Məhkəmə qərarları › İş №2-2(105)-44/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-44/2023

01.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-44/2023 01.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə ilk və Cavabdeh İddiaçı qarşı pul tələbi barədə qarşılıqlı iddia tələbinə dair kommersiya işi kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-1667/2022 nömrəli, 07 dekabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 25 oktyabr 2021-ci il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərardan görünür ki, İddiaçı və qeyrilərinin Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən Sumqayıt şəhər Polis İdarəsinə daxil olmuş müraciəti üzrə araşdırma aparılmış, müraciətdə qeyd olunan xüsusatların mülki xarakterli olması və araşdırma səlahiyyətinin məhkəməyə aid olması əsası ilə cinayət işinin başlanılması rədd edilmişdir. Həmin araşdırma zamanı İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, eyni zamanda bildirmişdir ki, 96200 manat məbləğində pulu qardaşı ilə birlikdə Nəsiblə iş qurub gəlir əldə etmək üçün ödəmiş, lakin heç bir xeyir əldə etməmişlər, verilmiş vəddə onların həmin fermer təsərrüfatına şərik olmaqları bildirilsə də, dediklərinin heç biri həyata keçməmişdir. Daha sonra Cavabdeh niyyətinin onları aldadaraq dələduzluq etmək olduğunu müəyyən etmişlər. Araşdırma zamanı Cavabdeh qarşılıqlı iddia ərizəsində göstərilənlərə uyğun izahat vermişdir.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 54000 manat məbləğində pul vəsaitinin və ödənilmiş 252 manat məbləğində dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2012-ci ildə qardaşı X6 ilə birlikdə fermer təsərrüfatı ilə məşğul olmaq qərarına gəlmiş və bu zaman uyğun bir yer axtarmağa başlamışdır. Həmin ərəfələrdə bacısının yoldaşı Şatırov Asif onların fermer təsərrüfatı ilə məşğul olmaq istədiyini bilib onlara qardaşı - Cavabdeh ilə birlikdə təklif etmişdir ki, bu işə kömək edə bilərlər. Həmçinin qardaşları Arif və Yusifin bu işlə bağlı şərikli təsərrüfatları olduğunu, lakin Arif və Yusifin başqa işlə məşğul olmaq istədiklərini bildirmişlər. Onlar görüşərək görüləcək işlər barədə və bunun müqabilində nə qədər vəsaitə ehtiyac olduğu barədə söhbət etmiş və ümumi razılığa gəlmişlər. Asif bu məsələdə ona vasitəçilik etmişdir. Binəqədi rayonunda Deyska yolundakı daş sexində Asif, cavabdeh Nəsib, iddiaçı və qardaşı Əvəz görüşərək, Arif, Yusif və Nəsibə məxsus olan ortaq fermer təsərrüfatından Yusif və Arifin şəriklikdən imtina etməsi üçün razılaşaraq Asifə 22000 manat vermişlər. Sumqayıt şəhəri Nasosnu qəsəbəsində yerləşən həmin şəxslərə məxsus fermer təsərrüfatına iddiaçı, qardaşı Əvəz və cavabdeh Nəsib şərik olmuşlar. Bundan sonra onlar 13000 manata iddiaçının pulu ilə Salyan şəhərində Nəsibin vasitəsilə tanış olduqları şəxsdən ot və arpa almışlar. Təxminən 1 ay keçdikdən sonra Nəsiblə birlikdə Binə qəsəbəsində fermer təsərrüfatı ilə məşğul olan Elşən adlı şəxslə görüşərək ondan 16500 manata 6 inək və 6 buzov almışlar. 10 gün keçdikdən sonra həmin Elşən adlı şəxsdən 14500 manata 20 baş dana almışlar. 1 ay sonra Maştağa bazarından 2100 manata 4 baş dana, 170 manata isə 1 baş buzov almışlar. Fatmayı kəndindən 1500 manata 1 inəyi balası ilə birlikdə almışlar. Qeyd edilən alışlar zamanı qardaşı Əvəz və cavabdeh bir yerdə olmuşlar. Daha sonra cavabdeh Nəsib qardaşı Əvəzə imkanı olmadığını və ona kömək göstərməsini bildirmişdir. Qardaşı ondan 8500 manat pul alaraq Nəsibə vermişdir. 2013-cü ildə Saatlı rayonunda Nuhəli adlı şəxsdən 13500 manata ot, saman, arpa almış və həmin vaxt cavabdeh Nəsib onun yanında olmuşdur. Bundan başqa, fermer təsərrüfatında olan tövlə və digər tikintilər üçün də 4430 manat pul xərcləmişdir. Ümumilikdə həmin fermer təsərrüfatına 96200 manat məbləğində pul xərcləmişdir. Həmin puldan 5900 manatı pul şəkilində, 3600 manatı isə həmin təsərrüfatda olan kökəltmə heyvanların satışından əldə edilən gəlirdən geri qaytarılmışdır. Keçən illər zamanı həmin təsərrüfatdan gəlir olaraq heç bir şey əldə etməmişdir. İllər keçdikdən sonra fermer təsərrüfatının xeyir vermədiyini görüb Nəsibdən ödənilən puldan qalan 54000 manat pulu geri istəmişdir. Nəsib isə hər dəfə bir bəhanə gətirərək, yalan vədlər verərək, qalan pulu ödəməkdən yayınmışdır. Ümumilikdə Nəsibə 96200 manat pul vermiş və həmin puldan davamlı müraciətlərdən sonra 42200 manatını almışdır. Hazırda cavabdehin ona 54000 manat borcu qalıb. Cavabdeh onu aldatmış və pulunu mənimsəmişdir. Ona görə də onun barəsində aidiyyəti qurumlara şikayət etmişdir. Faktla əlaqədar olaraq Sumqayıt şəhər Polis İdarəsində araşdırma aparılmış və cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 25 oktyabr 2021-ci il tarixli qərar qəbul edilmişdir. Həmin vaxt cavabdehin izahatı alınmış və cavabdeh qeyd olunanları etiraf etmişdir. Lakin o, guya 99600 manat məbləğində pul qaytardığını bildirmişdir. Guya həmin pulu qardaşı Əvəz götürüb aparmışdır. Bütün bunlar tamamilə yalandır və heç bir həqiqəti əks etdirmir. Fermer təsərrüfatına 96200 manat məbləğində pul qoymuşdur. Cavabdeh isə bildirir ki, guya 99600 manat pul qaytarıb. Bu nə dərəcədə məntiqli və inandırıcıdır. Cavabdeh onun hesabına əsassız olaraq varlanmışdır. Ona görə də həmin məbləğ ondan alınıb iddiaçıya verilməlidir. Həmçinin tərəfindən ödənilmiş dövlət rüsumu da cavabdehə aid olunmalıdır.

4. Cavabdeh nümayəndəsi Nümayəndə Sumqayıt Şəhər Məhkəməsinə qarşılıqlı iddia ərizəsi təqdim edərək, ilkin iddianın əsassız olduğu üçün rədd edilməsi və qarşılıqlı iddianın təmin edilərək İddiaçı 6600 manat məbləğində pulun tutulub Cavabdeh ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, 2004-cü ildən Cavabdeh qardaşları Arif və Yusiflə birlikdə kiçik fermer təsərrüfatı yaratmış, həmin fermer təsərrüfatında 35x10 metr ölçüdə tövlə tikmişdir. Həmin vaxt orada 30x8 metr ölçüdə daha bir tövlə, bir anbar və bir yaşayış yeri olmuşdur. 2011-ci ilə kimi qardaşları ilə birlikdə həmin fermer təsərrüfatına 100 baş kiçikbuynuzlu, 25 baş iribuynuzlu mal, 2 at və 1 ulaq almışlar. 2011-ci ilin sentyabr ayının sonlarında qardaşları Arif və Yusif yeni iş tapdıqlarını, təsərrüfata olan şəriklikdən ayrılmaq istədiklərini bildirmiş və şəriklikdən ayrılmaq üçün Cavabdeh hər biri 11000 manat məbləğində pul istəmişlər. Həmin vaxt onlara qohum olan Raqif özü üçün fermer təsərrüfatı yaratmaq istədiyini və uyğun yer axtardığını bildirmişdir. Cavabdeh isə Raqifə, qardaşlarının şərik olduqları fermer təsərrüfatından ayrılmaq istədiklərini, bunun müqabilində pul verilməsi lazım olduğunu demiş, Raqifə həmin fermer təsərrüfatına qoşulmağı təklif etmiş, bunun üçün iki qardaşının yerinə ümumilikdə 22 000 manat ödəməklə həmin fermer təsərrüfatına şərik olacaqlarını bildirmiş və Raqif bu təkliflə razılaşmışdır. Təxminən 2-3 gün sonra Raqif Cavabdeh qardaşı Asif vasitəsilə həmin 22000 manat məbləğində pulu digər qardaşları olan Arif və Yusifə vermişdir. Daha sonra Nəsib Raqifə şərik olduqları fermer təsərrüfatında gördüyü işləri, bu təsərrüfatın daha da gəlirli bir yer olması üçün bundan sonra nə alınacaqsa onun alacağını bildirmiş və o, bu təkliflə razılaşmışdır. 2-3 gün sonra Raqif başqa işləri olduğundan onun yerinə qardaşı Əvəzin gəlib gedəcəyini, işləri onun görəcəyini bildirmiş və Cavabdeh bu təkilflə razılaşmışdır. Raqif ilə Əvəz Cavabdeh kökəltmə heyvan alaraq daha çox gəlir əldə etməyi təklif etmişlər. Cavabdeh bu təklif ilə razılaşmış, təsərrüfat üçün 14000 manata 20 baş erkək dananı kökəldib satmaq məqsədilə, 15000 manata isə 6 baş inək almışlar. Onlar şərik olmamışdan qabaq həmin fermer təsərrüfatında Cavabdeh məxsus 1500 ot bağlaması və 3 ton arpa mövcud olmuşdur. Raqif şərik olduqdan sonra əlavə olaraq 2550 manata 1500 ot bağlaması və 600 manata 3 ton arpa almışlar. Cavabdeh hər gün həmin fermer təsərrüfatında işləmiş, Raqifin qardaşı Əvəz isə həftədə 3-4 dəfə gələrək işlərlə maraqlanmışdır. 2012-ci ilin sonlarında Cavabdeh həmin təsərrüfatda olan heyvanları Əvəzlə birlikdə satmağa başlamışdır. Hər heyvan satıldıqca Əvəzə bu barədə bildirmiş, Əvəz isə gələrək hər biri təxminən 2500-3000 manata satılan heyvandan alınan pulun hamısını götürərək getmiş və hər dəfəsində biraz pul yığıldıqdan sonra təsərrüfatı genişlətmək üçün Ukraynadan mal-qara alıb gətirərək satacaqlarını demişdir. Bu əsasla 20 baş Raqifin aldığı mal, həmçinin Cavabdeh vaxtilə Raqif ilə şəriklikdən əvvəl aldığı 8 baş dana və 8 baş qısır inək satılaraq, təxminən 99600 manat pul vəsaiti əldə edilmişdir. Əldə edilən pulların hamısını Əvəz özü ilə aparmışdır. Bundan əlavə, hər biri 170 manata olan 7 baş quzunu Əvəz qurbanlıq üçün aparmış və həmin quzuların pulunun satışdan əldə edilən pulun üzərinə əlavə edəcəyini qeyd etmişdir. Daha sonra təsərrüfatda qalan təxminən 120 baş qoyunun 110-u Maştağa bazarında təxminən 12000 manata Raqifin qardaşı Əvəz və Cavabdeh ilə birlikdə satılmış, həmin puldan 4700 manatını Əvəz yığılan ümumi pulun üzərinə əlavə etmək üçün götürmüş, qalan məbləğə isə təsərrüfat üçün ot alınmışdır. 3-4 ay sonra, yəni 2013-cü ilin əvvəllərində heyvanlarda ümumi xəstəliyə tutulma halı baş vermiş, təsərrüfatda kütləvi heyvan ölümü olmuş, nəticədə 10 baş iribuynuzlu mal tələf olmuşdur. Cavabdeh bu barədə Əvəzə və Raqifə məlumat verdikdə onlar dəymiş zərərdə şəriklik edə bilməyəcəklərini bildirmiş, bu zaman Cavabdeh onlar tərəfindən aldadıldığını öyrənmişdir. Baş verənlərdən sonra Raqif və Əvəz həmin fermer təsərrüfatına gəlməmiş, heyvanların xəstəliyə tutulması zamanı 10 baş iribuynuzlu heyvanın tələf olmasına heç bir münasibət bildirməmişlər. Bu hadisələrdən sonra Raqif və Əvəz işlərlə maraqlanmamış, Cavabdeh dəymiş zərər qarşısında məcbur olub avtoyuma məntəqəsini satmış, banklardan borc götürmüş, təsərrüfatını yenidən canlandırmaq üçün təxminən 250000 manat pul xərcləmişdir. Qeyd edilənlərə əsasən İddiaçı iddia tələbi tam əsassızdır. Bildirilir ki, İddiaçı göstərilənlərlə əlaqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkili Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etmiş, şikayət araşdırılması üçün Sumqayıt şəhər Polis İdarəsinə göndərilmiş və 25 oktyabr 2021-ci il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərar qəbul edilmişdir. Həmin qərarda qeyd olunan İddiaçı bildirdiyi “13000 manata öz pulları ilə Salyan şəhərindən Nəsibin vasitəsilə tanış olduqları şəxsdən ot və arpa almaqları, Binə qəsəbəsindən 16500 manata 6 inək və 6 buzov, 14500 manata 20 baş dana, Maştağa bazarından 2100 manata 4 baş dana, 170 manata isə 1 baş buzov, Fatmayı kəndindən 1500 manata 1 inək balası almaqları, daha sonra Nəsibin imkanı olmadığından və ona köməklik göstərilməsi məqsədilə Nəsibə 8500 manat pul verilməsi, Saatlı rayonundan olan Nuhəli adlı şəxsdən ümumilikdə 13500 manat dəyərində olmaqla ot, saman, arpa almaqları, fermer təsərrüfatında olan tövlə və digər tikintilər üçün 4430 manat pul xərcləmələri, ümumilikdə fermer təsərrüfatına 96200 manat məbləğində pul xərcləmələri” tamamilə yalan və əsassızdır. Cavabdeh tərəfindən Raqif və Əvəz İsmayılova ümumilikdə 99600 manat pul vəsaiti ödənilməsinə baxmayaraq onlar 42200 manat pul ödənildiyini etiraf etmiş, qalan 57400 manatı isə etiraf etməmişlər. Digər tərəfdən fermer təsərrüfatına şərik olmaq məqsədilə Cavabdeh qardaşı Asif vasitəsilə Arif və Yusifə verilmiş 22000 manat məbləğində pulun Cavabdeh tələb edilməsi isə qəbul edilməzdir. Belə olan halda İddiaçı tərəfindən qəbul edilmiş 42200 manat məbləğində pul ortaq fermer təsərrüfatından əldə edilmiş gəlir hesab edilməli, ortaq təsərrüfat üçün Raqif və Əvəz İsmayılov qardaşları tərəfindən xərclənmiş 29000 manat məbləğində pul 42200 manat məbləğindəki ortaq gəlirdən çıxılaraq, yekun əldə edilən 13200 manat məbləğində pul İddiaçı və Cavabdeh arasında bölünməlidir. Belə ki, İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində, Cavabdeh ortaq təsərrüfat yaratmaq məqsədilə 96200 manat məbləğində pul verdiyini, həmin məbləğin 22000 manatlıq hissəsini ortaqlıqdan ayrılmaları üçün cavabdehin qardaşlarına ödədiyini, 68700 manatını təsərrüfata xərclədiyini iddia etmiş, həmin puldan isə 42200 manat pulun qaytarıldığını etiraf etmiş, qalan 54000 manatının isə bugünədək ödənilmədiyini bildirmiş, 96200 manat məbləğində pulun verildiyinə dair heç bir sübut təqdim etməmiş, 25 oktyabr 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərarında Cavabdeh ifadəsinə istinad etmişdir. Həmin qərarda isə Cavabdeh, ona istinad edilən tələbdən 29000 manatını etiraf etmiş, qalan hissədə isə inkar etmişdir.

6. Sumqayıt Şəhər Məhkəməsinin 15 iyul 2022-ci il tarixli 2(060)-3369/2022 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı pul tələbi barədə ilkin və Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə 2(060)-3369/2022 saylı mülki işin baxılması üçün məhkəmə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 22 avqust 2022-ci il tarixli 2(102)4924/2022 nömrəli qərarı ilə həmin qərardad dəyişdirilmədən qüvvəsində saxlanılmışdır.

7. Cavabdeh nümayəndəsi Nümayəndə 06 dekabr 2022-ci il tarixdə Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə qarşılıqlı iddia tələbinə dəqiqləşdirmə barədə ərizə təqdim edərək, qarşılıqlı idda ərizəsində göstərilənlərə əlavə olaraq bildirmişdir ki, məhkəmənin 17 noyabr 2022-ci il tarixə təyin edilmiş iclasında İddiaçı qardaşı X6 şahid qismində ifadə verərək bildirdi ki, İddiaçı ilə Cavabdeh arasında hüquqi münasibətlər, iddia ərizəsində qeyd edildiyi kimi 2012-ci ildə deyil, 2011-ci ilin oktyabr aylarında başlamış və 2012-ci ilin dekabr ayınadək davam etmişdir. Eyni zamanda o, mübahisə üzrə iddia müddətinin tətbiq olunmasını xahiş etmişdir.

8. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, İddiaçı onun qardaşıdır. Cavabdeh bacısının qaynı və eyni zamanda kürəkəninin əmisidir. Qardaşı İddiaçı 2012-ci ildə təsərrüfatla məşğul olmaq istəmişdir. Bu zaman Cavabdeh iki qardaşı ilə birgə təsərrüfatla məşğul olurdu və onların arasında problemlər yaranmışdı. Daha sonra Nəsibin qardaşları şəriklikdən çıxdılar. Raqif onların şəriklikdən çıxmaları üçün 22000 manat, fermer təsərrüfatına alınan 6 baş balalı inək üçün 16500 manat, Nuhəli adlı şəxsdən ot, arpa, yonca və s. alınmasına 13000 manat, kökəltmək məqsədilə alınan 20 baş heyvan üçün təxminən 14300-14500 manat, Maştağa bazarından alınan 4 baş balaca dana üçün 2100 manat, tövlənin təmiri, çobana əmək haqqı verilməsi və s. üçün təxminən 4000-5000 manat, Fatmayi qəsəbəsindən alınan 1 balalı inək üçün 1600 manat, Maştağa bazarından alınan 1 buzov üçün 170 manat və Nəsibin evinin təmiri üçün verdiyi 8500 manat olmaqla, ümumilikdə 96000 manat məbləğində pul xərcləmişdir. O, bu proseslərdə 2 il iştirak etmiş, daha sonra arvadı onkoloji xəstə olduğundan tez-tez Türkiyə Respublikasına gedib-gəlmiş, təsərrüfata nəzarət edə bilməmişdir. Türkiyə Respublikasından qayıtdıqdan sonra icra hakimiyyətində şöbə müdiri vəzifəsinə təyin edilmiş və başı qarışıq olmuşdur. Təsərrüfatla hər dəfə maraqlananda Nəsib hər şeyin yaxşı olduğunu demiş və o, qohum olduqlarından yalan danışmayacağını düşünüb ona inanmışdır. Nəsib ona 2019-cu ilin payızında 5000 manat qaytarmış, qalan məbləği 2-3 gün ərzində verəcəyini bildirsə də, sonra qardaşı Asif pulun hamısını may ayında qaytaracağını demiş, təxminən 2020-ci ilin sentyabr ayında isə Nəsib pulu vermiyəcəyini demişdir. Heyvanların, otun, arpanın və s. alınmasında Nəsib ilə özü iştirak etmişdir. Qardaşı sadəcə təsərrüfata xərc çəkmişdir.

9. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Cavabdeh qardaşı X12 ifadəsində bildirmişdir ki, Raqif ona 22000 manat pul vermiş və o həmin pulu hərəsinə 11000 manat olmaqla şəriklikdən çıxmaq üçün qardaşları Arif və Yusifə vermişdir. 2019- 2020-ci ildə tərəflər ona aralarında mübahisə yarandığını bildirmişlər. Daha sonra o, Nəsib, Əvəz və Raqif birlikdə görüşmüşlər və qardaşı onlara borcu olmadığını bildirmişdir.

10. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X9 bildirmişdir ki, 2013-cü ilin fevral ayından etibarən Cavabdeh yanında fermada çoban işləmişdir. Mart ayında mallara xəstəlik düşmüş, Nəsib hər mal-qaraya görə ən az 200 manat pul xərcləmiş və 10-11 baş mal-qara tələf olmuşdur. Sonra Cavabdeh banklardan pul götürmüş və mal-qara almışdır. Fermanın sahibi kimi Cavabdeh tanıyır, Əvəz və Raqifin şərik olması barədə məlumatı olmamışdır. Otu Nəsibin aldığını qeyd etmişdir.

11. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X10 bildirmişdir ki, Rafiqlə dost olmuş və onun təmir işlərini görmüşdür. 2011-2018-ci illərdə fermaya gedibgəlmiş, fermada bacanın quraşdırılması, asfalt işlərini, elektrik işlərini və digər tapşırılan işləri görmüşdür. Ot alınanda Rafiqin verdiyi pulu Əvəzə o verirdi, Əvəz də həmin pulu Nəsibə verirdi. Fermer təsərrüfatı üçün Binə, Maştağa bazarlarından alınan 15-20 baş dananın, 6-7 baş inəyin və qırmızı inəklərin alqı-satqı prosesində Raqif və Əvəzlə birlikdə iştirak etmişdir. Nəsibin həmin alqı-satqı proseslərində iştirak edib-etmədiyini dəqiq xatırlamır.

12. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, Raqifin yanında sürücü işləmişdir. 2011-ci ildən fermaya gedib-gəlmişdir. 2011-ci ildə Nəsib ot almışdı, pulunu Raqif vermişdi. Daha sonra 2012-2013-cü illərdə dayısı oğlu Zahir təxminən 5000-6000 manat dəyərində ot alıb fermaya gətirmişdir. Fermer təsərrüaftı üçün ot dayısı oğlu Zahirdən alınmış və həmin prosesdə şəxsən iştirak etmişdir. Otun dəyərini isə Raqif fermada Sadirə, o, Nəsibə, Nəsib də mal gətirənə verirdi.

13. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X2 bildirmişdir ki, fermer təsərrüfatı var və ot satmaqla məşğuldur. Əvəz və Nəsib onun sahəsinə gəlib əvvəlcədən pulun bir hissəsini verməklə ot sifariş vermişdilər. Həmin otları hissə-hissə daşıyırdılar. Əvəz və Nəsib ondan yonca və ot presləri almış, arpa və saman almamışlar. X19 birlikdə gəlib verirdilər. Onlara hansı dəyərdə yonca və ot satmasını xatırlamır.

14. Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-1667/2022 nömrəli, 07 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Həlimə Alıyeva) İddiaçı (VÖEN **********) Cavabdeh (VÖEN **********) qarşı pul tələbinə dair ilkin iddiasının qismən təmin edilməsi, Cavabdeh 8800 (səkkiz min səkkiz yüz) manat məbləğində pul vəsaiti və mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş mediasiya xərcinin əvəzi qismində 200 (iki yüz) manat olmaqla, cəmi 9000 (doqquz min) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması, ilkin iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh ilkin iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət nəfinə 108 (yüz səkkiz) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, qarşılıqlı iddia ərizəsi üzrə məhkəmə xərclərinin Cavabdeh aid edilməsi qət edilmişdir.

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı 42200 manat pulun ona qaytarılmasını, Cavabdeh isə İddiaçı şərikli fermer təsərrüfatına daxil olması üçün 22000 manat pul verməsini və təsərrüfata 29000 manat məbləğində xərc çəkməsini etiraf etmişdir. Buna görə də, ilkin iddia qismən təmin edilməli, İddiaçı fermer təsərrüfatı üçün verdiyi 51000 manatdan qaytarılan 42200 manat məbləğində pul vəsaiti çıxılmaqla qalan 8800 manat məbləğində pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. İlkin iddia ərizəsi üzrə iddiaçı iddia tələbinin qalan - 45200 manat hissədə təmin edilməsi üçün mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Qarşılıqlı iddia ərizəsi və həmin ərizəyə dəqiqləşdirilmə ilə bağlı məhkəmə qeyd etmişdir ki, İddiaçı 6600 manat məbləğində pulun tutulub Cavabdeh ödənilməsini zəruri edən halları təsdiq edən mötəbər sübutları cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) məhkəməyə təqdim edə bilmədiyindən qarşılıqlı iddia tələbinin əsaslılığı sübut olunmamışdır. Eyni zamanda iddia ərizəsinə dəqiqləşdirilmədə qeyd olunan “iddia müddətinin ötürülməsi ilə əlaqədar ilkin iddia ərizəsinin təmin edilməməsi” barədə göstərilənlər də əsassızdır. Belə ki, işin halları və şahid ifadələri ilə müəyyən olunur ki, ilkin iddia tələbi üzrə iddia müddətinin keçməsi təsdiq edilmir.

16. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 329, 389, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 106.1, 106.3, 217.4, 119.1-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.

17. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin dəyişdirilərək, iş üzrə iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini etmişdir. Həmçinin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin, ilkin iddia tələbinin təmin olunan 9000 manat məbləğində pul vəsaitinin Cavabdeh İddiaçı xeyrinə tutulması hissəsini ləğv edilməsini və cavabdeh (ilkin iddia üzrə iddiaçı) İddiaçı 6.600 manat məbləğində pulun tutulub Cavabdeh ödənilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

18. İddiaçının apellyasiya şikayətinin dəlilləri: - Məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etməmiş, işin faktiki hallarını düzgün qiymətləndirməmiş v ə iddia tələbini tam təmin etməməklə qanunsuz qətnamə qəbul etmişdir. - məhkəmə İddiaçı 42200 manat pulun ona qaytarılması barədə etirafını nəzərə almış, cavabdehin isə xx.xx.2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarında etirafını nəzərə almamışdır. Belə ki, həmin qərarda cavabdeh etiraf etmişdir ki, guya iş üzrə şahid, iddiaçının qardaşı Əvəz 99600 manat pul vəsaitini aparmışdır. Cavabdeh dolayısı ilə iddia tələbini etiraf etmişdir. O, pul vəsaitnin qaytarılmasını etiraf etsə də, bunu məhkəmədə sübuta yetirə bilməmişdir. Əksinə iddiaçının qardaşı Əvəz bunu qəbul etməmişdir. O, 99600 manat yox, 42200 manat pulun geri alındığını etiraf etmişdir. Qalan pulun isə verilmədiyini bildirmişdir. Belə olan halda sübut etmə yükü cavabdehin üzərinə düşür. O, isə öz etirazının əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Məhkəmə isə cavabdehin 22000 manat şərikliyə və 29000 manat isə təsərrüfata xərclədiyi hissədə etirafını nəzərə almış, 22000+29000=51000 manatdan etiraf olunmuş 42200 manatı çıxmaqla 8800 manat iddiaçının xeyrinə pul tutmuşdur. İddiaçı cəmi 51000 manat pul vəsaiti qoymuşdursa, bəs o zaman 99600 manat pul vəsaitini necə apara bilərdi? Göründüyü kimi, iddiaçı ziddiyyətli ifadələr verir. Məhkəmə isə bu hala düzgün qiymət verməmişdir. İş üzrə ən real şahid Əvəzdir. Çünki bütün işlər onun iştirakı ilə baş verib. O, işin halları barədə məhkəmədə ətraflı ifadə verib. Lakin məhkəmə şahidin ifadəsini mötəbər sübut kimi qəbul etməmişdir. Bununla da məhkəmə MPM-nin tələbini pozmuşdur. Digər şahidlər də işin halları barədə məhkəmədə ətraflı ifadə vermişlər. Cavabdeh tərəfindən dəvət olunmuş şahid Asif Şatırov hətta etiraf etmişdir ki, tərəflər arasında borc məsələsi ilə bağlı görüşləri olub. Hətta öz evinin təmiri üçün iddiaçı cavabdehə pul vəsaiti verib. Lakin məhkəmə bu hallara da düzgün qiymət verməmişdir. - Cavabdeh etirazının əsası kimi istinat etdiyi halları məhkəmədə sübuta yetirə bilməmişdir. Belə ki, o, 99600 manat pul vəsaitini Əvəzin apardığını qeyd etsə də, bunu məhkəmədə sübuta yetirə bilməmişdir.

19. Cavabdehin apellyasiya şikayətinin dəlilləri: - İddiaçı, birgə təsərrüfat üçün 22000 manat pul verməsini və təsərrüfata 29000 manat məbləğində çəkdiyi xərci sanki Cavabdeh 2011-ci ilin sonlarında borc şəklində vermiş və 2021-ci il tarixdə vermiş olduğu borc məbləğini tələb etmək onun hüququdur. Lakin, iddiaçı və cavabdeh şifahi şəkildə təsərrüfat ortaqlığına dair razılığa gələrkən onlar təsərrüfatın qazancına və ziyanına şərik olduqlarına dair razılığa gəlmişlər. Lakin, məhkəmə Cavabdeh 2013-cü ilin əvvəllərində heyvanlarda ümumi xəstəliyə tutulma halı baş verməsi səbəbindən təsərrüfatda kütləvi heyvan ölümü nəticəsində 10 baş iribuynuzlu mal tələf olmasına hüquqi qiymət verməmişdir. Fərdi sahibkarlıq fəaliyyəti, hüquqi şəxs yaratmadan fiziki şəxslərin gəlir əldə etmək məqsədi ilə yaratdıqları sahibkarlıq fəaliyyətinin bir növüdür. Həmin şəxslərin mülkiyyətə əsaslanaraq, birgə təsərrüfatda risk və məsuliyyəti öz boynuna götürməklə həyata keçirilir. - Məhkəmə qarşılıqlı iddia ərizəsinə dəqiqləşdirilmədə qeyd olunan “iddia müddətinin ötürülməsi ilə əlaqədar ilkin iddia ərizəsinin təmin edilməməsi” barədə göstərilənləri də əsassız hesab edərək, belə qənaətə gəlımişdir ki, işin halları və şahid ifadələri ilə ilkin iddia tələbi üzrə iddia müddətinin keçməsi təsdiq edilmir. Lakin, məhkəmə iclasında İddiaçı, 2012-ci ilin oktyabr ayından sonra cavabdeh ilə bir daha görüşmədiyini etiraf etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətlərinə qarşı tərəflər etiraz təqdim etməmişlər.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, qətnamənin dəyişdirilərək, iş üzrə iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, qarşılıqlı iddianın təmin edilməsini saxlanmasını xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

23. Maddə 329. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur.

24. Maddə 389.Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir.

25. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

26. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

27. Maddə 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur.

28. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

29. Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

30. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

31. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

34. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

35. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

37. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

38. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

39. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

40. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommmersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayətləri mümkün sayılmışdır. Apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, tərəflər birgə fermer təsərrüfatı ilə məşğul olmaq üçün razılığa gəlmişlər, İddiaçı mövcud olan fermer təsərrüfatına daxil olmaq üçün 22000 manat məbləğində pul vermiş, habelə həmin təsərrüfatın inkişaf etdirilməsi məqsədilə heyvan, ot, arpa və s. almışdır. İlkin iddia ərizəsində İddiaçı sözügedən təsərrüfata 96200 manat məbləğində xərc çəkdiyi, Cavabdeh həmin məbləğdən 42200 manatı qaytardığı, 54000 manatı isə hazırkı vaxtadək geri vermədiyi qeyd olunmuşdur. Qarşılıqlı iddia ərizəsində və həmin ərizəyə dəqiqləşdirmədə İddiaçı fermer təsərrüfatına daxil olması üçün 22000 manat pul verməsi və təsərrüfata 29000 manat məbləğində xərc çəkməsi etiraf olunmuşdur. İddiaçı 42200 manat pulun ona qaytarılmasını, Cavabdeh isə İddiaçı şərikli fermer təsərrüfatına daxil olması üçün 22000 manat pul verməsini və təsərrüfata 29000 manat məbləğində xərc çəkməsini etiraf etmişdir.

43. Məhkəmə kollegiyası ilk öncə iddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, bu dəlillər əsassızdır. Belə ki, iddiaçı cavabdehlə həmin təsərrüfatın aparılması üçün 96200 manat xərc çəkdiyini iddia etmiş və iddia ərizəsində həmin xərclərin nədən ibarət olduğunu, nəyə xərcləndiyini sadalamışdır. Onun təsərrüfata çəkdiyi xərclərlə bağlı göstərilənlər şahid qismində öz nümayəndəsinin dəvət etdiyi X3, X5, X4 və X1 ifadələri ilə aidiyyəti hissələrdə üst-üstə düşmür. Belə ki, X6 ifadəsində heyvanların alınmasında Cavabdeh ilə ikisinin iştirak etdiyini qeyd etsə də, X10 həmin proseslərdə özünün və İddiaçı da iştirak etdiyini (Cavabdeh iştirak edib-etmədiyini xatırlamır) demişdir. X6 ifadəsində təxminən 13000 manat dəyərində ot, saman və arpanın Nuhəli adlı şəxsdən alındığını qeyd etsə də, X7 ifadəsində otun dayısı oğlu Zahirdən alındığını bildirmişdir. X2 isə ifadəsində ondan yalnız ot və yonca alındığını, saman və arpa alınmadığını, habelə alınan malın dəyərini xatırlamadığını qeyd etmişdir.

44. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında iddiaçının həmin vəsaiti həqiqətən xərclədiyi digər sübutlarla təsdiqlənmir.

45. Məhkəmə kollegiyası cavabdehin etirazının əsası kimi istinat etdiyi halları məhkəmədə sübuta yetirə bilməməsi ilə bağlı iddiaçının apellyasiya şikayətinin dəlillərini də əsassız hesab edir. Belə ki, iddiaçı müvafiq iddia ilə çıxış etdiyi üçün həmin məbləği sərf etdiyini məhz özü sübut etməlidir. MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Buna baxmayaraq, hazırki mübahisə üzrə mübahisələndirilən pul vəsaitinin verilməsini sübut etmək yükü tələb edən tərəfin-yəni iddiaçının üzərinə düşür. Bu hal sübuta yetirildikdə isə həmin vəsaitin iddiaçıya sonradan qaytarılmasını sübut etmək yükü cavabdeh tərəfin üzərində olur. Baxılan iş üzrə isə iddiaçının pulu həmin məbləğdə təsərrüfatda qoyduğu təqdim edilmiş sübutlarla təsdiq edilmədiyindən, cavabdehin də həmin pul vəsaitinin qaytarılmasını sübut etmək vəzifəsi müəyyən olunmur.

46. Cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh həmin halları təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir.

47. İddia müddətinin ötürülməsi ilə əlaqədar apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər əsassızdır. Həmin dəlillə bağlı cavabdehin əsaslandırması ondan ibarətdir ki, İddiaçı qardaşı X6 şahid qismində ifadə verərək bildirmişdir ki, İddiaçı ilə Cavabdeh arasında hüquqi münasibətlər, iddia ərizəsində qeyd edildiyi kimi 2012-ci ildə deyil, 2011-ci ilin oktyabr aylarında başlamış və 2012-ci ilin dekabr ayınadək davam etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, işin halları və şahid ifadələri ilə müəyyən olunur ki, ilkin iddia tələbi üzrə iddia müddəti keçməmişdir. Belə ki, izahatı alınmış Şatırov Asif izahatında bildirmişdir ki, fermer təsərrüfatında olan alqı-satqı və digər hallar barədə məlumatlı olmamış, təxminən 2 il bundan qabaq qardaşı Nəsiblə qaynı Raqif və qardaşı Əvəz arasında müəyyən problemlər olduğunu öyrənmişdir. Göründüyü kimi, tərəflər arasında münasibətlər 2 il bundan öncəyə kimi də davam etmişdir. Bu səbəbdən iddia müddətinin ötürülməsi barədə dəlili məhkəmə kollegiyası əsassız hesab edir. Bununla bağlı həmçinin qeyd olunmalıdır ki, qarşılıqlı iddianın verilməsi ilə yanaşı, ilkin iddiaya münasibətdə iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsi də ziddiyyətlidir.

48. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir.

49. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İş materiallarından görünür ki, ilkin iddia üzrə iddiaçı 54000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasını xahiş etmiş, Cavabdeh 8800 (səkkiz min səkkiz yüz) manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması qət edilmişdir, yəni qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti on min manatdan yuxarıdır. Cavabdeh isə 6600 manat məbləğində pul tələbinə dair qarşılıqlı iddiası təmin edilməmişdir, yəni qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti on min manatdan aşağıdır.

50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayətləri təmin edilməsin. İş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(119)- 1667/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) X11 tərəfindən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar