Məhkəmə qərarları › İş №2-2(105)-45/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-45/2022

28.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-45/2022 28.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “pul tələbi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə qəbul edilmiş Sumqayıt Kommersiya Məhkəməsinin 25 fevral 2022-ci il tarixli e-2-2(119)- 671/2021 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh QSC-yə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək cavabdehdən onun xeyrinə ******* (bir milyon iki yüz doqquz min altı yüz bir) manat məbləğində pul tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2007-ci ildən başlayaraq Sumqayıt şəhəri Sahil küçəsi, Sumqayıt Novxanı yolunun sol tərəfində 0,31166 ha torpaq sahəsində ümumi sahəsi 835,92 kvadrat metr, əsas sahə 804,96 kvadrat metr, köməkçi sahə 30,96 kvadrat metr daşınmaz əmlakı inşa etmiş, avadanlıqlarla təchiz edərək “Duyğu” Restoranı (xidmət) fəlaiyyətini həyata keçirmişdir. AR ƏMDK DƏDRX 2 saylı Ərazi İdarəsinin Cavabdeh QSC-nin adına verilən 15.03.2016-cı il tarixli Texniki pasportda “C“ Liter ilə göstərilən “Duyğu” İaşə obyektinin tikintialtı sahə 152 kvadrat metr göstərilmiş, ümumi sahəsi 130,1 kvadrat metr göstərilmişdir. Həmin 130,1 kvadrat metr sahəsi olan daşınmaz əmlakı da İddiaçı inşa etmişdir. Lakin, Cavabdeh QSC-nin adına həmin 130,1 kv metr tikili xüsusi mülkiyyət kimi qeydiyyata alınsa da, qalan təxminən 700 kv. metr əmlak Cavabdeh QSC-nin mülkiyyətinə aid deyildir. Mütəxəssislərin rəsmi rəyinə görə İddiaçı inşa etdiyi 835,92 kv. metr tikilinin dəyəri 1.209.601 manat, avadanlıqların dəyəri 60.500 manat müəyyən edilmişdir. İddiaçı şəxsi vəsaiti hesabına istifadəsində olan torpaq sahəsində qeyd olunan daşınmaz əmlakı inşa etmişdir. Cavabdeh QSC məhkəmələrə müraciət edərək İddiaçı inşa etdiyi və istifadəsində olan əmlakın bir hissəsindən (yəni 130,1 kv.metr) çıxarılmasını tələb edir. İddiaçının istifadəsində olan “Duyğu” Restoranından çıxarılması müqabilində Cavabdeh QSC 1.209.601 manat daşınmaz əmlak əvəzi olaraq ona ödəməlidir. İddiaçı Sumqayıt şəhəri Sahil küçəsi, Sumqayıt Novxanı yolunun sol tərəfində 0,31166 ha torpaq sahəsində ümumi sahəsi 835,92 kvadrat metr, əsas sahə 804,96 kvadrat metr, köməkçi sahə 30,96 kvadrat metr daşınmaz əmlakı inşa etdiyi, 1.209.601 manat dəyərində olan (“Duyğu” Restoranı) daşınmaz əmlakları ayırmaq mümkün olmadığından cavabdeh təşkilatı tərəfindən 1.209.601 manat pul İddiaçı ödənilməlidir. İddia ərizəsində Mülki Məcəllənin 14.2.7, 386.1, 1091, 1092, 157.6, 157.7-ci maddələrinə istinad edilərək iddianın təmin olunması xahiş edilmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, iddia tələbində göstərilən hallara istinad etməklə, tərəflər arasında bağlanmış 02.11.2009-cu il tarixli 158 nömrəli icarə müqaviləsinə istinad edərək göstərmişdir ki, müqavilənin 5-ci bəndinə görə görülən tikinti-quraşdırma işləri tam başa çatdıqdan və uçota alınıb balansa götürüldükdən sonra bu məbləğ icarə haqqının 30%-i Cavabdeh QSC-nin (müqavilə üzrə icarəverənin) kassasına ödəməklə qalan 70%-i hesabına əvəzləşdirilir. Sonrakı müqavilələrdə 5-ci bəndi əsaslı dəyişdirilməmişdir. Müqavilənin 5-ci bəndində göstərilmişdir ki, əsaslı tikinti quraşdırma işləri tam başa çatdıqdan və uçota alınıb balansa götürüldükdən sonra bu məbləğ hər ay aylıq icarə haqqından qismən əvəzləşdirilir. Cavabdeh QSC müqavilənin 5-ci bəndinin icarəyəgötürən tərəfindən görülən əsaslı tikintiquraşdırma işlərinin bir hissəsini balansa almış, görülən işlərin dəyəri icarə haqqından çıxarılmamış, yəni Cavabdeh QSC tikililərin dəyərini iddiaçıya (icarəyə götürənlərə) ödəməmişdir. Belə ki, Cavabdeh QSC-nin 30.11.2008-ci il tarixli aktından görünür ki, 7 otaqlı tualetlər və yardımçı otaqlar inşa edilməsini, 10 ədəd plastik pəncərə və 16 ədəd plastik qapıların qoyulmasını təsdiq etmişdir. Xərclənmiş vəsaitin ümumi məbləği 39000 manat göstərilmişdir. Cavabdeh QSC-ni digər illərdə də tərtib etdiyi aktlarda iddiaçı tərəfindən aparılan tikinti-quraşdırma işləri qəbul etmiş, lakin xərclənmiş vəsaitləri ödəməmişdir. Cavabdeh QSC İddiaçı və ya onun qohumları ilə bağladığı müqavilələrin 5-ci bəndində göstərilən öhdəliklərini icra etməmiş, nəticədə İddiaçı ******* manat inşa olunan tikinti-quraşdırma işlərinin əvəzini ödəməmişdir. İddiaçı istifadəsində olan “Duyğu” restoranından çıxarılması müqabilində Cavabdeh QSC ******* manat daşınmaz əmlak əvəzi olaraq İddiaçı ödəməlidir. Ərizədə Mülki Məcəllənin 386.1, 157.6, 157.7-ci maddələrinə istinad edilərək iddianın təmin olunması xahiş edilmişdir. Cavabdehin qanuni təmsilçisi Q.Kərimov iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı iddia ərizəsi məhkəmə baxışı üçün mümkünsüz hesab edilməlidir. Çünki, Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-599/2020 saylı 15.10.2020-ci il tarixli qətnaməsi ilə X1 və İddiaçı borclarını ödəməklə, sahibkarın obyektindən çıxarılmaları qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi 02.03.2021-ci il tarixli Qətnaməsi ilə Sumqayıt Kommersiya Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli Qətnaməsini dəyişdirmədən qüvvədə saxlamışdır. Odur ki, iddia əsassızdır. Eyni predmet üzrə məhkəmə qətnaməsi var, buna görə də məhkəmə baxışına mümkünsüz hesab edilməlidir. Sumqayıt Kommersiya Məhkəməsinin 03 dekabr 2021-ci il tarixli e-2- 2(119)671/2021 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “pul tələbi” barədə iddia ərizəsi təmin edilməmişdir (hakim Zahid Məmmədov). Sumqayıt Kommersiya Məhkəməsinin 03 dekabr 2021-ci il tarixli e-2- 2(119)671/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən 25 fevral 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti verilmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 25 fevral 2022-ci il tarixli e-2-2(119)- 672/2021 nömrəli nömrəli qərardadı ilə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 363.1.3-cü maddəsinin tələblərinə əsasən həmin apellyasiya şikayəti geri qaytarılmışdır (hakim Zülfüqar Sadiqov). İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Sumqayıt Kommersiya Məhkəməsinin 25 fevral 2022-ci il tarixli e-2-2(119)- 671/2021 nömrəli qərardadından şikayət verərək, həmin qərardadın ləğv olunması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 05 mart 2022-ci il tarixli e-2-2(119)- 671/2021 saylı qərardadı ilə şikayətin təmin edilməməsi, həmin qərardadın qüvvədə saxlanılması və şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Zülfüqar Sadiqov). Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(119)-671/2021 nömrəli kommersiya işi üzrə 03 dekabr 2021-ci ildə keçirilən yekun məhkəmə baxış iclasında qəbul edilmiş Sumqayıt Kommersiya Məhkəməsinin 03 dekabr 2021-ci il tarixli e-2-2(119)671/2021 nömrəli qətnaməsinin tam mətni 23 dekabr 2021-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə daxil edilərək imzalanmış və həmin məhkəmə Qətnaməsi İddiaçı məxsus şəxsi elektron kabinetə və onun nümayəndəsi və vəkili Nümayəndə məxsus şəxsi elektron kabinetə 23 dekabr 2021-ci ildə saat 11.27-də yerləşdirilmişdir (iş vərəqi:- 301- 302). Lakin, İddiaçı tərəfindən həmin qətnamədən apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə 25 fevral 2022-ci ildə, yəni qətnamədən apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində verilə bilər. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 28.2-ci maddəsinə əsasən, tərəflər arasında müqavilədə başqa hallar müəyyən edilməmişdirsə, elektron sənədin Alanın göstərdiyi informasiya sisteminə daxil olduğu an elektron sənədin alınma vaxtı (tarix və vaxt) hesab edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onlar verən şəxsə qaytarılır. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən, müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Göründüyü kimi, qətnamə tərəfə rəsmi qaydada qanunun yuxarıda qeyd olunan tələbinə əməl olunmaqla verildikdən 1 (bir) ay sonra, yəni hazırkı apellyasiya şikayəti 25 fevral 2022-ci ildə Sumqayıt Kommersiya Məhkəməsinin icraatına daxil olmuşdur. Lakin, apellyasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət keçdikdən sonra verilməsinə baxmayaraq, şikayətçi tərəfindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 130.3-cü maddəsinin tələblərinə uyğun olaraq həmin apellyasiya şikayəti ilə birlikdə məhkəməyə buraxılmış prosessual müddətin üzrlü hesab olunaraq bərpa edilməsi üçün müvafiq vəsatət verilməmişdir. Ona görə də, Sumqayıt Kommersiya Məhkəməsinin 25 fevral 2022-ci il tarixli e-2- 2(119)-671/2021 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 398-ci maddəsinə əsasən аpellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək, qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 397.2, 398.0.1, 400-cü və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 25 fevral 2022-ci il tarixli e-2-2(119)- 671/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar