Məhkəmə qərarları › İş №2-2(105)-43/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-43/2025

15.04.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-43/2025 15.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər X1 və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, İddiaçı2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “sənədlərin verilməsi və növbədənkənar ümumi yığıncağın keçirilməsi” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 27 dekabr 2024-cü il tarixli, e-2-2(119)-1148/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İşin halları

1. Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Departamenti tərəfindən verilmiş 24 aprel 2017-ci il tarixli **********125500 nömrəli çıxarışlardan görünür ki, Cavabdeh Mənzil-Tikinti Kooperativi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X15 qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsi tərəfindən 30 mart 2007-ci il tarixdə 0107-P309-48129 saylı şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış "xxxx" Mənzil Tikinti Kooperativinin Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Departamenti tərəfindən 31 iyul 2015-ci il tarixdə ********** saylı şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış Cavabdeh Mənzil-Tikinti Kooperativinə qoşulması nəticəsində yenidən təşkil olunmuşdur və onun hüquqi varisidir.

2. Cavabdeh təsisçiləri və nizamnamə kapitalında mayaların miqdarı aşağıdakı kimidir: X6 – 3%, İddiaçı2 –22%, Nümayəndə–25%, İddiaçı1 –3%, X13 –22%, X14 – 25% kimidir. Qanuni təmsilçi Nümayəndədur.

3. Azərbaycan Respublikasının Vergilər Nazirliyi 2 saylı Ərazi Vergilər Departamenti tərəfindən 24 aprel 2017-ci il tarixdı qeydiyyatına alınmış Cavabdeh 4-cü redaksiyada nizamnaməsindən görünür ki, həmin Mənzil Tikinti Kooperativinin üzvləri X6, Nümayəndə, X13, X14, İddiaçı2 və İddiaçı1dır.

4. Nizamnamənin 2.1-ci bəndinə əsasən kooperativin ilkin pay fondu 240 (iki yüz qırx) manat müəyyən edilmişdir. Pay fondunda kooperativ üzvlərinin mütləq pay haqqı hər biri 0,10 manat olmaqla 2400 (iki min dörd yüz) paydan ibarətdir. Kooperativ üzvlərinin nizamnamə kapitalındakı pay haqları aşağıdakı kimi müəyyən edilmişdir. X6 – 3 %, 7,20 (yeddi manat, iyirmi qəpik) 72 pay pul şəklində, İddiaçı2 –22 %, 52,8 (əlli iki manat, səksən qəpik) manat, 528 pay pul şəklində, Nümayəndə– 25 %, 60 (altmış) manat, 600 pay pul şəklində, İddiaçı1 –3%, 7,20 (yeddi manat, iyirmi qəpik) manat, 72 pay pul şəklində, X13 – 22 %, 52,8 (əlli iki manat, səksən qəpik) manat, 528 pay pul şəklində, X14 – 25 %, 60 (altmış) manat, 600 pay pul şəklində.

5. Nizamnamənin 3-cü bəndinə əsasən kooperativin fəaliyyətinin məzmunu və məqsədi müvafiq dövlət orqanlarından razılıq aldıqdan sonra kooperativ üzvlərinin habelə digər vətəndaşların əmlak pay haqlarını könüllü birləşdirmək yolu ilə onların mənzil sahəsinə tələbatının ödənilməsindən ibarətdir.

6. Nizamnamənin 5.1-ci bəndinə əsasən kooperativin ali idarəetmə orqanı kooperativ üzvlərinin ümumi yığıncağıdır və kooperativin fəaliyyətinə aid bütün məsələləri həll etmək səlahiyyətinə malikdir. Ümumi yığıncaq kooperativin üzvləri tərəfindən ildə bir dəfə lakin maliyyə ilinin başa çatmasından ən geci üç ay keçənədək çağırılır. Növbədənkənar ümumi yığıncaq kooperativ sədrinin, yaxud səs hüququna malik olan üzvlərinin azı dörddə birinin tələbi ilə çağırılır. Müvafiq tələb və ya təşəbbüs irəli sürüldükdən sonra 15 (on beş) gün müddətinə sədr növbədənkənar ümumi yığıncağın keçirilməsini təmin etməlidir.

7. Nizamnamənin 5.3-ci bəndinin tələblərinə əsasən kooperativin nizamnaməsini dəyişdirmək, kooperativ üzvlərini qəbul etmək və çıxartmaq, kooperativin illik hesabatlarını və mühasibat balanslarını təsdiq etmək və zərəri bölüşdürmək, kooperativin müşahidə şurasını yaratmaq və onun üzvlərinin səlahiyyətlərinə xitam vermək, habelə kooperativin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə xitam vermək (bir şərtlə ki, kooperativin nizamnaməsinə görə bu hüquq onun müşahidə şurasına verilmiş olmasın), kooperativin yenidən təşkili və ləğvi haqqında qərar qəbul etmək kooperativ üzvlərinin ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aiddir. Kooperativin nizamnaməsi ilə ümumi yığıncağının müstəsna səlahiyyətinə başqa məsələlərin həlli də aid edilə bilər. Kooperativin ümumi yığıncağının və ya müşahidə şurasının müstəsna səlahiyyətinə aid edilmiş məsələləri onlar həll edilmək üçün kooperativin icra orqanlarına verə bilməzlər (5.3.1-5.3.7-ci bəndlər). Nizamnamənin 5.4-cü bəndinə əsasən kooperativin sədri ümumi yığıncaq tərəfindən gizli səsvermə yolu ilə 3 il müddətinə seçilir.

8. 11 dekabr 2023-cü il tarixli növbədənkənar ümumi yığıncağın keçirilməsi barədə tələbdən görünür ki, koopertivin üzvləri X14, İddiaçı2 və İddiaçı1 kooperativin sədri (təsisçisi) Nümayəndə, digər üzvlər X3 və X9 məktub göndərərək məktubda göstərilən məsələlərin müzakirəsi və həlli üçün növbədənkənar ümumi yığıncağın qanunvericilikdə əks edilmiş müddət ərzində keçirilməsinin təmin olunmasını xahiş etmişlər.

9. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X11, auditoru X16 və Cavabdeh təsisçisi İddiaçı2 tərəfindən tərtib edilərək imzalanmış 08 fevral 2024-cü il tarixli imtina aktından görünür ki, auditor yoxlaması aparmaq məqsədi ilə 08 fevral 2024-cü il tarixdə saat 11 radələrində Cavabdeh binasında olmuşlar, Cavabdeh maliyyə təsərrüfat fəaliyyətinin audit yoxlanılmasının aparılması üçün lazım olan sənədlər onlara təqdim edilməmiş və audit yoxlaması üçün şərait yaradılmamışdır.

10. “X24” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən iddiaçıların nümayəndəsi Vəkil ünvanlanmış 22 fevral 2024-cü il tarixli məktubda qeyd olunur ki, “Cənnət Park" Mənzil Tikinti Kooperativinin rəhbərliyi ilə bağlanmış M-20010 nömrəli 01 mart 2023-ci il tarixli müqaviləyə əsasən Cavabdeh təsisçilərinin 30 mart 2007-ci il tarixdən 31 iyul 2015-ci il tarixədək və 31 iyul 2015-ci ildən 01 mart 2023-cü il tarixədək olan dövr ərzində Cavabdehnə qoyduqları və götürdükləri nağd pulların dövriyyəsinin düzgünlüyünün təqdim edilmiş sübutlara əsasən auditi aparılmış və tərtib edilmiş yekun sənədlərin bir nüsxəsi 31 mart 2023-cü il tarixli təhvil-qəbul aktı ilə müqavilə bağlayan Cavabdeh qanuni təmsilçisinə təqdim edilmişdir.

11. İddiaçılar İddiaçı2 və İddiaçı1 sənədlərin verilməsi və növbədənkənar ümumi yığıncağın keçirilməsi tələbi barədə kooperativin sədri (təsisçisi) Nümayəndə, digər üzvlər X3, X9 və X10 03 iyun 2024-cü il tarixli pretenziya göndərərək 11 iyun 2024-cü il tarixədək məktubda qeyd olunan sənədlərin təqdim olunmasını və növbədənkənar ümumi yığıncağın keçirilməsini tələb etmişlər.

Birinci instansiya məhkəməsində icraat

12. İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdehnə qarşı “sənədlərin verilməsi və növbədənkənar ümumi yığıncağın keçirilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək təsisçisi olduqları illər ərzində Cavabdeh fəaliyyəti üzrə keçirilmiş (keçirilməsi nəzərdə tutulmuş) ümumi yığıncaqlar barədə təsisçilərə bildirişlərin verilməsini təsdiq edən sənədlərin, bütün məsələlər üzrə keçirilmiş ümumi yığıncaqların protokollarından çıxarışların, sədrin seçilməsi və səlahiyyətini təsdiq edən sənədlər barədə məlumatların, kooperativin əldə etdiyi mənfəət və gəlirləri, eləcə də bunların xərclənməsini, paylanmasını təsdiq edən sənədlərin, maliyyə sənədlərinin, kooperativin büdcəsini, ştat cədvəlini, strukturunu təsdiq edən sənədlərin, 2007-ci ildən hal-hazıradək illik maliyyə və kənar audit hesabatlarının, vergi bəyannamələrinin (hesabatlarının), kooperativin bütün banklarda olan hesabları üzrə ən son tarixə çıxarışların, ümumiyyətlə kooperativin fəaliyyəti ilə bağlı məlumatların, sənədlərin təsdiq edilmiş surətlərinin İddiaçı1 və İddiaçı2 təqdim edilməsi, Cavabdeh payçılarının (təsisçilərininin) növbədənkənar ümumi yığıncağının keçirilməsi, növbədənkənar ümumi yığıncaqda yetərsay olmadıqda gündəlik dəyişdirilmədən növbədənkənar ümumi yığıncağın yenidən çağırılması, təyin olunacaq növbədənkənar ümumi yığıncaqda baxılacaq məsələlərə dair bütün sənədlərin təsdiq olunmuş surətlərinin yığıncağın keçirilmə tarixinə azı 20 gün qalmış iddiaçılara təqdim edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

13. İddiaçıların nümayəndəsi və Vəkil 27 dekabr 2024-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edilərək 2007-ci ildən Cavabdeh fəaliyyəti üzrə kooperativ tərəfindən həyata keçirilmiş ümumi yığıncaqlar barədə üzvlərə bildirişlərin verilməsini təsdiq edən sənədlərin, bütün məsələlər üzrə keçirilmiş ümumi yığıncaqların protokollarından çıxarışların, sədrin seçilməsi və səlahiyyətini təsdiq edən sənədlər barədə məlumatların, kooperativin əldə etdiyi mənfəət və gəlirləri, eləcə də bunların xərclənməsini, paylanmasını təsdiq edən sənədlərin, maliyyə sənədlərinin, kooperativin büdcəsini, ştat cədvəlini, strukturunu təsdiq edən sənədlərin, 2007-ci ildən hazıradək illik maliyyə və kənar audit hesabatlarının, vergi bəyannamələrinin (hesabatlarının), kooperativin bütün banklarda olan hesabları üzrə ən son tarixə çıxarışların, sənədlərin təsdiq edilmiş surətlərinin iddiaçılara təqdim edilməsi, Cavabdeh üzvlərinin növbədənkənar ümumi yığıncağının keçirilməsi, eləcə də təyin olunacaq növbədənkənar ümumi yığıncaqda baxılacaq məsələlərə dair bütün sənədlərin təsdiq olunmuş surətlərinin yığıncağın keçirilmə tarixinə azı 20 gün qalmış İddiaçı1 və İddiaçı2 təqdim edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur.

14. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı2, Kamil Quliyev və Mehman Quliyev təsisçi olaraq Abşeron rayonu, Aşağıda Güzdək qəsəbəsində yerləşən “MKM" Mənzil Tikinti Kooperativini yaradaraq həmin ərazidə iki 10 mərtəbəli yaşayış binasını, o cümlədən əlavə bir tikilini 4-cü mərtəbəyə, o biri tikilini isə 3-cü mərtəbəyə kimi tikmiş, digəri isə bünövrədən çıxmış vəziyyətdə olmuşdur. 2015-ci ildə Nümayəndə təsisçi kimi həmin MTK-da fəaliyyətə başlamış, digər təsisçilər öz paylarından ayıraraq onu paylı təsisçi etmişdir. Nümayəndə gəlişi ilə “MKM" Mənzil-Tikinti Kooperativinin adı dəyişdirilərək “Cənnət Park" Mənzil Tikinti Kooperativi adlandırılmış və direktor Nümayəndə olmuşdur. Nümayəndə ilk öncə özünə inam yaradaraq 2015-ci ildən bu günə kimi onun rəhbərliyi ilə yarımçıq binaların tikintisini başa çatdırmış və əlavə olaraq 6 iki bloklu 10 mərtəbəli binalar tikdirmişdir. Qeyd olunur ki, hər dəfə paylarına uyğun haqq-hesab tələb edildikdə Nümayəndə büdcədə pulun az olduğunu, haqq-hesab olunsa yeni tikinti işlərinin aparılmasının mümkün olmayacağını, həmin vəsaitləri tikintiyə sərf etməklə yekunda normal gəlir əldə ediləcəyini bildirərək xeyli müddət bu üsulla iddiaçıları aldadaraq onlara heç bir pul vəsaiti verməmişdir. Lakin bir ildir onlara məlum olmuşdur ki, Nümayəndə vəzifə səlahiyyətlərini aşaraq, saxtakarlıq edərək iddiaçıların payına düşən vəsaitləri, tikinti işlərinin görülməsi üçün ona verilən pulları etibardan su-istifadə edərək mənimsəmiş, o cümlədən bir evi iki nəfərin adına yazaraq camaatı aldatmış, pullarını mənimsəyərək qanunsuz hərəkətlər etmiş və bütün bu müddət ərzində iddiaçıları “Cənnət Park" Mənzil Tikinti Kooperativinin fəaliyyətindən kənar tutmuşdur. Təsisçi olaraq indiyə kimi İddiaçı2 tərəfindən “Cənnət Park" Mənzil Tikinti Kooperativinə 653000 ABŞ dolları pul, eləcə də Nümayəndə 150000 ABŞ dolları və 204000 manat pul vəsaiti tikinti məqsədləri üçün verilsə də, bu günə kimi nizamnamə üzrə İddiaçı2 22%, arvadı- İddiaçı1 isə 3% təsisçi olaraq heç bir qazanc əldə etməmişdir. Nümayəndə iddiaçıların “Cənnət Park" Mənzil Tikinti Kooperativinə girməsinə imkan vermir. Dəfələrlə ümumi yığıncağın keçirilməsi tələb edilsə də, bu tələbə əhəmiyyət verilməmişdir. Pozuntuların müəyyən edilməsi üçün təsisçi qismində İddiaçı2 tərəfindən öz vəsaiti hesabına auditin keçirilməsi üçün müqavilə bağlanılsa da, Nümayəndə və onun tərəfdarları auditin əraziyə girməsinə, sənədlərlə tanış olmasına icazə verməmişdir. “Cənnət Park" Mənzil-Tikinti Kooperativinin fəaliyyətinin əsasını təşkil edən, keçirilməsi zəruri olan ümumi yığıncaqlar barədə məlumat verilməməsi səbəbindən iddiaçılar həmin ümumi yığıncaqlarda iştirak etməmiş, bu günə kimi onların iştirakı ilə һəг hansı iclas keçirilməmiş, “Cənnət Park" Mənzil Tikinti Kooperativinin fəaliyyəti müzakirə olunmamışdır. Görünən odur ki, Nümayəndə ilk sədr seçildiyi gündən sonra bütün sənədləşmələri təsisçilərin xəbəri, razılığı olmadan həyata keçirmişdir. Bu da “Cənnət Park" Mənzil Tikinti Kooperativinin fəaliyyəti üzrə maliyyə hərəkətlərinin, ümumiyyətlə ümumi yığıncağın iclasında həll edilməli məsələlərin iddiaçıların iştirakı olmadan aparıldığını və qanunvericiliyə adekvat olmadığını göstərir. Audit, eləcə də aidiyyəti ekspertiza keçirilərsə, qeyd olunan faktlar tam təsdiqini tapacağından auditin və ekspertizanın keçirilməsi, bunun üçün “Cənnət Park" Mənzil Tikinti Kooperativinin yarandığı gündən bu günə kimi onun fəaliyyəti ilə bağlı bütün sənədlərin götürülməsi zərurəti iddiaçılar tərəfindən vurğulansa da, hazırkı vaxtadək bununla bağlı bütün müraciətlər nəticəsiz qalmışdır. Dəfələrlə şifahi və yazılı qaydada müraciət olunaraq paylara düşən mənfəətin, gəlirlərin hesablanaraq ödənilməsi, ümumiyyətlə “Cənnət Park" Mənzil Tikinti Kooperativinin fəaliyyəti ilə bağlı bütün sənədləşmələrlə tanış olmaq Nümayəndə tələb edilsə də o, heç bir zaman bu qanuni tələbi təmin etməmişdir. İddiaçılar “Cənnət Park" Mənzil Tikinti Kooperativinə buraxılmadığından hazırkı iddianın verilməsi üçün zəruri olan pretenziyanı həm elektron sistem, həm də poçt vasitəsilə cavabdehə təqdim edərək iddiaçıların iştirakı ilə haqq- hesabın aparılması, eləcə də təsisçisi olduqları illər ərzində “Cənnət Park" Mənzil Tikinti Kooperativinin fəaliyyəti üzrə keçirilmiş (keçirilməsi nəzərdə tutulmuş) ümumi yığıncaqlar barədə təsisçilərə bildirişlərin verilməsini təsdiq edən sənədlərin, bütün məsələlər üzrə keçirilmiş ümumi yığıncaqların protokollarından çıxarışların təsdiq edilmiş surətlərinin (xüsusilə sədr seçilməsi və səlahiyyətini təsdiq edən sənədlər barədə məlumatların), kooperativin əldə etdiyi mənfəət və gəlirləri, eləcə də bunların xərclənməsini, paylanmasını təsdiq edən sənədlərin, maliyyə sənədlərinin, ümumiyyətlə kooperativin fəaliyyəti ilə bağlı məlumatların, sənədlərin təsisçi olaraq onlara verilməsi, növbədənkənar ümumi yığıncağın keçirilməsi zərurəti vurğulansa da, bu müraciətlər tam cavabsız qalmışdır. Bundan başqa iddiaçılar guya 2023-cü ildə hansısa audit keçirilməsi barədə məlumat əldə etmişlər. Lakin həmin keçirilmiş audit rəyindən iddiaçıların xəbəri olmamış, əgər bu ümumi iclasın səsverməsi ilə baş tutubsa, habelə həmin iclas olubsa da saxta olub, çünki həmin iclasda iddiaçılar iştirak etməmişdir. Qeyd olunur ki, cavabdehin maraqlarına xidmət edən və həqiqəti əks etdirməyən auditin rəyi ilə iddiaçılar qətiyyən razı deyil, çünki iddiaçılar bu günə kimi heç bir mənfəət, gəlir əldə etməmiş, “Cənnət Park" Mənzil Tikinti Kooperativindən bir manat da pul götürülməmiş və yaxud kimsəyə də iddiaçıların adından götürülməsi barədə razılıq verilməmişdir. Bundan başqa Nümayəndə vəzifə səlahiyyətlərinin, hazırda onun səlahiyyətli olubolmaması da sual altındadır. Çünki nizamnamədə qeyd olunur ki, sədr üç illiyə seçilir. Belə olan halda iddiaçılar təsisçi olduqdan sonra onların iştirakı ilə Nümayəndə sədr seçilməsi barədə hər hansı ümumi yığıncaq, səsvermə olmamışdır. Bundan əlavə iddiaçıların paylar üzrə mənfəət, gəlir əldə etməməsi, maliyyə məsələləri, ödənişlər və “Cənnət Park" Mənzil Tikinti Kooperativinin fəaliyyəti üzrə sənədlərlə tanış olmalı olduqları halda iddiaçıların tanış olmaması, ümumi yığıncaqların keçirilməsi zəruri olduğu halda bu günə kimi bu normaların pozulması nizamnaməyə yenidən baxılmasını, müzakirə edilərək əlavələrin edilməsini, eləcə də sədrin fəliyyətinin qiymətləndirilməsini, yol verdiyi pozuntular, eləcə də müddət üzrə səlahiyyəti bitdiyi səbəbindən yeni sədrin seçilməsini, kooperativin fəaliyyətinin qiymətləndirilməsini, gəlirlər və xərcləri barədə auditin keçirilməsi barədə növbədənkənar ümumi yığıncağın keçirilməsini zəruri etdiyindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 111.8-ci maddəsinin tələbini əsas tutaraq əks edilmiş məsələlərin müzakirəsi və həlli üçün növbədənkənar ümumi yığıncağın qanunvericilikdə əks edilmiş müddət ərzində keçirilməsinin, eləcə də sənədlərin verilməsinin təmin edilməsi üçün aidiyyəti qaydada dəfələrlə cavabdeh “Cənnət Park" Mənzil Tikinti Kooperativinə (sədr Nümayəndə) tələblə müraciət edilsə də, bu qanuni tələblər də təmin edilməmişdir. İddiaçılar “Cənnət Park" Mənzil-Tikinti Kooperativində təsisçi olsa da, kooperativin fəaliyyəti üzrə hansı sənədləşmələr aparılır, hesabatlar hansı qaydada müəyyən edilir, aidiyyəti qurumlara hansı sənədlər verilir və s. xəbərləri yoxdur. Qeyd olunur ki, “Cənnət Park" Mənzil Tikinti Kooperativinin sədri qismində özünü təqdim edən Nümayəndə barəsində qanuni tədbir görülməsi üçün aidiyyəti qaydada hüquq mühafizə orqanlarına da dəfələrlə müraciət edilmiş və həmin müraciət hal-hazırda araşdırılmaqdadır. Cavabdeh auditin keçirilməsi üçün iddiaçıları “Cənnət Park" Mənzil Tikinti Kooperativinə buraxmır, onların növbədənkənar ümumi yığıncağın keçirilməsi və sənədlərin verilməsi barədə qanuni tələblərini təmin etmir. Mövcud mübahisəni məhkəmədənkənar həll etmək mümkün olmadığından, cavabdeh qanuni tələbləri könüllü şəkildə təmin etmədiyindən, qanunvericiliyin tələblərindən sui-istifadə edərək iddiaçıların hüquqlarını, qanunvericiliyin imperativ tələblərini kobud şəkildə pozduğundan iddiaçılar hüquqlarının müdafiəsi, tələbləinin təmini üçün aidiyyəti qaydada məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar.

15. İş materiallarından, o cümlədən birinci instansiya məhkəməsinin iş üzrə hazırlıq və baxış iclaslarının protokollarından görünür ki, məhkəmə iclasları dəfələrlə təxirə salınaraq Cavabdehnə məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, eyni zamanda iddiaya qarşı hər hansı etiraz təqdim olunmamışdır.

16. Sumqayıt Kommersiya Məhkəməsinin 27 dekabr 2024-cü il tarixli, e-2-2(119)- 1148/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh tərəfindən 2007-ci ildən kooperativin fəaliyyəti üzrə keçirilmiş ümumi yığıncaqlar barədə üzvlərə bildirişlərin verilməsini təsdiq edən sənədlərin, bütün məsələlər üzrə keçirilmiş ümumi yığıncaqların protokollarından çıxarışların, sədrin seçilməsi və səlahiyyətini təsdiq edən sənədlər barədə məlumatların, kooperativin əldə etdiyi mənfəət və gəlirləri barədə məlumatların, onların xərclənməsini, paylanmasını təsdiq edən sənədlərin, maliyyə sənədlərinin, kooperativin büdcəsini, ştat cədvəlini, strukturunu təsdiq edən sənədlərin, 2007-ci ildən illik maliyyə və kənar audit hesabatlarının, vergi bəyannamələrinin (hesabatlarının), kooperativin bütün banklarda olan hesabları üzrə ən son tarixə çıxarışların təsdiq edilmiş surətlərinin iddiaçılar İddiaçı2 və İddiaçı1 təqdim edilməsi, Cavabdeh üzlərinin növbədənkənar ümumi yığıncağının keçirilməsi, keçiriləcək növbədənkənar ümumi yığıncaqda baxılacaq məsələlərə dair bütün sənədlərin təsdiq olunmuş surətlərinin yığıncağın keçirilmə tarixinə ən azı 20 (iyirmi) gün qalmış iddiaçılar İddiaçı2 və İddiaçı1 təqdim edilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması qət edilmişdir.

17. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

18. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı1 və İddiaçı2 qeyd edilən MTK-dakı payları formal xarakter daşıyır. Əslində həmin paylar MTK-nın digər təsisçilərindən biri X2 mərhum əri X4 payı olmuşdur. 2007-ci ildə MTK yaradılarkən 5 nəfər təsisçi lazım olduğundan Quliyev Kamil özünə yaxın hesab etdiyi İddiaçı2 və yoldaşı İddiaçı1ı təsisçi kimi cəlb etmişdir. Eyni zamanda digər təsisçilər kimi Quliyev Kamil özünü və yoldaşı Quliyeva Vəfanı qeyd etmişdir. 5-ci təsisçi kimi Mehman adlı şəxs olmuşdur. MTK yaradılarkən lazımı bütün vəsaitlər Quliyev Kamil tərəfindən çəkilmiş və sədr də özü olmuşdur. 2015-ci ildə Cavabdeh MTK yaradıldıqda yenidən eyni adamlar və əlavə olaraq Nümayəndə təsisçi olmuş, İddiaçı1 və İddiaçı2 formallığı qorunmaqla yenidən adları təsisçi kimi qeyd edilmişdir. Quliyev Kamil xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Hazırkı iddia üzrə iddiaçılar tərəfindən MTK-nın yaradılması zamanı və ümumiyyətlə fəaliyyəti dövründə hər hansısa maliyyə vəsaiti qoyulmamışdır. Nizamnamədə və reyestrdə qeyd edilən paylar formal xarakter daşımaqla, əslində həmin paylar Quliyev Kamilə məxsusdur. İddiaçı2 (və yoldaşı) bu formallığı bilmiş və onu qəbul edərək o istiqamətdə davranmışlar. Bunun səbəbidir ki, 2007-ci ildən bəri mövcud olan tikinti şirkətində təsisçi olmaqlarına baxmayaraq heç bir zaman bu tip əsassız iddia qaldırmamışlar. Yalnız 2022-ci ildən sonra Quliyev Kamilin vərəsələri ilə münasibətlər kəskinləşdikdə İddiaçı2 həm vərəsələrə, həm də MTK-ya qarşı əsassız iddialar qaldırmaqla guya özünü (və yoldaşını) real mülkiyyətçi kimi göstərməyə çalışmaqdadır. Ümumiyyətlə məhkəmə 10 illik müddəti aşan bir iddianı hansı əsasla təmin etmişdir? 2025-ci ildə 2007-ci ilin sənədlərinin təqdim olunması barədə iddianın təmin olunması hansı məqsədə xidmət edir? Hansı maraqlar mövcuddur? Eyni zamanda işlə birbaşa əlaqəsi olmasa da daxili inam yaratmaq məqsədilə aşağıdakı məqamlar məhkəmənin diqqətinə çatdırılır. İddiaçı2 xx.xx.2021-ci il tarixdə “Öhdəlik Ərizəsi” adlı ərizə yazaraq adında olan Quliyev Kamilə məxsus olan 16 ha torpaq sahəsinin, satılmış torpaqların və borc pul məbləğini X7 Fərid Kamil oğluna geri qaytaracağına dair öhdəlik götürmüşdür. Həmin ərizədə cavabdeh özü də etiraf etmişdir ki, həmin torpaq sahələrinin alınması üçün bütün maliyyə xərcləri Quliyev Kamil tərəfindən çəkilmişdir. Cavabdeh İddiaçı2 üzərinə götürmüş olduğu öhdəliklərdən yayınmağa çalışdığından Bakı şəhər Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmişdir. Məhkəmə araşdırması zamanı İddiaçı2 götürmüş olduğu öhdəlikdən yayınmaq məqsədilə imzanın ona aid olmadığını bildirmiş və iş ilkin olaraq xəttşünaslıq, daha sonra isə texniki ekspertizaya göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyləri ilə həmin ərizənin məhz İddiaçı2 tərəfindən icra olunduğu öz təsdiqini tapmışdır. Bu fakt onu təsdiq edir ki, İddiaçı2 əslində adında olan bütün əmlaklar Quliyev Kamil tərəfindən alınmışdır. Bakı şəhər Yasamal Rayon Məhkəməsində olan iddia təmin edilmişdir. Bundan başqa İddiaçı2 adında olan "xxxx" MMC-də Quliyev Kamilin maddi dəstəyi və yardımı ilə yaradılmış, İddiaçı2 adı təsis sənədlərində qeyd edilsə də, formal olmuşdur. "xxxx" MMC-nin qurulması zamanı təxmini olaraq MTK-nın yaradılması zamanı ilə eynidir. Belə ki, xx.xx.2008-ci il tarixdə Güzdək kəndində X8, İddiaçı2, X17, Aycibin Hasan və İlyas Olgun arasında "xxxx" MMC-nin qurulması barədə təsis müqaviləsi imzalanmışdır. Həmin müqavilənin ön səhifəsində X8 rəsmiyyət olmadan İddiaçı2 ortağı kimi imza atmış, digər şəxslər də öz imzaları ilə təsdiq etmiş, İlyas Olgun adından isə Aycibin Hasan imza atmışdır. Həmin zaman Quliyev Kamilin göstərişinə əsasən İddiaçı2 formal olaraq adı müqavilədə qeyd edilmişdir ki, sonradan rəsmiyyətdə formal təsisçi kimi qeyd edilsin. Müqavilənin birinci səhifəsindən aydın olur ki, Aycibin Hasan və X22 Respublikasında mozaika fabrikası olan iş adamları olmuşdur. Aycibin Hasan Azərbaycan Respublikasına bir neçə dəfə mal satıqdan sonra burada da fabrik açmaq niyyətinə düşmüşdür. Bundan sonra onu Quliyev Kamillə tanış etmişlər, aralarında razılıq olduqdan sonra, Aycibin Hasan bir neçə dəfə Quliyev Kamilə təlim keçmiş və mozaikanın incəliklərini izah etmişdir. Müqavilənin ikinci səhifəsindən aydın olur ki, Quliyev Kamil tərəfindən şirkətin qurulmasına 100.000 ABŞ dolları məbləğində nağd pul vəsaiti qoyulmuş və ona məxsus torpaqda mozaika sexinin binasının tikintisi təşkil edilmişdir. Necə ki, bu gün İddiaçı2 (və yoldaşı) həmin MMC-ni, torpaqları və pul vəsaitini heç bir faktiki əsas olmadan özününkü hesab edirsə, eyni ilə MTK-da olan payını da özününkü hesab edərək bu tip əsassız iddia qaldırmışdır. Halbuki yuxarıda da qeyd edildiyi kimi iddiaçıların qeyd edilən paylara olan mülkiyyət hüququ formal xarakter daşıyır. Bu formallıqdan yaranan iddianın təmin olunmasının isə heç bir hüquqi əsası yoxdur.

19. Məhkəmə prosesi iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında İddiaçı2 nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş cavabdeh heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 45. Hüquqi şəxsin yaradılması 45.1. Hüquqi şəxs onun təsis edilməsi və nizamnaməsinin hazırlanması yolu ilə yaradılır. 45.2. Əgər hüquqi şəxs bir neçə təsisçi tərəfindən yaradılırsa, təsisçilər müqavilə bağlayaraq hüquqi şəxsin nizamnaməsini, onun yaradılması üzrə birgə fəaliyyət qaydasını, özlərinin əmlakının ona verilməsi və onun fəaliyyətində iştirak edilməsi şərtlərini müəyyənləşdirirlər. Maddə 47. Hüquqi şəxsin nizamnaməsi 47.1. Hüquqi şəxsin təsisçiləri tərəfindən təsdiq edilmiş nizamnaməsi hüquqi şəxsin təsis sənədidir. ... 47.2. Hüquqi şəxsin nizamnaməsində hüquqi şəxsin adı, olduğu yer, fəaliyyətinin idarə edilməsi qaydası, habelə onun ləğvi qaydası müəyyənləşdirilir. Maddə 49. Hüquqi şəxsin orqanları ... 49.3. Hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Maddə 109. Kooperativlər haqqında ümumi müddəalar 109.1. Kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır. 109.2. Kooperativ üzvü bu Məcəllənin tələblərinə cavab verən və kooperativin nizamnaməsində müəyyənləşdirilən qaydada və həcmdə üzvlük haqqı, mütləq və əlavə pay haqqı ödəmiş və kooperativə qəbul edilmiş, onun fəaliyyətində iştirak edən və səs hüququ (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) olan fiziki və (və ya) hüquqi şəxsdir. Maddə 109-1. Kooperativin yaradılması 109-1.1. Kooperativ beşdən az olmayan fiziki və (və ya) hüquqi şəxslər tərəfindən yaradılır. Maddə 109-2. Kooperativin üzvləri 109-2.1. Kooperativin nizamnaməsini qəbul edən və nizamnamə ilə müəyyənləşdirilmiş qaydada və həcmdə üzvlük haqqı və əmlak pay haqqı ödəyən 16 yaşına çatmış fiziki şəxslər və (və ya) hüquqi şəxslər kooperativin üzvü ola bilərlər. Maddə 109-4. Kooperativ üzvlərinin hüquq və vəzifələri 109-4.1. Kooperativin üzvlərinin aşağıda göstərilən hüquqları vardır: 109-4.1.1. kooperativə daxil olmaq və könüllü qaydada kooperativdən çıxmaq; 109-4.1.2. kooperativin idarə edilməsində və fəaliyyətində iştirak etmək, kooperativin orqanlarını seçmək və onlara seçilmək; 109-4.1.3. kooperativin fəaliyyətinə dair məlumat almaq və onun maliyyə, eləcə də digər sənədləri ilə tanış olmaq; 109-4.1.4. kooperativin fəaliyyətinin yaxşılaşdırılması, onun orqanlarının və vəzifəli şəxslərinin işində olan nöqsanların aradan qaldırılması barədə təkliflər vermək; 109-4.1.5. mənfəətin bölüşdürülməsində iştirak etmək və digər ödənişləri almaq; 109-4.1.6. kooperativ ləğv edildikdə kreditorlarla hesablaşmalardan sonra əmlakın onun payına düşən hissəsini və ya bu hissənin dəyərini almaq; 109.4.1.7. kooperativin üzvləri üçün nəzərdə tutulmuş imtiyazlardan və güzəştlərdən istifadə etmək; 109.4.1.8. bu Məcəllə və kooperativin nizamnaməsi ilə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək. Maddə 111. Kooperativdə idarəetmə 111.1. Kooperativin ali idarəetmə orqanı onun üzvlərinin ümumi yığıncağıdır. Üzvlərinin sayı əllidən çox olan kooperativdə onun icra orqanlarının fəaliyyətinə nəzarət edən müşahidə şurası yaradıla bilər. Müşahidə şurası üzvlərinin kooperativ adından fəaliyyət göstərmək ixtiyarı yoxdur. Kooperativin icra orqanları idarə heyəti və (və ya) onun sədridir. Onlar kooperativin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir, müşahidə şurasına və kooperativ üzvlərinin ümumi yığıncağına hesabat verirlər. Kooperativin müşahidə şurasının və idarə heyətinin üzvləri, habelə kooperativin sədri yalnız kooperativin üzvlərindən ola bilər. Müşahidə şurasının və ya icra orqanının üzvü oxşar kooperativin üzvü ola bilməz. Kooperativin üzvü eyni zamanda müşahidə şurasının üzvü və idarə heyətinin və ya kooperativin sədri ola bilməz. 111.8. Kooperativ üzvlərinin ümumi yığıncağı idarə heyəti (sədr) tərəfindən ildə bir dəfədən az olmayaraq nizamnamə ilə müəyyənləşdirilmiş müddətlərdə və qaydada, ancaq maliyyə ilinin başa çatmasından ən geci üç ay keçənədək çağırılır. Kooperativ üzvlərinin növbədənkənar ümumi yığıncağı idarə heyətinin (sədrin), müşahidə şurasının və təftiş komissiyasının (müfəttişin) təşəbbüsü, yaxud səs hüququna malik olan üzvlərin azı dörddə birinin tələbi ilə (maliyyə bazarlarında nəzarət edilən subyektlərə münasibətdə “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla) çağırılır. Bu halda kooperativ üzvlərinin növbədənkənar ümumi yığıncağı idarə heyəti (sədr) tərəfindən on beş gün müddətində kooperativin nizamnaməsində müəyyənləşdirilmiş qaydada çağırılır.

21. “X15 qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununu Maddə 1. Qanunun təyinatı Bu Qanun Azərbaycan Respublikasının ərazisində X15 qeydiyyatının və dövlət reyestrinin aparılmasının hüquqi və təşkilati əsaslarını müəyyən edir. Maddə 2. Əsas anlayışlar 2.0. Bu Qanunda aşağıdakı anlayışlardan istifadə edilir: 2.0.1. hüquqi şəxs - Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə bu cür müəyyən edilmiş qurumdur; 2.0.7. X15 qeydiyyatı - Azərbaycan Respublikasının ərazisində hüquqi şəxs statusu almaq istəyən qurumların, habelə xarici hüquqi şəxslərin Azərbaycan Respublikasının ərazisində yaratdıqları nümayəndəlik və ya filialların hüquq qabiliyyətinin təsdiq edilməsi, hüquqi statusunun müəyyənləşdirilməsi və onlar barəsində məlumatların (qeydlərin) X15 reyestrinə daxil edilməsidir. 2.0.8. X15 reyestri - Azərbaycan Respublikasının ərazisində qeydiyyata alınmış hüquqi şəxslər, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filialları, eləcə də Azərbaycan Respublikasının ərazisində dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin nümayəndəlik və filialları və digər qurumları barəsində məlumatlar (qeydlər) məcmusudur Maddə 4. X15 qeydiyyatının və dövlət reyestrinin aparılmasının ümumi qaydaları 4.1. Azərbaycan Respublikasının ərazisində hüquqi şəxs statusu almaq istəyən qurum, habelə xarici hüquqi şəxsin nümayəndəliyi və ya filialı dövlət qeydiyyatına alınmalı və dövlət reyestrinə daxil edilməlidir. Kommersiya təşkilatları, publik hüquqi şəxslər, siyasi partiyalar, habelə xarici hüquqi şəxslərin nümayəndəlikləri və ya filialları yalnız dövlət qeydiyyatına alındıqdan sonra fəaliyyət göstərə bilərlər. Onların dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsi qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. Maddə 14. Dövlət reyestrinə daxil edilən məlumatlar 14.1. Dövlət reyestrində aparılan yazıda reyestrə daxil edilmiş qurumlar barəsində aşağıdakı məlumatlar əks etdirilməlidir: ... 14.1.6. qurumun hər bir təsisçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri; təsisçi hüquqi şəxsdirsə, onun adı, hüquqi ünvanı və qeydiyyatı haqqında, təsisçi dövlət və ya bələdiyyə olduqda, bu Qanunun 5.3.2-1-ci maddəsində qeyd edilən məlumatlar;

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri ...14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 47. İşdə iştirak edən şəxslərin hüquq və vəzifələri 47.1. İşdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası iddiaçıların nümaəndəsinin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

24. Belə ki, cavabdeh apellyasiya şikayətini iddiaçıların müvafiq hüquqlarının onun tərəfindən təmin edilməsi, onun tərəfindən iddia edilən pozuntulara yol verilməməsi, bununla da iddianın əsassızlığı ilə bağlı dəlillərlə deyil, iddiaçıların ümumiyyətlə kooperativin üzvü olmamaları, onların üzvlüklərinin formal olması ilə bağlı dəlillərlə əsaslandırır, hazırkı mübahisəyə aid olmayan digər hallara və məhkəmə qərarlarına istinad edir.

25. Məhkəmə kollegiyası şikayətin qeyd edilən dəlillərini işin faktiki hallarına və qanunvericiliyin tələblərinə uyğun hesab etməməklə formal və əsassız dəlillər kimi qiymətləndirərək qeyd edir ki, hazırki qərarın 20 və 21-ci bəndlərində istinad edilən maddi hüquq normalarının tələbləri baxımından iddiaçıların tələbləri əsaslı olmuşdur. Belə ki, onların kooperativ üzvü olmaqla kooperativin idarə edilməsində və fəaliyyətində iştirak etmək, kooperativin fəaliyyətinə dair məlumat almaq və onun maliyyə, eləcə də digər sənədləri ilə tanış olmaq, növbədənkənar ümumi yığıncağı çağırmaq hüquqları vardır. Bu səbəbdən də birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən dəlillər isə əsassızdır və qətnamənin ləğvi üçün əsas ola bilməz.

26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 27 dekabr 2024-cü il tarixli, e-2-2(119)- 1148/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar