Məhkəmə qərarları › İş №2-2(105)-42/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-42/2024

26.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-42/2024 26.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər X2 və X1 ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi ilə, Sumqayıt Kommersiya Məhkəməsinin 08 yanvar 2024-cü il tarixli e-2-2(119)424/2023 nömrəli qərardadından Cavabdeh nümayəndəsi qismində Nümayəndə2 tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında yazılı icraatda baxaraq, müəyyən etdi: Sumqayıt Kommersiya Məhkəməsinin 20 aprel 2023-cü il tarixli e-2-2(119)-424/2023 nömrəli qətnaməsi ilə iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı verilmiş “icarə haqqının ödənilməsi” tələbinə dair kiçik mübahisələr üzrə iddia tələbi təmin edilərək, Cavabdeh (VÖEN **********) 30 dekabr 2014-cü il tarixli Torpaq icarə Müqaviləsi üzrə 28 fevral 2023-cü il tarixinə olan 664,63 (altı yüz altmış dörd manat 63 qəpik) manat məbləğində icarə haqqı borcunun və 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 30 dekabr 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə “Sumqayıt Kommersiya Məhkəməsinin 20 aprel 2023-cü il tarixli e-2-2(119)-424/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi ilə əlaqədar "apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddətin üzrlü səbəbdən ötürülməmiş hesab olunması” barədə vəsatətlə (ərizə ilə) və apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, Sumqayıt Kommersiya Məhkəməsinin 20 aprel 2023-cü il tarixli e-2-2(119)-424/2023 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddətin üzrlü səbəbdən ötürülməmiş hesab olunmasını və həmin qətnamədən verilmiş apellyasiya şikayətinin baxılması üçün işlə birlikdə aidiyyəti üzrə göndərilməsi haqqında qərardad qəbul olunmasını xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 08 yanvar 2024-cü il tarixli e-2-2(119)-424/2023 nömrəli qərardadı ilə Cavabdeh nümayəndəsi qismində Nümayəndə2 “Sumqayıt Kommersiya Məhkəməsinin 20 aprel 2023-cü il tarixli e-2-2(119)-424/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi ilə əlaqədar "apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddətin üzrlü səbəbdən ötürülməmiş hesab olunması” barədə ərizəsi təmin edilməmişdir. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Sumqayıt Kommersiya Məhkəməsinin 08 yanvar 2024-cü il tarixli e-2-2(119)-424/2023 nömrəli qərardadından şikayət verərək, həmin qərardadın ləğv olunmasını və qətnamədən apellyasiya şikayəti vermək üçün qanunda nəzərdə tutulmuş prosessual müddətin bərpa olunması haqqında ərizənin təmin edilməsi barədə yeni qərardad qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qətnamədən göndərildiyi tarixdən deyil, məhz rəsmi qaydada verildiyi gündən bir ay müddətində apellyasiya şikayəti verilə bilər. İş materiallarında isə qətnamənin cavabdehə çatdırılmasını, yəni rəsmi qaydada verilməsini təsdiq edən sənəd (xəbərnamə) mövcud deyil, bu xüsusatı, yəni qətnamənin rəsmi qaydada cavabdeh tərəfindən əldə olunmaması məhkəmə tərəfindən tərtib edilmiş qərardadın məzmunundan da açıq-aşkar görünür. Qərardadda bütün prosessual hüquqlarının və işə baxılması qaydalarının izah olunduğu məhkəmə bildirişinin vaxtında alınaraq, cavabdeh olaraq bu mübahisədən məhkəmə araşdırması zamanı məlumatlı olmasına və məlum iddia ərizəsinə öz etirazını bildirməsinə, eləcə də məlum qətnamənin mövcudluğu ilə əlaqədar 19 iyul 2023-cü ildə aldığı İcra Bildirişləri ilə də rəsmi məlumatlandırılmasına istinadı isə yanlış, habelə qanunun tələblərinin öz səhv mülahizəsinə uyğun təvsir etməyə cəhddir. Digər tərəfdən əgər məhkəmə həqiqətən hesab edirdisə ki, cavabdeh tərəf qətnamənin sürətini rəsmi qaydada əldə edib, o halda ərizəni təmin edib onu nümayəndə və vəkil kimi elektron kabinetdə hazırki iş üzrə qeydiyyata almayaraq qətnamənin rəsmi qaydada təkrar əldə olunmasının qarşısını almalı və cavabdeh tərəfdən Azrəbaycan Respublikası MPM-nin 108.1.9-cu maddəsinin tələbi baxımından məhkəmə aktlarının surətlərinin təkrarən verilməsi üçün dövlət rüsumunun ödənilməsini tələb etməli idi. Məhkəmə isə bunu etməmiş, onu nümayəndə və vəkil kimi elektron kabinetdə hazırki iş üzrə xx.xx.2023-cü il tarixdə qeydiyyata almış və qətnamənin surətinin məhz qeyd olunan tarixdə rəsmi qaydada əldə olunmasını təmin etmişdir. Qətnamənin məhz xx.xx.2023-cü il tarixdə rəsmi qaydada əldə olunması nəzərə alındıqda qətnamədən apellyasiya şikayətinin verilməsi üçün son müddət xx.xx.2024-cü il tarixi götürülməli, bu halda isə qeyd olunan 1 aylıq müddət çərçivəsində verilmiş apellyasiya şikayəti, habelə ödənilmiş dövlət rüsumu nəzərə alınaraq işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməlidir. Qərardadda dövlət rüsumunun yanlış olaraq ödənilməsinə gəldikdə isə hazırki iş üzrə elektron kabinetə əlavə olunmuş dövlət rüsumunun ödənilməsi qəbzindən göründüyü kimi, bu yanlışlıq xx.xx.2023-cü il tarixdə, yəni xx.xx.2024-cü il tarixədək aradan qaldırılmışdır. Sumqayıt Kommersiya Məhkəməsinin 09 fevral 2024-cü il tarixli e-2-2(119)-424/2023 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi və işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. (hakim Z.Sadiqov) Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayəti araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, Sumqayıt Kommersiya Məhkəməsinin 20 aprel 2023-cü il tarixli e-2-2(119)424/2023 nömrəli qətnaməsi 03 may 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə daxil edilərək imzalanmış və qətnamə 03 may 2023-cü il tarixli məktubla “sifarişli xəbərnaməli” poçt göndərişi ilə Cavabdeh rəsmi ünvanına, yəni məhkəmə Bildirişinin çatdırıldığı ünvana göndərilmişdir. Lakin, üzərində "ünvan düzgün deyil" qeydi aparılaraq həmin poçt göndərişi (zərf) məhkəməyə geri qaytarılmışdır. Halbuki, iş materiallarında olan sənədlərdən görünür ki, hazırkı kommersiya işi üzrə cavabdehə ünvanlanmış 16 mart 2023-cü il tarixli məhkəmə Bildirişi və eləcə də, Quba rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclu Cavabdeh ünvanlanmış "Tələbin könüllü icrası" barədə İcra Bildirişləri də cavabdehin həmin rəsmi ünvanına, yəni eyni ünvana göndərilmiş və qeyd olunan sənədlər həmin ünvanda rəsmi qaydada qəbul edilmişdir. Bundan başqa, Sumqayıt Kommersiya Məhkəməsinin 20 aprel 2023-cü il tarixli e-2- 2(119)-424/2023 nömrəli qətnaməsi qanuni qüvvəyə mindikdən sonra, həmin qətnamə əsasında verilmiş 09 iyun 2023-cü il tarixli icra vərəqələri icra olunmaq üçün Quba rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Quba rayon İcra və Probasiya Şöbəsi tərəfindən qəbul edilmiş 06 iyul 2023-cü il tarixli qərarlarla həmin icra sənədləri üzrə icraata başlanılmışdır. Quba rayon İcra və Probasiya Şöbəsi tərəfindən məlum icra sənədləri üzrə borcun ödənilməsi üçün borclu Cavabdeh göndərilmiş icra bildirişlərindən və həmin bildirişlərin borclu tərəfindən alınmasını təsdiq edən sübutlardan (çatdırılma barədə poçt xəbərnaməsi) görünür ki, borclu Cavabdeh tələbin könüllü icrası üçün, yəni “30 dekabr 2014cü il tarixli Torpaq icarə Müqaviləsi üzrə 28 fevral 2023-cü il tarixinə olan 664,63 (altı yüz altmış dörd manat 63 qəpik) manat məbləğində icarə haqqı borcunun və 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq Dövlət Büdcəsinə ödənilməsi” üçün 06 iyul 2023-cü il tarixli 153786/23-07 və 153830/23-07 nömrəli Bildirişlər göndərilmiş və “sifarişlixəbərnaməli” poçt göndərişləri ilə rəsmi olaraq göndərilmiş həmin icra Bildirişləri 19 iyul 2023-cü ildə borclu Cavabdeh ünvanında rəsmi qaydada qəbul edilmişdir. Cavabdehin vəkili 01 dekabr 2023-cü ildə məhkəməyə ərizə təqdim edərək “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə 04 dekabr 2023-cü ildə qətnaməni əldə edib, həmin qətnamədən məhkəməyə 22 dekabr 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti vermişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli e-2-2(119)-424/2023 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 363.1.2-ci maddəsinin tələblərinə görə, yəni “apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmadığına” görə və eyni zamanda, həmin Məcəllənin 363.1.3-cü maddəsinin tələblərinə görə, yəni apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilməsinə baxmayaraq, şikayətçi tərəfindən bu Məcəllənin 130 və 133-cü maddələrinin tələblərinə uyğun olaraq həmin apellyasiya şikayəti ilə birlikdə məhkəməyə “buraxılmış prosessual müddətin üzürlü hesab olunaraq bərpa edilməsi” üçün müvafiq vəsatət (ərizə) verilmədiyi üçün geri qaytarılmışdır. Bundan sonra, cavabdehin vəkili 30 dekabr 2023-cü ildə “Sumqayıt Kommersiya Məhkəməsinin 20 aprel 2023-cü il tarixli e-2-2(119)-424/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi ilə əlaqədar "apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddətin üzrlü səbəbdən ötürülməmiş hesab olunması” barədə vəsatət (ərizə) ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən, Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində verilə bilər. Həmin Məcəllənin 129.1-ci maddəsinə əsasən, illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinin tələbinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab etdiyi halda, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Şikayətin dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, Quba rayon İcra və Probasiya Şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış 07 yanvar 2024-cü il tarixli 153786/23-07-“4453" nömrəli məktuba əlavə edilmiş Quba rayon İcra və Probasiya Şöbəsi tərəfindən məlum icra sənədləri üzrə borcun ödənilməsi üçün borclu Cavabdeh göndərilmiş icra Bildirişlərindən və həmin Bildirişlərin borclu tərəfindən alınmasını təsdiq edən sübutlardan (xəbərnamə və s.) görünür ki, borclu Cavabdeh tələbin könüllü icrası üçün, yəni “30 dekabr 2014-cü il tarixli Torpaq icarə Müqaviləsi üzrə 28 fevral 2023-cü il tarixinə olan 664,63 (altı yüz altmış dörd manat 63 qəpik) manat məbləğində icarə haqqı borcunun və 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq Dövlət Büdcəsinə ödənilməsi” ilə əlaqədar 06 iyul 2023-cü il tarixli 153786/23-07 nömrəli Bildirişlər göndərilmiş və “sifarişli-xəbərnaməli” poçt göndərişləri ilə rəsmi olaraq göndərilmiş həmin icra bildirişləri borclu Cavabdeh tərəfindən 19 iyul 2023-cü ildə cavabdehin ünvanında rəsmi qaydada qəbul edilmişdir. Beləliklə, cavabdehin Sumqayıt Kommersiya Məhkəməsinin 20 aprel 2023-cü il tarixli e-2-2(119)-424/2023 nömrəli qətnaməsindən də 19 iyul 2023-cü il tarixdən etibarən rəsmi qaydada məlumatlı olması müəyyən olunur. Göründüyü kimi, cavabdeh qətnamənin özünü fiziki olaraq almasa belə, Sumqayıt Kommersiya Məhkəməsinin 20 aprel 2023-cü il tarixli e-2-2(119)424/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi ilə əlaqədar müddət axımı 19 iyul 2023-cü ildən başlanmış və qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulan prosessual müddət isə - hazırkı apellyasiya şikayətinin məhkəməyə verilmiş olduğu 30 dekabr 2023-cü ildə heç bir üzürlü səbəb olmadan ötürülmüşdür. Hətta, hazırkı şikayəti nümayəndə və vəkil Nümayəndə2 müvafiq “etibarnamə” (i/v:33) də məhz icra bildirişlərinin alındığı tarixdə, yəni 19 iyul 2023-cü ildə verildiyindən, sonuncunun həmin vaxt müraciət edib qətnaməni əldə etmək və yaxud, həmin tarixdən etibarən bir ay ərzində cavabdehin adından apellyasiya şikayətini vermək imkanları olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassız olmaqla qərardadın ləv olunması üçün əsas deyildir. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398-ci maddəsinə əsasən аpellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraalır: Cavabdeh şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 08 yanvar 2024-cü il tarixli e-2-2(119)424/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar