Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-53/2023 06.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, “Sumqayıt Kommersiya Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli e-2-2(119)- 836/2022 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi”nə dair Cavabdeh ərizəsinin təmin olunmaması barədə Sumqayıt Kommersiya Məhkəməsinin 02 fevral 2023-cü il tarixli e-2-2(119)-836/2022 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, apellyasiya qaydasında yazılı icraatda baxaraq, müəyyən etdi: Sumqayıt Kommersiya Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli e-2- 2(119)836/2022 nömrəli qətnaməsi ilə iddiaçı Minayə Seyidağa qızının Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi qismən təmin edilərək, cavabdeh Cavabdeh (VÖEN **********) 9360 (doqquz min üç yüz altmış) manat məbləğində əsas borc, mediasiya ilə əlaqədar ödənilmiş 100 (yüz) manat məbləğində xidmət haqqı və 10 (on) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 9470 (doqquz min dörd yüz yetmiş) manat məbləğində pul vəsaitinin iddiaçı Minayə Seyidağa qızının (VÖEN **********) xeyrinə tutulması qət edilmişdir. Cavabdeh 24 yanvar 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə “Sumqayıt Kommersiya Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli e-2-2(119)-836/2022 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Kommersiya Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli e-2-2(119)-836/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin üzürlü hesab edilərək bərpa edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qətnamənin mövcudluğundan yalnız 23 yanvar 2023-cü il tarixində Şamaxı rayon İcra və Probasiya Şöbəsindən çağırılarkən xəbər tutmuşdur, həmin tarixdə elektron məhkəmə sistemində yaradılmış şəxsi kabinetinə daxil olaraq qətnamə ilə tanış ola bilmişdir, kənd şəraitində yaşadığı üçün fiziki şəxs olaraq elektron məhkəmə sistemində yaradılmış şəxsi kabinetini mütəmadi olaraq nəzarətdə saxlaya bilmədiyi üçün qətnamənin kabinetə yerləşdirilməsindən məlumatsız olmuş və Şamaxı rayonu 1-ci Çaylı kəndində yaşadığı və kənd təsərrüfatı ilə məşğul olduğundan internetə çıxışı, kompüter və ümumiyyətlə müasir texnologiyanın idarə olunması bacarığı yoxdur. Sumqayıt Kommersiya Məhkəməsinin 02 fevral 2023-cü il tarixli e-2-2(119)- 836/2022 nömrəli qərardadı ilə Cavabdeh “Sumqayıt Kommersiya Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli e-2-2(119)-836/2022 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi” barədə ərizəsi təmin edilməmişdir. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Sumqayıt Kommersiya Məhkəməsinin 02 fevral 2023-cü il tarixli e-2-2(119)- 836/2022 nömrəli qərardadından şikayət verərək, həmin qərardadın ləğv olunmasını və qətnamədən apellyasiya şikayəti vermək üçün qanunda nəzərdə tutulmuş prosessual müddətin bərpa olunması haqqında ərizənin təmin edilməsi barədə yeni qərardad qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə nəzərə almamışdır ki, hazırki iş üzrə keçirilmiş ilk məhkəmə iclaslarında etibarnamə üzrə Nümayəndə2 iştirak etmiş və onun iştirak etdiyi məhkəmə iclasında iddiaçı iştirak etmədiyinə görə, məhkəmənin qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanmışdır. Bundan sonra icraatın təzələnməsi və məhkəmə iclasının keçirilməsi ilə bağlı məhkəmə tərəfindən ona heç bir məlumat verilməmişdir. Məhkəmənin istinad etdiyi “sənədlər elektron məhkəmə sistemində yaradılmış şəxsi kabinetə yerləşdirilib” mövqeyi ilə bağlı isə, “müddətin bərpasına dair” ərizədə qeyd edilən arqumentlərə məhkəmə öz qərardadında heç bir hüquqi qiymət verməmişdir. Halbuki, vəsatətdə də qeyd etmişdir ki, “fiziki şəxs olaraq elektron məhkəmə sistemində yaradılmış şəxsi kabinetini mütəmadi olaraq nəzarətdə saxlaya bilmədiyi üçün, qətnamənin kabinetə yerləşdirilməsindən məlumatsız olmuşdur. Şamaxı rayonunun 1-ci Çaylı kəndində yaşayır və kənd təsərrüfatı ilə məşğul olur. İnternetə çıxışı və kompüteri, ümimiyyətlə, müasir texnologiyanın idarə olunması bacarığı yoxdur. Qətnamə kağız daşıyıcıda yaşadığı ünvana göndərilsəydi, qətnamədən dərhal şikayət verərdi. Çünki, apellyasiya şikayətində də göstərdiyi kimi, iddianın heç bir əsası yoxdur və ona qarşı edilmiş böhtandır. İddiaçının məhkəməyə təqdim etdiyi sənədlər saxtadır. Bunu iş üzrə keçirilmiş hazırlıq iclaslarında iştirak edən nümayəndə də bildirib. Müasir texnologiyaların əlçatan olmaması və elektron məhkəmə sistemində yaradılmış şəxsi kabineti məhz bu səbəbdən nəzarətdə saxlaya bilməməsi, məhkəmə müdafiəsindən istifadə hüququnun məhdudlaşdırılması ilə nəticələnməməlidir”. Məhkəmə öz qərardadında İnsanHüquqları üzrə Avropa Məhkəməsinin qərarına istinad etsə də, həmin qərarın hazırki işə aidiyyatını qərardadda əsaslandırmamışdır. Halbuki, qeyd edilən qərarın mahiyyəti yalnız “qəti” olan məhkəmə qərarlarından formal şikayətlərin verilməsinin məqsədəuyğun olmadığı barədədir. Halbuki, Sumqayıt Kommersiya Məhkəməsinin qəbul etdiyi qətnamələr qəti deyil və qətnamədən tərəflərin şikayət vermək hüquqları nəzərdə tutulub. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qeyd edilən qərarı, ən yaxşı halda Azərbaycan Respublikası Ali Məhkəməsinin qəbul etdiyi qərarlardan verilmiş şikayətlərə baxılarkən tətbiq edilə və müzakirə mövzusu ola bilər. Məhkəmənin öz qərardadında İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin həmin qərarına istinad etməsi, məhkəmə müdafiəsindən istifadə hüququnun məhdudlaşdırılmasına xidmət etməkdən başqa bir şey deyil. Sumqayıt Kommersiya Məhkəməsinin 14 fevral 2023-cü il tarixli e-2-2(119)- 836/2022 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi və iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. (hakim Zülfüqar Sadiqov) Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını və şikayəti araşdıraraq hesab edir ki, Cavabdeh şikayəti təmin edilməli, Sumqayıt Kommersiya Məhkəməsinin 02 fevral 2023-cü il tarixli e-2-2(119)-836/2022 nömrəli qərardadı və şikayətin təmin edilməyib baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə məhkəmənin 14 fevral 2023-cü il tarixli e-2-2(119)-836/2022 nömrəli qərardadı ləğv edilməli, Cavabdeh ərizəsi təmin edilməli, Sumqayıt Kommersiya Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli e-2- 2(119)-836/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin Cavabdeh tərəfindən buraxılması üzürlü sayılaraq prosessual müddət bərpa edilməlidir. İş materiallarından görünür ki, Sumqayıt Kommersiya Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli e-2-2(119)-836/2022 nömrəli qətnaməsi 14 noyabr 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə daxil edilərək imzalanmış və qətnamə 14 noyabr 2022-ci ildə Cavabdeh məxsus şəxsi elektron kabinetə və eyni zamanda onun nümayəndəsi Nümayəndə2 məxsus şəxsi elektron kabinetə yerləşdirilmiş, cavabdeh tərəfindən isə 24 yanvar 2023-cü il tarixdə apellyasiya şikayəti verilmişdir. Kollegiya qeyd edir ki, hazırkı iş üzrə müddətin bərpa edilməməsi işin halları nəzərə alınmaqla Cavabdeh Azərbaycan Respublikasının Konstitutsiyasının 60-cı maddəsi və Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsi ilə təminat verilən məhkəmə müdafiəsi hüququnun pozulması, məhkəmə əlçatanlığının formal əsaslarla məhdudlaşdırılması ilə nəticələnə bilər. Avropa İnsan Hüquqları Məhkəməsi “Sovtransavto Holdinq”in Ukraynaya qarşı şikayəti üzrə xx.xx.2002-ci il tarixli qərarında şikayətin qanunda nəzərdə tutulmuş müəyyən formallıqlara riayət edilmədiyinə görə qəbul edilməsindən imtina olunmasını “artıq formalizm” kimi qiymətləndirmişdir. Həmin qərarda qeyd edilmişdir ki, şikayətin qanunda nəzərdə tutulmuş müəyyən formallıqlara riayət edilmədiyinə görə qəbul edilməsindən imtina olunması ərizəçinin daxili müdafiə vasitələrini tükətməyə xidmət edir, Qanunda nəzərdə tutulmuş müəyyən formallıqlar avtomatik tətbiq olunmamalı, mütləq xarakter daşımamalıdır və hər bir konkret işdə onun halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 71-cı maddəsinin İİ bəndinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 398-ci maddəsinə əsasən аpellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək, qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 395- 396, 397.2, 398-400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraalır: Cavabdeh şikayəti təmin edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin 02 fevral 2023-cü il tarixli e-2-2(119)- 836/2022 nömrəli qərardadı və şikayətin təmin edilməyib baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə məhkəmənin 14 fevral 2023-cü il tarixli e-2- 2(119)-836/2022 nömrəli qərardadı ləğv edilsin. Cavabdeh ərizəsi təmin edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli e-2-2(119)- 836/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin Cavabdeh tərəfindən buraxılması üzürlü sayılaraq prosessual müddət bərpa edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(105)-53/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-53/2023
06.03.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver