Məhkəmə qərarları › İş №2-2(105)-42/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-42/2022

14.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-42/2022 14.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Sumqayıt Kommersiya Məhkəməsinin 11 fevral 2022-ci il tarixli e-2-2(119)- 280/2022 nömrəli qərardadından İddiaçı Bank olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında yazılı icraatda baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bank olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 11 fevral 2022-ci il tarixli e-2-2(119)-280/2022 nömrəli qərardadı ilə iddia ərizəsi iddiaçıya geri qaytarılmışdır. İddiaçı Bank olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Sumqayıt Kommersiya Məhkəməsinin 11 fevral 2022-ci il tarixli e-2-2(119)280/2022 nömrəli qərardadından şikayət vermişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 18 fevral 2022-ci il tarixli e-2-2(119)- 280/2022 nömrəli qərardadı ilə həmin şikayət geri qaytarılmışdır. İddiaçı Bank olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyətinin adından “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Sumqayıt Kommersiya Məhkəməsinin 18 fevral 2022-ci il tarixli e-2-2(119)-280/2022 nömrəli qərardadından şikayət verilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Nümayəndə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru olmaqla yanaşı, həm də İddiaçı BOKT ASC-nin hüquqşünasıdır və hər iki hüquqi şəxsin adından imza etmək hüququna malikdir. Elektron imza isə "xxxx" MMC-yə və ya İddiaçı BOKT ASC-yə deyil məhz Nümayəndə məxsusdur. Sumqayıt Kommersiya Məhkəməsinin 11.02.2022-ci il tarixli e-2-2(119)-280/2022 saylı qərardadından verilən şikayət də Nümayəndə məxsus elektron imza ilə imzalanmışdır. Həmçinin şikayətə İddiaçı BOKT ASC tərəfindən Nümayəndə verilən və özündə sənədələri imzalamaq hüququ nəzərdə tutan etibarnamə də əlavə olunmuşdur. Başqa sözlə, şikayət "xxxx" MMC-direktoru kimi deyil, İddiaçı BOKT ASC-nin nümayəndəsi kimi Nümayəndə tərəfindən imzalanmışdır. Nümayəndə məxsus elektron imza onun kağız daşıyıcı üzərində çəkilmiş imzasının elektron formasıdır. Yəni ki, elektron imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. Sadə formada, Nümayəndə həm İddiaçı BOKT ASC-nin, həm də "xxxx" MMC-nin nümayəndəsi kimi kağız üzərinə eyni imzanı çəkir. "xxxx" MMCnin direktoru kimi sənədlərə bir formada, İddiaçı BOKT ASC-nin hüquqşünası kimi başqa bir formada imza çəkmədiyi kimi, eyni qaydada imzalamaq hüququ olan bütün sənədləri də ona məxsus olan bir imza ilə -“Asan İmza” ilə imzalayır. Nümayəndə eyni elektron imza ilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada ona səlahiyyət vermiş istənilən hüquqi şəxslərin adından və ya öz adından imza etmək hüququna malikdir. Qərardadda həmçinin göstərilmişdir ki, nümayəndə bir hüquqi şəxslə əlaqədar alınmış elektron imza ilə digər bir hüquqi şəxs adından verilən iddia ərizəsini imzalamalı deyildir. Ümumiyyətlə elektron imza haqqında qanunda hər hansı bir şəxslə əlaqədar alınmış elektron imza anlayışı yoxdur. Yəni fiziki şəxs hər hansı bir hüquqi şəxslə əlaqədar olmadan sərbəst şəkildə elektron imza ala bilər. Elektron imza və elektron sənəd haqqında Qanunun 1.1.6-cı maddəsinə əsasən isə elektron imza sahibi öz adından və ya qanunvericilikdə nəzərdə tutulmuş qaydada ona səlahiyyət vermiş şəxs adından çıxış edən fiziki şəxsdir. Bundan başqa, şikayət "xxxx" MMC-nin Vahid Məhkəmə Portalındakı elektron kabineti vasitəsilə deyil, Nümayəndə şəxsi kabineti vasitəsilə verilmişdir. Şikayətin "xxxx" MMC-nin adından verilməsi və ya imzalanması texniki olaraq mümkün deyildir. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-280/2022 saylı 25 fevral 2022-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. (hakim Zülfüqar Sadiqov) Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə təqdim edilmiş iddia ərizəsinin və şikayətin elektron imza ilə imzalanmasına dair məlumatlardan görünür ki, iş üzrə iddia ərizəsi, habelə hazırkı şikayət iddiaçının özünə və yaxud, məhz iddiaçının işçisi və etibarnamə üzrə səlahiyyətli nümayəndəsi olaraq Nümayəndə məxsus olan elektron imza ilə deyil, hazırkı işə aidiyyəti olmayan başqa bir hüquqi şəxsin – yəni, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin (VÖEN: **********) rəhbəri qismində Nümayəndə məxsus elektron imza ilə imzalanmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 10-1.7-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.4-cü maddəsinə əsasən isə elektron imzaya digər verilənlərə əlavə edilən və ya onlarla məntiqi əlaqəli olan, imza sahibini identikləşdirməyə imkan verən verilənlərdir. Həmin Qanunun 1.1.6-cı maddəsinə əsasən isə elektron imza sahibi öz adından və ya qanunvericilikdə nəzərdə tutulmuş qaydada ona səlahiyyət vermiş şəxs adından çıxış edən fiziki şəxsdir. Qeyd edilən qanunun “Elektron imzanın istifadəsi” adlanan 5-ci maddəsinin tələblərinə əsasən isə elektron imza yaratma məlumatlarından istifadə etməklə imza vasitələri ilə yaradılan elektron imza yalnız öz sahibinə məxsusdur. İmza sahibi bir neçə imza yaratma məlumatlarına malik ola bilər və onlar sertifikatlarında göstərilən münasibətlərdə istifadə edilir (maddə 5.1 və 5.2). Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının 15 iyul 2019-cu il tarixli “17-N” nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarının və “Elektron Məhkəmə” İnformasiya Sistemi üzrə tətbiq edilən “Proses iştirakçısının Elektron kabinetindən istifadə qaydaları”nın 3.2-ci bəndinə əsasən İnformasiya Sisteminin istifadəçiləri tərəfindən sənədlər “Elektron kabinet” vasitəsilə PDF, ADOC və EDOC formatında “Proses iştirakçısının Elektron kabineti”ndən istifadə qaydalarında nəzərdə tutulmuş prosedurlar üzrə gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə etməklə göndərilir. Göründüyü kimi, iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə "xxxx" MMCnin (VÖEN: **********) rəhbəri kimi ona məxsus olan imzadan yalnız "xxxx" MMC-ə aid münasibətlərdə istifadə etmək və həmin hüquqi şəxslə əlaqədar müvafiq elektron sənədləri imzalamaq səlahiyyətinə malikdir. Həmin elektron imza digər münasibətlərdə, o cümlədən də İddiaçı Bank olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyətinin (VÖEN: **********) adından şikayətlərin və yaxud, iddia ərizəsinin imzalanmasında istifadə edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398-ci maddəsinə əsasən аpellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı Bank olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyətinin şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-280/2022 saylı 18 fevral 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar