Məhkəmə qərarları › İş №2-2(105)-49/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-49/2023

06.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-49/2023 06.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, İddiaçı xxxxnın cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, e-2-2(119)-178/2023 nömrəli qərardadından iddiaçı xxxx tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı xxxx cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixli DKM/024F26A00840922/SİM-1№-li sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Cavabdeh1 məxsus olan Şabran şəhərində yerləşən, kateqoriyasına görə kənd təsərrüfatı təyinatlı torpaqlarına aid olan 4.0523 ha torpaq sahəsinə (1-ci ipoteka predmeti), xx.xx.2022-ci il tarixli DKM/024F26A00840922/SİM-2 №-li sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Cavabdeh2 məxsus olan Şabran şəhərində yerləşən, kateqoriyasına görə kənd təsərrüfatı təyinatlı torpaqlarına aid olan 4.032 ha torpaq sahəsinə (2-ci ipoteka predmeti), xx.xx.2022-ci il tarixli DKM/024F26A00840922/SİM-3 nömrəli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Cavabdeh3 məxsus olan Şabran şəhəri, Əhməd Cavad küçəsində yerləşən 0.05 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 94.7 kv.m ümumi sahədən ibarət 9 nömrəli fərdi yaşayış evinə (3-cü İpoteka predmeti) tutmanın yönəldilməsi, ipoteka predmetlərinin açıq hərracda satılması və həmin əmlak obyektlərinin satışından əldə olunan vəsaitlər hesabına Borcalan Cavabdeh2 xx.xx.2022-ci il tarixli DKM/024F26A00840922 №-li Kredit müqaviləsi üzrə iddiaçı ASC «Xalq» Bankı qarşısındakı 45000 (qırx beş min) manat məbləğində əsas borcunın, kreditdən istifadəyə görə hesablanmış 3 087.23 (üç min səksən yeddi manat 23 qəpik) manat məbləğində adi faizlər üzrə borc məbləğinin, xx.xx.2022-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 1481.25 (bir min dörd yüz səksən bir manat 25 qəpik) manat məbləğində penyanın, cəmi 49 568.48 (qırx doqquz min beş yüz altmış səkkiz manat 48 qəpik) manat və xx.xx.2022-ci il tarixindən başlayaraq Kredit müqaviləsi üzrə iddiaçının tələblərinin ipoteka predmetləri hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 10% (on faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış fayda və illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanan penyanın, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 180 (bir yüz səksən) manatın ASC «Xalq» Bankının xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 238.71 (iki yüz otuz səkkiz manat 71 qəpik) manat məbləğində dövlət rüsumunun və mediasiya prosesinin tətbiq edilməsi ilə bağlı 200 (iki yüz) manat məbləğində rüsumun ödənilməsi üzrə çəkilmiş xərclərin birgə qaydada cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 iddiaçının xeyrinə tutulması, ipoteka predmetlərinin ilkin satış qiymətinin (likvid qiymət) tərəflərin qarşılıqlı razılıqla seçərək İpoteka müqavilələrində təsbit etdikləri müstəqil qiymətləndiricilərdən ("xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC) birinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilməsi, 3-cü ipoteka predmeti satıldıqdan sonra ipoteka qoyan Cavabdeh3, onun ailə üzvləri və digər şəxslərin fərdi yaşayış evini 1 (bir) ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılmalı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, e-2-2(119)- 178/2023 nömrəli qərardadı ilə həmin iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinin tələblərinə əsasən iddiaçıya geri qaytarılmışdır (hakim Həlimə Alıyeva). Qərardaddan narazı qalan iddiaçı xxxx “elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verərək Sumqayıt Kommersiya Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli e-2-2(119)-178/2023 nömrəli qərardadının ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 ipoteka qoyanlardır və onlar sahibkarlıq fəaliyyəti ilə məşğul olmur. İddiaçının tələbi ipoteka predmetlərinə tutmanın yönəldilməsi və satışdan sonra ipoteka predmeti olan fərdi yaşayış evindən çıxarma ilə bağlı olduğundan bu işlər üzrə mübahisənin məhkəməyə qədər nizama salınması qaydası “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Sumqayıt Kommersiya Məhkəməsinin 06 fevral 2023-cü il tarixli, e-2-2(119)- 178/2023 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi və şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (Həlimə Alıyeva). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.4-cü maddəsinə görə, bu məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 150.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının tələbi ipoteka predmetlərinə tutmanın yönəldilməsi və satışdan sonra ipoteka predmeti olan fərdi yaşayış evindən çıxarma ilə bağlı olduğundan iddiaçı iddia ərizəsinə “ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında” bildirişin tərəflərə göndərilməsini və çatdırılmasını təsdiq edən sənəd əlavə etməli olduğu halda həmin bildirişlərin cavabdehlər Cavabdeh1 və Cavabdeh3 çatdırıldığını təsdiq edən hər hansı sənəd məhkəməyə təqdim etməmişdir. Bundan əlavə apellyasiya şikayətinin dəlili kimi hazırki tələbin yalnız ipoteka predmetlərinə tutmanın yönəldilməli olmasından ibarət olduğu qeyd edilsə də, iddiaçı nəzərə almamışdır ki, cavabdehlər qeyd edilən borc məbləğini də mübahisələndirmək hüququna malikdirlər. Yuxarıda göstərilənlərlə əlaqədar birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl cavabdehlər Cavabdeh1 və Cavabdeh3 ilə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət etməmişdir. Azərbaycan Respublikası MPM-in 152.1.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Mülki Prosessual Məcəllənin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçı xxxxnın “ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında” bildirişin cavabdehlər tərəfindən alınmasını və mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması qaydasına riayət edildiyini təsdiq edən hər hansı sübut əlavə etmədiyi üçün iddia ərizəsinin geri qaytarılması qərarına gəlmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytararkən doğru qənaətə gəlmiş, mahiyyətcə düzgün qərardad çıxarmışdır. Ona görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı xxxx tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, e-2-2(119)- 178/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar