Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-45/2021 01.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası, sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Fuad Əli oğlu Məmmədov və Hökümə Çingiz qızı Babayevadan ibarət tərkibdə, Gülsaba Xeyrulla qızı Ağayevanın katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” Fərdi Şirkətinə qarşı pul tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-535/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnamədən cavabeh “Ləman” məhdud məsuliyyətli cəmiyyət tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh “xxxx” Fərdi Şirkətinə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19979,4 (on doqquz min doqquz yüz yetmiş doqquz manat dörd qəpik) manat, hüquqlarını bərpa etmək üçün hüquqi yardıma görə 300 (üç yüz) manat və məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumu olaraq 31 (otuz bir) manat pulun cavabdehdən tutaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. İş üzrə cavabdeh “xxxx” Fərdi Şirkətinin ərizəsinə əsasən məhkəmənin xx.xx.2010-ci il tarixli qərardadı ilə qiyabi qətnamə ləğv edilmiş və icraatın təzələnərək mahiyyəti üzrə baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə “xxxx” Fərdi Şirkəti arasında xx.xx.2019-cu il tarixli, 224/1 nömrəli müasir ayaqaltı və betonaltı iskələ və teleskopik dəmir dirəklər sistemlərinin tikinti, təmir bərpa işləri məqsədi ilə icarəsinə dair müqavilə bağlamışlar. Müqavilənin şərtlərinə əsasən icarəyəverən İddiaçı “xxxx” Fərdi Şirkəti ilə müqavilə bağlandığı andan dəmir dirəklərinin icarəsini həyata keçirmişdir. xx.xx.2019-cu il tarixli, 224/1 nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən icarəyəverən malları icarəçinin sahibliyinə və istifadəsinə verdikdən sonra icarəçi razılaşdırılmış icarə haqqını ödəməyi öhdəsinə götürür. “xxxx” Fərdi Şirkəti tərəfindən 19979,4 manat məbləğində pul vəsaiti ödənilməmişdir. Cavabdeh tərəfindən müqavilə üzrə yaranmış 19979,4 manat pulun ödənilməməsi nəticəsində iddiaçı 300 manat hüquqi yardım göstərilməsinə görə və 31 manat məhkəməyə müraciət etmək üçün dövlət rüsumu ödəyərək xərc çəkmişdir. Göstərilənlərə əsasən iddiaçı məhkəmədən cavabdeh “xxxx” Fərdi Şirkəti tərəfindən icra olunmamış müqavilənin icrasının təmin edilməsi üçün 19979,4 (on doqquz min doqquz yüz yetmiş doqquz manat dörd qəpik) manat, hüquqlarını bərpa etmək üçün hüquqi yardıma görə 300 (üç yüz) manat və məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumu olaraq 31 (otuz bir) manat pulun cavabdehdən tutaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh “xxxx” Fərdi Şirkətindən müqavilənin icrasının təmin edilməsi üçün 19979,4 (on doqquz min doqquz yüz yetmiş doqquz manat qırx qəpik) manat və hüquqi yardım göstərilməsinə görə ödənilmiş 300 (üç yüz) manat məbləğində pulun tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir.(hakim X. Tağıyev) Qətnamədən narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-535/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin tələbinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin Vİİ hissəsinə görə isə məhkəmə icraatı çəkişmə əsasında həyata keçirilir. Bu prinsip AR MPM-nin 9-cu maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddəyə görə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Çəkişmə prinsipi müəyyən edilmiş sübütetmə qaydasıdır və bu qaydaya görə işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edir. Bu prinsipin mahiyyəti ondan ibarətdir ki, prosesin istənilən mərhələsində hər bir tərəfə bərabər prosessual imkanlar yaradılmalı, tərəflər prosesdə tam bərabər olmalı, onların hüquqları bir-birinə uyğun olmalı və uzlaşmalıdır. Məhkəmə cavabdehin izahatını dinləmədən, yalnız iddiaçının izahatı əsasında qərar çıxara bilməz. Tərəflərin izahatları: Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsaslanaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək apelyasiya şikayətinin rədd edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iddia rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ilə “xxxx” Fərdi Şirkəti arasında xx.xx.2019-cu il tarixli, 224/1 №-li avadanlıqların icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndindən görünür ki, icarəyəverən (İddiaçı) bu müqaviləyə Əlavədə göstərilən müasir ayaqaltı və betonaltı iskələ və teleskopik dəmir dirəklər sistemləri (“Avadanlıqlar”) tikinti, təmir bərpa işləri məqsədi ilə icarəçinin (“xxxx” Fərdi Şirkəti) istifadəsinə verir. İcarəçi isə razılaşdırılmış icarə haqqını ödəməyi öhdəsinə götürür. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və hesab etmişdir ki, İddiaçı “xxxx” Fərdi Şirkəti ilə avadanlıqların icarəsinə dair müqavilə bağlamışlar, həmin müqaviləyə görə, İddiaçı müqaviləyə Əlavədə göstərilən müasir ayaqaltı və betonaltı iskələ və teleskopik dəmir dirəklər sistemləri (“Avadanlıqlar”) tikinti, təmir bərpa işləri məqsədi ilə “xxxx” Fərdi Şirkətinin sahibliyinə və istifadəsinə vermiş, cavabdeh isə razılaşdırılmış icarə haqqını ödəməyi öhdəsinə götürmüş, lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçının istinad etdiyi hallar, yəni cavabdehlə aralarında bağlanılmış müqaviləyə əsasən müasir ayaqaltı və betonaltı iskələ və teleskopik dəmir dirəklər sistemlərinin iddiaçı tərəfindən cavabdehə icarəyə verilməsi və həmin sistemərin icarəsinə görə cavabdehin iddiaçıya 19979,4 manat məbləğində icarə haqqını ödəməməsi iş materialları ilə, o cümlədən icarə müqaviləsi və üzləşmə aktı ilə tam təsdiq olunur. Məhkəmə iş materiallarında olan xx.xx.2020-ci il tarixli üzləşdirmə aktına istinad etmiş və hesab etmişdir ki, həmin tarixə “xxxx” Fərdi Şirkətinin İddiaçı olan borcu 19979,4 manat təşkil edir. Məhkəmə akta 1 №-li əlavədə də bu məbləğin öz əksini tapdığını qeyd etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2020-ci il tarixli üzləşdirmə aktı və həmin akta 1 №-li əlavəyə istinad edərkən birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, iş materiallarından görünür ki, iddiaçının istinad etdiyi tərəflər arasında müqavilə xx.xx.2019-cu il tarixə aiddir. İddiaçı məhkəməyə borcun olmasını təsdiqləyən sübut kimi xx.xx.2020-ci il tarixli üzləşdirmə aktını və akta 1 №-li əlavəni təqdim etmişdir. Birinci instansiya məhkəməsinin istinad etdiyi xx.xx.2020-ci il tarixli üzləşdirmə aktından görünür ki, həmin akt xx.xx.2019-cu il tarixə olan borclarla bağlı tərtib olunmuşdur. Həmin borcların xx.xx.2019-cu il tarixli müqaviləyə heç bir aidiyyəti yoxdur. Yəni, xx.xx.2019-cu il tarixli müqavilə imzalanarkən həmin akt tərəflər arasında artıq imzalanmışdı. Akta əlavə olunmuş 1 nömrəli əlavədən də göründüyü kimi, həyata keçirilmiş əməliyyatlar xx.xx.2019-xx.xx.2019-cu illəri əhatə etmişdir. Yəni, həmin borc tərəflər arasında bağlanmış başqa bir müqavilə ilə bağlı olduğundan və xx.xx.2019-cu il tarixli müqavilə üzrə cavabdeh tərəfindən müqavilə öhdəliklərinin pozulması təqdim olunmuş sübutlarla təsdiqləmədiyindən, həmin aktın və ona əlavənin müvafiq müqavilə üzrə sübut əhəmiyyəti istisna olunur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası şərh olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmadığından apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1 və 385.1.2ci maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. NƏTİCƏ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 402, 403, 404, 405, 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-535/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh “xxxx” Fərdi Şirkətinə qarşı pul tələbinə dair iddiası rədd edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: ünvan 2 vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına (ünvan: ünvan 3 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(105)-45/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-45/2021
01.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver