Məhkəmə qərarları › İş №2-2(105)-5/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-5/2023

05.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-5/2023 05.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 24 avqust 2022-ci il tarixli, e-2-2(119)-451/2022 nömrəli qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28 dekabr 2012-ci il tarixli kredit müqaviləsi üzrə 1.968.728,45 (bir milyon doqquz yüz altmış səkkiz min yeddi yüz iyirmi səkkiz avro qırx beş sent) avro əsas borcun və 2680,77 (iki min altı yüz səksən manat yetmiş yeddi qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 28 dekabr 2012-ci il tarixli kredit müqaviləsinə əsasən borc alan Cavabdehnə borc verən "xxxx" X1 Açıq Səhmdar Cəmiyyəti (hazırkı İddiaçı Açıq Səhmdar Cəmiyyəti) tərəfindən illik 12%-lə 12 ay müddətinə 2.106.000 (iki milyon yüz altı min) avro məbləğində kredit verilmişdir. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. 06 dekabr 2021-ci il tarixinədək Cavabdeh Banka həmin kredit müqaviləsi üzrə 1.968.728,45 (bir milyon doqquz yüz altmış səkkiz min yeddi yüz iyirmi səkkiz avro qırx beş sent) avro əsas borcu vardır. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək göstərmişdir ki, Cavabdeh 03 mart 2014-cü il tarixdə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə ərizə ünvanlayaraq göstərmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin aksiyalarının 52,6%-nin sahibi "xxxx" X2 Açıq Səhmdar Cəmiyyəti ilə aparılan danışıqlar nəticəsində onlara məxsus olan 52,6% aksiyaların yarısının Cavabdehnə 2.106.000 avroya satılmasına dair razılaşma olmuş, 31 dekabr 2012-ci il tarixdə "xxxx" X1 Açıq Səhmdar Cəmiyyətinin baş ofisində tərəflər arasında müqavilə imzalanaraq bildirilmişdir ki, Polşa Respublikasının “TradeProd” Co.LTD tərəfindən zaminlik müqaviləsi imzalandıqdan sonra bütün sənədlərin nüsxəsi Cavabdehnə veriləcəkdir. Eyni zamanda Cavabdehnə kredit müqaviləsinə və əvvəlki təsisçi “Titanneftexim”-in əvəzinə 2.106.000 avro ödəniş tapşırığına imza atdırılaraq qeyd olunmuşdur ki, bu bankda qoyulmuş qaydadır. Dəfələrlə edilən müraciətlərə baxmayaraq nə müqavilələrin nüsxəsi, nə də bankda aparılmış əməliyyatların çıxarışı təqdim edilməmiş, daha sonra Cavabdeh 04 oktyabr 2013-cü il tarixli 10/04 nömrəli məktubla bank əməliyyatları barədə sorğu vermiş və onlara 01 mart 2012-ci il tarixdən 04 oktyabr 2013-cü il tarixinə 0 (sıfır) balans olan hesabdan çıxarış təqdim edilmişdir. Göstərilənləri nəzərə alaraq və bankın məlumat verməməsindən şübhələnərək bu barədə araşdırma aparılması xahiş edilmişdir. Bundan başqa "xxxx" X2 Açıq Səhmdar Cəmiyyəti Cavabdehnə və digərlərinə qarşı borcun tutulması tələbi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş və "xxxx" X2 Açıq Səhmdar Cəmiyyətinin X3 Vasiliy Xamaza Cavabdehnə 09 dekabr 2015-ci il tarixli məktub ünvanlayaraq 28 dekabr 2012-ci il tarixli kredit müqaviləsi üzrə qaldırılmış iddiadan imtina olunduğunu, Cavabdeh MMC-yə qarşı heç bir pretenziya və ya tələbinin olmadığını bildirmişdir. Bundan sonra Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinin 25 dekabr 2015-ci il tarixli qərardadı ilə həmin tələb üzrə ərizənin baxılmamış saxlanılması barədə qərardad qəbul edilmişdir. İddiaçı Cavabdeh MMC-yə göndərdiyi məktubunda iddiadan imtina etdiyini göstərsə də, məhkəməyə göndərdiyi ərizədə iddia ərizəsinin geri qaytarılmasını və iddianın baxılmamış saxlanılmasını xahiş etmişdir. Həmçinin "xxxx" X1 Açıq Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə ünvanlanmış 24 fevral 2016-cı il tarixli ərizədə göstərilmişdir ki, kredit müqaviləsi üzrə borc ödənilmədiyindən borclu ilə aralarında məhkəmə mübahisəsi yaranmış, lakin barışıq əldə edildiyindən iddia ərizəsi məhkəmədən geri götürülmüşdür. Hal-hazırda Cavabdeh MMCyə qarşı heç bir tələbləri yoxdur. Bu səbəbdən də Cavabdeh MMC ilə əldə olunmuş razılığı nəzərə alaraq başlanılmış araşdırmanın dayandırılması xahiş edilmişdir. Göründüyü kimi, Cavabdeh MMC tərəfindən hər hansı kredit alınmamış, kredit müqaviləsinin imzalanması formal olmuşdur. Məhz bu qanunsuzluqlardan sonra "xxxx" X2 Açıq Səhmdar Cəmiyyəti iddia tələbini geri götürmüş və tərəflər arasında mübahisə bitmişdir. Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinin 25 dekabr 2015-ci il tarixli qərardadından təxminən 6 il 4 ay keçdikdən sonra yenidən eyni iddia tələbi ilə məhkəməyə müraciət edən İddiaçı Açıq Səhmdar Cəmiyyəti qanunsuz tələbindən əlavə qanunla müəyyən edilmiş üç illik iddia müddətini də ötürmüşdür. Beləliklə, iddia tələbi əsassız olduğundan, hər hansı mötəbər sübuta əsaslanmadığından, eləcə də iddia ərizəsi qanunla müəyyən edilmiş prosessual müddət ötürülməklə verildiyindən iddia tələbinin iddia müddəti tətbiq olunmaqla rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Sumqayıt Kommersiya Məhkəməsinin 24 avqust 2022-ci il tarixli, e-2-2(119)- 451/2022 nömrəli qətnaməsi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “borcun tutulması” barədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir (hakim Həlimə Alıyeva). Qətnamədən narazı qalan İddiaçı Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək, Sumqayıt Kommersiya Məhkəməsinin 24 avqust 2022-ci il tarixli, e-2-2(119)- 451/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı iddiasını rədd edərək düzgün nəticəyə gəlməmiş, əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş maliyyə arayışlarından göründüyü kimi cavabdehin banka 29 dekabr 2012-ci il tarixli, 6-BİZ-1-0-73- 12 №-li kredit müqaviləsi üzrə 1.968.728.45 avro məbləğində əsas borcu vardır. Beləliklə, borclu müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş və müqavilədə belə bir şərt də nəzərdə tutulmamışdır ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olsun. Onda deyə bilərlər ki, cavabdeh bu vəzifəni yerinə yetirənə kimi kredit müqaviləsi qüvvədə olur. Belə hallarda müqavilədə nəzərdə tutulmuş öhdəliyin icrasının qurtarması anına kimi müqavilə qüvvədə olur. Həmçinin cavabdehin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etməklə, borcu etiraf edən digər hərəkətlər etmişdir. Göründüyü kimi məhkəmə işin bütün faktiki hallarını araşdırmadan iddia müddətinin keçməsi əsası ilə iddianı rədd etməkdə haqlı olmamış və qətnamədə səhv nəticəyə gəlmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirərək apellyasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən sübutlara mülki prosessual qanunvericiliyin tələbləri baxımından aşağıdakı kimi qiymət verilmişdir: Birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən olunmuşdur ki, "xxxx" X1 Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 28 dekabr 2012-ci il tarixdə "xxxx" X1 tərəfindən Cavabdehnə dövriyyə vəsaitlərinin artırılması və "xxxx" ASC-nin səhmlərinin alınması məqsədilə illik faiz dərəcəsi 12% olmaqla 12 ay müddətinə 2.106.000 (iki milyon yüz altı min) avro məbləğində kredit verilməsi barədə müqavilə bağlansa da, Cavabdeh tərəfindən həmin müqavilə üzrə hər hansı ödəniş edilməmişdir. Cavabdeh borcu ödəmədiyindən "xxxx" X1 Açıq Səhmdar Cəmiyyəti Cavabdehnə və digərlərinə qarşı 28 dekabr 2012-ci il tarixli kredit müqaviləsi üzrə borcun tutulması tələbi ilə 26 noyabr 2015-ci il tarixdə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş olsa da, iddiaçının iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə ərizəsinə əsasən Məhkəmənin 25 dekabr 2015-ci il tarixli 2(85)-2726/2015 saylı qərardadı ilə həmin iddia ərizəsi baxılmamış saxlanılaraq iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmışdır. Həmin tarixdən etibarən iddia müddətinin axımı ümumi qaydada davam etmiş və iddiaçı 29 yanvar 2017-ci il tarixinədək məhkəməyə müraciət etməli olduğu halda 5 ildən sonra, yəni 08 aprel 2022-ci il tarixdə Sumqayıt Kommersiya məhkəməsində iddia qaldırmışdır. Bununla da iddiaçı hazırkı tələb üzrə Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən edilmiş iddia müddətini üzrsüz səbəbdən buraxmışdır. Hazırkı iddia tələbi üzrə cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə məhkəməyə ərizə verilmişdir. Yuxarıda qeyd olunanlarla əsasən birinci instansiya məhkəməsi iddia müddətini tətbiq edərək iddia tələbinin təmin edilməməsi nəticəsinə gəlmiş və aşağıdakı maddi hüquq normalarına istinad etmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.3-cü maddəsinə əsasən icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Həmin Məcəllənin 381.1-ci maddəsinə əsasən əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Qərarında göstərilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun həəmin qərarinda iddia müddəti institutunun nəzəri cəhətdən mahiyyəti aşağıdakı kimi izah olunmuşdur: “...İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir...” İş materiallarına əsasən müəyyən olunur ki, "xxxx" X1 Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 28 dekabr 2012-ci il tarixdə "xxxx" X1 tərəfindən Cavabdehnə dövriyyə vəsaitlərinin artırılması və "xxxx" ASC-nin səhmlərinin alınması məqsədilə illik faiz dərəcəsi 12% olmaqla 12 ay müddətinə 2.106.000 (iki milyon yüz altı min) avro məbləğində kredit verilməsi barədə müqavilə bağlanmış, həmin müqavilə üzrə hazırki vaxtadək Cavabdeh tərəfindən hər hansı ödəniş edilməmiş, eləcə də cavabdeh borcu ödəmədiyindən "xxxx" X1 Açıq Səhmdar Cəmiyyəti Cavabdehnə və digərlərinə qarşı 28 dekabr 2012-ci il tarixli kredit müqaviləsi üzrə borcun tutulması tələbi ilə 26 noyabr 2015-ci il tarixdə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, lakin iddiaçının iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə ərizəsinə əsasən Məhkəmənin 25 dekabr 2015-ci il tarixli 2(85)-2726/2015 saylı qərardadı ilə həmin iddia ərizəsi baxılmamış saxlanılaraq iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmışdır. Həmin tarixdən etibarən iddia müddətinin axımı ümumi qaydada davam etmiş və iddiaçı 29 yanvar 2017-ci il tarixinədək məhkəməyə müraciət etməli olduğu halda 5 ildən sonra, yəni 08 aprel 2022-ci il tarixdə Sumqayıt Kommersiya məhkəməsinə iddia tələbi ilə müraciət etmişdir. Bununla da iddiaçı hazırkı tələb üzrə Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən edilmiş iddia müddətini üzrsüz səbəbdən buraxmışdır. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı ASC tərəfindən verilmiş 14 yanvar 2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh 29 dekabr 2012-ci il tarixli kredit müqaviləsi üzrə Banka 1.968.728,45 avro məbləğində əsas borcunun olduğu qeyd edilsə də, iş materiallarında olan Cavabdeh "xxxx" X1 Açıq Səhmdar Cəmiyyətində avro ilə 01 mart 2012-ci il tarixdə açılmış 4-120182-3 nömrəli hesabı üzrə verilən xx.xx.2012-xx.xx.2022-ci il dövrü əhatə edən hesabdan çıxarışdan görünür ki, 29 dekabr 2012-ci il tarixdə 2.106.000 avro hesaba köçürülmüş, 30 dekabr 2012-ci il tarixdə isə həmin hesabdan daxili köçürmə yolu ilə 6-18329-3 nömrəli hesaba köçürülmüş, hazırkı vaxtadək kredit müqaviləsi üzrə hər hansı ödəniş həyata keçirilməmiş və dövrün sonuna qalıq yoxdur (səh. 46). Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, "xxxx" X1 Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 28 dekabr 2012-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdehnə illik faiz dərəcəsi 12% olmaqla 12 ay müddətinə 2.106.000 (iki milyon yüz altı min) avro məbləğində kredit verilməsi barədə razılıq əldə olunmuş və həmin müqavilə üzrə cavabdeh tərəfindən hazırki vaxtadək kredit müqaviləsi üzrə hər hansı ödəniş həyata keçirilmədiyi halda, İddiaçı ASC tərəfindən verilmiş 14 yanvar 2020-ci il tarixli maliyyə arayışında Cavabdeh 28 dekabr 2012-ci il tarixli kredit müqaviləsində göstərilən məbləğdən az, yəni 1.968.728,45 avro məbləğində borcunun olduğu qeyd edilmiş, bununla əlaqədar məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi həmin borc məbləğinin kommision xərclərə görə azaldığını bildirmişdir. Lakin bununla əlaqədar məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin müqavilə üzrə qarşılıqlı hüquq münasibətlərinə uyğun əsaslandırılmışdır. Hazırki iş üzrə iddia müddəti iddiaçı tərəfindən heç bir üzrlü səbəb olmadan ötürüldüyündən birinci instansiya məhkəməsi düzgün olaraq iddianı təmin etməmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 24 avqust 2022-ci il tarixli, e-2-2(119)- 451/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar