Məhkəmə qərarları › İş №2-2(105)-39/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-39/2020

17.03.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-39/2020 17.03.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Kommersiya Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), X3 və X2 ibarət tərkibdə, məhkəmə katibi X1, İddiaçı iştirakı ilə Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2- 2(119)-105/2020 saylı qərardadından Cavabdeh nümayəndəsi Ç.N.Sultaliyevin verdiyi şikayət üzrə işə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2(119)-105/2020 saylı qərardadı ilə (hakim Z.Ə.Sadiqov) İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə İddiaçı "iddianın təmin tədbiri haqqında” ərizəsi təmin olunaraq, iddianın təmin tədbiri kimi mülki işə mahiyyəti üzrə baxılanadək İddiaçı məxsus Quba rayonu Qaraçay 2-ci Nügədi kəndində yerləşən abonent kodu **********00000 olan qeyri-yaşayış binasına qazın dayandırılması Cavabdehnə qadağan edilmişdir. Cavabdeh nümayəndəsi Ç.N.Sultaliyev şikayəti verib, qərardadın ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2(119)- 105/2020 saylı qərardadı ilə şikayət təmin edilməyib, işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş ******* nömrəli aktın etibarsız hesab edilməsi, həmin akt əsasında verilmiş qərarın ləğv edilməsi və hesablanmış 3024 manat pulun iddiaçının abonent hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “iddianın təmin tədbirinin tətbiq edilməsi” haqqında ərizəsi ilə müraciət edib, işə mahiyyəti üzrə baxılıb qurtaranadək ona məxsus Quba rayonu, Qaraçay 2-ci Nügədi kəndində yerləşən abonent kodu **********00000 olan qeyri-yaşayış binasına qazın dayandırılmasının Cavabdehnə qadağan edilməsi barədə qərardad qəbul edilməsi xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh nümayəndəsi Ç.N.Sultaliyev verdiyi şikayəti onunla əsaslandırmışdır ki, Sumqayıt Kommersiya Məhkəməsi xx xxxxxx 2020-ci il tarixli qərardadı qəbul edərkən prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Quba xidmət sahəsinin əməkdaşları tərəfindən xx.xx.2019-cu il tarixdə Quba rayonu, Qaraçay kəndində yerləşən qeyri-yaşayış binasının qaz təsərrüfatına baxış keçirilmişdir. Baxış zamanı müəsissədə faktiki işlədilən qaz işlədicilərinin ümumi qaz sərfinin 17 m3/saat olmaqla layihə-smeta sənədlərində uyğun gəlmədiyi müəyyən olunmuşdur. Həmin müəsissə abonent N.Talıbovundur və İddiaçı ilə Cavabdeh arasında hər-hansı müqavilə bağlanmamışdır və dəymiş 3024 manat ziyan məbləği İddiaçı yox, N.Talıbovdan tutulmalıdır. Bununla yanaşı N.Talıbovun 1437,8 manat məbləğində sayğac göstəricilərinə əsasən müəyyən olunan debitor borcu vardır və dəfələrlə yazılı xəbərdarlıq göndərilməsinə baxmayaraq istehlakçı tərəfindən həmin borc ödənilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilib, ərizənin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı şikayətə etiraz edib, birincin instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada Cavabdehnə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı iddianı təmin etmə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, hazırkı iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək ona məxsus Quba rayonu, Qaraçay 2-ci Nügədi kəndində yerləşən abonent kodu **********00000 olan qeyri-yaşayış binasına qazın dayandırılmasının Cavabdehnə qadağan edilməsi barədə qərardad qəbul edilməsi xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də, maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nın 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İdianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Müəyyən hərəkətləri etməyin cavabdehə qadağan edilməsi Azərbaycan Respublikası MPM-nın 158.1.2-ci maddəsində iddianı təmin etmə tədbiri kimi nəzərdə tutulmuşdur. İddianın təmin edilməsində əsas məqsəd məhkəmənin gələcəkdə qəbul edəcəyi qətnamənin icra edilməsinin çətinliyi və ya mümkünsüz olacağı hallarla bağlıdır. Məhkəmə iddiaçının iddia tələblərinin icrasını gələcəkdə təmin etmək məqsədi ilə cavabdehə müəyyən hərəkətləri etməyi qadağan etmək hüququna malikdir. Bu halda qanunvericilik təmin olunması ehtimal olunan tələblərin məhkəmə tərəfindən təmin olunacağı təqdirdə maneə olmadan cavabdeh tərəfindən ödənilməsi (həyata keçirməsini) təmin etmək məqsədini güdür, lakin bu zaman məhkəmə cavabdeh tərəfindən iddia tələblərinin gələcəkdə icrasına maneə törədilə biləcəyi hərəkətlərin dairəsini dəqiq müəyyən etməli, həmin hərəkətlərin cavabdeh tərəfindən edilməsinə abstrakt baxımdan deyil, onların real olaraq törədilməsi baxımından yanaşmalıdır. İddianın təmini tədbiri prosessual bərabərlik baxımından mübahisə predmetinə münasibətdə hər iki tərəfin, həm iddiaçının, həm də cavabdehin mənafelərinə uyğun olmalıdır. İddianı təmin etmə tədbirləri məhkəməyə verilməsi ilə qorunan əmlak mənafelərinin müdafiəsinin sürətləndirilmiş vasitəsi olduğuna görə, bu tədbirlərin tətbiqindən ötrü sübutların mübahisənin mahiyyəti üzrə həlli üçün zəruri olan həcmdə məhkəməyə təqdim edilməsi tələb olunmur. Əks halda iddianı təmin etmə tədbirləri öz əhəmiyyətini itirmiş olar. Ona görə də bu tədbirlərin görülməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş işdə iştirak edən şəxsin pozulmuş və ya mübahisəli hüququnun mövcudluğunu təsdiq edən sübutun məhkəməyə təqdim olunması həmin tədbirləri tətbiq etmək üçün kifayətdir. İddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını çətinləşdirə və ya qeyrimümkün edə bilən halların aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Məhkəmə iddianı təmin etmə tədbirlərinin görülməsi haqqında qərardadında bu tədbirlərin görülməsi barədə ərizəyə baxılmasının nəticəsi üzrə hansı qərara gəlməsindən asılı olmayaraq bütün hallarda həmin ərizədə göstərilən dəlillərin əsaslı olub-olmamasına qiymət verməlidir. İddianı təmin etmə tədbirlərinin tətbiqinin zəruriliyi üçün işdə iştirak edən şəxsin irəli sürdüyü dəlillərə qiymət verilərkən məhkəmə həmin dəlillərin ağlabatan olmasını və əsasslılığını, bu tədbirlər görülmədikdə işdə iştirak edən şəxsin qanuni mənafeyinin əhəmiyyətli dərəcədə pozulması ehtimalını, işdə iştirak edən bütün şəxslərin, eləcə də işdə iştirak edən şəxs statusuna malik olmayan şəxslərin qanuni mənafelərinin tarazlığının təmin edilməli olmasını, iddianı təmin etmə tədbirləri tətbiq olunarkən ümumi mənafelərin və ayrı-ayrı şəxslərin mənafelərinin pozulmasının qarşısının alınmalı olmasını nəzərə almalıdır. Azərbaycan Respublikası MPM-nin 162.3-cü maddəsinə əsasən iddia rədd edildikdə, məhkəmənin qəbul etdiyi iddianı təmin etmə tədbirləri qətnamə qanuni qüvvəyə minənə qədər saxlanılır. Həmin Məcəllənin 162.4-cü maddəsinə əsasən iddia təmin edildikdə onun təmin edilməsi üçün görülmüş tədbirlər məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 12.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinə əsasən konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Məhkəmə kollegiyası nəzərə alır ki, İddiaçı kommersiya fəaliyəti ilə məşğul olur, onun sahibkar olaraq Quba rayonu, Qaraçay 2-ci Nügədi kəndində yerləşən abonent kodu **********00000 olan qeyri-yaşayış binasına qazın dayandırılması onun sahibkarlıqla fəaliyətini həyata keçirməsinə mane olan haldır. Nəzərə alınmalıdır ki, təbii qazdan istifadə ilə bağlı mübahisə dövründə sərfiyyata görə hesablanacaq borc məbləği ödənilmədiyi təqdirdə cavabdehin bu məbləği müstəqil qaydada tələb etmək hüququ vardır. Ona görə də qaz sərfiyyatının dayandırılması işə mahiyyəti üzrə baxılıb qurtarana qədər saxlanılması əsassız hesab edilə bilməz. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, hazırkı iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək İddiaçı məxsus Quba rayonu Qaraçay 2-ci Nügədi kəndində yerləşən abonent kodu **********00000 olan qeyri-yaşayış binasına qazın dayandırılmasının Cavabdehnə qadağan edilməlidir. Cavabdeh tərəf şikayətin dəlillərini təsdiq edən heç bir sübut təqdim etməmişdir və birinci instansiya məhkəməsinin qərardadından ləğv edilib, iddiaçının iddianın təmini tədbiri barədə ərizəsinin təmin edilməməsini sübuta yetirə biməmişdir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə görə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək apelyasiya instansiya məhkəməsinin səlahiyyətidir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlillərinin heç bir əsası olmayıb, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan Cavabdeh verdiyi şikayəti əsasında dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402-ci maddəsinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 398-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh nümayəndəsi Ç.N.Sultaliyevin verdiyi şikayət təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2- 2(119)-105/2020 saylı qərardadı Cavabdehnə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Telman Quliyev Hakimlər: Zaur Məmmədov Fuad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar