Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-40/2023 13.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, iddiaçının nümayəndələri Nümayəndə1 və X2, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “pul” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli, e-2-2(119)-1332/2022 nömrəli qətnaməsindən iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti “elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" QSC tərəfindən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə göstərilmiş stansiya xidmətlərinə görə hesablanmış 76062,10 (yetmiş altı min altmış iki manat 10 qəpik) manat məbləğində borc və 400 (dörd yüz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 76462,10 manat məbləğində pul vəsaitinin Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə 01 mart 2018-ci il tarixindən 01 sentyabr 2018-ci il tarixinə kimi stansiya xidmətləri göstərilmiş, eyni zamanda Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış 15 aprel 2015-ci il tarixli, hüq: 488 nömrəli “Dalan dəmir yolunun istismar edilməsi barədə” müqaviləyə əsasən dalan dəmir yolu sahibi olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən lokomotivlə xidmət göstərilmiş və həmin xidmətlərə görə yığımlar hesablanmışdır. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Xırdalan stansiyasında göstərilmiş xidmətlərə görə (yüklərin qorunub saxlanılması, vaqonların dalan yoluna verilib-götürülməsi, dalan yolundan istifadə, yüklərin mühafizəsi, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə məxsus vaqonun (konteynerin) istifadəsi və s.) Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə 76062,10 (yetmiş altı min altmış iki manat 10 qəpik) manat yığım hesablanmışdır. Bununla bağlı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə 21 iyul 2022-ci il tarixdə pretenziya ünvanlanmış, lakin tələb icra edilməmişdir. Ona görə də "xxxx" Qapalı Səhmdar Cəmiyyəti pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 fevral 2010-cu il tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş "xxxx" QSC-nin Nizamnaməsi”nin 3.2.29-cu yarımbəndinə əsasən Cəmiyyətin fəaliyyət istiqamətlərindən biri də dəmir yolu daşımalarında (ölkədaxili və beynəlxalq yük və sərnişin daşımaları) göstərilən xidmətlərin tariflərinin, yığımların, habelə tariflər üzrə güzəştlərin müəyyən edilməsidir. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti 05 oktyabr 2022-ci il tarixdə “elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə iddia tələbinə etiraz təqdim edərək iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı 76062,10 manat məbləğində pul tələbinə dair iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmiş və həmin etirazı onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında 15 aprel 2015-ci il tarixli, hüq: 488 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin 7.3-cü bəndinə əsasən müqavilə 3 (üç) təqvim ili müddətinə qüvvədə olmuşdur, yəni bu müqavilənin müddəti 15 aprel 2018-ci il tarixində bitmişdir. Müqavilə müddəti bitdikdən sonra Cavabdeh Açıq Səhmdar Cəmiyyəti iddiaçının xidmətlərindən istifadə etməmiş, müqavilə müddəti tərəflər arasında uzadılmamışdır. Buna görə də 15 aprel 2018-ci il tarixdən 01 sentyabr 2018-ci il tarixinə kimi olan dövr üçün "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən hər hansı məbləğ tələb etməsi anlaşılan deyildir. Çünki bu dövrdə iddiaçı tərəfindən cavabdehə heç bir xidmət göstərilməmişdir. İddiaçı məbləği tərəflərin deyil, yalnız iddiaçının özünün tərtib etdiyi və imzaladığı “Əlavə yığımlar üçün yığım vərəqəsi” kimi birtərəfli sənədlə sübut etməyə çalışır. Təbii ki, konkret xidmətlər qeyd edilmədən, tərəflərin müqavilə münasibətində olmayan dövrü üçün birtərəfli tərtib edilərək, illər sonra təqdim edilən bu sənəd hansısa xidmətin göstərilməsi üçün əsas kimi qəbul edilə bilməz. Müqavilədə müqavilə müddəti bitdikdən sonra dalan yolunun istismar edilməsi və iddiaçı tərəfindən hər hansı bir xidmətin göstərilməsi barədə heç bir şərt nəzərdə tutulmamışdır. Həmçinin müqavilə müddəti bitdikdən sonra iddiaçı tərəfindən hər hansı bir xidmətin göstərilməsi barədə heç bir mötəbər sübut yoxdur. Müqavilə müddəti bitdikdən sonra cavabdeh tərəfindən dəmiryolu vasitəsilə yükdaşımaları həyata keçirilməmiş və Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə belə bir xidmət göstərilməmişdir. Buna baxmayaraq iddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə guya göstərilən xidmətlərə görə anlaşılmayan yığımlar haqqında birtərəfli sənəd tərtib etmiş, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə müqavilədən irəli gəlməyən öhdəlik yaratmışdır. Digər tərəfdən, iddia ərizəsində və ona əlavə olunmuş sənədlərdə də qeyd olunduğu kimi 15 aprel 2015-ci il tarixli hüq: 488 saylı müqaviləyə əsaslanaraq iddiaçı tərəfindən 01 mart 2018-ci il tarixdən 01 sentyabr 2018-ci il tarixinə kimi göstərilmiş xidmətlərə görə hesablanmış yığımlar üzrə yaranmış 76062,10 manat məbləğində borcun ödənilməsi tələbi irəli sürülmüşdür. İddiaçı tərəfindən isə 21 iyul 2022-ci il tarixində pretenziya məktubu göndərilmiş, 05 avqust 2022-ci il tarixində isə məhkəmədə iddia qaldırılmışdır. İddiaçının tələb etdiyi əsassız borc iddiaçının özünün qeyd etdiyi kimi 01 sentyabr 2018-ci il tarixədək olan dövrü əhatə edir ki, həmin tarixdən 4 ilə yaxın vaxt keçir. Ona görə iddiaçı tərəfindən borcun tələb edilməsi üzrə iddia müddəti ötürülmüşdür. Qeyd olunanlara əsasən iddiaçının Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı stansiya xidmətlərinə görə 76062,10 manat məbləğində borcun ödənilməsinə dair iddia tələbi əsassızdır və bu səbəbdən iddia rədd edilməlidir. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti 05 oktyabr 2022-ci il tarixdə “elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə yazılı ərizə təqdim edərək iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə iddia müddətinin tətbiq edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmiş və həmin ərizə onunla əsaslandırılmışdır ki, iddia ərizəsində və ona əlavə olunmuş sənədlərdə də qeyd olunduğu kimi 15 aprel 2015-ci il tarixli, hüq: 488 saylı müqaviləyə əsaslanaraq iddiaçı tərəfindən 01 mart 2018-ci il tarixdən 01 sentyabr 2018-ci il tarixinə kimi göstərilmiş xidmətlərə görə hesablanmış yığımlar üzrə yaranmış 76062,10 manat məbləğində borcun ödənilməsi tələbi irəli sürülmüşdür. İddiaçı tərəfindən isə 21 iyul 2022-ci il tarixində pretenziya məktubu göndərilmiş, 02 avqust 2022ci il tarixində isə məhkəmədə iddia qaldırılmışdır. İddianın ümumiyyətlə əsassız olması haqqında etirazda qeyd edilmişdir. Bununla yanaşı iddiaçının tələb etdiyi əsassız borc iddiaçının özünün qeyd etdiyi kimi 01 sentyabr 2018-ci il tarixədək olan dövrü əhatə edir ki, həmin tarixdən 4 ilə yaxın vaxt keçir. Ona görə iddiaçı tərəfindən borcun tələb edilməsi üzrə iddia müddəti ötürülmüşdür. Sumqayıt Kommersiya Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli, e-2-2(119)- 1332/2022 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbi barədə iddia ərizəsinin rədd edilməsi qət edilmişdir (hakim Həlimə Alıyeva). Qətnamədən narazı qalan iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək, Sumqayıt Kommersiya Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli, e-2- 2(119)-1332/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onlar tərəfindən məhkəməyə təqdim edilmiş sübutlar obyektiv dəyərləndirilməmişdir. Belə ki, Cavabdeh ASC-yə stansiya xidmətlərinin göstərilməsini təsdiq edən yığım vərəqələri (FDU-92), elektron qaimələr, maliyyə arayışı sübut qismində məhkəməyə təqdim edilmişdir. Yığım vərəqələrində (FDU92) olan “müəssisə, təşkilat, idarə nümayəndəsinin imzası” qrafasında cavabdeh təşkilatın nümayəndəsinin imzası olsa da, məhkəmə buna hüquqi qiymət verməmiş, imzanın kim tərəfindən icra olunması istiqamətində hər hansı araşdırma aparmamışdır. Əlavə olaraq qeyd edirlər ki, stansiya xidmətlərinin göstərilməsi üzrə ilkin sənədlər kimi “təhvilçinin yaddaş vərəqəsi” (QU-45) çıxış edir. Lakin qeyd edilən sənədlər üzrlü səbəblərdən birinci instansiya məhkəməsinə təqdim edilməmişdir. Həmçinin, məhkəmənin qeyd etdiyi QU-45 sənədləri Nəqliyyat Nazirliyi tərəfindən 2008-ci il 28 yanvar tarixində təsdiq edilmiş № 04/S Yük və baqaj qəbul-təhvilçisinin vəzifə Təlimatının 3.1.2-ci bəndinə əsasən vaqon və konteynerlərin qeyri-ümumi istifadə yerlərinə (və ya yerlərindən) verilməsinin (və ya götürülməsinin) qeydiyyatı qəbul təhvilçisinin vaqonların verilməsi və götürülməsinə dair QU45 formalı yaddaş vərəqəsi üzrə aparılır. Həmin Təlimatın 6 saylı əlavəsi ilə vaqonların verilməsi və götürülməsi barədə QU-45 formalı yaddaş vərəqəsinin tərtib olunma qaydası göstərilmişdir. Qeyd olunmalıdır ki, QU-45 sənədləri olmadan FDU-92 yəni yığım vərəqələri tərtib edilə bilməz. Bildirmək istəyirlər ki, ADY olaraq bütün stansiya xidmətləri göstərilərkən yaddaş vərəqələri olmadan yığım vərəqələri tərtib edilmir. İlkin sənəd (QU-45) yaddaş vərəqələri olmadan yığım vərəqələrini tərtib etmək mümkün deyildir. Belə nəticəyə gəlmək olar ki, birinci instansiya məhkəməsi sübutları hərtərəfli kifayət qədər yetərli hesab etmədiyi üçün araşdırmanı tam yekunlaşdırmadan sənədlərin çatışmadığı qənaətinə gələrək qətnamə qəbul etmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndələri Nümayəndə1 və X4 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirərək apellyasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 15 aprel 2015-ci il tarixli hüq: 488 nömrəli “Dalan dəmir yolunun istismar edilməsi barədə” müqaviləsinə əsasən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə məxsus dalan yolu “dəmir yolu”nun Sumqayıt stansiyasının Sumqayıt çay parkına 15 nömrəli yoldəyişdirici ilə birləşir. Dalan yoluna “dalan yolu sahibi”nə məxsus lokomotivlə xidmət edilir və dəmir yolları Nizamnaməsinə, yüklərin daşıma qaydalarına, müqavilənin şərtlərinə uyğun olaraq istismar edilir. Həmin müqavilənin 7.3-cü bəndinə əsasən bu müqavilə imzalandığı və qeydə alındığı tarixdən 3 (üç) təqvim ili müddətinə qüvvədədir. İş materiallarında olan "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş 01 mart 2018-ci il-01 aprel 2022-ci illər ərzində "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə göstərilmiş stansiya xidmətlərinə görə tətbiq olunmuş yığımlardan yaranan debitor borc barədə 21 aprel 2022-ci il tarixli 164985 nömrəli arayışdan görünür ki, iddiaçı tərəfindən cavabdehə 2018-ci ilin mart ayı üçün vaqonların dalan yoluna verilib götürülməsinə görə 2429,19 manat, 2018-ci ilin aprel ayı üçün boş vaqonun (özəl, icarəli) dayanmasına və yüklərin mühafizəsinə görə 141,60 manat, ADDY-na məxsus vaqonun (konteynerin) istifadəsinə görə 15522,04 manat, dalan yolundan istifadəyə görə 708 manat, dalan yolundan istifadə zamanı cəriməyə görə 37099,20 manat, vaqonların dalan yoluna verilib götürülməsinə görə 4025,57 manat, 2018-ci ilin may ayı üçün vaqonların dalan yoluna verilib götürülməsinə görə 6088,80 manat, 2018-ci ilin iyun ayı üçün vaqonların dalan yoluna verilib götürülməsinə görə 3603,72 manat, 2018-ci ilin iyul ayı üçün dalan yolundan istifadəyə görə 1121 manat, vaqonların dalan yoluna verilib götürülməsinə görə 3413,15 manat, 2018-ci ilin avqust ayı üçün yol dəyişilməsinə görə 472 manat, vaqonların dalan yoluna verilib götürülməsinə görə 1437,83 manat olmaqla, cəmi 76062,10 manat məbləğində yığım hesablanmışdır. İş materiallarında olan 93 nömrəli əlavə yığımlar üçün yığım vərəqəsindən (Forma FDU-92) görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə 01 mart 2018-ci ildən-31 mart 2018-ci il tarixinə olan dövrədək 3116,38 məbləğində yığım hesablanmışdır. İş materiallarında olan 23 aprel 2018-ci il tarixli HS seriyalı 459235 nömrəli elektron qaimədən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə mart ayı üçün 3116,38 manat dəyərində stansiya və daşıma xidmətləri göstərilməsi ilə əlaqədar elektron qaimə təqdim olunmuşdur. İş materiallarında olan 139 nömrəli əlavə yığımlar üçün yığım vərəqəsindən (Forma FDU-92) görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə 01 aprel 2018-ci ildən-30 aprel 2018-ci il tarixinə olan dövrədək 57496,41 manat məbləğində yığım hesablanmışdır. İş materiallarında olan 22 may 2018-ci il tarixli HS seriyalı 869982 nömrəli elektron qaimədən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə aprel ayı üçün 57496,40 manat dəyərində stansiya və daşıma xidmətləri göstərilməsi ilə əlaqədar elektron qaimə təqdim olunmuşdur. İş materiallarında olan 183 nömrəli əlavə yığımlar üçün yığım vərəqəsindən (Forma FDU-92) görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə 01 may 2018-ci ildən-31 may 2018-ci il tarixinə olan dövrədək 188605,75 manat məbləğində yığım hesablanmışdır. İş materiallarında olan 29 noyabr 2019-cu il tarixli EBAD seriyalı 180743 nömrəli elektron qaimədən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə may ayı üçün 6088,80 manat dəyərində stansiya və daşıma xidmətləri göstərilməsi ilə əlaqədar elektron qaimə təqdim olunmuşdur. İş materiallarında olan 232 nömrəli əlavə yığımlar üçün yığım vərəqəsindən (Forma FDU-92) görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə 01 iyun 2018-ci ildən-30 iyun 2018-ci il tarixinə olan dövrədək 63976,15 manat məbləğində yığım hesablanmışdır. İş materiallarında olan 18 iyul 2018-ci il tarixli HT seriyalı 673035 nömrəli elektron qaimədən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə iyun ayı üçün 3603,72 manat dəyərində stansiya və daşıma xidmətləri göstərilməsi ilə əlaqədar elektron qaimə təqdim olunmuşdur. İş materiallarında olan 288 nömrəli əlavə yığımlar üçün yığım vərəqəsindən (Forma FDU-92 arayışı) görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə 01 iyul 2018-ci ildən-31 iyul 2018- ci il tarixinə olan dövrədək 95106,27 manat məbləğində yığım hesablanmışdır. İş materiallarında olan 21 avqust 2018-ci il tarixli HU seriyalı 130186 nömrəli elektron qaimədən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə iyul ayı üçün 4534,15 manat dəyərində stansiya və daşıma xidmətləri göstərilməsi ilə əlaqədar elektron qaimə təqdim olunmuşdur. İş materiallarında olan 339 nömrəli əlavə yığımlar üçün yığım vərəqəsindən (Forma FDU-92 arayışı) görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə 01 avqust 2018-ci ildən-31 avqust 2018-ci il tarixinə olan dövrədək 36895,50 manat məbləğində yığım hesablanmışdır. İş materiallarında olan 24 sentyabr 2018-ci il tarixli HU seriyalı 645244 nömrəli elektron qaimədən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə avqust ayı üçün 1909,83 manat dəyərində stansiya və daşıma xidmətləri göstərilməsi ilə əlaqədar elektron qaimə təqdim olunmuşdur. Birinci instansiya məhkəməsində aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, iddiaçının məhkəməyə təqdim etdiyi əlavə yığımlar üçün yığım vərəqələri (Forma FDU-92) xidmətlər göstərilərkən tərtib edilən ilkin sənədlər deyil, xidmətlərin göstərilməsi faktını təsdiq etmək üçün sonradan tərtib edilən hesabat xarakterli sənədlərdir. İddiaçının nümayəndələri də izahatlarında həmin yığım vərəqələrinin QU-45 formalı yaddaş vərəqəsi əsasında tərtib olunduğunu bildirmişlər. Lakin iddiaçı tərəfindən sübut qismində həmin sənədlər məhkəməyə təqdim olunmamışdır. Eyni zamanda "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin məhkəməyə təqdim etdiyi 01 mart 2018-ci il-01 aprel 2022ci illər ərzində "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə göstərilmiş stansiya xidmətlərinə görə tətbiq olunmuş yığımlardan yaranan debitor borc barədə 21 aprel 2022-ci il tarixli 164985 nömrəli arayışda qeyd olunan 76062,10 manat yığım məbləğini təsdiq edən sənədlər iddiaçı tərəf məhkəməyə təqdim edilməmişdir. Həmin arayışda aylar üzrə göstərilmiş yığım məbləğləri məhkəməyə təqdim edilmiş 6 ədəd əlavə yığımlar üçün yığım vərəqəsində (Forma FDU- 92) qeyd olunan məbləğlərlə üst-üstə düşmür. Bundan əlavə iddiaçı tərəfindən həm müqavilənin müddətinin başa çatdığı, həm də sonuncu xidmətin götərildiyi vaxtdan 3 ildən çox müddət keçdikdən sonra məhkəməyə müraciət olunduğu müəyyən olunmuşdur. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbi barədə iddia ərizəsinin rədd edilməsi qənaətinə gəlmişdir. Cavabdeh apellyasiya şikayəti verərək şikayətini - Cavabdeh ASC-yə stansiya xidmətlərinin göstərilməsini təsdiq edən yığım vərəqələrinin (FDU-92), elektron qaimələrin, maliyyə arayışının sübut qismində məhkəməyə təqdim edildiyi, yığım vərəqələrində (FDU92) olan “müəssisə, təşkilat, idarə nümayəndəsinin imzası” qrafasında cavabdeh təşkilatın nümayəndəsinin imzası olsa da, məhkəmə buna hüquqi qiymət vermədiyi, imzanın kim tərəfindən icra olunması istiqamətində hər hansı araşdırma aparmadığı, stansiya xidmətlərinin göstərilməsi üzrə ilkin sənədlər kimi “təhvilçinin yaddaş vərəqəsi”nin (QU-45) üzrlü səbəblərdən birinci instansiya məhkəməsinə təqdim edilmədiyi ilə əsaslandırmışdır. İşin məhkəmə kollegiyası tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının məhkəməyə təqdim etdiyi əlavə yığımlar üçün yığım vərəqələri (Forma FDU-92) xidmətlər göstərilərkən tərtib edilən ilkin sənədlər deyil, xidmətlərin göstərilməsi faktını təsdiq etmək üçün sonradan tərtib edilən hesabat xarakterli sənədlərdir. Belə ki, Nəqliyyat Nazirliyi tərəfindən 28 yanvar 2008-ci il tarixdə təsdiq edilmiş № 04/S Yük və baqaj qəbultəhvilçisinin vəzifə Təlimatının 3.1.2-ci bəndinə əsasən vaqon və konteynerlərin qeyriümumi istifadə yerlərinə (və ya yerlərindən) verilməsinin (və ya götürülməsinin) qeydiyyatı qəbul təhvilçisinin vaqonların verilməsi və götürülməsinə dair QU-45 formalı yaddaş vərəqəsi üzrə aparılır. Həmin Təlimatın 6 saylı əlavəsi ilə vaqonların verilməsi və götürülməsi barədə QU-45 formalı yaddaş vərəqəsinin tərtib olunma qaydası göstərilmişdir. İddiaçının nümayəndələri də izahatlarında həmin yığım vərəqələrinin QU-45 formalı yaddaş vərəqəsi əsasında tərtib olunduğunu bildirmişlər, lakin sübut qismində həmin sənədlər nə birinci instansiya məhkəməsində aparılmış araşdırma zamanı, nə də apellyasiya instansiya məhkəməsində aparılmış araşdırma zamanı təqdim olunmamışdır. Bundan əlavə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş 01 mart 2018-ci il-01 aprel 2022-ci illər ərzində "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə göstərilmiş stansiya xidmətlərinə görə tətbiq olunmuş yığımlardan yaranan debitor borc barədə 21 aprel 2022ci il tarixli 164985 nömrəli arayışda qeyd olunan 76062,10 manat yığım məbləğini təsdiq edən sənədləri iddiaçı tərəf məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin qeyd olunan əlavə yığımlar üçün yığım vərəqələrinin kim tərəfindən imza edilməsi müəyyən olunmamış, həmin yığım vərəqələrində imza edən şəxsin adı, soyadı, vəzifəsi və ya səlahiyyətlərini təsdiq edən sənədlər barədə məlumatlar göstərilməmişdir. İddiaçının nümayəndələri həmin imzaların cavabdehin işçilərinə məxsus olduğunu bildirsə də, bunu təsdiq edən sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Bundan əlavə məhkəmə kollegiyasının iclasında aparılmış araşdırma zamanı müəyyən olundu ki, tərəflər arasında 3 il müddətinə bağlanmış 15 aprel 2015-ci il tarixli hüq: 488 nömrəli “Dalan dəmir yolunun istismar edilməsi barədə” müqavilənin müddəti 15 aprel 2018-ci il tarixdə başa çatmış, eyni zamanda "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin təqdim etdiyi sənədlərə görə iddiaçı cavabdehə sonuncu dəfə 2018-ci ilin avqust ayında xidmət göstərmişdir. Lakin iddiaçı hazırkı mübahisə üzrə məhkəməyə müvafiq iddia ərizəsi ilə 2022-ci ildə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən həm müqavilənin müddətinin başa çatdığı, həm də sonuncu xidmətin götərildiyi vaxtdan 3 ildən çox müddət keçdikdən sonra məhkəməyə müraciət olunmuşdur. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır (maddə 372.2). Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir (maddə 373.2). Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (maddə 375.2). İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır (maddə 377.2). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə” dair 03 iyun 2013-cü il tarixli Qərarında göstərilir ki, “İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir... Kredit münasibətlərindən yaranan mübahisələrə MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir.... MM-in 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır...” Məhkəmə kollegiyası qanunvericiliyin tələbini, tərəflər arasında 3 il müddətinə bağlanmış 15 aprel 2015-ci il tarixli hüq: 488 nömrəli “Dalan dəmir yolunun istismar edilməsi barədə” müqavilənin müddəti 15 aprel 2018-ci il tarixdə başa çatmasını, eyni zamanda "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin təqdim etdiyi sənədlərə görə iddiaçı cavabdehə sonuncu dəfə 2018-ci ilin avqust ayında xidmət göstərməsini, iddiaçının hazırkı mübahisə üzrə məhkəməyə müvafiq iddia ərizəsi ilə 2022-ci il tarixdə müraciət etməsini nəzərə alaraq belə hesab edir ki, iddiaçı qanunla müəyyən olunmuş 3 illik iddia müddətini ötürməklə (iddia müddəti bitdikdən 4 ilə yaxın vaxt keçdikdən sonra) iddia ərizəsi ilə 05 avqust 2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Belə olan halda isə məhkəmə kollegiyası hesab edir ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunvericiliklə nəzərdə tutulmuş iddia müddəti də ötürülmüşdür. Beləliklə, yuxarıda qeyd olunanlardan göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin müqavilə üzrə qarşılıqlı hüquq münasibətlərinə uyğun əsaslandırılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli, e-2-2(119)- 1332/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(105)-40/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-40/2023
13.04.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver