Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-43/2021 16.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və Babayeva Hökümə Çingiz qızından ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 və Cavabdeh2 iştirakları ilə İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-572/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-572/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilməmişdir. (hakim Xəqani Tağıyev) Qətnamədən iddiaçı ləğv prosesində olan İddiaçı ASC apelyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsiilə məhkəməyə müraciət edərək, iddiaçı məhkəmədən Cavabdeh2 10.640 manat əsas, 1.845,47 manat faiz, 1.345,96 manat cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış 1.598,40 manat məbləğ olmaqla, cəmi 15.429,83 manat kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi; ipoteka qoyulmuş, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus Xaçmaz rayonu, Qaraqurtlu kəndində yerləşən 0,12 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 51,2 m2 yaşayış, 221,95 m2 köməkçi sahəsindən ibarət 2 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh2nın borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh2 tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 2348 nömrəli kredit müqaviləsinə əsasən, cavabdehə 36 (otuz altı) ay müddətinə, illik 6% (altı faiz) ödənilmək şərtilə 15.000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh1 ilə həmin tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Xaçmaz rayonu, Qaraqurtlu kəndində yerləşən 0,12 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 51,2 m2 yaşayış, 221,95 m2 köməkçi sahəsindən ibarət 2 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür. Lakin Cavabdeh2 kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda onun banka ödənilməmiş 10.640 manat əsas, 1.845,47 manat faiz, 1.345,96 manat cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış 1.598,40 manat məbləğ olmaqla, cəmi 15.429,83 manat borcu mövcuddur. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ İddiaçı ləğv prosesində olan İddiaçı ASC birinci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayət verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2014-cü il tarixli, 2348 saylı kredit müqaviləsinə əsasən müqavilə vəsaitin bankın hesabından silinməsi günündən qüvvəyə minir və müddəti kredit və onun faizlərinin tam ödənilməsi və digər şərtlərin yerinə yetirilməsindən sonra bitmiş hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında qeyd olunur ki, MM-nin 390-cı maddəsində müəyyən edilmiş müqavilə azadlığı, Konstitusiyanın 29-cu və MM-nin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Sözügedən müddəa ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və sözügedən müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq, onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar. Müqavilə azadlığı prinsipi yalnız mülki hüquqi prinsip kimi deyil, eyni zamanda konstitusiya prinsipi kimi də qəbul olunur. Bu prinsipə təkcə hüquqi baxımdan deyil, həmçinin iqtisadi və etik normalar baxımından da yanaşmaq lazımdır. MM-nin “Müqavilə hüququ” adlanan 20-ci fəslində yer alan və bütün müqavilələrə şamil olunun 399 və 399.3cü maddələri baxımından müqavilə azadlığı prinsipinə formal bərabərlik kimi baxıla bilər. Lakin konstitusiya prinsipi olan müqavilə azadlığı prinsipinə əsaslanaraq kredit müqavilələrini tənzimləyərkən qanunverici elə bir tənzimləmə şəraiti yaratmalıdır ki, müqavilədə iqtisadi cəhətdən zəif olan tərəfə müəyyən üstünlüklər təqdim etməklə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı bərabərlik prinsipinin gözlənilməsini real təmin etmiş olsun. Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il, 3 iyun tarixli qərarında kredit müqaviləsinin qüvvədə olma və kreditin müddətlərinə dair belə bir hüquqi mövqe ifadə edilmişdir ki, kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrıayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə də, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Konsitusiya Məhkəməsi Plenumunun Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Bununla əlaqədar olaraq, Konstitusia Məhkəməsinin Plenumu qeyd edir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq müqavilə tərəflərinin qarşılıqlı hüquqi bağlılığı davam edir və MM-nin 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmalara görə məsuliyyətdən azad etmir. Bu isə MM-nin “Öhdəliklərin icra edilməməsi” adlanan 22-ci fəslində və “Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət” adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. MM-nin 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Göründüyü kimi bu normaının birinci cümləsi müqavilənin qüvvədə olma müddətinin bitməsini, ikini cümləsi isə müqavilədən yaranan öhdəliklərin qüvvədə olma müddətini tənzimləyir. Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Belə ki, müqavilənin qüvvədə olması müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə göstərilməlidir. Əks təqdirdə, MM-nin 399.3-cü maddəsində qeyd olunduğu kimi şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Məhkəmə iclasında iştirak edən iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 apelyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh1 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan xx xxxx 2014-cü il tarixli 2348 №-li kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC Cavabdeh2 36 ay müddətinə qaytarmaq şərti ilə kredit verməyi, borcalan isə krediti qəbul edərək həmin müqavilədə göstərilən müddətdə və qaydada müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki əsasında banka qaytarmağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan 2014-cü il tarixli, Y47/2348 №-li ipoteka müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanan xx xxxx 2014-cü il tarixli 2348 №-li kredit müqavilələrinin icrasının təminatı kimi ipoteka qoyan Cavabdeh1 xüsusi mülkiyyət hüququ ilə özünə məxsus olan Xaçmaz rayonu Qaraqurtlu kəndində 0,12 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 51,2 m2 yaşayış, 221,95 m2 köməkçi sahəsindən ibarət 2 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evini ipoteka saxlayanın xeyrinə ipteka ilə yükləməyi və müvafiq dövlət orqanlarında yüklülük qeydiyyatının aparılmasını üzərinə götürmüşdür. xx xxxx 2014-cü il tarixli 2348 №-li kredit müqaviləsinə əlavədən görünür ki, Cavabdeh2 15.000 manat məbləğdə krediti xx xxxx 2014-cü il tarixdən etibarən 36 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Birinci instansiya məhkəməsi cavabdehin ərizəsi əsasında iddia müddətini tətbiq edərək, iddianı təmin etməmiş, gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun olaraq əsaslı və qanuni hesab edir. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən, əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Azərbaycan Respublikası Mülki Məcəlləinin 399-cu maddəsi müqavilənin qüvvədə olma müddətinə aid müddəaları müəyyən edir ki, kredit müqaviləsində də yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013-cü il tarixli qərarında göstərilir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Göründüyü kimi, kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Müddətin tətbiqi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2001-ci il tarixli Qərarında göstərilmişdir ki, “…müddətin əhəmiyyəti aşağıdakılardan ibarətdir: o hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqularını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; müddət institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; müddət tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır”. Verilmiş apelyasiya şikayəti əsasında işin hallarını araşdıran məhkəmə kollegiyası iddia müddətinin ötürülməməsi ilə bağlı apelyasiya şikayətinin dəlili ilə bağlı qeyd edir ki, iş materiallarından göründüyü kimi xx xxxx 2014-cü il tarixli kredit müqaviləsi 36 ay müddətinə bağlanmışdır. Müqavilənin müddəti xx xxxx 2017-ci ildə bitmişdir. İddia müddətinin axımı xx xxxx 2017-ci ildən başlamışdır. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə xx xxxxxx 2020-ci il tarixdə müraciət etmişdir. İddiaçı tərəfindən iddia müddətinin axımının dayandırılmasına və ya iddia müddətinin ötürülməməsinə səbəb olan sübutlar məhkəməyə təqdim edilməmişdir. Odur ki, birinci instansiya məhkəməsinin cavabdeh tərəfin ərizəsi əsasında iddia müddətini tətbiq edərək iddia tələbini təmin etməməsi əsaslı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında baxıldıqda dəyişdirmədən, apelyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır. Qeyd edilənləri və Azərbaycan Respublikası MPM-in 384.0, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-572/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(105)-43/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-43/2021
16.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver