Məhkəmə qərarları › İş №2-2(105)-38/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-38/2024

22.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-38/2024 22.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər X2 və X1 ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi ilə, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbi barədə kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-1327/2023 nömrəli, 25 dekabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 17 may 2021ci il tarixli 22-MCR-1-508-21 nömrəli kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən kredit limiti üzrə faiz dərəcəsi 30 % olmaqla 120 ay müddətinə 100000 (yüz min) manat məbləğində kredit limiti ayrılmışdır.

2. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 17 may 2021ci il tarixli Z/01135/21 nömrəli zaminlik müqaviləsinə əsasən 17 may 2021-ci il tarixli 22- MCR-1-508-21 nömrəli kredit limitinin ayrılmasına dair müqavilə üzrə bankdan kredit götürmüş borcalan Cavabdeh2 kreditor qarşısında öz öhdəliklərini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti zamin Cavabdeh3 öz üzərinə götürmüşdür.

3. 21 yanvar 2022-ci il tarixli 22-MCR-1-508-21/2 nömrəli kreditin verilməsinə dair razılaşmaya (Bank Xidmətlərinin Göstərilməsi üzrə Standart Şərtlərə 5 nömrəli əlavə) əsasən Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətindən biznes məqsədi ilə aylıq faiz dərəcəsi 1,83 %, FİFD 23,06 % olmaqla 24 ay müddətinə 28300 manat məbləğində kredit götürmüşdür.

4. 22-MCR-1-508-21/2 nömrəli kredit müqaviləsinə 21 yanvar 2022-ci il tarixli 1 saylı Əlavəyə əsasən borcalan Cavabdeh2 banka olan borcunun müvafiq qrafikə əsasən aylar üzrə müəyyən edilmiş məbləğlərdə və müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş cədvəlini borcalan Cavabdeh2 imza etmişdir. Həmin ödəniş cədvəlinə əsasən ödəniş üçün 21 yanvar 2024-cü il son tarix müəyyən olunmuşdur.

5. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 21 yanvar 2022-ci il tarixli Z/00913/22 nömrəli zaminlik müqaviləsinə əsasən 17 may 2021-ci il tarixli 22-MCR-1-508-21 nömrəli kredit limitinin ayrılmasına dair müqavilə üzrə bankdan kredit götürmüş borcalan Cavabdeh2 kreditor qarşısında öz öhdəliklərini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti zamin Cavabdeh1 öz üzərinə götürmüşdür.

6. İddiaçı Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh2 arasında bağlanmış 17 may 2021ci il tarixli 22-MCR-1-508-21 nömrəli kredit limitinin ayrılmasına dair müqaviləyə 21 yanvar 2022-ci il tarixli əlavə sazişə əsasən müqavilənin 10-cu bəndinə əlavə edilərək kredit limitinin təminatı kimi 21 yanvar 2022-ci il tarixli Z/00913/22 nömrəli zaminlik müqaviləsi əsasında Cavabdeh1 tərəfindən verilən zaminlik (21 yanvar 2022-ci il tarixli Z/00913/22 nömrəli müqavilə) göstərilmişdir.

7. 21 yanvar 2022-ci il tarixli 22-MCR-1-508-21/2 nömrəli kredit müqaviləsinə 31 avqust 2022-ci il tarixli 1 nömrəli Əlavə sazişə əsasən bu sazişin qüvvəyə mindiyi tarixdən 21 yanvar 2022-ci il tarixli 22-MCR-1-508-21/2 nömrəli kredit müqaviləsi üzrə kreditin qalıq borc məbləği kapitallaşdırılmaqla 23937,89 manat müəyyənləşdirilmiş və kreditin müddəti 30 aprel 2024-cü il tarixədək uzadılmışdır.

8. 17 may 2021-ci il tarixli Z/01135/21 nömrəli zaminlik müqaviləsinə 31 avqust 2022ci il tarixli 1 nömrəli Əlavə sazişə əsasən bu sazişin qüvvəyə mindiyi tarixdən müqavilənin bağlı olduğu 21 yanvar 2022-ci il tarixli 22-MCR-1-508-21/2 nömrəli kredit müqaviləsi üzrə kreditin qalıq borc məbləği kapitallaşdırılmaqla 23937,89 manat müəyyənləşdirilmiş və kreditin müddəti 30 aprel 2024-cü il tarixədək uzadılmışdır.

9. 21 yanvar 2022-ci il tarixli Z/00913/22 nömrəli zaminlik müqaviləsinə 31 avqust 2022-ci il tarixli 1 nömrəli Əlavə sazişə əsasən bu sazişin qüvvəyə mindiyi tarixdən müqavilənin bağlı olduğu 21 yanvar 2022-ci il tarixli 22-MCR-1-508-21/2 nömrəli kredit müqaviləsi üzrə kreditin qalıq borc məbləği kapitallaşdırılmaqla 23937,89 manat müəyyənləşdirilmiş və kreditin müddəti 30 aprel 2024-cü il tarixədək uzadılmışdır.

10. 22-MCR-1-508-21/2 nömrəli kredit müqaviləsinə 31 avqust 2022-ci il tarixli 1 saylı Əlavəyə əsasən borcalan Cavabdeh2 banka olan borcunun müvafiq qrafikə əsasən aylar üzrə müəyyən edilmiş məbləğlərdə və müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş cədvəlini borcalan Cavabdeh2, zaminlər Cavabdeh1 və Cavabdeh3 imza etmişdir. Həmin ödəniş cədvəlinə əsasən ödənişin son tarixi 30 aprel 2024-cü il müəyyən olunmuşdur.

11. İddia ərizəsi ilə birlikdə iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş maliyyə arayışından görünür ki, Cavabdeh2 21 yanvar 2022-ci il tarixli 22-MCR1-508-21/2 nömrəli kredit müqaviləsi üzrə 25 iyun 2023-cü il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 23937,89 manat məbləğində əsas, 2998,09 manat məbləğində faiz və 1044,32 manat məbləğində cərimə borcu vardır.

12. 08 dekabr 2023-cü il tarixdə “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş maliyyə arayışından görünür ki, Cavabdeh2 21 yanvar 2022-ci il tarixli 22-MCR1-508-21/2 nömrəli kredit müqaviləsi üzrə 09 iyun 2023-cü il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 23937,89 manat məbləğində əsas, 2764,04 manat məbləğində faiz və 875,01 manat məbləğində cərimə borcu vardır.

13. Cavabdehlərə borcun müvafiq qaydada ödənilməsi barədə 09 iyun 2023-cü il tarixdə xəbərdarlıq məktubu göndərilmişdir.

BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏKİ İCRAAT

14. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 23937,89 manat əsas borc, 2998,09 manat faiz borcu və 261,08 manat cərimə borcu olmaqla, cəmi 27197,06 manat borcun və 205 manat mediasiya xərcinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

15. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixli kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Nərimanov” filialından 120 ay müddətinə 100 000 manat məbləğində kredit limiti ayrılmışdır. xx.xx.2021-ci il tarixli kredit limitinin ayrılmasına dair müqavilənin təminatı olaraq xx.xx.2021-ci il tarixdə Cavabdeh3 ilə və xx.xx.2022-ci il tarixdə Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2022-ci il tarixli kredit verilməsinə dair razılaşmaya əsasən Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətindən aylıq 1,83% olmaqla 24 ay müddətinə 28300 manat məbləğində kredit götürmüşdür. xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə xx.xx.2022-ci il tarixli 1 nömrəli Əlavə sazişə əsasən kreditin müddəti xx.xx.2024-cü il tarixinə kimi uzadılmışdır. 2023-cü ilin iyunun 25-dək Cavabdeh2 banka xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 23937,89 manat əsas borc, 2998,09 manat faiz borcu və 1044,32 manat cərimə borcu olmaqla, cəmi 27980,3 manat borcu vardır. Cavabdeh2 xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 1044,32 manat təşkil etməsinə baxmayaraq cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 261,08 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti mübahisəni mediasiya vasitəsilə həll etmək üçün mediasiya təşkilatına müraciət etmiş, lakin tərəflər arasında razılıq əldə olunmamışdır.

16. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

17. Məhkəmə iclasında cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 izahatlarında əsas borcu qəbul etmiş, faiz borcu tutularkən iddiaçı tərəfindən təqdim olunmuş 09 iyun 2023-cü il tarixə hesablanmış maliyyə arayışının nəzərə alınmasını və cərimənin azaldılmasına köməklik göstərilməsini xahiş etmişlər.

18. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-1327/2023 nömrəli, 25 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Həlimə Alıyeva) iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 23937,89 (iyirmi üç min doqquz yüz otuz yeddi manat səksən doqquz qəpik) manat məbləğində əsas borc, 2764,04 (iki min yeddi yüz altmış dörd manat dörd qəpik) manat məbləğində faiz borcu, 100 (yüz) manat məbləğində cərimə və mediasiya ilə əlaqədar ödənilmiş 100 (yüz) manat məbləğində mediasiya xərci olmaqla, cəmi 26901,93 (iyirmi altı min doqquz yüz bir manat doxsan üç qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh2 17 may 2021-ci il tarixli 22-MCR-1-508-21 nömrəli kredit limitinin ayrılmasına dair müqaviləni və 21 yanvar 2022-ci il tarixli 22-MCR-1-508-21/2 nömrəli kreditin verilməsinə dair razılaşmanı bağlayarkən üzərinə götürdüyü öhdəlikləri pozmuş və onları lazımi qaydada icra etməyərək kredit verən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri nəzərdə tutulan qaydada və müddətdə ödəməmişdir.

20. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 739, 385.1, 425.1, 427.3, 442.1, 470.1, 472.1, 462.1, 463.1, 465.2, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 106.3, 217.4, 218.3, 119.1, 119.2-ci maddələri ilə əsaslandırmışdır.

21. Qətnamədən Cavabdeh3 apellyasiya şikayəti verərək, iddia tələbinin ona qarşı kredit borcu tələbi hissəsində rədd edilməsi (zaminliyə xitam verilməsi əsasları ilə) barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri: - kredit müqaviləsinin mahiyyəti kreditorun borcalana faizlər hesablamaqla pul verməsini, borcalanın isə həmin məbləği müqavilədə nəzərdə tutulmuş müddətdə qaytarmasından ibarətdir. Hazırda müqavilə münasibətlərinə xitam verilmədən iddiaçı təşkilat tam olaraq borcun tutulmasını xahiş edir ki, bu da tamamilə qanunsuzdur. - Hazırki iş üzrə cavabdeh tərəfindən borcun ödənilməsi üzrə məsuliyyət öz üzərinə götürülsə də, sonradan iddiaçı ilə borcalan arasında əlavə Sazişlər imzalanmaqla kreditin məbləği dəyişdirilmiş, illik faiz dərəcəsi artırılmışdır. - bankla borcalan arasında sonradan bağlanmış əlavə sazişlərlə zaminlərin üzərinə düşən öhdəliyin həcmi artırılmışdır ki, bu da zaminliyə xitam vermənin əsaslarından biridir. Lakin birinci instansiya məhkəməsi qeyd edilən hala diqqət yetirməyərək qanunsuz və əsassız qətnamə qəbul etmişdir. - məhkəmə tərəfindən xüsusi bilik tələb olunduğundan iş üzrə ekspertizanın keçirilməsi təmin edilməmişdir. Belə ki, cavabdeh olaraq tutulmuş borc məbləği ilə də razı deyil. Birinci instansiya məhkəməsinin hakimlərinin mühasibatlıq sahəsində xüsusi bilikləri olmadığından, tələb edilən kifayət qədər yüksək məbləğdə borcla bağlı iddianı təmin etməklə hüquqları kifayət qədər pozulmuşdur. Məhkəmədə borcla bağlı hər hansı bir mübahisələndirmə aparmasa da, bu hüquqlarını və mühasibatlıq sahəsində xüsusi biliyə sahib olmamağı ilə bağlı olmuşdur. Məhkəməyə və iddiaçının təqdim etdiyi sənədlərə inanaraq qeyd edilən borc məbləği ilə razılaşmışdır. Lakin sonradan müəyyən etmişdir ki, tələb edilən borc məbləği kifayət qədər yüksəkdir. Buna baxmayaraq birinci instansiya məhkəməsi mühasibatlıq barədə ekspertiza təyin etmədən qətnamə qəbul etməklə hüquqlarını kifayət qədər pozmuşdur. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq, cavabdehlərin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 463.1. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Maddə 465.2. Borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...) Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..) Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...) Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

25. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin Kommmersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində Cavabdeh3 birinci instansiya məhkəməsinin qətnaməsini ona aid hissədə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, Cavabdeh3 apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, Cavabdeh3 apellyasiya şikayətinin bir dəlilinə görə, müqavilə münasibətlərinə xitam verilmədən iddiaçı təşkilat tam olaraq borcun tutulmasını xahiş edir ki, bu da tamamilə qanunsuzdur.

28. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli qərarına istinad etməyi zəruri hesab edir. Həmin qərarda Plenum aşağıdakı mövqeləri sərgiləmişdir:

29. “...Müraciətdə qoyulan məsələlərdən biri də kredit müqaviləsi üzrə borcun müqavilədə nəzərdə tutulan qaydada ödənişinin gecikdirilməsi nəticəsində borc verənin müqavilə müddətinin bitməsini gözləmədən bütün məbləğin ödənilməsini tələb etdiyi (müqavilədən imtina etdiyi) halda, eləcə də kreditorun tələbinin girov predmetinə yönəldildiyi təqdirdə müqavilə tərəflərinin hüquqi vəziyyəti ilə bağlıdır. Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı bir daha qeyd etməyi vacib hesab edir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsi anından sonrakı dövr üçün müqavilə münasibətlərinə xitam verilsə də, bu ana qədər yaranmış olan hüquq və öhdəliklər və bunların pozulmasının hüquqi nəticələri birbaşa müqavilə münasibətlərinin hüquqi rejimindən irəli gəlir. Belə ki, Mülki Məcəllənin 399.3-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Məcəllənin 399.4-cü maddəsində göstərildiyi kimi, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Qeyd edilməlidir ki, kredit müqaviləsində ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və annuitet ödənişlərin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsini, kreditin müddəti isə annuitet ödənişlərinin müddətini nəzərdə tutur. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarı). Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli Qərarında da formalaşdırdığı hüquqi mövqeyə görə, müqavilənin qüvvədə olma müddətinin bitməsi müqavilə tərəflərinin qarşılıqlı hüquqi bağlılığının bitməsi anlamına gəlmir. Göstərilənlərə əsasən qeyd olunmalıdır ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır...”

30. Məhkəmə kollegiyası yuxarıda göstərilən mövqedən çıxış edərək hesab edir ki, apellyasiya şikayətinin həmin dəlili əsassızdır.

31. Apellyasiya şikayətinin digər bir dəlilinə görə, cavabdeh tərəfindən borcun ödənilməsi üzrə məsuliyyət öz üzərinə götürülsə də, sonradan iddiaçı ilə borcalan arasında əlavə Sazişlər imzalanmaqla kreditin məbləği dəyişdirilmiş, illik faiz dərəcəsi artırılmışdır, zaminlərin üzərinə düşən öhdəliyin həcmi artlmışdır ki, bu da zaminliyə xitam vermənin əsaslarından biridir.

32. Məhkəmə kollegiyası bu dəlili də əsassız hesab edir. Belə ki, işdən görünür ki, kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən Cavabdeh2 faiz dərəcəsi 30 % olmaqla 120 ay müddətinə 100000 (yüz min) manat məbləğində kredit limiti ayrılmış, Cavabdeh3 17 may 2021-ci il tarixli zaminlik müqaviləsinə əsasən həmin kredit limitinin ayrılmasına dair müqavilə üzrə borcalanın kreditor qarşısında öz öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür.

33. İddiaçı ilə borcalan arasında sonralar kredit müqaviləsi, əlavələr imzalansa da, həmin müqavilələrlə zaminin məsuliyyətinin artması halı baş verməmişdir. Yəni, sonradan kredit xətti müqaviləsi üzrə müəyyən olunmuş faiz dərəcəsinin müqavilə, əlavələrdə 30 %dən çox olması, müddətin 120 ayı keçməsi, kredit xətti məbləği olan 100000 (yüz min) manatdan çox kredit verilməsi, valyuta olan manatın digər valyuta ilə əvəz edilməsi halı olmamışdır.

34. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 25 iyul 2019-cu il tarixli Konstitusiya Məhkəməsi Plenumunun qərarında Plenum qeyd etmişdir ki, “zaminlik müqaviləsi qanunvericiliyin tələbinə uyğun olaraq bütün zəruri şərtlər barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə yanaşı kreditor qarşısında borcun məhz bütün həcminə (əsas borc, faiz, cərimə və s.) müştərək qaydada öhdəlik daşıyır və zaminin məsuliyyətinin artmasına səbəb olan hallar baş verdikdə zaminliyə bütövlükdə xitam verilir.”

35. Mülki Məcəllənin zaminin məsuliyyətini müəyyən edən 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Zaminlik müqaviləsi kreditorla zamin arasında bağlanılır və zamin əsas borclunun öz öhdəliyini icra etməməsi və ya lazımınca icra etməməsi halında, həmin öhdəliyi icra edəcəyinə dair öz üzərinə vəzifə götürür. Bununla da gələcəkdə əsas borclu tərəfindən öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda, kreditor zaminə qarşı həmin öhdəliyin icrası barədə tələb irəli sürmək hüququ əldə etmiş olur. Konstitusiyanın 29-cu və Mülki Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edən müqavilə azadlığı mülki dövriyyə iştirakçılarına azad qaydada müqavilə bağlamaq və onun məzmununu müəyyən etmək imkanını tanıyır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Bu prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan, öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasına seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını aid etmək olar. Mülki Məcəllənin 390-cı maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Lakin vurğulanmalıdır ki, mülki hüquq subyektləri öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəst olsalar da, qanunla dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduğu həddə bu hüquqa məhdudiyyət qoyula bilər (Mülki Məcəllənin 6.3-cü maddəsi). (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 176cı maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 20 iyul 2023-cü il tarixli qərarı)

36. Göründüyü kimi, zamin Cavabdeh3 müqavilə azadlığı prinsipinə uyğun olaraq müqavilə bağlamış, bu müqavilələrin qanunvericiliyə zidd olması, digər şəxslərin hüquq və azadlıqlarını pozması müəyyən olunmur.

37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair 4 sentyabr 2012-ci il tarixli qərarında Plenum qeyd etmişdir ki, zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır. Beləliklə, qanunverici borclunun kreditor qarşısında öhdəliyinin zaminliklə təmin edildiyi halı tənzimləyərək, məhz müqavilə ilə müəyyən edilən konkret öhdəliyi nəzərdə tutur. MM-in 470.2-ci maddəsinə görə gələcəkdə yaranacaq öhdəlik üzrə zaminlik müqaviləsi tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılıq əldə etdikdə bağlana bilər.

38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 31 may 2018-ci il tarixli Qərarında qərara alınmışdır ki, zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. Həmin Qərarın təsviri-əsaslandırıcı hissəsində isə qeyd edilmişdir ki, zaminlik müqaviləsinin bağlanması üçün kredit xətti müqaviləsinin əsas şərtləri aydın müəyyən olunmalıdır. Zaminin sonradan əmələ gələcək öhdəliyə görə məsuliyyətinin həcmini müəyyən etməyə imkan verən hallar mühüm şərtlər hesab edildiyindən, onlar kredit xətti müqaviləsində dəqiq göstərilməlidir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən, bank krediti bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqlar) ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Göründüyü kimi, kredit müqaviləsinin mühüm şərtlərinə kreditin məbləği, müddəti, illik faiz dərəcəsi və s. aid edilə bilər. Zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır.

39. Apellyasiya şikayətinin son dəlili onunla bağlı olmuşdur ki, birinci instansiya məhkəməsi mühasibatlıq ekspertizası təyin etməmiş və borc məbləğini yüksək hesablamışdır.

40. Kollegiya bu dəlili də əsassız hesab edir. Belə ki, birinci instansiya məhkəməsinin iclas protokolundan görünür ki, cavabdeh A. Hüseynov borcu qəbul etmişdir.

41. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi də apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, cavabdehlər birinci instansiya məhkəməsində iştirak edərək borc məbləği ilə razı oluqlarını bildirmişlər. Tərəflərin ekspertiza keçirilməsi barədə tələbi olmadığına, hər üç cavabdeh borc məbləği ilə razı olduğuna görə iş üzrə ekspertiza keçirilməmişdir.

42. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.

44. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir.

45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh3 apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-1327/2023 nömrəli, 25 dekabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar