Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-46/2025 18.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası – hakimlər X1 (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin “iddia ərizəsinin qaytarılması haqqında” xx.xx.2025-ci il tarixli, e-2-2(119)-540/2025 nömrəli qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(119)-540/2025 nömrəli qəradadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər MPM-in 152.1.6-cı maddəsinin tələbinə əsasən iddiaçıya geri qaytarılmışdır (hakim Həlimə Alıyeva). İddiaçı MMC həmin qəradaddan şikayət verərək, qərardadın ləğv edilməsini və iddia ərizəsinin baxılması üçün icraata qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(119)-540/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və İddiaçı MMC-nin Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(119)-540/2025 nömrəli qərardadından verdiyi şikayətin baxılması üçün iş materialları ilə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Həlimə Alıyeva). Şikayət Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası tərəfindən yazılı icraat qaydasında baxılmağa qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçının şikayəti təmin edilməməli və Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025ci il tarixli, e-2-2(119)-540/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmalı olması barədə qənaəti və bu qənaətə gəlməsinin əsasları ilə razılaşaraq qeyd edir ki, iddiaçının iddia ərizəsi ilə birlikdə məhkəməyə təqdim etdiyi sənədlərlə onun iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən əvvəl mübahisəni məhkəməyə qədər (pretenziya qaydasında) nizama salmaqla bağlı Mülki Prosessual Məcəllənin müddəalarına riayət etməsi təsdiq olunmur. Yəni, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunanadək mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınması üçün iddiaçının pretenziya məktubunun cavabdehə Mülki Prosessual Məcəllənin 150.2-ci maddəsində nəzərdə tutulan qaydada çatdırılmasını təsdiqləyən sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 150.2-ci maddəsinə əsasən, kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.72-ci maddəsinə əsasən, elektron kabinet – vergi orqanı ilə vergi ödəyicisi arasında bağlanmış müqaviləyə əsasən yaradılan, vergi orqanı tərəfindən verilən kod-parol ilə daxil olmağa imkan verən, vergi ödəyicisi ilə vergi orqanı arasında qarşılıqlı məlumat mübadiləsini təmin edən fərdi elektron səhifədir. İddiaçı Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(119)- 540/2025 nömrəli qərardadından şikayətində qeyd etmişdir ki, o, Mülki Prosessual Məcəllənin 150.2-ci maddəsində nəzərdə tutulduğu qaydada mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması ilə əlaqədar pretenziya məktubu, iddia ərizəsi və ona əlavə edilmiş sənədləri cavabdeh tərəfə elektron vergi sistemi vasitəsi ilə göndərmiş, buna dair həm poçt bildirişi, həmçinin elektron məktub (qeydiyyat nömrəsi **********135574) iddia ərizəsinə əlavə edilmişdir. Lakin, prosessual qaydaya görə, iddiaçı pretenziya məktubunu cavabdehə iddia ərizəsi ilə birlikdə deyil, bundan azı 1 ay əvvəl göndərməli və məktubun cavabdehə çatdırılması barədə sübuta (poçt xəbərnaməsi, elektron sistemdən çıxarış və s.) malik olmalıdır. Cavabdeh pretenziya məktubunu alandan sonra 1 ay ərzində ona cavab vermədiyi və ya verdiyi cavab iddiaçını qane etmədiyi halda iddiaçının ona qarşı məhkəmədə iddia irəli sürmək hüququ yaranır... İddiaçının iddia ərizəsinə pretenziya məktubu əlavə edib cavabdehə göndərməsi onun tərəfindən mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması proseduruna riayət edilməsinə dəlalət etmir. Bu baxımdan birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, İddiaçı MMC-nin iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən əvvəl mübahisəni məhkəməyə qədər (pretenziya qaydasında) nizama salmaqla bağlı Mülki Prosessual Məcəllənin müddəalarına riayət etməsi müəyyən olunmur. Bundan başqa, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə verilmiş iddia ərizəsinin məzmununda cavabdeh kimi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət göstərilsə də, giriş hissəsində (“Tərəflər” bölməsində) cavabdeh qeyd edilməmişdir. Halbuki, Mülki-Prosessual Məcəllənin tələblərinə görə iddia ərizəsinin Giriş hissəsində (“Tərəflər” bölməsində) tərəflərin, yəni iddiaçının və cavabdehin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı) göstərilməlidir. Həmin məlumatların natamamlığı verilən iddia ərizəsinin forma və məzmun tələblərinə uyğun olmaması kimi qiymətləndirilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(119)-540/2025 nömrəli qərardadı ilə İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “pul tələbinə dair” iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin icraata qəbul edilmədən iddiaçıya geri qaytarılması qanuni və əsaslı olmuşdur. MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi İddiaçı MMC-nin iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmaqda haqlı olmuşdur. İddiaçının şikayəti birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsinə əsas vermir və həmin şikayətlə bağlı qərardadın ləğvi üçün başqa əsaslar da müəyyən olunmamışdır. Ona görə də şikayət təmin edilməməli və Sumqayıt Kommersiya Məhkəməsinin “iddia ərizəsinin qaytarılması haqqında” xx.xx.2025-ci il tarixli e-2-2(119)-540/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadından şikayətə baxdıqda qərardadı dəyişdirilmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad qəbul edə bilər. MPM-in 400 və 402-ci maddələrinə müvafiq olaraq, birinci instansiya məhkəməsinin ərizənin qaytarılması haqqında qərardadından şikayətə baxılması əsasında apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilən qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır və apellyasiya məhkəməsinin həmin qərardadı çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsasən və Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 150, 152, 395-400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kоllegiyаsı QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin “iddia ərizəsinin qaytarılması haqqında” xx.xx.2025-ci il tarixli e-2-2(119)-540/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Hazırkı qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(105)-46/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-46/2025
18.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver