Məhkəmə qərarları › İş №2-2(105)-52/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-52/2024

01.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-52/2024 01.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cabarov Çı̇ ngı̇ z Əmı̇ r oğlunun cavabdeh Səfərəlı̇ yev Mahı̇ r Səfərəlı̇ oğluna qarşı kommersiya işi üzrə (Açar sözlər: pul tələbi) X2 Süleymanovanın sədrliyi və məruzəsi, X3 Məmmədov və X1 ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cabarov Çı̇ ngı̇ z Əmı̇ r oğlunun cavabdeh Səfərəlı̇ yev Mahı̇ r Səfərəlı̇ oğluna qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli, e-2-2(119)-63/2024 nömrəli qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı Cavabdeh qarşı “pulun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 28000 (iyirmi səkkiz min) manat borcun və ödədiyi 200 (iki yüz) manat manat məbləğində mediasiya xərcinin əvəzinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, cavabdehə verdiyi etibarnamə əsasında sonuncu onun adından müəyyən kommersiya əməliyyatlarını həyata keçirmiş, bir müddət sonra o, gəlirin kəskin azaldığını hiss edib araşdırma aparmış və cavabdehin onun 150000 manat məbləğində pulunu mənimsədiyini aşkar etmiş, məsələ ilə bağlı müraciəti əsasında Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis bölməsində aparılan araşdırma zamanı cavabdeh 28000 manat borcunun olmasını etiraf etsə də, hazırkı vaxtadək həmin pul məbləğini ona qaytarmamış, cavabdehlə mübahisənin mediasiya sessiyası vasitəsilə həllinə cəhd edilmiş, lakin cavabdeh sessiyada iştirak etmədiyindən hər hansı nəticə əldə olunmadığı üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

3. Sumqayıt şəhəri Polis İdarəsinin 4-cü Polis Bölməsinin «Cinayət işi başlanmasının rədd edilməsi haqqında» 2 aprel 2019-cu il tarixli qərardan görünür ki, İddiaçı şikayəti üzrə aparılmış araşdırma nəticəsində cinayət tərkibli əməl olmadığı üçün cinayət işinin başlanması rədd edilmiş və ərizəçiyə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etməsi izah edilmişdir.

4. Cinayət işi başlanmasının rədd edilməsi haqqında həmin qərarın məzmunundan görünür ki, Cavabdeh araşdırma zamanı vermiş olduğu izahatında son bir ildə götürmüş olduğu borclarla bağlı Çingizə borcu yarandığını, 2019-cu lin yanvar ayında Çingizə bu barədə məlumat verdiyini, borclarından bir neçəsini qaytarmaq üçün Çingizdən xəbərsiz ödəniş etdiyindən aralarında müəyyən qədər pul fərqinin yarandığını, bu fərqin 28.000 manatı keçmədiyini göstərmişdir.

5. İş üçün əhəmiyyət kəsb etdiyindən həmin araşdırma materialına baxılması və iş materiallarına əlavə edilməsi məqsədilə birinci instansiya məhkəməsi tərəfindən Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis bölməsinə sorğu göndərilmiş, sorğuya cavab olaraq Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis bölməsinin 29 noyabr 2023-cü il tarixli 3- 13-58-4/2-17171/2023 nömrəli məktubundan görünür ki, Sumqayıt ŞPİ-nin 4-cü PB-də 2019-cu il ərzində qeydə alınan təhqiqat materiallarının saxlanma müddəti başa çatdığına görə məhv olunduğu üçün həmin materialın məhkəməyə göndərilməsi mümkün deyildir.

6. xx.xx.2016-cı il tarixli, iddiaçı tərəfindən cavabdehə verilmiş etibarnamənin məzmunundan görünür ki, iddiaçı həmin etibarnamə ilə Azərbaycan Respublikasında yerləşən bütün banklarda və filiallarda onu təmsil etməyi, adına olan hesablar üzərində sərəncam verməyi, pul köçürmələrini, əmanət məbləğlərini (faizlərlə birlikdə) almağı və digər səlahiyyətləri hazırkı iş üzrə cavabdehə etibar etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

7. Sumqayıt Kommersiya Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli, e-2-2(119)- 63/2024 nömrəli qətnaməsi ilə (hakim Fərman Həmidli) iddianın təmin edilməsi, Cavabdeh 28000 (iyirmi səkkiz min) manat məbləğində borc və 200 (iki yüz) manat manat məbləğində mediasiya xərcinin əvəzi olmaqla, cəmi 28200 (iyirmi səkkiz min iki yüz) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, Cavabdeh dövlət nəfinə 174 (yüz yetmiş dörd) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3, 361.1, 361.3, 362.1, 385.1, 425.1, 442, 443.1, 448, 777.1, 777.2, 779.1 və 782.1-ci maddələri, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsi, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 80, 89.1, 89.3, 119.1, 119.2, 88, 106.1, 217.4, 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Apellyasiya şikayəti və onun dəlilləri

9. Cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək, Sumqayıt Kommersiya Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli, e-2-2(119)-63/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 1-ci instansiya məhkəməsi iş üzrə qərar qəbul edərkən qanunvericiliyin tələblərini pozmuş, işin faktiki hallarını tam, ətraflı və obyektiv araşdırmadan ədalətsiz qərar qəbul etmişdir. Qeyd edir ki, cavabdehin təxminən 2012-2013-cü illərdən iddiaçı ilə birgə fəaliyyətləri başlamış, həmin vaxtadək cavabdeh başqa şirkətdə satış üzrə nəzarətçi işləmiş, iddiaçı özü də başqa şirkətin mallarını satmışdır. Cavabdeh iddiaçıda olan həmin malları öz işlədiyi şirkətə təklif etmiş, bununla da iddiaçının mallarını cavabdeh özünə məxsus (cavabdehə) olan VÖEN üzərindən satışına başlamışlar. Bank sahəsindən məlumatlı olduğu üçün iddiaçı bank əməliyyatlarını icra etməyi üçün cavabdehə etibarnamə vermişdir. İddiaçı ilkin olaraq 10000 ABŞ dolları dəyərində məhsul ilə satışa başlamış, sonradan cavabdeh də öz vəsaiti ilə mal almağa başlamış, əldə olunan gəlir aralarında yarıbayarı bölüşdürülməli olsa da, iddiaçıya daha çox pay ödənilmişdir. Pulun qalan hissəsini isə işlərinin böyüməsinə xərcləmişlər. İddiaçı ilə aralarında rəsmi sənədləşmə olmamış, şifahi qaydada danışıq yolu ilə işləmiş və yazılı hesabat aparılmamışdır. Cavabdeh özü də iddiaçı ilə ticarət fəaliyyətinin son 3 ilinin hesabatını kompüterdə tərtib etmişdir. Onun iddiaçıya hər hansı borcu yoxdur, hesabatlara baxdıqda isə əksinə, iddiaçının ona borcu olduğu aydın olur. İddiaçının yeganə sübut olaraq təqdim etdiyi Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis bölməsində cavabdeh tərəfilən verilmiş izahatdır. Bu izahat qeyd edilən faktlarla bağlı preyudisial əhəmiyyət daşıya bilməz. Digər tərəfdən də cavabdehin iddiaçıya borcunun olmaması polisdəki araşdırmadan sonra müəyyənləşdirmişdir. Lakin nədənsə 1-ci instansiya məhkəməsi yuxarıda sadalanan hallara düzgün qiymət verməmişdir. Məhkəmə qanunsuz qətnamə qəbul etmişdir. Ona görə də hesab edir ki, qətnamə ləğv olunmalı və iddia tələbi rədd olunmalıdır.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

12. İddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.

13. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.

Apellyasiya baxışının hədləri

14. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdehin nümayəndəsi və vəkili Vəkil verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 361.1. Sahibkarlıq fəaliyyəti sahəsində müqavilələr bağlanarkən sahibkarları daimi və müstəqil surətdə təmsil edən şəxs kommersiya təmsilçisi sayılır. Maddə 361.3. Kommersiya təmsilçiliyi yazılı formada bağlanmış və təmsilçinin səlahiyyətlərinin göstərildiyi müqavilə əsasında, belə göstərişlər olmadıqda isə həmçinin etibarnamə əsasında həyata keçirilir. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş götməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Maddə 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Maddə 782.1. Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Maddə 782.1. Vəkalət verən tapşırığın icrası gedişində vəkalət alana dəyən zərər üçün, əgər zərərin onun təqsiri üzündən yaranmadığını sübuta yetirməsə, vəkalət alan qarşısında məsuliyyət daşıyır.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

17. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.

18. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

19. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh 2013cü ildən başlayaraq hər hansı yazılı müqavilə bağlamadan və aralarında rəsmi hesabatlılıq aparılmadan birgə kommersiya fəaliyyəti ilə məşğul olmağa başlamış, 2016-cı ilin aprel ayında iddiaçı cavabdehə etibarnamə vermiş, kommersiya təmsilçisi kimi fəaliyyət göstərən cavabdeh sahibkarlıq fəaliyyətinin digər subyektləri ilə danışıqlar aparmaq, iddiaçının və özünün tədarük etdiyi malları müştərilərə satmaq və satılan malın dəyərini onlardan almaq, hesabatlar aparmaq, vergi ödənişlərini ödəmək kimi işlər görmüşdür. Qazandığı gəlir əvvəlki illərdəki kimi olmadığından və cavabdehin müəyyən şəxslərə borcları olduğundan, iddiaçı ona məxsus əmlakın və çatası gəlirin mənimsənildiyindən şübhələnmiş, onun şikayəti əsasında polis bölməsində izahat verən cavabdeh izahatında borclarından bir neçəsini qaytarmaq üçün iddiaçıdan xəbərsiz ödəniş etdiyini, iddiaçı ilə aralarında müəyyən qədər pul fərqinin yarandığını, bu fərqin 28000 manatı keçmədiyini göstərmişdir.

20. Birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməsi, Cavabdeh 28000 (iyirmi səkkiz min) manat məbləğində borc tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

21. Məhkəmə hesab etmişdir ki, iddianın əsaslığı tərəflərin izahatı, xx.xx.2016-cı il tarixli etibarnamə, xx.xx.2029-cu il tarixli cinayət işinin başlanılması barədə qərarla müəyyən edilmiş hallarla tam sübut olunur.

22. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, məhkəmə işi tam, hərtərəfli və obyektiv araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.

23. Məhkəmə kollegiyası hesab edir ki, araşdırılan mübahisəyə məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verilməlidir. Bu tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”.

25. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosessual qanunvericilik sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki prosessual qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Sübutetmə standartı - sübutların qiymətləndirilməsi və faktların müəyyən edilməsi meyarıdır. Nəzərə alınmalıdır ki, iki sübutetmə standartı – “ağlabatan (əsaslı) şübhədən kənar” və “sübutların üstünlüyü” standartları mövcuddur. İşə baxan məhkəmənin qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Onlara tətbiq edilən qanun-hüquq normaları yekunda çıxarılan məhkəmə qərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadır (meyardır).

27. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərində məhkəmənin gəldiyi nəticənin işdə olan sübutlarla ziddiyyət təşkil etdiyini, cavabdehin borcu olmadığını bildirsə də kollegiyanın qənaətincə şikayətinin dəlilləri formal mülahizədir və cavabdehin verdiyi öz izahatları ilə təkzib olunur.

28. Belə ki, mülki işin 60-cı səhifəsində olan məhkəmə iclas protokolundan görünür ki, birinci instansiya məhkəməsindəki araşdırma zamanı izahat verən cavabdeh hakimin «borcunuz nə üçün yarandı »sualına cavab olaraq göstərmişdir ki, «faizlə pul götürüb mal almışdım.,»

29. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın məzmununda görünür ki, Cavabdeh izahatında bildirmişdir ki, «son bir ildə götürmüş olduğu borclarla bağlı olaraq Cingizə borcu yaranmışdır. 2019-cu ilin yanvar ayında Cingizə bu barədə məlumat verimşdir. Borcunun bir neçə ayrı şəxslərə olduğunu qeyd etmişdir. Bu borclar Çingizdən xəbərsiz yarandığı üçün onlara özü ödənişi öhdəsinə götürmüşdür….Borclardan bir neçəsini qaytarmaq üçün Çizgizdən xəbərsiz ödəniş etdiyindən aralarında müəyyən qədər pul fərqi yaranmışdır. Bu fərq 28.000 manatı keçməmişdir… »

30. Sadalananlardan göründüyü kimi cavabdeh iddiaçı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı əldə edilmiş vəsait hesabına digər şəxslərə yaranmış borclarını ödəməklə iddiaçaya zərər vurmuş, həmin zərərin 28.000 manat həddində olduğunu etiraf etmişdir.

31. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir, cavabdeh etirazı əsaslandığı hallarla bağlı nə birinci instansiyadakı araşdırma zamanı, nə də apellyasiya icraatı zamanı heç bir sübut təqdim etməmişdir.

32. Beləliklə, şikayətin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları tam araşdırılmış, maddi və prosessual hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-382, 384.0.1, 392,393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdehin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli, e-2-2(119)- 63/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar