Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-48/2022 21.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “müqavilənin ləğv edilməsi və borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 17 mart 2022-ci il tarixli e-2-2(119)- 358/2022 nömrəli qərardadından iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Bank olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyəti 14 mart 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “müqavilənin ləğv edilməsi və borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh2 ilə bağlanmış 10 mart 2021-ci il tarixli BAKU1-43201-19114 saylı Kredit müqaviləsi və onun tərkib hissəsi olan 10 mart 2021-ci il tarixli BAKU1-43201- 19114 saylı Razılaşmanın ləğv edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçının xeyrinə ümumlikdə 3936,27 manat əsas borc, 398 manat cari faiz borcu və 660,66 manat cari dəbbə borcu olmaqla, cəmi 4994,93 manat məbləğində kredit borcunun və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 70 manat haqqın əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 17 mart 2022-ci il tarixli e-2-2(119)-358/2022 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinin tələblərinə əsasən cavabdehlərdən Cavabdeh2 iddia ərizəsi verilməmişdən əvvəl vəfat etdiyindən həmin iddia ərizəsinin icraata qəbul olunmasından imtina edilmişdir (hakim Zülfüqar Sadiqov). İddiaçı "xxxx" Bank olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Sumqayıt Kommersiya Məhkəməsinin 17 mart 2022-ci il tarixli e-2-2(119)-358/2022 nömrəli qərardadından şikayət verərək qərardadın ləğv edilməsini, əks halda baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Sumqayıt Kommersiya Məhkəməsinin 29 mart 2022-ci il tarixli, e-2-2(119)-358/2022 qərardadı ilə şikayət təmin edilməmiş, Sumqayıt Kommersiya Məhkəməsinin 17 mart 2022-ci il tarixli e-2-2(119)-358/2022 nömrəli qərardadı qüvvədə saxlanılmış, şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Zülfüqar Sadiqov). Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı “TBC Kredit" BOKT MMC 14 mart 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “müqavilənin ləğv edilməsi və borcun tutulması” barədə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Cavabdeh2 ilə bağlanmış 10 mart 2021-ci il tarixli BAKU1-********** saylı Kredit müqaviləsi və onun tərkib hissəsi olan 10 mart 2021-ci il tarixli BAKU143201-19114 saylı Razılaşmanın ləğv edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçının xeyrinə ümumlikdə 3936,27 manat əsas borc, 398 manat cari faiz borcu və 660,66 manat cari dəbbə borcu olmaqla, cəmi 4994,93 manat kredit borcunun və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 70 manat haqqın əvəzinin tutulması” barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Lakin, "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumat bazasında olan məlumatlarla müəyyən olunur ki, iddia ərizəsində cavabdeh qismində göstərilmiş Cavabdeh2 06 oktyabr 2021-ci ildə ölmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 25.2-ci maddəsinə əsasən, fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 49.1-ci maddəsinə əsasən, öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Göründüyü kimi, cavabdeh qismində göstərilmiş Cavabdeh2 06 oktyabr 2021-ci ildə vəfat etdiyi üçün hazırkı iddia ərizəsinin veridiyi vaxt, yəni 14 mart 2022-ci ildə onun hüquq qabiliyyəti olmamışdır. Buna görə də, iddiaçı ona qarşı “müqavilənin ləğv edilməsi və borcun tutulması” tələbi ilə məhkəməyə müraciət etdiyi zaman cavabdeh (borc alan) Cavabdeh2 artıq ölmüş olduğundan, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 25.2-ci maddəsinin tələblərinə əsasən ona qarşı məlum iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi və onun cavabdeh qismində məhkəmə prosesinə cəlb olunması istisna edilir. Odur ki, məhkəməyə müraciət ediləndən əvvəl ölmüş Cavabdeh2 cavabdeh qismində cəlb edilməklə verilmiş hazırkı iddia ərizəsinə məhkəmə qaydasında baxıla bilməz. Şikayətin dəlilinə gəldikdə isə, hazırki hüquqi mübahisə öhdəliyə xitam verilməli olub-olmamasından deyil, iddia ərizəsinin mülki prossesual qanunvericiliyə uyğun tərtib edilməsindən gedir. Ona görə şikayətin dəlili əsassızdır. Qeyd olunanlara əsasən Sumqayıt Kommersiya Məhkəməsinin 17 mart 2022-ci il tarixli e-2-2(119)-358/2022 nömrəli qərardadından iddiaçı "xxxx" Bank olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 398-ci maddəsinə əsasən аpellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək, qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 397.2, 398.0.1, 400-cü və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı "xxxx" Bank olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 17 mart 2022-ci il tarixli e-2-2(119)-358/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(105)-48/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-48/2022
21.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver