddur. İş üzrə ekspert rəyi alınsa da, ekspert rəyi qeyri-obyektivdir. Ekspert özü hesablamanı düzgün aparmamışdır. Belə ki, ekspert əsas borcu bankın hesablamasından daha çox məbləğdə hesablamışdır. İddiaçı tərəfin məhkəməyə verdiyi iddia ərizəsində qeyd olunur ki, cavabdehlərdən əsas borc üzrə 8082,81 manat, faiz borcu üzrə 2327,25 manat tələb edir. Bu onu deməyə əsas verir ki, bankın hesablamaları real deyil. Kifayət qədər şübhə doğurur. 1351 manat məbləğində pulun üzərinə bir ay ərzində 1000 manat faiz hesablanması qanunsuzdur. Eyni zamanda, bankın özünün etiraf etdiyi kimi, “Xocalı FK” tərəfindən 15000 manat kreditə görə 19242 manat ödənişin edilməsi onu deməyə əsas verir ki, borc ödənimişdir. Ümumiyyətlə, bankın və ekspertin hesablamaları real olmamışdır. Çünki hər ikisinin qeyri-obyektiv olması müəyyən olunur. Kredit müqaviləsi üzrə kifayət qədər artıq məbləğ ödənilmiş, lakin ödənişlər bank tərəfindən nəzərə alınmamışdır. Eyni zamanda, ekspert rəyində buna münasibət göstərilməmişdir. Ödənilən pullar bankın əsassız hesabladığı məbləğdən çıxılmamışdır. Məhkəmə borcun məbləğini düzgün müəyyən etməmiş, ümumiyyətlə cavabdehin borclu olub-olmaması barədə sübutları tədqiq etməmiş, cavabdehin ödənişlərinin borc məbləğindən çıxılıb-çıxılmasını aydınlaşdırmamışdır. İddiaçının cavabdehlərə və Mərkəzi banka təqdim etdiyi məktublarda borcun məbləği tamamilə fərqli rəqəmlərlə göstərilmişdir. Bu sənədlərlə ümumyyətlə iddia təmin edilə bilməzdi. Ekspert rəyi özü kifayət qədər aydın deyildir. Hesab edir ki, işdə olan sübutlar yenidən araşdrılmalı və iş üzrə təkrar ekspert rəyi alınmalıdır... Göstərilənlərə əsasən Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(119)-370/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılması xahiş edilmişdir. Apellyasiya baxışı iclasında iştirak edən cavabdeh, eyni zamanda digər Cavabdeh2 MMC-nin qanuni təmsilçisi Cavabdeh4 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X4 apellyasiya şikayətinin tamamilə əsassız olduğunu bildirərək şikayətin təmin olunmamasını, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(119)- 370/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya baxışı iclasının yeri və vaxtı barədə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə və işdə olan sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, Cavabdeh2 MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(119)-370/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələb və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Hazırkı işin materiallarında olan 17 yanvar 2020-ci il tarixli 101842-840283/1 nömrəli kredit müqaviləsinə əsasən, bank (İddiaçı ASC) borcalana (Cavabdeh2 MMC-yə) 24 ay müddətinə 15000 (on beş min) manat məbləğində krеdit vеrməyi, borcalan isə verilmiş kerditi qəbul edib müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi, krediti qaytarmağı, habelə kreditdən istifadəyə görə müqavilənin 1 nömrəli əlavəsi olan ödəniş cədvəli ilə müəyyən edilmiş müddətlərdə illik 24 faiz dərəcəsi ilə hesablanmış faizləri banka ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.1.2-ci yarımbəndinə əsasən, borcalanın kreditinin əlavəsi olan ödəniş cədvəli ilə müəyyən edilmiş tarixlərdə, eyni zamanda ödənişi gecikdirilmiş və ya vaxtı keçmiş əsas, faiz və cərimə borclarının ödənilməsi üçün zəruri olan vəsaiti borcalanın bankda olan bütün hesab(lar)ından akseptsiz qaydada silmək bankın hüququ kimi müəyyən edilmişdir. İş materiallarında olan 101842-840283/1 nömrəli kredit müqaviləsinə 1 saylı əlavə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 MMC-nin banka olan borcunun həmin ödəniş cədvəlinə uyğun olaraq son ödəniş tarixi 17 yanvar 2022-ci il olmaqla müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İddiaçı ilə Cavabdeh4 arasında bağlanmış 17 yanvar 2020-ci il tarixli 101842- 840283/1/3 zaminlik müqaviləsinə əsasən, zamin Cavabdeh4 borcalanın 17 yanvar 2020ci il tarixli 101842-840283/1 nömrəli kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə borcalanla birgə məsuliyyəti öz üzərinə götürür. İddiaçı ilə Cavabdeh3 arasında bağlanmış 17 yanvar 2020-ci il tarixli 101842 840283/1 zaminlik müqaviləsinə əsasən, zamin Cavabdeh3 borcalanın 17 yanvar 2020-ci il tarixli 101842-840283/1 nömrəli kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə borcalanla birgə məsuliyyəti öz üzərinə götürür. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 29 dekabr 2020-ci il tarixli 101842 840283/1 zaminlik müqaviləsinə əsasən, zamin Cavabdeh1 borcalanın 17 yanvar 2020-ci il tarixli 101842-840283/1 nömrəli kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə borcalanla birgə məsuliyyəti öz üzərinə götürür. İşdə olan 29 dekabr 2020-ci il tarixli ərizədən görünür ki, Cavabdeh2 MMC-nin direktoru (Cavabdeh4) banka ərizə ilə müraciət edərək 17 yanvar 2020-ci il tarixli 101842- 840283/1 nömrəli kredit müqaviləsi üzrə ödənişlərdə çətinlik yarandığı üçün restrukturizasiya edilməsinə köməklik göstərilməsini xahiş etmişdir. İddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış 17 yanvar 2020-ci il tarixli 101842- 840283/1 nömrəli kredit müqaviləsinə 29 dekabr 2020-ci il tarixli 1 nömrəli Əlavə Razılaşmaya əsasən, 17 yanvar 2020-ci il tarixli 101842-840283/1 nömrəli kredit müqaviləsinin mətnində dəyişiklik edilmiş, tərəflər bu Əlavə Razılaşma imzalandığı tarixdən müqavilə üzrə gecikdirilmiş əsas borcun kapitallaşdırılaraq güzəşt müddətindən sonrakı aylara bərabər hissələrə bölünməsi, 6 (altı) ay əsas borcun ödənişinə möhlət vaxtı verilməsi, kredit ödənişlərinin kredit müqaviləsinin müddəti çərçivəsində aylıq ödənişin yeni ödəniş cədvəlinə əsasən hesablanması, müqavilənin 1.2-ci bəndindəki “24 (iyirmi dörd) ay" sözünün “48 (qırx səkkiz) ay” sözləri ilə əvəz olunması və müqavilənin bu Əlavə ilə toxunulmayan bütün digər bəndlərinin qüvvədə qalması barədə razılığa gəlmişlər. 1 nömrəli Əlavə Razılaşmaya əlavə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 MMC-nin banka olan borcunun həmin ödəniş cədvəlinə uyğun olaraq son ödəniş tarixi 17 yanvar 2024-cü il olmaqla müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İddiaçı ilə Cavabdeh2 MMC və zamin Cavabdeh4 arasında bağlanmış 17 yanvar 2020-ci il tarixli 101842-840283/1/3 nömrəli zaminlik müqaviləsinə 29 dekabr 2020-ci il tarixli 1 nömrəli Əlavə Razılaşmanın 1.1-ci və 1.2-ci bəndlərinə əsasən, 17 yanvar 2020-ci il tarixli 101842-840283/1/3 nömrəli zaminlik müqaviləsinin 2.1-ci bəndindəki “24 (iyirmi dörd) ay" sözü “48 (qırx səkkiz) ay” sözləri ilə əvəz edilmiş və müqavilənin bu Əlavə ilə toxunulmayan bütün digər bəndləri qüvvədə qalmışdır. İddiaçı ilə Cavabdeh2 MMC və zamin Cavabdeh3 arasında bağlanmış 17 yanvar 2020-ci il tarixli 101842-840283/1 nömrəli zaminlik müqaviləsinə 29 dekabr 2020-ci il tarixli 1 nömrəli Əlavə Razılaşmanın 1.1-ci və 1.2-ci bəndlərinə əsasən, 17 yanvar 2020-ci il tarixli 101842-840283/1 nömrəli zaminlik müqaviləsinin 2.1-ci bəndindəki “24 (iyirmi dörd) ay" sözü “48 (qırx səkkiz) ay” sözləri ilə əvəz edilmiş və müqavilənin bu Əlavə ilə toxunulmayan bütün digər bəndləri qüvvədə qalmışdır. İş materiallarında olan 09 yanvar 2024-cü il tarixli maliyyə arayışından görünür ki, borcalanın (Cavabdeh2 MMC-nin) 09 yanvar 2024-cü il tarixinə banka 8082,81 manat məbləğdə əsas borcu, 2327,25 manat məbləğdə faiz borcu olmaqla, cəmi 10410,06 manat məbləğdə kredit borcu vardır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən təqdim edilmiş 21 oktyabr 2024-cü il tarixli 9/4453 nömrəli ekspert rəyində göstərilir ki, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən Cavabdeh2 MMC ilə İddiaçı ASC arasında bağlanmış 17 yanvar 2020-ci il tarixli 101842-840283/1 nömrəli kredit müqaviləsi üzrə borcalanın 09 yanvar 2024-cü il tarixə əsas borcu 9073,53 manat, faiz borcu üzrə 1051,93 manat müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 447.1-ci maddəsinə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə görə isə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Mülki Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında 17 yanvar 2020-ci il tarixli 101842-840283/1 nömrəli kredit müqaviləsi bağlanmış, həmin müqavilə üzrə sonuncuya 24 ay müddətinə 15000 (on beş min) manat məbləğində kredit verilmiş, cavabdeh həmin müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra edə bilməyərək əsas və faiz borclarını tam ödəmədiyindən 29 dekabr 2020-ci il tarixli 1 nömrəli Əlavə Razılaşma əsasında həmin kredit müqaviləsinin restrukturizasiya edilməsi və gecikdirilmiş əsas borcun kapitallaşdırılaraq güzəşt müddətindən sonrakı aylara bərabər hissələrdə bölünməsi, aylıq ödənişin yeni ödəniş cədvəlinə əsasən hesablanaraq son ödəniş tarixinin 17 yanvar 2024-cü il tarixi olması tərəflər arasında razılaşdırılmışdır. Cavabdeh tərəfindən 29 dekabr 2020-ci il tarixli 1 nömrəli Əlavə Razılaşmanın da şərtləri lazımi qaydada yerinə yetirilməmiş, yəni iddiaçıdan alınmış kredit müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarılmamış, nəticədə onun sözügedən kredit müqaviləsi və ona edilmiş 1 nömrəli Əlavə Razılaşma üzrə 8082,81 manat məbləğində əsas borcu yaranmışdır. Cavabdeh2 MMC öhdəliklərini müvafiq qaydada yerinə yetirmədiyindən, onunla birlikdə, həmçinin zaminlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 da iddiaçı ilə aralarında bağlanmış zaminlik müqavilələrinin şərtlərinə əsasən, kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyətləri yaranmışdır. Qanunvericiliyin müddəalarına uyğun olaraq iddiaçı cavabdehlərdən aralarında bağlanılmış kredit və zaminlik müqavilələrinə əsasən kredit müqaviləsi üzrə ödənilməmiş borcları tələb etməkdə haqlı olmuşdur. Ekspert tərəfindən sözügedən kredit müqaviləsi üzrə 09 yanvar 2024-cü il tarixə əsas borcun 9073,53 manat məbləğdə müəyyən olunmasına baxmayaraq, birinci instansiya məhkəməsi həmin borcu düzgün olaraq iddia tələbi həcmində, yəni 8082,81 manat məbləğində təmin etmişdir. Əks təqdirdə məhkəmə iddia tələbindən kənara çıxmış, yəni tələbin həcmini özbaşına artırmış olardı ki, MPM-in 218.3-cü maddəsi buna yol vermir. Həmin maddəyə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır (hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər). İddiaçı kredit müqaviləsi üzrə 09 yanvar 2024-cü il tarixə 2327,25 manat məbləğdə faiz borcu hesablayaraq cavabdehlərdən tələb etdiyi halda ekspert həmin tarixə faiz borcunu 1051,93 manat məbləğdə müəyyən etmiş və birinci instansiya məhkəməsi də iddia tələbini faiz borcuna aid hissədə bu (1051,93 manat) məbləğdə təmin etmişdir. Tərəflər arasında bağlanmış 17 yanvar 2020-ci il tarixli 101842-840283/1 nömrəli kredit müqaviləsində və 29 dekabr 2020-ci il tarixli 1 nömrəli Əlavə Razılaşmada cavabdeh tərəfindən öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda cərimənin hesablanması nəzərdə tutulmamışdır. Qeyd etmək lazım gəlir ki, iddiaçı birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin olunmuş həcmi ilə razılaşmış və iddianın təmin olunmayan hissəsini apellyasiya şikayəti verməklə mübahisələndirməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh2 MMC tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, həmin dəlillər əsassız və qəbulolunmazdır. Belə ki, cavabdeh kredit müqaviləsi üzrə 19000 manatdan artıq məbləğdə ödəniş etdiyini iddia etsə də, lakin ekspert rəyindən və ekspertin tədqiq etdiyi kredit hesabından çıxarış materiallarından müəyyən olunur ki, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək cəmi 15993,37 manat məbləğdə ödənişlər edilmiş, həmin məbləğin 5926,47 manatı əsas borca, 10066,90 manatı isə faiz borcuna silinmişdir. Müqavilə şərtlərinə uyğun olaraq, ödənişlərin gecikmə müddəti çox olduqca faiz borcuna silinmiş məbləğlər də yüksək olmuşdur. Rəydən göründüyü kimi, xx.xx.2022-ci il tarixli ödənişdən sonra növbəti ödəniş xx.xx.2022ci il tarixdə olmuş, ödənişin 135 gün gecikməsinə görə 816,62 manat əlavə faiz borcu hesablanmışdır. Yaxud, xx.xx.2022-ci il tarixli ödənişdən sonra növbəti ödəniş xx.xx.2023cü il tarixdə edilmiş, ödənişin 194 gün gecikməsinə görə 1173,51 manat əlavə faiz borcu hesablanmışdır. Ona görə də ödənilmiş pulların çox hissəsi faiz borclarının bağlanmasına yönəldilmişdir... Cavabdeh nəzərə alınmayan ödənişlərinin olmasını iddia etsə də, lakin məhkəməyə bu dəlilini təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir. Cavabdeh 19000 manatdan artıq məbləğdə ödəniş etdiyini iddia edərkən iddiaçının özünün xx.xx.2024-cü il tarixli məktubuna istinad edir. Belə ki, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə KB-119/2-24/2024 saylı məktubla Mərkəzi Banka və eyni zamanda, Cavabdeh2 MMC-nin rəhbəri Cavabdeh4 verilən cavabda qeyd olunmuşdur ki, “Xocalı FK” əsas borc üzrə 10.366,16 manat, faiz borcu üzrə 8876,12 manat (cəmi 19242,28 manat) məbləğdə ödənişlər etmişdir. Eyni zamanda, müştərinin borcu 10496,29 manat (əsas borc 8082,81 manat, faiz borcu 1351,70 manat, cərimə borcu 1061,78 manat) təşkil edir... Lakin iş üzrə keçirilən məhkəmə-mühasibatlıq ekspertizasının nəticələrindən görünür ki, bankın (iddiaçının) qeyd edilən məlumatları dəqiq olmamışdır. Özlüyündə də aydındır ki, cəmi 15000 manat məbləğdə kredit götürülmüşsə, bundan (yəni əsas borcdan) 10.366,16 manat ödənildiyi halda qalan əsas borcun 8082,81 manat olması mümkün deyildir. Həmçinin MMC-nin bank hesabının çıxarışından görünür ki, cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə 1003,06 manat, xx.xx.2020-ci il tarixdə 2445,91 manat məbləğlərdə pul köçürmə (kapitallaşma) əməliyyatları icra edilmiş, lakin həmin köçürmələr kredit ödənişinə aid olmamışdır. Cavabdehin istinad etdiyi məktubda isə qeyd edilən məbləğlər səhvən kredit üzrə ödənişlərə hesablanmışdır. Odur ki, cavabdehin kredit üzrə cəmi ödənişi, ekspertin müəyyən etdiyi kimi, 15993,37 manat məbləğdə olmuşdur. Cavabdeh isə heç bir sübuta, yaxud hesablamaya əsaslanmadan ekspertin rəyi ilə də razılaşmır... Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini qəbul etmir. Beləliklə, məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, iddia tələbinin həllinə maddi hüquq normalarını düzgün tətbiq etmiş, işə baxarkən qəbul edilmiş qətnamənin ləğvinə əsas ola biləcək prosessual pozuntulara yol verməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsini qanuni və əsaslı hesab edir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Ona görə də Cavabdeh2 MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(119)-370/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384,385, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(119)- 370/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində tələbləri təmin olunmayan şəxslər tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(105)-37/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-37/2025
11.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver