Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-55/2021 21.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, hakimlər Rəhimov Elman Gülbaba oğlu və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Sumqayıt Bələdiyyəsinin Cavabdeh-yə qarşı 25 may 2007-ci il tarixli, 431 və 432 saylı torpaq icarə müqavilələrinin ləğv edilməsi, torpaq sahələrinin Sumqayıt Bələdiyyəsinin ehtiyat torpaq fonduna qaytarılması və icarə haqqı borcunun tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iş üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 28 oktyabr 2016-cı il tarixli, 2-2(85)1576/2016 saylı qətnaməsindən “2007-ci il 25 may tarixli 431 və 432 saylı torpaq icarə müqavilələrinin ləğv olunması, qeyd olunan torpaq sahələrinin Sumqayıt Bələdiyyəsinin ehtiyat torpaq fonduna qaytarılması hissəsində” cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 12 noyabr 2019-cu il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ Sumqayıt Bələdiyyəsinin (bundan sonra – “Bələdiyyə”) 2006-cı il 4 aprel tarixli 12 saylı iclas protokolunun (bundan sonra – “12 saylı protokol”) qərarından görünmüşdür ki, “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra – “MMC”) Bakı-Quba avtomobil yolunun 28-ci kilometrliyində kənd təsərrüfatı məhsullarının istehsalı və baza yaradılması məqsədi ilə icarə hüququ əsasında 1 hektar torpaq sahəsi ayrılmışdır. Bələdiyyənin 2006-cı il 29 avqust tarixli 31 saylı iclas protokolunun (bundan sonra – “31 saylı protokol”) qərarına əsasən, Bakı-Quba avtomobil yolunun 28-ci kilometrliyində kənd təsərrüfatı məhsullarının istehsalı və satışı məqsədi ilə xxxxün perimetri boyunca 7 hektar bataqlıq sahə və perimetrin əhatə etdiyi xxxxün 13 hektar sahəsi əlavə olaraq MMC-yə eyni hüquq əsasında ayrılmışdır. 2007-ci il 25 may tarixli 431 saylı torpaq icarəsi müqaviləsinə (bundan sonra – “431 saylı müqavilə”) əsasən, Bələdiyyə Bakı-Quba yolunun 28-ci kilometrliyində yerləşən sahəsi 200.000 m2 təşkil edən torpaq sahəsini kənd təsərrüfatı məhsullarının istehsalı və satışı məqsədilə 99 il müddətinə MMC-nin icarəsinə verməyi, MMC isə illik 32.000 manat icarə haqqı ödəməyi öz öhdələrinə götürmüşlər. 2007-ci il 25 may tarixli 432 saylı torpaq icarəsi müqaviləsindən (bundan sonra-“432 saylı müqavilə”) görünür ki, Bələdiyyə Bakı-Quba yolunun 28-ci kilometrliyində yerləşən sahəsi 10.000 m2 təşkil edən torpaq sahəsini kənd təsərrüfatı məhsullarının istehsalı və satışı məqsədilə 99 il müddətinə MMC-nin icarəsinə verməyi, MMC isə illik 1.600 manat icarə haqqı ödəməyi öz üzərlərinə götürmüşlər. 2016-cı il 8 aprel tarixli 760 saylı və 2016-cı il 27 iyul tarixli 2047 saylı xəbərdarlıq bildirişlərdən (bundan sonra – “xxxx”) görünür ki, Bələdiyyə tərəfindən MMC-yə 431 və 432 saylı müqavilələrin ləğv edilməsi təklif edilmişdir. Bələdiyyə 2016-cı il 8 avqust tarixində MMC-yə qarşı 12 və 31 saylı protokolların qərarlarının və həmin qərarlar əsasında bağlanılmış 431 və 432 saylı torpaq icarə müqavilələrinin ləğv edilməsi, qeyd olunan torpaq sahələrinin Bələdiyyənin ehtiyat torpaq fonduna qaytarılması və MMC-dən 2016-cı ilin yanvarın 1-dən iyulun 1-dək torpaqdan istifadəyə görə yaranmış 16.800 manat icarə haqqı borcunun tutularaq Bələdiyyəyə ödənilməsi barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi məhkəməsinə müraciət etmişdir. İddia tələbi yuxarıda göstərilən hallarla əsaslandırılmış və bildirilmişdir ki, MMC-nin öz öhdəliklərini lazımi şəkildə icra etməməsi nəticəsində onun Bələdiyyəyə bu günədək 431 və 432 saylı müqavilələr üzrə ümumilikdə 308.547 manat borcu yaranmışdır. Bələdiyyə dəfələrlə MMC-yə şifahi və yazılı müraciətlər etsə də, MMC öz öhdəliklərini yerinə yetirməmişdir. Bələdiyyənin müvafiq bələdiyyə qərarlarının və icarə müqavilələrinin ləğv edilməsi, torpaq sahəsinin bələdiyyənin ehtiyat torpaq fonduna qaytarılması və icarə haqqı üzrə yaranmış borcun ödənilməsinə dair müvafiq iddia ərizəsi üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2015-ci il 23 noyabr tarixli 2-2(85)-1827/2015 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehin torpaqdan istifadəyə görə yaranmış 153.581,52 manat icarə haqqı borcunun MMC-dən tutularaq Bələdiyyəyə ödənilməsi qət olunmuşdur. Məhkəmə iddia tələbini bələdiyyə qərarlarının və torpaq icarə müqavilələrinin ləğv edilməsi hissəsində rədd edərkən Bələdiyyənin Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 423.2-ci maddəsinin tələblərinə əməl etmədiyinə istinad etmişdir. Lakin məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə baxmayaraq, MMC tərəfindən bugünədək nə yaranmış borc üzrə hər hansı ödəniş edilmiş, nə də 2016-cı ilin iyul ayının 1-dək yaranmış icarə haqqı borcu üzrə ödənişlər həyata keçirilmişdir. Bu səbəbdən yaranmış mübahisənin məhkəməyəqədər pretenziya qaydasında nizama salınması məqsədilə, habelə torpaq icarə müqavilələrinin ləğvini təmin etmək üçün Bələdiyyə tərəfindən 760 saylı bildiriş məktubu ilə MMC-yə müraciət edilərək, borc məbləğinin ödənilməyəcəyi təqdirdə torpaq icarə müqaviləsinin ləğvi təklif olunmuş, əks təqdirdə qanuna müvafiq tədbirlərin görüləcəyi bildirilmişdir. Bundan sonra MMC-nin borcu ödəyəcəyinə təminat verməsindən sonra bir daha möhlət verilərək borcun ödənilməsinə şərait yaradılmışdır. Təəssüf ki, MMC müvafiq ödənişləri həyata keçirmədən, torpaq sahələrindən qanunsuz olaraq istifadə etməkdə davam edir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2016-cı il 28 oktyabr tarixli 2-2(85)- 1576/2016 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, 12 və 31 saylı protokolların qərarları və həmin qərarlar əsasında bağlanılmış 431 və 432 saylı torpaq icarə müqavilələrinin ləğv edilməsi, qeyd olunan torpaq sahələrinin Bələdiyyənin ehtiyat torpaq fonduna qaytarılması, MMC-dən 2016-cı ilin yanvarın 1-dən iyulun 1-dək torpaqdan istifadəyə görə yaranmış 16.800 manat icarə haqqı borcunun tutularaq Bələdiyyəyə ödənilməsi və MMC-dən dövlət büdcəsinin nəfinə 30 manat məbləğində dövlət rüsumunun tutulması qət edilmişdir (hakim – Z.Pirverdiyev). Birinci instansiya məhkəməsi hesab etmişdir ki, 431 və 432 saylı torpaq icarə müqavilələrinə əsasən yaranmış 16.800 manat borcun tələb olunması əsaslıdır. Məhkəmə iddia tələbinin qərarların, icarə müqavilələrinin ləğv edilməsi və torpaq sahəsinin qaytarılması hissələrinə münasibətdə qeyd etmişdir ki, Bələdiyyə MM-in 432.2-ci maddəsində göstərilən tələblərə uyğun olaraq müqavilələrin ləğv edilməsi ilə bağlı MMCyə təklif etmiş, lakin MMC tərəfindən bu barədə Bələdiyyəyə hər hansı cavab verilməmiş, icarə haqqı üzürlü səbəb olmadan 1 ildən artıq ödənilməmişdir. Bu xüsusatlar 431 və 432 saylı müqavilələrin və onların bağlanmasına əsas olmuş qərarların ləğv edilməsinə əsas verir. 13. Məhkəmə bu qənaətini MM-in 421.1, 421.2, 423.2, 677.1.4, 685.1, 686, 700.1, 710.1, 710.3, 719.7-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 80, 217.3, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (bundan sonra – “TM”) 73-cü maddəsinin 1-i bəndinə, 73-cü maddəsinin 3-cü bəndinə, “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci bəndinə istinad etməklə əsaslandırmışdır. MMC-nin nümayəndəsi 2017-ci il 23 fevral tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2017-ci il 18 aprel tarixli 2-2(105)-30/2017 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2016-cı il 28 oktyabr tarixli 2-2(85)-1576/2016 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır (sədrlik edən – N.Nəsibov, hakimlər – A.Nuriyeva və X.Cəmilova). Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsini birinci instansiya məhkəməsinin istinad etdiyi qanunvericilik aktları ilə əsaslandırmış, onun gəldiyi nəticələrlə razılaşmışdır. Həmin qətnamədən MMC 2019-cu il 10 dekabr tarixində kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilərək işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 4 mart tarixli 2-2(102)-62/2020 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2017-ci il 18 aprel tarixli 2-2(105)- 30/2017 saylı qətnaməsi ləğv edilmiş, 12 və 31 saylı protokolları qərarlarının ləğv edilməsi hissəsində işin icraatına xitam verilmiş, digər hissədə isə iş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir (sədrlik edən – İ.Dadaşov, hakimlər – A.Hüseynov və R.Nəbizadə). Sumqayıt Apelyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2020-ci il 24 avqust tarixli 2-2(105)-69/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2016-cı il 28 oktyabr tarixli 2-2-(85)-1576/2016 saylı qətnaməsi 431 və 432 saylı müqavilələrin ləğv edilməsi, qeyd olunan torpaq sahələrinin Bələdiyyənin ehtiyat torpaq fonduna qaytarılması və MMC-dən 2016-cı ilin yanvarın 1-dən iyulun 1-dək torpaqdan istifadəyə görə yaranmış 16.800 manat icarə haqqı borcunun tutularaq Bələdiyyəyə ödənilməsi hissədə dəyişdirilmədən saxlanılmış, MMC tərəfindən ödənilmiş 15 manat məbləğində dövlət rüsumu onun özünə aid edilmişdir (sədrlik edən – Z.Məmmədov, hakimlər – F.Məmmədov və S.Qafari). Həmin qətnamədən 2020-ci il 23 oktyabr tarixində MMC kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)- 33/2021, 02 fevral 2021-ci il tarixli saylı qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, qətnamənin Sumqayıt Bələdiyyəsinin 2007-ci il 25 may tarixli 431 və 432 saylı torpaq icarə müqavilələrinin ləğv olunması, qeyd olunan torpaq sahələrinin Sumqayıt Bələdiyyəsinin ehtiyat torpaq fonduna qaytarılması hissəsində ləğv edilməsi və həmin hissədə işə yenidən baxılması üçün işin apelyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır. (hakim B.Məmmədli) APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Sumqayıt İnzibati İqtisadi Məhkəməsinin 23 noyabr 2015-ci il tarixli, 2-2(85)- 1827/2015 saylı qətnaməsi ilə iddiaçının iddia tələbi qismən təmin edilmiş, cavabdehin torpaqdan istifadəyə görə yaranmış 153.581.52 manat icarə haqqı borcunun cavabdehdən tutularaq bələdiyyəyə ödənilməsi qət edilmişdir. Lakin məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olduğuna istina edilsə də həmin məhkəmə qərarının olması barədə cavabdehə məlumat verilməmiş və həmçinin də onun icra olunması üçün icra şöbəsinə göndərilməsindən də xəbərsiz olmuşdur. Müvafıq olaraq cavabdeh hazırkı qətnamədən şikayət veridikdən sonra yuxarıda qeyd edilən qətnamənin də ləğv edilməsi üçün məhkəməyə müraciət edəcəkdir. Belə ki, həmin iş üzrə iclaslarda iştirak etsə də qətnamə ona göndərilməmiş və rəsmi təqdim olunmamışdır. Həmçinin qeyd etmişdir ki, məhkəmənin hər hansı bildirişi onlara göndərilməmişdir. Belə olan halda qətnamə ləğv edilməlidir. Halbuki qanunun tələbinə görə məhkəmə istənilən halda tərəflərin məhkəmədə çəkişmə prinsipinin, bərabərlik hüquqlarının təmin edilməsi məqsədi ilə onların məhkəmədə iştirakını təmin etməlidir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, heç bir məlumat vermədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq, hazırki işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını və iş üzrə qərardad qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏ Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq, tərəflərin dinlənilmə hüququnu təmin edərək və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi- 2007-ci il 25 may tarixli 431 və 432 saylı torpaq icarə müqavilələrinin ləğv olunması, qeyd olunan torpaq sahələrinin Sumqayıt Bələdiyyəsinin ehtiyat torpaq fonduna qaytarılması hissəsində ləğv edilməli, həmin hissədə iddia ərizəsi ərizə baxılmamış saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə müdafiəsi hüququ məhkəmə icraatının bütün növləri, o cümlədən də mülki məhkəmə icraatı çərçivəçində həyata keçirilir. MPM-in 4.1-ci maddəsindən görünür ki, hüquq və azadlıqların, habelə qanuni maraqların müdafiəsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. Bu qayda mülki prosessual qanunvericiliklə müəyyən edilən mülki məhkəmə icraatının qaydalarıdır. Qanunvericilik belə qaydaları müəyyən etməklə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsinin mexanizmini göstərir. Bunlar elə qaydalardır ki, məhkəmə müdafiəsi hüququnun onlardan kənarda realizə edilməsi mümkün deyildir və bu hüququn subyekti öz hüquq və azadlığının, eləcə də qanuni mənafelərinin həmin üsulla müdafiəsi istiqamətində fəaliyyət zamanı mütləq bu qaydaların tələblərinə əməl etməlidir. Pretenziya qaydasına riayət olunması mübahisələrin məhkəməyə çıxarılmadan tərəflər arasında qarşılıqlı razılıq əsasında həll olunmasına imkan yaradır. Azərbaycan Respublikası MPM-in 4.3-cü maddəsinə əsasən, məhkəməyə müraciət hüququnun realizə edilməsi üçün pretenziya qaydasına riayət olunması iki halda məcburidir: 1) müəyyən kateqoriya işlər üçün qanunla nəzərdə tutulduqda; 2) tərəflər arasındakı müqavilə ilə nəzərdə tutulduqda. Hazırda qüvvədə olan bir sıra qanunvericilik aktlarında müxtəlif kateqoriyadan olan mübahisələr üçün onların pretenziya qaydasında nizama salınması nəzərdə tutulur. Hazırki işdə iddiaçı icarə müqavilələrinin ləğv edilməsini xahiş etmişdir. Həmin icarə müqavilələrində məhkəməyə müraciət hüququnun realizə edilməsi üçün pretenziya qaydası nəzərdə tutulmuşdur.( icarə müqavilələrinin 6.1-ci bəndi). Cavabdehlə mübahisənin məhkəməyəqədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənədin iddia ərizəsinə əlavə olunması bu qaydanın müqavilə ilə və ya həmin kateqoriyadan olan mübahisələr üçün qanunda nəzərdə tutulduğu hallarda məcburidir (MPM-in 150.0.7-ci maddəsi). Bu qaydaya riayət edilmədikdə iddia ərizəsi MPM-in 152.1.6-cı maddəsinə uyğun olaraq qaytarılır. MPM-in 150.0.7-ci maddəsinin tələbinin pozulması faktı iddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra aşkar edildikdə, bu, pretenziya qaydasının tətbiqi imkanının itirilibitirilməməsindən asılı olaraq iddia ərizəsinin baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün əsasdır (MPM-in 259.0.1 və 261.0.9-cu maddələri). İş materiallarından görünür ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2015-ci il 23 noyabr tarixli 2-2(85)-1827/2015 saylı qətnaməsi ilə Bələdiyyənin MMC-yə qarşı irəli sürdüyü iddia MM-in 423.2-ci maddəsinə istinadən bələdiyyə tərəfindən müqavilələrin ləğvinə dair pretenziya qaydasına əməl olunmadığından məlum icarə müqavilələrinin ləğv edilməsi hissəsində təmin edilməmişdir. Bununla əlaqədar bələdiyyə sonradan hazırkı iş üzrə eyni tələblə məhkəməyə müraciət etmiş və pretenziya qaydasına əməl etməsinə dair iki xəbərdarlıq-bildiriş məktubu təqdim etmişdir. Məhkəmə kollegiyası aşağıdakı səbəblərdən hesab edir ki, iddiaçı tərəfindən qanunvericiliklə müəyyən edilmi qaydada pretenziya qaydasına riayət edilməmişdir. Mülki Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. İş materiallarından görünür ki, 2047 saylı xəbərdarlıq məktubunun tarixi kimi həmin sənədin üzərində “27.07.2016” göstərilmişdir. Halbuki iddia ərizəsinin tarixi həmin ərizənin üzərində “12 iyul 2016” göstərilmişdir və ərizə məhkəməyə 2016-cı ilin 8 avqust tarixində daxil olmuşdur. Bu da bildirişi istənilən halda hüquqi baxımdan əhəmiyyətsiz edir. Belə ki, yuxarıda qeyd edildiyi kimi, MM-in 423.2-ci maddəsinin tələbinə görə, bildiriş iddiadan ən azı otuz gün əvvəl verilə bilərdi (çünki bildirişin özündə digər müddət nəzərdə tutulmamışdır). 2016-ci il 8 aprel tarixli 760 saylı xəbərdarlıq-bildiriş məktubunun üzərində əlyazısı ilə “Məktubun əslini götürdüm. 08.04.2016-cı il. Qarayeva S.B” qeyd olunmuş və bu tarixin qarşısında imza edilmişdir. Lakin işin materiallarından S.B.Qarayevanın kim olması, MMCyə hər hansı aidiyyətinin olub-olmaması, o cümlədən MMC-də hansı vəzifə tutması, çəkilmiş imzanın ona məxsus olması görünmür. Digər tərəfdən üzərində göndərildiyi ünvan qeyd edilməyən bu xəbərdarlıq məktublarının həqiqətən MMC-yə göndərilməsi və ya təqdim edilməsi də işin materialları ilə təsdiq olunmur. Nəzərə alsaq ki, iddia ərizəsi hazırda MMC-nin rəsmi qeydiyyata olduğu deyil, başqa ünvana göndərilmişdir (iddia ərizəsində və iş üzrə təqdim olunmuş digər sənədlərin üzərində məhz həmin yanlış ünvan göstərilmişdir), onda güman etmək olar ki, hətta xəbərdarlıq məktubları həqiqətən göndərilmişdirsə də belə, onlar MMC-nin həqiqi ünvanına deyil, yanlış ünvana göndərilmiş, deməli MMC istənilən halda bu məktubları rəsmi qaydada almamışdır. Eyni zamanda kollegiya qeyd edir ki, tərəflər arasında bağlanmış torpaq icarəsi müqavilələrinin 6.1-ci bəndinə əsasən, tərəflərdən hər hansı biri müqavilədə göstərilmiş öhdəlikləri pozduqda o biri tərəfə rəsmi olaraq qaydaları pozmuş tərəfə faktiki hallar barədə məlumat verir. Pozulmuş qaydalar 60 gün müddətində düzəlməzə, mövcud qanunlar əsasında müvafiq orqanlar və ya məhkəmə qarşısında iddia qaldırır. Düzəldilməsi mümkün olan qayda pozğunluğu, müqavilənin pozulmasına əsas vermir. Mülki Məcəllənin 719.7-ci maddəsinə əsasən, bu Məcəllənin 677.1.4, 685.1 və 686-cı maddələrində nəzərdə tutulmuş hallarda xəbərdarlıq müddətləri gözlənilmədən müqavilənin ləğv edilməsinə yol verilir. İcarəçi icarə haqqını və ya onun mühüm hissəsini ödəməyi üç aydan çox gecikdirdikdə də, icarəyə verən müqaviləni dərhal ləğv edə bilər. Əgər icarə haqqı bir ildən az müddət üçün tutulursa, müqavilənin ləğvinə yalnız icarəçinin iki ardıcıl müddət üçün icarə haqqını və ya onun mühüm hissəsini ödəmədiyi halda yol verilir. Əgər həmin müddət çatanadək icarəyə verən təmin edilərsə, müqavilənin ləğvi istisna olunur. Əgər icarəçi borcu qarşılıqlı əvəzləşdirmə çərçivəsində ödəyərək ondan azad olursa və ləğvetməyə dair bildirişdən dərhal sonra bu barədə məlumat verirsə, ləğvetmənin qüvvəsi yoxdur. Qeyd etmək lazımdır ki, bilavasitə torpaq icarəsi müqaviləsinin ləğvi qaydasını tənzimləyən 719.7-ci maddəsi ümumiyyətlə torpaq icarəsi müqaviləsinin xəbərdarlıq müddətləri gözlənilmədən (pretenziya qaydasına əməl etmədən) ləğvi imkanını nəzərdə tutsa da, bu maddə dispozitiv olduğundan hazırkı iş üzrə 60 günlük pretenziya müddətini nəzərdə tutan icarə müqavilələrinin 6.1-ci bəndinin tətbiqi istisna olunmur. Birinci instansiyası məhkəməsi mübahisələndirilən müqavilələrin qeyd edilən şərtinə iddiaçı tərəfindən əməl-edilib edilməməsinə hüquqi qiymət verməmişdir və iş materiallarında iddiaçının müqavilələrin bu şərtinə əməl etməsinə dair heç bir sübut yoxdur. Azərbaycan Respublikası MPM-nin 150.0.7-ci maddəsinə əsasən iddia ərizəsinə müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mabhisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd əlavə edilir. Həmin Məcəllənin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı işin qabaqcadan məhkəmədən kənar (pretenziya) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlamalıdır. Azərbaycan Respublikası MPM-nin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, 2007-ci il 25 may tarixli 431 və 432 saylı torpaq icarə müqavilələrinin ləğv olunması, qeyd olunan torpaq sahələrinin Sumqayıt Bələdiyyəsinin ehtiyat torpaq fonduna qaytarılması hissəsində ləğv edilməli, bu hissədə iddia baxılmamış saxlanılmalıdır. İddianın baxılmamış saxlanması üçün səbəb olan hallar aradan qaldırıldıqdan sonra iddiaçının qanunvericilikdə müəyyən olunmuş qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 260.0.4, 384.0.4, 391, 400 və 402-ci maddələrini rəhbər tuttaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 28 oktyabr 2016-cı il tarixli, 2- 2(85)1576/2016 saylı qətnaməsi-2007-ci il 25 may tarixli 431 və 432 saylı torpaq icarə müqavilələrinin ləğv olunması, qeyd olunan torpaq sahələrinin Sumqayıt Bələdiyyəsinin ehtiyat torpaq fonduna qaytarılması hissəsində ləğv edilsin. Bu hissədə iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(105)-55/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-55/2021
21.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver