Məhkəmə qərarları › İş №2-2(105)-59/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-59/2023

17.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-59/2023 17.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və X5 oğlundan ibarət tərkibdə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, X1 və “X6.Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın girov predmetinə yönəldilməsi” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 08 fevral 2023-cü il tarixli, 2-2(119)-66/2023 nömrəli qərardadından iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1, X1 və “X6.Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın girov predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, X2 və “X6.Azerbaijan” MMC-dən müştərək qaydada, xx.xx.2015-ci il tarixli 2000/15 nömrəli kredit müqaviləsinə əsasən ödənilməmiş 282.900 ABŞ dolları əsas, 31.520,07 ABŞ dolları faiz, 72.209,93 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik beş faiz üzrə 68.010,99 ABŞ dolları borc olmaqla, cəmi 454.640,99 ABŞ dolları və xx.xx.2015-ci il tarixli 1992/15 nömrəli kredit müqaviləsinə əsasən ödənilməmiş 100.000 ABŞ dolları əsas, 11.000 ABŞ dolları faiz, 28.066,67 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik beş faiz üzrə 24.251,94 ABŞ dolları borc olmaqla, cəmi 163.318,61 ABŞ dolları məbləğində kredit borcunun və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması, tutmanın girov predmetinə yönəldilməsi, həmin malların açıq hərracdan satılması və satışdan əldə olunmuş vəsait hesabına borcun ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə “X6.Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2015-ci il tarixli 2000/15 nömrəli Təminatlı Kredit müqaviləsinə əsasən sonuncuya 12 ay müddətinə illik 12% dərəcəsi ilə 282.900 ABŞ dolları məbləğində kredit verilmişdir. Eyni tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1992/15 nömrəli təminatlı kredit müqaviləsinə əsasən sonuncuya 12 ay müddətinə illik 12% dərəcəsi ilə 100000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu olaraq İddiaçı ASC ilə “X6.Azerbaijan” MMC arasında xx.xx.2015-ci il tarixli 2000/15 nömrəli və xx.xx.2015-ci il tarixli 1992/15 nömrəli girov müqavilələri bağlanmış və həmin girov müqavilələrinə Əlavə 1-də qeyd olunan mallar “X6.Azerbaijan” MMC tərəfindən girov qoyulmuşdur. Eyni zamanda sözügedən kredit müqavilələri üzrə öhdəliklərin təminatı qismində X2 ilə xx.xx.2015-ci il tarixli 2000/15 nömrəli və xx.xx.2015-ci il tarixli 1992/15 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Zamin bank qarşısında olan öhdəliklərinin yerinə yetirməməsi ilə əlaqədar faizlərin, cərimələrin məhkəmə xərclərin və digər xərclərin ödənilməsi də daxil olmaqla bütün ödənişlərə görə məsuliyyəti öz üzərinə götürmüşdür. Daha sonra “X6.Azerbaijan” MMC ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixli “Öhdəçilik müqaviləsi” bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən “X6.Azerbaijan” MMC-nin İddiaçı ASC qarşısında olan bütün kredit müqavilələri üzrə öhdəlikləri Cavabdeh1 ötürülmüş və həmin müqavilənin şərtləri İddiaçı ASC tərəfindən də təsdiq edilmişdir. Göründüyü kimi, “X6.Azerbaijan” MMC tərəfindən kredit müqaviləsi üzrə borclu qismində ona məxsus öhdəliklər Cavabdeh1 ötürülmüş və xx.xx.2015-ci il tarixli 2000/15 nömrəli və xx.xx.2015-ci il tarixli 1992/15 nömrəli girov və zaminlik müqavilələrinin şərtləri olduğu kimi qüvvədə qalmışdır. Kredit müqaviləsinə əsasən borcalan bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsinə əsasən borc alan tərəfindən müqavilə ilə müəyyən olunmuş məbləğ və ona hesablanmış faizlər hər ayın müvafiq günü tam şəkildə ödənilməlidir. Eyni zamanda kredit müqaviləsinə görə borc alan üzərinə düşən öhdəlikləri icra etmədikdə kreditin, kredit üzrə hesablanmış faizlərin və gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün faizlər də hesablanmaqla ümumi məbləğin müvafiq məbləğində dəbbə pulu ödəməlidir. Bundan başqa zaminlik müqaviləsində göstərilmişdir ki, əgər borcalan kredit müqaviləsinin şərtlərinə əsasən krediti və onun faizlərini vaxtında ödəməzsə, zamin bankın ona göndərdiyi bildirişin alınması vaxtından müvafiq sayda gündən gec olmamaq şərti ilə borcalanın bütün borclarının ödənilməsinə zamin olur. Kredit müqaviləsinin müvafiq bəndlərinə əsasən borcalan kreditdən istifadəyə görə əsas və faiz borcu üzrə banka hər ay ödəniş etmək barədə öhdəlik götürməsinə baxmayaraq, o, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə dəfələrlə şifahi müraciət edilməsinə və xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq kredit borcunun banka qaytarılması təmin edilməmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(027)-162/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(105)-1775/2022 nömrəli qərardadı ilə Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(027)-162/2022 nömrəli qətnaməsi ləğv edilmiş və iddia ərizəsi mahiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 08 fevral 2023-cü il tarixli, 2-2(119)-66/2023 nömrəli qərardadı ilə iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, X1 və “X6.Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın girov predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair 2- 2(119)-66/2023 nömrəli kommersiya işi üzrə icraata xitam verilmişdir (hakim Həlimə Alıyeva). Qərardaddan narazı olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verərək Sumqayıt Kommersiya Məhkəməsinin 08 fevral 2023-cü il tarixli, 2-2(119)-66/2023 nömrəli qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hazırki işdən görünür ki, bankın iddiası üzrə icraata xitam verən Sumqayıt Kommersiya Məhkəməsinin hakimi öz qərardadını eyni tərəflər arasında, eyni predmetə dair və eyni əsaslar üzrə qanuni qüvvədə olan məhkəmə qətnaməsinin mövcud olması ilə əsaslandırmış və icraata xitam vermişdir. Halbuki, Mülki Prosessual hüquq normasının düzgün təfsir və tətbiq edilmədiyini, iddia tələbi üzrə icraata əsassız xitam verildiyini, əvvəllər baxışın predmeti olmuş iddianın hazırki iddiadan predmeti və əsasına görə fərqləndiyini, lakin buna baxmayaraq məhkəmənin eyni tərəflər arasında, eyni predmetə dair və eyni əsaslar üzrə qanuni qüvvədə olan məhkəmə qətnaməsinin mövcud olmasına əsaslanaraq iş üzrə icraata xitam vermişdir. Məhkəmə nəzərə almamışdır ki, Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)-367/2020 nömrəli qətnaməsi ilə bankın iddiası kredit və təminat müqavilələri məhkəməyə təqdim edilmədiyinə görə təmin edilməmişdir. Əvvəlki icraat zamanı faktiki əsas olan kredit müqaviləsinə qiymət verilməmişdir. Belə ki, iddianın əsası onun faktiki və hüquqi əsaslarından ibarətdir. İddianın faktiki əsası dedikdə - iddiaçının cavabdehə qarşı olan tələbini əsaslandırdığı hüquqi faktlar başa düşülür. İddia ərizəsində iddiaçının öz tələblərini əsaslandırdığı hallar hüquqi faktlar olmaqla tərəflər arasındakı mübahisəli hüquq münasibətlərinin yaranmasının, dəyişməsinin və xitamının əsası kimi çıxış edir. İddianın hüquqi əsası dedikdə iddiaçının cavabdehə qarşı tələbinin hüquqi cəhətdən əsaslandırılması (hüquqi tövsif) başa düşülür. Hər bir halda iddiaçının cavabdehə qarşı tələbi konkret hüquq münasibətlərindən irəli gəlir və bu münasibətlər də normativ-hüquqi aktlarla tənzimlənir. Həmçinin nəzərə alınmalıdır ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş istənilən halların deyil, məhz araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Hər hansı mülki iş üzrə məhkəmənin hüquqi dəyərləndirməsi və gəldiyi hüquqi nəticə, ifadə etdiyi hüquqi mövqe iş üzrə müəyyən edilmiş faktlar hesab edilmədiyindən eyni tərəflərin iştirak etdiyi başqa mülki iş üzrə preyudisial əhəmiyyət daşımır. Bildirmək istəyirlər ki, qanunvericiliyin tələblərinə görə eyni tərəflər arasında, eyni predmetə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin mövcud olması başqa əsasla məhkəməyə təkrar müraciət etmək imkanını istisna etmir. Belə ki, ilk dəfə Quba Rayon Məhkəməsində işə baxılarkən bankdan asılı olmayan səbəblərdən kredit müqavilələri təqdim edilmədiyi üçün iddia tələbləri təmin olunmamışdır. Buna əsəs kimi bildirmək istəyirlər ki, Cavabdeh1 istər Quba Rayon Məhkəməsində keçirilən iclaslarda, istərsə də Sumqayıt Kommersiya Məhkəməsində keçirilən iclaslarda çıxışı zamanı bildirmişdir ki, əvvəllər dostluq münasibətində olduğu İddiaçı ASC-nin keçmiş rəhbərliyində təmsil olunan şəxs tərəfindən bank bağlanan zaman sözügedən kredit müqavilələrinin götürüldüyünü bildirmiş və buna görə də həmin şəxsin ona narahat olmamağı tövsiyyə etdiyini bildirmişdir. Bu səbəbdən kredit müqavilələri məhkəməyə təqdim oluna bilməmişdir. Halbuki, kredit müqaviləsi İddiaçı ASC ilə “X6.Azerbaijan” MMC arasında bağlandığından və həmin kredit üzrə öhdəlik “öhdəçilik müqaviləsi” əsasında Cavabdeh1 ötürüldüyündən ona münasibətdə kredit müqavilələrinin məhkəmə tərəfindən tələb olunması qanunsuz və əsassız hesab olunmalı idi. Bundan əlavə, Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)-367/2020 nömrəli qətnaməsindən Sumqayıt Apellyasiya Məhkəməsində bankın apellyasiya şikayəti verməsi üçün müddət bərpa ərizəsinin təmin olunmaması qərardadından verilmiş şikayət üzrə işə baxan tərkib tərəfindən kredit müqavilələrinin tapıldığı zaman yeni maddi əsas yarandığı üçün yenidən məhkəməyə müraciət etmək hüquqlarının olduğu bildirilmişdir. Həmin tərkibin tövsiyyəsini və qanunvericiliyin yaratdığı imkanları nəzərə alaraq kredit müqavilələri aşkar edildiyi üçün Bank tərəfindən yenidən məhkəməyə müraciət olunmuşdur. Sumqayıt Kommersiya Məhkəməsi bu iş üzrə daha əvvəl məhkəmə qətnaməsi olduğuna görə iddia tələbi üzrə icraata xitam verərək yanlış nəticəyə gəlmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 24 fevral 2023-cü il tarixli, 2-2(119)-66/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, Sumqayıt Kommersiya Məhkəməsinin 08 fevral 2023-cü il tarixli, 2-2(119)-66/2023 nömrəli qərardadından İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Həlimə Alıyeva). Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1, X1 və “X6.Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın girov predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə 2019-cu ilin noyabr ayında Quba Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, X2 və “X6.Azerbaijan” MMC-dən müştərək qaydada, xx.xx.2015-ci il tarixli 2000/15 nömrəli kredit müqaviləsinə əsasən ödənilməmiş 282.900 ABŞ dolları əsas, 31.520,07 ABŞ dolları faiz, 72.209,93 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik beş faiz üzrə 40.390,12 ABŞ dolları borc olmaqla, cəmi 427.020,12 ABŞ dolları və xx.xx.2015-ci il tarixli 1992/15 nömrəli kredit müqaviləsinə əsasən ödənilməmiş 100.000 ABŞ dolları əsas, 11.000 ABŞ dolları faiz, 28.066,67 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik beş faiz üzrə 14.487,27 ABŞ dolları borc olmaqla, cəmi 153.553,94 ABŞ dolları məbləğində kredit borcunun və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması, tutmanın girov predmetinə yönəldilməsi, həmin malların açıq hərracdan satılması və satışdan əldə olunmuş vəsait hesabına ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Quba Rayon Məhkəməsinin 12 fevral 2020-ci il tarixli 2(027)-367/2020 nömrəli qətnaməsi ilə iddia təmin olunmamış, Quba rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(027)-367/2020 nömrəli qərardadı ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Quba Rayon Məhkəməsinin 12 fevral 2020-ci il tarixli, 2(027)-367/2020 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsi təmin edilməmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(105)-2389/2021-ci il tarixli qərardadı ilə Quba rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(027)-367/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Hazırkı iş üzrə iddia tələbi ilə bağlı eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəsini almış yekun məhkəmə qətnaməsi olduğundan iş üzrə icraata xitam vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Sumqayıt Kommersiya Məhkəməsinin 08 fevral 2023-cü il tarixli, 2- 2(119)-66/2023 nömrəli qərardadı ləğv edilməli, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, X1 və “X6.Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın girov predmetinə yönəldilməsi” tələbinə dair kommersiya işi mahiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyasında aparılmış araşdırma zamanı müəyyən edildi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə “X6.Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2015-ci il tarixli 1988/15 nömrəli, xx.xx.2015-ci il tarixli 1992/15 nömrəli, xx.xx.2015ci il tarixli 1998/15 nömrəli və xx.xx.2015-ci il tarixli 2000/15 nömrəli Təminatlı Kredit müqavilələri bağlanmış və Bank tərəfindən borcluya müxtəlif məbləğlərdə kreditlər verilmişdir. Daha sonra “X6.Azerbaijan” MMC ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixli “Öhdəçilik müqaviləsi” bağlanmış və həmin müqavilənin şərtlərinə əsasən “X6.Azerbaijan” MMC İddiaçı ASC qarşısında olan bütün kredit müqavilələri (xx.xx.2015-ci il tarixli 1988/15 nömrəli, xx.xx.2015-ci il tarixli 1992/15 nömrəli, xx.xx.2015-ci il tarixli 1998/15 nömrəli və xx.xx.2015-ci il tarixli 2000/15 nömrəli) üzrə öhdəliklərini Cavabdeh1 ötürmüş və həmin müqavilənin şərtləri İddiaçı ASC tərəfindən də təsdiq edilmişdir. Kredit müqaviləsinin müvafiq bəndlərinə əsasən borcalan kreditdən istifadəyə görə əsas və faiz borcu üzrə banka hər ay ödəniş etmək barədə öhdəlik götürməsinə baxmayaraq, o, bu öhdəlikləri lazımınca yerinə yetirmədiyindən iddiaçı xx.xx.2015-ci il tarixli 1992/15 nömrəli və xx.xx.2015-ci il tarixli 2000/15 nömrəli kredit müqavilələri üzrə borcun tutulmasına iddia tələbi ilə məhkəməyə müraciət etmiş və Quba Rayon Məhkəməsinin 12 fevral 2020-ci il tarixli, 2(027)-367/2020 nömrəli qətnaməsi ilə iddia tələbi kredit müqavilələrinin təqdim olunmaması səbəbindən rədd edilmişdir. Daha sonra iddiaçı xx.xx.2015-ci il tarixli 1988/15 nömrəli kredit müqaviləsi üzrə borc məbləğinin tutulması tələbi ilə məhkəməyə müraciət etmiş və Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)-858/2020 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Quba Rayon Məhkəməsinin 12 fevral 2020-ci il tarixli, 2(027)-367/2020 nömrəli qətnaməsi ilə xx.xx.2015-ci il tarixli “Öhdəçilik müqaviləsi”nə daxil olan xx.xx.2015-ci il tarixli 1992/15 nömrəli və xx.xx.2015-ci il tarixli 2000/15 nömrəli kredit müqavilələri üzrə borcun tutulmasına dair iddia tələbi kredit müqavilələrinin təqdim olunmaması səbəbindən rədd edilsə də, hazırda həmin kredit müqavilələri təqdim olunduğundan iddiaçı həmin kredit müqavilələri üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə yenidən məhkəməyə müraciət etməkdə haqlı olmuş, eləcə də iş materiallarında Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında Etibar Əliyevin işdən çıxan zaman həmin kredit müqavilələrini özü ilə apardığını bildirmişdir (İ cild, i/v 140). Məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2015-ci il tarixli “Öhdəçilik müqaviləsi”nə daxil olan xx.xx.2015-ci il tarixli 1988/15 nömrəli kredit müqaviləsi üzrə borc məbləği məhkəmə qətnaməsi ilə tutulmuş, eləcə də həmin öhdəçilik müqaviləsinə daxil olan xx.xx.2015-ci il tarixli 1992/15 nömrəli və xx.xx.2015-ci il tarixli 2000/15 nömrəli kredit müqavilələri iddiaçıdan asılı olmayan səbəblərdən təqdim olunmadığından iddia tələbi rədd edilsə də, hazırda həmin müqavilələrin təqdim olunması yeni əsas kimi qiymətləndirilərək işə mahiyyəti üzrə baxmalı olduğu halda məhkəmə iş üzrə icraata xitam vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 avqust 2012-ci il tarixli qərarında qeyd edilir ki, iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ-hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir. İddiaçı tələblərini tətbiq edilməli olmayan hüquq norması ilə əsaslandırdığı zaman məhkəmə qarşısında hansı hərəkətlərin edilməli olması məsələsi ortaya çıxa bilər. Burada ilk növbədə nəzərə almaq lazımdır ki, iddianın hüquqi əsaslandırılması onun faktiki əsası ilə eyniləşdirilməməlidir. İddianın hüquqi əsasının dəyişdirilməsi dedikdə, iddiaçının cavabdehə olan tələblərini əsaslandırdığı halların dəyişdirilməsi nəzərdə tutulur. Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə çıxarılmış qərardad ləğv edilməklə mülki iş mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək, qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhəkəməsi üçün məcburidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş şikayət təmin edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin 08 fevral 2023-cü il tarixli, 2-2(119)-66/2023 nömrəli qərardadı ləğv edilsin. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, X1 və “X6.Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın girov predmetinə yönəldilməsi” tələbinə dair kommersiya işi mahiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar