Məhkəmə qərarları › İş №2-2(105)-49/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-49/2024

18.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-49/2024 18.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim: Məmmədov Zaur İkram oğlu, X1 və X2 ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı borcun tutulması tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-51/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ

1. İş materiallarında olan 24 iyun 2014-cü il tarixli KB 004877 nömrəli çekdə bankın adı “Anar” Kommersiya Bankı, məsrəfin məqsədi kimi “əmək haqqı” göstərilmiş, Cavabdeh vəsiqə məlumatları, ödəyən: Cavabdeh qeyd olunmuş, “çekdə göstərilən məbləği aldım” qrafası Cavabdeh tərəfindən imzalanmışdır.

2. Dövlət Vergi Xidmətinin internet vergi idarəsindən çıxarışa əsasən VÖEN-i ********** olan vergi ödəyicisi Cavabdeh 3 saylı Ərazi Vergilər İdarəsində vergi uçotuna alınmışdır.

3. 28 mart 2022-ci il tarixli mədaxil elanından görünür ki, ödəyən X7 və alan Cavabdeh göstərilməklə 500 (beş yüz) manat İddiaçı ASC-yə mədaxil edilmişdir. Ödənişin təyinatı kimi verilmiş kreditlər üzrə daxilolmalar, KTF, X12 qeyd olunmuşdur. Cavabdeh VÖEN-i (**********) sənəddə əks olunmuşdur.

4. 20 avqust 2019-cu il tarixli mədaxil elanından görünür ki, ödəyən X7 və alan Cavabdeh göstərilməklə 10000 (on min) manat İddiaçı ASC-yə mədaxil edilmişdir. Ödənişin təyinatı kimi verilmiş kreditlər üzrə daxilolmalar, KTF, X12 qeyd olunmuşdur. Cavabdeh VÖEN-i (**********) sənəddə əks olunmuşdur.

5. Azərbaycan Respublikası Mərkəzi Bankının elektron xidmətlər portalından əldə olunmuş məlumatlarla müəyyən olunur ki, Cavabdeh xx.xx.2014-cü il tarixdə ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətindən götürdüyü kreditin ilkin məbləği 200 000 manat təşkil etmiş, kreditin bitmə vaxtı xx.xx.2019-cu il olmuş, kreditin qalıq məbləği 109.968.04 manat, alınmamış fazi məbləği 31 196.66 manat təşkil etmişdir. Azərbaycan Kredit Bürosundan əldə olunmuş məlumatlarla da həmin hallar müəyyən olunur.

BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT

6. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 05 iyun 2014-ci il tarixli 01KT nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş 109968,04 (yüz doqquz min doqquz yüz altmış səkkiz manat dörd qəpik) manat məbləğində əsas borcun, 15045,42 (on beş min qırx beş manat qırx iki qəpik) manat müqavilə müddəti üzrə hesablanmış faiz borcunun, 16151,24 (on altı min yüz əlli bir manat iyirmi dörd qəpik) manat gecikdirilmiş ödəniş üzrə hesablanmış cərimə borcunun və 15499,05 (on beş min dörd yüz doxsan doqquz manat beş qəpik) manat Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş müddət üçün hesablanmış 5% borcu olmaqla, ümumilikdə 156663,75 (yüz əlli altı min altı yüz altmış üç manat yetmiş beş qəpik) manat borcun, həmçinin, iddiaçı tərəfindən ödənilmiş 400 (dörd yüz) manat mediasiya xərcinin və 47,06 (qırx yeddi manat altı qəpik) manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 05 iyun 2014-cü il tarixli 01KT nömrəli kredit müqaviləsinə əsasən borcalana 60 ay müddətinə 198000 manat məbləğində kredit vəsaiti ayrılmışdır. Kredit müqaviləsinin 2.2.1, 2.2.2 və 2.2.3-cü bəndlərinə əsasən borc alan Cavabdeh kreditdən istifadəyə görə alınmış ssuda üzrə faizləri, eyni zamanda əsas borcun ödənişini tam şəkildə borcverənə ödəməli olmasına baxmayaraq, o, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Kredit müqaviləsinin şərtlərinin pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə dəfələrlə şifahi müraciət edilməsinə və xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, kredit borcunun banka qaytarılması təmin edilməmişdir. Bu səbəbdən də cavadeh Cavabdeh 05 iyun 2014-ci il tarixli 01KT nömrəli kredit müqaviləsi üzrə İddiaçı ASC-yə ödənilməmiş 109968,04 (yüz doqquz min doqquz yüz altmış səkkiz manat dörd qəpik) manat məbləğində əsas borcu, 15045,42 (on beş min qırx beş manat qırx iki qəpik) manat müqavilə müddəti üzrə hesablanmış faiz borcu, 16151,24 (on altı min yüz əlli bir manat iyirmi dörd qəpik) manat gecikdirilmiş ödəniş üzrə hesablanmış cərimə borcu və 15499,05 (on beş min dörd yüz doxsan doqquz manat beş qəpik) manat Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş müddət üçün hesablanmış 5% borcu olmaqla, ümumilikdə 156663,75 (yüz əlli altı min altı yüz altmış üç manat yetmiş beş qəpik) manat borcu vardır.

8. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Eyni zamanda o, Cavabdeh qardaşının İddiaçı ASC-nin Quba filialının rəhbəri işlədiyini, əvvəllər sözügedən kredit müqaviləsi üzrə ödənişlər həyata keçirildiyini, sonradan ödəniş edilmədikdə müqavilənin itdiyinin bildirildiyini qeyd etmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsi Əmanətlərin Sığortalanması Fonduna təqdim edilməmişdir. Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə sonuncu dəfə 20 avqust 2019-cu il tarixdə 10000 manat, 28 mart 2022-ci il tarixdə isə 500 manat məbləğində ödəniş həyata keçirilmişdir.

9. 26 noyabr 2023-cü il tarixdə Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə təqdim edərək mübahisənin əsasını təşkil edən və ümumiyyətlə kredit borcunun olub-olmamasını sübut edən kredit müqaviləsinin əsli və ya notarius tərəfindən təsdiq edilmiş sürəti iddia ərizəsinə əlavə edilmədiyi üçün iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir.

10. Sumqayıt Kommersiya Məhkəməsinin 08 yanvar 2024-cü il tarixli, e-2-2(119)- 51/2024 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim H.Alıyeva).

11. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 389.1, 405.1, 406.3-cü maddələri, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 218.3, 119.1-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.

12. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsi təqdim edilərkən tərəflər arasında kredit müqaviləsinin mövcudluğuna dair əhəmiyyətli sübutlar (kassa məxaric və mədaxil orderləri, hesabdan çıxarış və s.) təqdim edilsə də, məhkəmə yalnız bir tərəfin mövqeyinə əsaslanmaqla əsassız nəticəyə gəlmişdir. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində bildirilir ki, İddiaçı ASC tərəfindən təqdim olunan hesabdan çıxarışlar, çek və mədaxil elanı tərəflər arasında kredit müqaviləsinin bağlanmasını və 198000 manat kreditin Cavabdeh verilməsini təsdiq edən mötəbər sübutlar kimi qəbul edilə bilməz. Belə ki, hesabdan çıxarışlar İddiaçı ASC-nin özü tərəfindən birtərəfli qaydada tərtib edilən sənəddir. İlk növbədə, qeyd olunan kredit Cavabdeh adına Mərkəzləşdirilmiş Kredit Reyestri Sistemindən əldə olunan çıxarışında öz əksini tapmışdır. Mərkəzləşdirilmiş Kredit Reyestri Sistemində (MKRS) vətəndaşların onlara aid məlumatlara çıxış imkanlarının təşkil edilməsi məqsədilə X13 Xidmətlər Portalında müvafiq funksionallıq yaradılmaqla ölkədə maliyyə inklüzivliyinin genişləndirilməsi, habelə əhaliyə göstərilən dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın və hesabatlılığın artırılması Mərkəzi Bankın daim diqqət mərkəzində saxlanılır. Qeyd olunan məlumatlar da həmin çıxarış portalı vasitəsilə əldə edilmiş və bankın birtərəfli sənədi deyil. İkinci növbədə, “Kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması, nağd pul və digər qiymətlilərin saxlanması və inkassasiyası Qaydası”nın təsdiq edilməsi barədə AR Mərkəzi Bankının xx.xx.2021-ci il tarixli Qərarının və ona əlavə olunmuş Qaydaların 8-ci bəndinə müvafiq olaraq, kassadan nağd pulun verilməsi “Kassa məxaric orderi” və ya “Pul çeki” , digər qiymətlilərin məxarici isə “Digər qiymətlilərin balansdankənar məxaric orderi” əsasında həyata keçirilir. Kassa məxaric əməliyyatları “Kassa məxaric orderi” və ya “Digər qiymətlilərin balansdankənar məxaric orderi” (bundan sonra birlikdə işləndikdə-“məxaric sənədi”) əsasında aparıldıqda, əməliyyatçı müştəri hesabında əməliyyatın aparılması üçün kifayət qədər vəsaitin olmasını yoxladıqdan sonra müvafiq müxbirləşmə yaradaraq ABİSdə məxaric sənədini qiymətlini təhvil alan şəxsin adına hazırlayır və çap edərək onu imzalayır. Məxaric sənədində qiymətlini təhvil alanın adı, soyadı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin rekvizitləri qeyd olunur. Bu zaman nağd pul məxaric edildikdə “Kassa məxaric orderi”ndə məxaric edilən valyutanın növü və məbləği (rəqəm və yazı ilə) göstərilir. Göründüyü kimi, məxaric orderində tərəfin imzası, onun kimliyini təsdin edən məlumatlar, kredit müqaviləsi üzrə pulun verilməsi və məbləğini təsdiq edən məlumatlar öz əksini tapır. Yuxarıda göstərilənləri, o cümlədən cavabdehin ödənişləri həyata keçirməsinin də iradə ifadəsinin təsdiqi olduğu və tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə almamaqla məhkəmə əsassız nəticəyə gəlmişdir. Belə ki, cavabdeh tərəfindən ödənişlərin həyata keçirilməsi inkar edilməmişdir ki, bu faktın özü də məhkəmə tərəfindən nəzərə alınmamaqla maddi və prosessual pozuntulara yol verilmişdir. Hətta qətnamədə vurğulanmışdır ki, cavabdeh kredit müqaviləsi üzrə sonuncu dəfə 20 avqust 2019-cu il tarixdə 10000 manat, 28 mart 2022-ci il tarixdə isə 500 manat məbləğində ödəniş həyata keçirib. Lakin sonradan bu faktlar qiymətləndirilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425-ci maddəsinin tələblərinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Belə ki, Cavabdeh borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Həmçinin, Mülki Məcəllənin 389-cu maddəsində qeyd edildiyi kimi Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edildiyindən bir tərəfin ərizəsi və fikri əsasında ümumi yekun qərara gəlməklə Sumqayıt Kommersiya Məhkəməsi İddiaçı ASC-nin mənafeyini və Cavabdeh tərəfindən hüquqlarının pozulub-pozulmamasını və iş üçün vacib əhəmiyyət kəsb edən digər halları nəzərə almamış və faktları qiymətləndirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından və hesabdan çıxarış məlumatlarından da göründüyü kimi, Cavabdeh borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi.

14. İddiaçı apellyasiya şikayətinə əlavə təqdim etmiş və əlavədə qeyd etmişdir ki, Cavabdeh ilə Bank arasında bağlanmış xx.xx.2014-cü il tarixli 01KT nömrəli kredit müqaviləsinin məhkəməyə təqdim edilə bilməməsinin səbəbi İddiaçı ASC-nin xx.xx.2016cı il tarixində müflis elan olunduqdan sonra sözügedən kredit qovluğunun ləğvediciyə məqsədli şəkildə təhvil verilməməsidir. Həmin qovluğun verilməməsinin səbəbkarı isə Cavabdeh Dəşdəmir oğlunun qardaşı X5 həmin dövrdə İddiaçı ASC-nin Quba filialının müdiri vəzifəsində çalışmasıdır. Həmin dövrdə kredit dosyesi X10 tərəfindən səlahiyyətlərindən sui-istifadə edilərək götürülmüş və ləğvediciyə təhvil verilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin təmin edilməsi, iddia tələbinin tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edərək bildirdi ki, əsas borc üzrə 87531 manat ödəniş edilmişdir. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının suallarını cavablandıraraq bildirmişdir ki, kassa məxaric orderinin əslini məhkəməyə təqdim etmişlər, lakin məhkəmə surətini götürərək əslini qəbul etməmişdir. Sözügedən sənəd cavabdehin pul məbləği alması barədə sənəddir. 2014-cü ildə cavabdehə kredit verilən zaman bankın adı “Anar” Kommersiya Bankı idi. İddiaçı bankın adı 14 sentyabr 2005-ci il tarixdən dəyişmişdir. Cavabdeh qardaşı İddiaçı ASC-nin Quba filialının rəhbəri işləyib. 2016-cı ildə ləğvedici təyin edilən zaman onlar maraqları olduğuna görə müvafiq sənədləri təqdim etməyiblər. Bəzi kreditləri çeklə, bəzilərini məxaric orderi ilə alırlar. Hazırkı kredit üzrə köçürmələr də olmuşdur. Çekdə olan imza cavabdehə məxsusdur. Mübahisə olunan kredit Mərkəzləşdirilmiş Kredit Reyestrində öz əksini tapmışdır. Hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan subyektlər adətən kassa məxaric orderindən yox, çeklərdən istifadə edirlər. Çeklər nömrə ilə verilmişdir. Çekdə kassanın möhürü vardır. Çeklər qiymətli kağız hesab olunur və pul dəyəri vardır. Çeklər AR Mərkəzi Bankından alınır, dəyər kəsb etdiyinə görə atılmır. Çeklərin müddəti yoxdur. Çeklərin halhazırda istifadədə olub-olmadığını bilmir. Tərəflər arasında müqavilə yoxdur. 198000 manat məbləğində kredit vəsaiti ayrılmışdır. Cavabdehin VÖEN-i olmuşdur, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Kreditin təyinatı əmək haqqının verilməsi olmuşdur. Kredit məbləği cavabdehin hesabına köçürülmüş, cavabdeh pulu nağd şəkildə almışdır. Cavabdeh pul vəsaitini çek vasitəsilə hesabdan çıxarmışdır. Sahibkarın nağd şəkildə pul çıxarmasına məhdudiyyət olub-olmamaması barədə məlumatı yoxdur. Cavabdeh kredit məbləğini almasını mübahisələndirmir. Cavabdehin bank hesabı olmuşdur. Kreditin təyinatını cavabdeh özü müəyyən etmişdir. Sözügedən çeklərin hansı qaydalar əsasında o formada tərtib edildiyini bilmir. Nağd pul vəsaitini müəssisənin rəhbəri və ya xəzinədarı götürə bilər. Kredit müqaviləsində də kreditin əmək haqqı təyinatı üçün verildiyi qeyd edilmişdir. Ödəniş tapşırığı yoxdur. Çıxarışlarda cavabdehin pulu alması görünür. Pul sifariş və çək əsasında bankdan çıxarılmışdır. Pul bankın hesabından götürülmüşdür, cavabdehin hesabına köçürülməmişdir, kassadan nağd şəkildə alınmışdır. Çek və kassa məxaric orderi eyni sənəddir. Sözügedən çek bank sənədidir. Bank pul vəsaitini nağd şəkildə almaq üçün çeki kredit alan şəxsə verir. Pul vəsaiti köçürülən zaman çek lazım olmur. Cavabdeh borcun bir hissəsini qaytarmışdır. Kredit müqaviləsini tapa bilmirlər, təqdim etmək mümkün deyil. İddiaçının qardaşı İddiaçı ASC-nin Quba filialının müdiri işlədiyinə görə müqaviləni 2016-cı ildə bank müflis elan olunan zaman ləğvediciyə təqdim etməmişdirlər. Pulun verilməsini, kredit münasibətlərinin olmasını təsdiq edən yeganə sənəd məxaric orderi və Mərkəzi Kredit Reyestrindən çıxarışdır. Ümumilikdə kredit dosyesi ləğvediciyə təhvil verilməmişdir. Çek mərkəzləşmiş qaydada 3 nüsxədə tərtib edilir. Çekin əslinin bir nüsxəsi baş ofisdə saxlanılır. Bu səbəbdən sözügedən çek qalmışdır. Maaliyyə arayışı sistemdə olan məlumatlar əsasında tərtib edilmişdir. Kredit müqaviləsi üzrə ödənişləri cavabdehin adından Cavanşir Səftərov etmişdir. Kredit müqaviləsi üzrə 28 mart 2022-ci il tarixdə 500 manat, 28 avqust 2019-cu il tarixdə 10000 manat ödəniş edilmişdir. Hər iki ödənişi Cavanşir Səftərov etmişdir. 10000 manat ödəniş də kassada edilmişdir. Qanunvericiliyə əsasən kredit ödənişlərinin üçüncü şəxs tərəfindən edilməsi ilə bağlı məhdudiyyət yoxdur.

17. Cavabdeh məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 448.1. Əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 448.2. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 463.1. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Maddə 465.2. Borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...) Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (...). Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (...). Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar (...)385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; Maddə 386. Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

20. “Banklar haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.9. Bank krediti - bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqlar) ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Maddə 36.1. Banklarla onların müştəriləri arasında münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi, həmin Məcəlləyə müvafiq olaraq maliyyə bazarlarına nəzarət orqanı tərəfindən qəbul edilmiş normativ xarakterli aktlar və müqavilə əsasında həyata keçirilir Maddə 36.6. Hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komisyon haqları və göstərilən bank xidmətləri üçün digər ödənişləri, habelə bank tərəfindən verilmiş kreditlərin ödənişi şərtlərini və qaydalarını müəyyən etməkdə sərbəstdir. Kredit üzrə faizlər bankla müştəri arasında bağlanmış müqavilə şərtlərinə uyğun hesablanır və ödənilir. Faiz dərəcələri və bank qarşısında borca görə verilməli olan digər ödənişlər yalnız borcun olduğu günlər üçün borc qalığı məbləğinə hesablanır.

21. “Azərbaycan Respublikasında fəaliyyət göstərən kredit təşkilatlarında mühasibat uçotunun aparılması Qaydaları” Maddə 12.6. Bankların bütün əməliyyatları onların xarakteri barədə məlumatlardan ibarət olan, əməliyyatların qanuniliyini təsdiq edən vəonların uçotda əks etdirilməsi üçün əsas olan sənədlərlə rəsmiləşdirilir. Maddə 14.3. Əks etdirilən əməliyyatların xarakterinə görə bütün bank sənədləri kassa, memorial və balansdankənar sənədlərə bölünür. Kassa sənədləri ilə pulların mədaxil və məxarici üzrə əməliyyatlar rəsmiləşdirilir və mədaxil və məxaric sənədlərinə bölünür. Mədaxil kassa sənədlərinə - pulların bankların kassalarına daxil edilməsi üçün müştərilərin elanları, mədaxil kassa orderləri, pulların qəbul edilməsi barədə qəbzlər aiddir. Məxaric kassa sənədlərinə nağd pulun alınması üçün çeklər və məxaric kassa orderləri aiddir. Maddə 14.7. Hesabın sahibi ödəniş tapşırıqlarında, habelə pul çeklərinin arxa tərəfində ödənişin təyinatını göstərməlidir. Pul çeklərinin arxasında ödənişin təyinatı haqqında məlumat çek verənin imzası ilə təsdiq edilir.

X3, X9

22. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommmersiya Kollegiyasının 05 mart 2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməlidir.

24. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 05 iyun 2014-ci il tarixdə İddiaçı ASC ilə Cavabdeh arasında 01KT nömrəli kredit müqaviləsi bağlanmış, kredit müqaviləsi üzrə Cavabdeh 198000 manat məbləğində kredit verilmişdir.

25. İşdən görünür ki, 24 iyun 2014-cü il tarixli KB 004877 nömrəli çekdə bankın adı “Anar” Kommersiya Bankı, məsrəfin məqsədi kimi “əmək haqqı” göstərilmiş, Cavabdeh vəsiqə məlumatları, ödəyən: Cavabdeh qeyd olunmuş, “çekdə göstərilən məbləği aldım” qrafası Cavabdeh tərəfindən imzalanmışdır.

26. Sumqayıt Kommersiya Məhkəməsinin 08 yanvar 2024-cü il tarixli, e-2-2(119)- 51/2024 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

27. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, kredit təşkilatı tərəfindən müəyyən müddətə, müəyyən faiz dərəcəsi ilə 198000 manat məbləğində pul verilərkən kredit verən və alan arasında yazılı müqavilə bağlanmalı, həmçinin, hüquq və vəzifələr, bununla yanaşı öhdəliklər və sair şərtlər razılaşdırılmalıdır. Yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, iddiaçı öz tələblərinin əsası kimi 05 iyun 2014-ci il tarixli 01KT nömrəli kredit müqaviləsinə istinad etmiş, lakin həmin müqaviləni, o cümlədən 198000 manat məbləğində pulun cavabdehə verilməsini əks etdirən sənədləri məhkəməyə təqdim etməmişdir. İddiaçı tərəfindən məhkəməyə yalnız hesabdan çıxarışlar, Cavabdeh 198000 manat pulun verilməsinin sübutu kimi 24 iyun 2014-cü il tarixli 004877 nömrəli çek və 500 manat pulun ödənilməsi ilə bağlı 28 mart 2022-ci il tarixli mədaxil elanı təqdim edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən təqdim olunan hesabdan çıxarışlar, çek və mədaxil elanı tərəflər arasında kredit müqaviləsinin bağlanmasını və 198000 manat kreditin cavabdehə verilməsini təsdiq edən mötəbər sübutlar kimi qəbul edilə bilməz. Belə ki, hesabdan çıxarışlar iddiaçının özü tərəfindən birtərəfli qaydada tərtib edilən sənəddir. Bundan başqa 24 iyun 2014-cü il tarixli 004877 nömrəli çekdə 05 iyun 2014-ci il tarixli 01KT nömrəli kredit müqaviləsinə istinad edilməmiş, bankın adı “Anar” Kommersiya Bankı, məsrəfin məqsədi “əmək haqqı” kimi göstərilmişdir. 28 mart 2022-ci il tarixli mədaxil elanında 05 iyun 2014-ci il tarixli 01KT nömrəli kredit müqaviləsinə istinad edilməmiş, ödəyən X7 və alan Cavabdeh göstərilmişdir. Göründüyü kimi, iddiaçı ərizəsində 05 iyun 2014-ci il tarixli 01KT nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh 60 ay müddətinə 198000 manat məbləğində kredit verilməsini, eyni zamanda kredit müqaviləsinin 2.2.1, 2.2.2 və 2.2.3-cü bəndlərini qeyd etsə də, həmin şərtlərlə öhdəliklərin yaranmasını və sözügedən məbləğdə vəsaitin cavabdeh tərəfindən almasını əks etdirən heç bir mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.

28. Məhkəmənin gəldiyi nəticə ilə razılaşmayan iddiaçı apellyasiya şikayəti vermişdir.

29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə qiymətləndirmə apararaq şikayətin dəlillərini qismən əsaslı hesab edir, həmin hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.

30. Kollegiya mövqeyini aşağıda şərh olunanlarla əsaslandırır:

31. Göründüyü kimi birinci instansiya məhkəməsi iddianın rədd edilməsi əsaslarından biri kimi iddiaçı bankın adının 24 iyun 2014-cü il tarixli 004877 nömrəli çekdə “Anar” Kommersiya Bankı olmasına istinad etmişdir.

32. Məhkəmə kollegiyası bu əsaslandırmanı əsassız hesab edir. Belə ki, qeyd olunan halın araşdırılması məqsədilə məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına və Maliyyə Nazirliyinə xx.xx.2024-cü il tarixli sorğu məktubu ünvanlamış, sorğuya cavab olaraq Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, “müraciətə əlavə edilən çek “Anar” Kommersiya Bankına verilmişdir. Azərbaycan Respublikası Milli Bankının xx.xx.2005-ci il tarixli lisenziyasına əsasən həmin bankın adı və təşkilati-hüquqi forması dəyişərək İddiaçı Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır.

33. Birinci instansiya məhkəməsinin digər əsaslandırması 24 iyun 2014-cü il tarixli 004877 nömrəli çekdə məsrəfin məqsədinin “əmək haqqı” kimi göstərilməsi olmuşdur. Bununla bağlı da məhkəmə kollegiyası araşdırma aparmış, Azərbaycan Respublikası Mərkəzi Bankına və Maliyyə Nazirliyinə xx.xx.2024-cü il tarixli sorğu məktubu ünvanlamış, KB 004877 nömrəli çekin hansı təyinat daşıması, qeyd olunan çekin hansı dövrlərdə istifadədə olması barədə məhkəməyə yazılı arayış təqdim edilməsini xahiş etmişdir. Məhkəməyə Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, sorğuya əlavə edilmiş çek verildiyi zaman qüvvədə olmuş "Azərbaycan Respublikasının kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması və qiymətlilərin inkassasiyasının təşkili Qaydaları”nın 7-ci bəndinə görə nağd pulun məxarici məqsədilə verilmiş pul çekidir və həmin çekin 40-cı xanasındakı qeydlərdən görünür ki, çekin təyinatı əmək haqqının ödənilməsi ilə bağlı olmuşdur. Çek üzərində aparılmış qeydlərə əsasən ondan xx.xx.2014-cü il tarixində istifadə edildiyi müəyyən edilir.

34. Azərbaycan Respublikasında fəaliyyət göstərən kredit təşkilatlarında mühasibat uçotunun aparılması Qaydaları”nın 12.6-cı maddəsində qeyd edilmişdir ki, bankların bütün əməliyyatları onların xarakteri barədə məlumatlardan ibarət olan, əməliyyatların qanuniliyini təsdiq edən və onların uçotda əks etdirilməsi üçün əsas olan sənədlərlə rəsmiləşdirilir. Qaydaların 14.3-cü maddəsinə əsasən əks etdirilən əməliyyatların xarakterinə görə bütün bank sənədləri kassa, memorial və balansdankənar sənədlərə bölünür. Kassa sənədləri ilə pulların mədaxil və məxarici üzrə əməliyyatlar rəsmiləşdirilir və mədaxil və məxaric sənədlərinə bölünür. Mədaxil kassa sənədlərinə - pulların bankların kassalarına daxil edilməsi üçün müştərilərin elanları, mədaxil kassa orderləri, pulların qəbul edilməsi barədə qəbzlər aiddir. Məxaric kassa sənədlərinə nağd pulun alınması üçün çeklər və məxaric kassa orderləri aiddir. Bununla məhkəmə kollegiyası hesab edir ki, 24 iyun 2014-cü il tarixli 004877 nömrəli çekin təyinatı məxaric orderidir.

35. 24 iyun 2014-cü il tarixli 004877 nömrəli çekdə məsrəfin məqsədinin “əmək haqqı” kimi göstərilməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, “Azərbaycan Respublikasında fəaliyyət göstərən kredit təşkilatlarında mühasibat uçotunun aparılması Qaydaları”nın 14.7-ci maddəsinə əsasən hesabın sahibi ödəniş tapşırıqlarında, habelə pul çeklərinin arxa tərəfində ödənişin təyinatını göstərməlidir. Yəni, sözügedən çekdə məsrəfin məqsədinin “əmək haqqı” olaraq göstərilməsi həmin məbləğin “əmək haqqı” ödənişləri olmasını deyil, hesab sahibinin-həmin məbləğin məqsədini “əmək haqqı” olaraq göstərməsini sübut edir.

36. Məhkəmə kollegiyası işin obyektiv araşdırılmasının təmin edilməsi məqsədilə 24 iyun 2014-cü il tarixli 004877 nömrəli çekdə olan imzanın Cavabdeh məxsus olması barədə məhkəmə-xətşünaslıq ekspertizası təyin etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş vəsatətə uyğun olaraq 30 iyul 2024-cü il tarixli məktubla iddiaçıdan sərbəst və eksperimental imza nümunələrinin təqdim edilməsi xahiş olunsa da, cavabdeh müvafiq imza nümunələrini təqdim etməkdən imtina etmişdir. Bu səbəbdən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən iş materiallarında olan sənədlər əsasında rəyin verilməsi xahiş olunmuş, iş materiallarının müvafiq səhifələrində və 24 iyun 2014-cü il tarixli 004877 nömrəli çekdə olan imzaların eyni şəxsə məxsus olub-olmaması araşdırılmışdır.

37. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 03 oktyabr 2024-cü il tarixli 4/1094 №-li ekspert rəyi ilə müəyyən edilmişdir ki, ekspertizaya təqdim edilmiş 177-ci səhifəsində olan KB 004877 nömrəli çekdə “imzalar” qrafalarındakı imzalar, 14SF saylı 17 avqust 2006-cı il tarixli müqavilənin (i.v.181-189) hər səhifəsinin aşağı sağ künclərdəki imzalar və “Borc alan” qrafasındakı imza, 1 saylı müddətli öhdəlikdə (i.v.190) “Müştərinin imzası” qrafasındakı imza, imza nümunələri vərəqəsinin (i.v.191) arxa hissəsində “İmza nümunələri” qrafasındakı imza, 17 avqust 2006-cı il tarixli ərizədə (i.v. 193) “İmza” qrafasındakı imza, 17 avqust 2006-cı il tarixli öhdəçilik ərizədə “İmza” qrafasındakı imza və 17 avqust 2006-cı il tarixli kreditin verilməsi üçün sifarişin arxa hissəsində “imza" qrafasındakı imza - eyni şəxs tərəfindən icra olunmuşdur.

38. Bununla məhkəmə kollegiyası hesab edir ki, 24 iyun 2014-cü il tarixli 004877 nömrəli çekdə imzanın Cavabdeh məxsus olması sübut olunmuşdur.

39. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, cavabdeh bankdan 198000 manat məbləğində kredit götürmüş, lakin öhdəliklərini lazımınca icra etmədiyindən onun banka 109.968.04 manat məbləğində borcu qalmışdır. Belə ki, cavabdeh tərəfindən kreditin götürülməsi 24 iyun 2014-cü il tarixli 004877 nömrəli çeklə, borcun məbləği isə Azərbaycan Respublikası Mərkəzi Bankının elektron xidmətlər portalından və Azərbaycan Kredit Bürosundan əldə olunmuş məlumatlarla təsdiq olunur.

40. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, tələb olunan 109.968.04 manat məbləğində əsas borcunu iddiaçıya ödəməlidir.

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti 15045,42 (on beş min qırx beş manat qırx iki qəpik) manat müqavilə müddəti üzrə hesablanmış faiz borcunun, 16151,24 (on altı min yüz əlli bir manat iyirmi dörd qəpik) manat gecikdirilmiş ödəniş üzrə hesablanmış cərimə borcunun və 15499,05 (on beş min dörd yüz doxsan doqquz manat beş qəpik) manat Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş müddət üçün hesablanmış 5% borcu olmaqla, ümumilikdə 156663,75 (yüz əlli altı min altı yüz altmış üç manat yetmiş beş qəpik) manat borcun tutulması ilə bağlı olan hissədə əsassızdır, həmin hissədə təmin edilməməlidir.

42. Belə ki, iddiaçı bu tələbini təsdiq edən sənədi, yəni kreditin faizini və cərimə haqqında razılaşmanı özündə əks etdirən müqaviləni məhkəməyə təqdim edə bilməmişdir. Ona görə məhkəmə hesab edir ki, iddia tələbi bu hissələrdə təmin edilməməlidir. Eyni zamanda, iddiaçı tərəfindən kreditin müddəti ilə bağlı sənəd məhkəməyə təqdim edilmədiyindən müqavilə müddətinin hansı vaxt bitdiyini müəyyən etmək mümkün deyil. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının müqavilə müddəti bitdikdən sonra borcun gecikdirilməsi ilə bağlı faizlərin ödənilməsi tələbi də təmin edilməməlidir.

43. Həmçinin, məhkəmə kollegiyası hesab edir ki, AR MPM-nin 119.1-ci maddəsinə əsasən, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun (mediasiya xərci ilə birlikdə) əvəzi olaraq 311 (üç yüz on bir) manat, apellyasiya şikayəti vermək üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 155 (yüz əlli beş) manat alınaraq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə tutulmalı, hazırkı iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 126 (yüz iyirmi altı) manat pul vəsaiti iddiaçıdan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir.

44. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Kommersiya Məhkəməsinin 08 yanvar 2024-cü il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməlidir.

45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(119)-51/2024 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 05 iyun 2014-ci il tarixli 01KT nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş 109968,04 (yüz doqquz min doqquz yüz altmış səkkiz manat dörd qəpik) manat məbləğində əsas borc, ödənilmiş dövlət rüsumunun (mediasiya xərci ilə birlikdə) əvəzi 311 (üç yüz on bir) manat, apellyasiya şikayəti vermək üçün ödənilmiş dövlət rüsumunun əvəzi 155 (yüz əlli beş) manat alınaraq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə tutulsun, hazırkı iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 126 (yüz iyirmi altı) manat pul vəsaiti alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X6, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar