Məhkəmə qərarları › İş №2-2(105)-59/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-59/2024

22.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-59/2024 22.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər X2 və X1 ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-906/2023 nömrəli, 31 oktyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ

1. Subpodratçı Cavabdeh (VÖEN **********) ilə podratçı İddiaçı (VÖEN **********) arasında bağlanmış 03 dekabr 2021-ci il tarixli Müqaviləyə əsasən “Subpodratçı” bu Müqaviləyə əlavə edilmiş və onun ayrilmaz tərkib hissəsi olan “Qiymətlərin razılaşdırılma” Protokolunda göstərilmiş işləri (bundan sonra “İşlər”) yerinə yetirməyi və “Podratçı”ya təhvil verməyi, “Podratçı” isə həmin işləri qəbul edib, haqqını bu Müqavilədə nəzər tutulmuş qaydada ödəməyi öhdəsinə götürmüşdür (1.1-ci bəndi). Müqavilənin 1.2-ci bəndi: X6 sökülməsi üzrə işlərin görülməsi və bu Müqavilə ilə müəyyən edilmiş qaydada Obyektin sökülməsi, tikinti tullantılarının və tikinti meydançasından kənara tullantıların çıxarılması və daşınması işlərinin görülməsi üçün bağlanmışdır. Müqavilənin 1.3-cü bəndi: Bu Müqavilənin ümumi məbləği 42000 (qirx iki min) manatdır. Müqavilənin 2.3.1-ci bəndi: Əgər “Subpodratçı” satılmış İşləri “Podratçı”ya verməkdən imtina edirsə və ya “Podratçı”ya təhvil verilən iş bu Müqavilədə göstəriləndən az olarsa, “Podratçı”nın Müqavilənin icrasından imtina etmək hüququ vardır. Müqavilənin 2.3.2-ci bəndi: “Podratçı”nın “Subpodratçı” Müqavilənin şərtlərini pozaraq “Podratçı”ya Müqavilədə müəyyənləşdirildiyindən az miqdarda və çeşiddə iş verdikdə, çatışmayan miqdarda işlərin verilməsini tələb etmək və ya verilmiş işlərdən imtina etmək və ya işlərin dəyərini ödəməkdən imtina etmək, işin dəyəri ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb etmək hüququ vardır. Müqavilənin 2.3.3-cü bəndi: “Podratçı" “Subpodratçı”nı 15 gün öncədən məlumatlandıraraq birtərəfli olaraq Müqaviləni dayandıra bilər. Müqavilənin 2.4.1-ci bəndi: işləri qəbul edib əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş müddət ərzində pul məbləğini (qiyməti) ödəmək-“Podratçı”nın vəzifəsidir. Müqavilənin 3-cü bəndi: “Subpodratçı” işləri “Podratçı”ya təhvil verəndən sonra 30 gun müddətində ödəməyi öhdəsinə götürür. Müqavilənin 3.5-ci bəndi: İşlərin qiyməti bu Müqavilənin tərkib hissəsi olan “Qiymət razılaşdırılması protokolunda” müəyyən edilir. Müqavilənin 3.6-cı bəndi: bu Müqavilənin bağlandığı tarixdən etibarən 15 (on beş) bank günü ərzində Baş Podratçı Subpodratçıya Müqavilə üzrə görüləcək işlərin 20 %-i məbləğində (18% ƏDV daxil olmaqla və ya olmamaqla) hesabına avans köçürür və faktiki yerinə yetirilmiş işin təhvil alınması aktlarına əsasən növbəti tam ödəniş edilərkən qeyd olunmuş məbləğ (avans) sonradan proporsional şəkildə ümumi məbləğdən tutulur. Müqavilənin 3.7-ci bəndi: Ödənişin 70 %-nin həyata keçirilməsi bütün işlərin tam şəkildə yerinə yetirilməsi və təhvil verilməsindən sonra üçün nəzərdə tutulur. Müqavilənin 3.8-ci bəndi: Ödənişin 10 %-nin həyata keçirilməsi bütün işlərin tam şəkildə yerinə yetirilməsi və təhvil verilməsindən 30 gün sonra üçün nəzərdə tutulur. Müqavilənin 6.8-ci bəndi: Bu Müqavilə imzalandığı andan qüvvəvə minir və 23 dekabr 2021-ci il tarixinə kimi qüvvədədir.

2. Podratçı İddiaçı və subpodratçı Cavabdeh tərəfindən imzalanaraq möhürlənmiş "Qiymətlərin razılaşdırma” Protokolundan (03 dekabr 2021-ci il tarixli Müqaviləyə 1 nömrəli Əlavədən) görünür ki, sifarişçi İddiaçı sifarişi əsasında icraçı "xxxx" MMC tərəfindən 1 tonu 82,8 manatdan hesablanan 26550 (iyirmi altı min beş yüz əlli) manat dəyərində 320 ton inşaat tullantılarının 30 km məsafəyə daşınması (daşınma xidməti) işləri və 15450 (on beş min dörd yüz əlli) manat dəyərində söküntü işləri (ümumi binada olan divar qutunun tamamilə sökülməsi, metal arakəsmələrin, metal şkafların, yararsız qapıların beton döşəmələrin, taxta qapı və pəncərələrin, yararsız kanalizasiya boruların sökülməsi) olmaqla, ümumilikdə cəmi 42000 (qırx iki min) manat dəyərində işlər görülməlidir.

3. Podratçı İddiaçı MMC ilə subpodratçı Cavabdeh MMC arasında 03 dekabr 2021-ci ildə bağlanaraq, 23 dekabr 2021-ci il tarixinədək qüvvədə olan 03 dekabr 2021-ci il tarixli Müqavilədə və yaxud, həmin Müqaviləyə əlavə olan "Qiymətlərin razılaşdırma” Protokolunda (1 nömrəli Əlavədə) bu Müqavilənin 1.2-ci bəndində qeyd olunan işlərin, yəni “Obyektin sökülməsi, tikinti tullantılarının və tikinti meydançasından kənara tullantıların çıxarılması və daşınması” işlərinin hansı ərazidə, hansı ünvanda və hansı obyektdə (obyektin adı, ünvanı və digər dəqiqləşdirici rekvizitləri) görülməsi üçün bağlandığı göstərilməmişdir.

4. "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid 15 dekabr 2021-ci il tarixli İB**********_169900_211215 nömrəli və 28 dekabr 2021-ci il tarixli İB**********_169900_211228 nömrəli Ödəniş Tapşırıqlarından görünür ki, İddiaçı tərəfindən Cavabdeh hesabına 15 dekabr 2021-ci ildə saat 16:25-də 20000 (iyirmi min) manat və 28 dekabr 2021-ci ildə saat 09:06-da 22000 (iyirmi iki min) manat məbləğində pul vəsaitləri köçürülmüşdür.

5. 03 dekabr 2021-ci il tarixli Müqavilə üzrə ƏDV daxil ümümilikdə cəmi 49560 manat (42000 manat görülmüş işin dəyəri + 7560 manat ƏDV = 49560 manat) dəyərində görülmüş işlərlə əlaqədar subpodratçı Cavabdeh tərəfindən podratçı İddiaçınə 28 dekabr 2021-ci il tarixli EBBO seriyalı 905795 nömrəli Elektron Qaimə təqdim olunmuşdur.

6. İddiaçı tərəfindən təqdim olunmuş sifarişçi Azərbaycan Milli Elmlər X5 Aparatının İşlər İdarəsinin tabeliyində Təmir Tikinti Şöbəsi ilə podratçı İddiaçı arasında bağlanılmış 26 noyabr 2021-ci il tarixli 22 nömrəli Müqavilə üzrə tərtib edilərək imzalanmış "Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) bir sıra elmi müəssisə yə təşkilatlarının yerləşdiyi bina və ərazilərdə (inzibati və laboratoriya binaları, istehsalat, yardımçı və s. təyinatlı tikililər, xidmət sahələri, o cümlədən aidiyyəti ərazilər daxil olmaqla) təmir işlərinə" aid 2021-ci ilin dekabr ayında yerinə yetirilmiş işlərə dair Qəbul Aktlarından (Forma-2) görünür ki, podratçı İddiaçı MMC tərəfindən sifarişçi Azərbaycan Milli Elmlər Akademiyasının bir sıra elmi müəssisə yə təşkilatlarının yerləşdiyi bina və ərazilərdə cəmi 43104,8 manat dəyərində, cəmi 240269,88 manat dəyərində, cəmi 33661,03 manat dəyərində, cəmi 35245,77 manat dəyərində, cəmi 29919,37 manat dəyərində, cəmi 120095,09 manat dəyərində və cəmi 123980,56 manat dəyərində və eyni zamanda, 2022-ci ilin yanvar ayında yerinə yetirilmiş işlərə dair Qəbul Aktından (Forma-2) isə görünür ki, cəmi 47512,46 manat dəyərində söküntü, quraşdırma və təmir işləri görülmüşdür.

7. İddiaçı tərəfindən təqdim olunmuş 12 sentyabr 2023-cü il tarixli 22 nömrəli Maliyyə Arayışında göstərilir ki, 03 dekabr 2021-ci ildə İddiaçı MMC ilə Cavabdeh MMC arasında subpodrat müqaviləsi imzalanmışdır. Subpodrat müqaviləsinin ümumi məbləği 42000 (qırx iki min) manat olmuşdur. Həmin məbləğin avans kimi 20000 (iyirmi min) manatı 13 dekabr 2021-ci il tarixdə, 22000 (iyirmi iki min) manatı isə 23 dekabr 2021-ci il tarixdə Cavabdeh hesabına köçürülmüşdür. Lakin, subpodratçı Cavabdeh MMC tərəfindən nəzərdə tutulan işlər yerinə yetirilməmişdir. Maliyyə Arayışında ödənişlərin tarixi “13 dekabr 2021-ci il” və “23 dekabr 2021-ci il” kimi göstərilsə də, məlum ödənişlərin icra olunmasını təsdiq edən Ödəniş Tapşırıqlarında ödənişlərin tarixi müvafiq olaraq “15 dekabr 2021-ci il” və “28 dekabr 2021-ci il” kimi qeyd olunmuşdur.

BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏKİ İCRAAT

8. İddiaçı 10 iyul 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı tərəfindən ödənilmiş 42000 (qırx iki min) manat məbləğin müqavilədə göstərilən işləri yerinə yetirmədiyi üçün və ödənilmiş 202 (iki yüz iki) manat pul məbləğinin Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh (subpodratçı) ilə İddiaçı (podratçı) arasında 03 dekabr 2021-ci ildə Müqavilə bağlanmışdır. Həmin Müqavilənin 1.1ci bəndində deyilir: ”Subpodratçı” Müqaviləyə əlavə edilmiş və onun ayrılmaz tərkib hissəsi olan “Qiymət razılaşması”nda göstərilmiş işləri yerinə yetirməyi və “Podratçı”ya təhvil verməyi, “Podratçı” isə həmin işləri qəbul edib, haqqını bu Müqavilədə nəzərdə tutulmuş qaydada ödəməyi öhdəsinə götürür. Həmin Müqavilənin 1.3-cü bəndində göstərilir ki, bu Müqavilənin ümumi məbləği 42000 (qırx iki min) manatdır. Həmin Müqavilənin 2.2.1-ci bəndində deyilir: işləri Müqavilə ilə müəyyən edilmiş müddətdə “Podratçı” ya təhvil vermək “Subpodratçı”nın vəzifəsidir. Həmin Müqavilənin 2.3.2-ci bəndində göstərilir ki, “Subpodratçı” Müqavilənin şərtlərini pozaraq “Podratçı”ya Müqavlədə müəyyənləşdirildiyindən az miqdarda və çeşiddə iş verdkdə, çatışmayan miqdarda işlərin verilməsini tələb etmək və ya verilmiş işlərdən imtina etmək və ya işlərin dəyərini ödəməkdən imtina etmək, işin dəyəri ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb etmək “Podratçı”nın hüququdur. “Subpodratçı” işləri “Podratçıya” təhvil verəndən sonra 30 gün müddətində ödəməyi öhdəsinə götürür. ”Subpodratçı” İddiaçı MMC tərəfindən müqavilə öhdəliklərinə əməl edilməsinə baxmayaraq, subpodratçı Cavabdeh MMC tərəfindən müqavilə öhdəliklərinə əməl edilməmişdir. Podratçı İddiaçı MMC tərəfindən müqavilədə nəzərdə tutulan 42000 (qırx iki min) manat subpodratçı Cavabdeh MMC-yə ödənilmişdir. Tərəflər arasında mübahisənin məhkəmədənkənar mediasiya vasitə ilə həll olunması üçün cavabdehə mediasiya təklifi göndərilmiş, lakin cavabdeh tərəfindən heç bir əməli addım atılmamış və təklif göndərilən tərəf mediasiya sessiyasında iştirak etməmişdir. Mediasiya sessiyasının keçirilməsi üçün tələb olunan məbləğ də, yəni cəmi 202 (iki yüz iki) manat pul vəsaiti də İddiaçı MMC tərəfindən ödənilmişdir.

10. Cavabdeh tərəfindən iddia tələbinə münasibət bildirilməmişdir.

11. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-906/2023 nömrəli, 31 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Zülfüqar Sadiqov) iddianın təmin edilməməsi, məhkəmə xərclərinin iddiaçının özünə aid edilməsi qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin könkret halları və eyni zamanda, tərəflər arasında bağlanmış 03 dekabr 2021-ci il tarixli Müqavilənin şərtləri və həmin müqavilə əsasında tərtib edilmiş sənədlərlə hazırkı iddia tələbinin əsaslılığı təsdiq olunmur. Çünki, 03 dekabr 2021-ci il tarixli Müqavilənin şərtlərinə görə podratçı İddiaçı MMC həmin Müqavilə üzrə cəmi 42000 (qirx iki min) manat dəyərində qiymətləndirilmiş (1.3-cü bənd) işlərin görülməsi üçün subpodratçı Cavabdeh MMC-nin hesabına həmin pul vəsaitini “Subpodratçı” işləri “Podratçı”ya təhvil verəndən sonra 30 gun müddətində ödəməli (1.3-cü bənd) idi və müqavilə şərtlərinə görə 42000 (qirx iki min) manat məbləğində pulun ödənişi “Podratçı” tərəfindən aşağıda qeyd olunan qaydada icra edilməli idi: - 1) bu Müqavilənin bağlandığı tarixdən etibarən 15 (on beş) bank günü ərzində Baş Podratçı Subpodratçıya Müqavilə üzrə görüləcək işlərin 20 %-i məbləğində hesabına avans köçürür və faktiki yerinə yetirilmiş işin təhvil alınması aktlarına əsasən növbəti tam ödəniş edilərkən qeyd olunmuş məbləğ (avans) sonradan proporsional şəkildə ümumi məbləğdən tutulur (3.6-cı bənd); 2) ödənişin 70 %-nin həyata keçirilməsi bütün işlərin tam şəkildə yerinə yetirilməsi və təhvil verilməsindən sonra üçün nəzərdə tutulur (3.7-ci bənd); 3) ödənişin 10 %-nin həyata keçirilməsi bütün işlərin tam şəkildə yerinə yetirilməsi və təhvil verilməsindən 30 gün sonra üçün nəzərdə tutulur (3.8-ci bənd). Göründüyü kimi, Müqavilədə nəzərdə tutulan işlər görülənədək 42000 manat məbləğində pul vəsaitinin yalnız 20 %-i, yəni 8400 manat hissəsi avans şəklində, qalan 80 %-i, yəni 33600 manat hissəsi isə işlərin görülməsi və təhvil verilməsi tam yekunlaşdıqdan sonra ödənilməli idi. Halbuki, iddiaçı tərəfindən təqdim olunmuş sənədlərlə müəyyən olunur ki, cəmi 42000 (qırx iki min) manat məbləğində pul vəsaitinin 20000 (iyirmi min) manat hissəsi 15 dekabr 2021-ci ildə, 22000 (iyirmi iki min) manat hissəsi isə 28 dekabr 2021-ci ildə ödənilmişdir. Yəni, iş görülmədiyi halda Müqavilə şərtlərinə görə 42000 manat məbləğində pul vəsaiti ödənilməli olmadığı halda, qeyd olunan pul vəsaiti tamamilə ödənilmişdir. Bundan əlavə, 03 dekabr 2021-ci il tarixli Müqavilə imzalandığı andan qüvvəvə minmiş və 23 dekabr 2021-ci il tarixinə kimi qüvvədə olmuşdur. Bu halda isə, yəni iş görülmədiyi halda məlum Müqavilənin müddəti bitdikdən sonra 28 dekabr 2021-ci il tarixində müqavilənin dəyərinin qalan hissəsi olan 22000 manat məbləğində pul vəsaitinin də ödənilməsi – mahiyyət etibarilə Müqavilədə nəzərdə tutulan işlərin görülməsini təsdiq edir. Bunun əksini təsdiq edən hər hansı bir mötəbər sübut isə iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamışdır. Halbuki, iddia tələbinin əsaslandırıldığı 03 dekabr 2021-ci il tarixli Müqavilənin şərtləri iddiaçı (podratçı) İddiaçı MMC-yə kifayət qədər hüquq və səlahiyyətlər vermişdir ki, cavabdeh (subpodratçı) Cavabdeh MMC müqavilədə nəzərdə tutulan işlərin görülməsi ilə əlaqədar öhdəliyini yerinə yetirmədikdə və gördüyü işləri təhvil vermədikdə, müqavilənin 42000 manat məbləğində pulla ifadə olunmuş dəyərinin 80 %-ni, yəni 33600 manat hissəsini tam ödəməsin və hətta, avans kimi ödəməli olduğu 20%-i, yəni 8400 manat pulu isə geri tələb etsin (məlum Müqavilədə müəyyən edilmiş tərəflərin öhdəliklərini icra etməsi ardıcıllığı da bunu tələb edir). Həmçinin, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş cavabdeh "(subpodratçı) Cavabdeh tərəfindən nəzərdə tutulan işlərin yerinə yetirilməməsi" barədə 12 sentyabr 2023-cü il tarixli 22 nömrəli Maliyyə Arayışı isə İddiaçı MMC-nin özü tərəfindən tərtib olunduğuna və işin halları ilə təsdiq olunmadığına görə iş üzrə mötəbər sübut kimi qəbul edilə bilməz. Azərbaycan Milli Elmlər X5 Aparatının İşlər İdarəsinin tabeliyində Təmir Tikinti Şöbəsi ilə podratçı İddiaçı arasında bağlanılmış 26 noyabr 2021-ci il tarixli 22 nömrəli Müqavilə üzrə tərtib edilərək imzalanmış "Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) bir sıra elmi müəssisə yə təşkilatlarının yerləşdiyi bina və ərazilərdə (inzibati və laboratoriya binaları, İstehsalat, yardımçı və s. təyinatlı tikililər, xidmət sahələri, o cümlədən aidiyyəti ərazilər daxil olmaqla) təmir işlərinə" aid 2021-ci ilin dekabr ayında və 2022-ci ilin yanvar ayında yerinə yetirilmiş işlərə dair Qəbul Aktlarını (Forma-2) təqdim etsə də, həmin sənədlər 03 dekabr 2021-ci il tarixli Müqavilə üzrə sonuncunun üzərinə düşən işləri yerinə yetirməməsini təsdiq etmir. Çünki, müqavilə ilə nəzərdə tutulan işlər 2021-ci ilin dekabr ayında və yaxud 2022-ci ilin yanvar ayında subpodratçı Cavabdeh MMC tərəfindən deyil, başqası tərəfindən icra olunmuşdursa, 15 dekabr 2021-ci ildə 20000 manat və 28 dekabr 2021-ci ildə isə 22000 manat məbləğlərində pul vəsaitlərinin podratçı İddiaçı MMC tərəfindən subpodratçı Cavabdeh MMC-nin hesabına ödənilməsi–iddiaçının yuxarıda qeyd olunan mövqeyini təkzib edir və eyni zamanda, iddia tələbinin əsaslılığını təsdiq etmir.

13. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 752.1, 753.1, 769, 770, 385.1, 386.1, 389.1, 390.1, 390.5, 399.1, 404.1, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 106.1, 217.3, 217.4, 218.3, 119.1-ci maddələri ilə əsaslandırmışdır.

14. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri: “Subpodratçı” İddiaçı MMC tərəfindən müqvilə öhdəliklərinə əməl edilməsinə baxmayaraq “Podratçı” Cavabdeh MMC tərəfindən müqavilə öhdəliklərinə əməl edilməmişdir. ”Podratçı” İddiaçı MMC tərəfindən müqavilədə nəzərdə tutulan 42000 manat (qırx iki min) məbləğ nəzərdə tutulan müddətdən də tez “Subpodratçıya” “ödənilmişdir. Tərəflər arasında mübahisənin məhkəmədənkənar, mediasiya vasitə ilə həll olunması üçün cavabdehə mediasiya təklifi göndərilmiş, lakin cavabdeh tərəfindən heç bir əməli addım atılmamış, təklif göndərilən tərəf mediasiya sessiyasında iştirak etməmişdir. Bundan sonra aidiyyatı məhkəməyə müraciət olunmuş və məhkəmə tərəfindən tamamilə əsassız, heç bir qanuna, məntiqə uyğun olmayan qətnamə qəbul edilmişdir. Məhkəmənin gətirdiyi “əsassız” əsaslar bunlardır: -“Podratçı” tərəfindən nəzərdə tutulan məbləğin “Subpodratçıya” ödənilməsi həmin işin görülməsini sübut edir. -İddiaçı nəzərdə tutulan işlərin cavabdeh tərəfindən görülməməsini sübut edə bilməmişdir. Yəqin ki, bu hüquq elmində bir yenilkdir. Pul məbləğinin ödənilməsi heç də işlərin görülməsi anlamına gəlmir. Görüləcək işlərin dəyərinin vaxtından əvvəl ödənilməsinı qadağan edən bir norma da qanunvericilikdə yoxdur. Həmçinin öz öhdəliyinin vaxtından əvvəl icra edilməsi heç bir məsuliyyət yaratmır. -Həmçinin nəzərdə tutulan işlərin görülməsini (yerinə yetirilməsini) sübut etmək cavabdehin üzərinə düşür. Çünki hərəkət etməli orqan hərəkətin edilməsini sübut etməlidir. Hərəkətsizlik sübut edilmir. -Ən başlıcası isə “Podratçı”("xxxx" MMC) həmin işlərin özü tərəfindən görülməsini sübut edən sənədləri məhkəməyə təqdim etmişdir. Məhkəmə tərəfindən 752.1-ci maddənin tələbi pozulmuşdur, belə ki, “Subpodratçı” tərəfindən müqavilədə nəzərdə tutlan işlərin görülməsini təsdiq edən heç bir sənəd məhkəmə işlərinə əlavə edilməmişdir, çünki belə bir sənəd mövcud deyildir. Maddənin tələbinə görə “Subpodradçı” görməli olduğu işləri təhvil verməli, “Podratçı” isə həmin işi qəbul etməlidir. Lakin iş materiallarında belə bir sənəd yoxdur. Çünki həmin işlər cavabdeh tərəfindən yerinə yetirilməmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməsini və qətnamənin ləğv edilərək iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Maddə 404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Maddə 769. Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Maddə 770. Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...) Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..) Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...) Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

18. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin Kommmersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası məruzəçi-hakimi, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

20. İşin müəyyən edilmiş halllarına əsasən, podratçı İddiaçı MMC ilə subpodratçı Cavabdeh MMC arasında 03 dekabr 2021-ci il tarixli Müqavilə əsasında 15 dekabr 2021-ci il tarixli İB**********_169900_211215 nömrəli və 28 dekabr 2021-ci il tarixli İB**********_169900_211228 nömrəli Ödəniş Tapşırıqları ilə podratçı İddiaçı MMC tərəfindən subpodratçı "xxxx" MMC-nin hesabına müvafiq olaraq 15 dekabr 2021-ci ildə 20000 manat və 28 dekabr 2021-ci ildə isə 22000 manat olmaqla, cəmi 42000 manat məbləğində pul vəsaitləri köçürülmüşdür. İddiaçı MMC cavabdeh "xxxx" MMC-dən 03 dekabr 2021-ci il tarixli Müqavilə üzrə ödənilmiş həmin 42000 manat məbləğində pul vəsaitinin geri qaytarılmasını tələb edir və tələbini sonuncunun həmin Müqavilə üzrə nəzərdə tutulan işləri icra etməməsi ilə əsaslandırır.

21. Məhkəmə kollegiyası iddiaçının dəlillərini əsassız hesab edir və birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşır. Belə ki, işin kollegiya tərəfindən araşdırılan hallarına əsasən müəyyən olunur ki, müqavilədə nəzərdə tutulan işlər görülənədək 42000 manat məbləğində pul vəsaitinin yalnız 20 %-i, yəni 8400 manat hissəsi avans şəklində, qalan 80 %-i, yəni 33600 manat hissəsi isə işlərin görülməsi və təhvil verilməsi tam yekunlaşdıqdan sonra ödənilməli idi. Halbuki, iddiaçı tərəfindən təqdim olunmuş sənədlərlə müəyyən olunur ki, cəmi 42000 (qırx iki min) manat məbləğində pul vəsaitinin 20000 (iyirmi min) manat hissəsi 15 dekabr 2021-ci ildə, 22000 (iyirmi iki min) manat hissəsi isə 28 dekabr 2021-ci ildə ödənilmişdir. Yəni, iş görülmədiyi halda Müqavilə şərtlərinə görə 42000 manat məbləğində pul vəsaiti ödənilməli olmadığı halda, qeyd olunan pul vəsaiti tamamilə ödənilmişdir.

22. İddiaçı iddianın təmin edilməsi üçün ödəniş sənədlərinə istinad edir. Kollegiya hesab edir ki, yalnız ödənişlərə istinad etməklə iddianın əsaslılığı ilə bağlı birmənalı nəticəyə gəlmək olmur. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı cavabdehin ona borclu olduğunu bildirsə də, iddia ilə məhkəməyə müraciət olunanadək cavabdehə borcun ödənilməsi ilə bağlı heç vaxt müraciət etməmişdir. (pretenziya məktubu ilə müraciət istisna olmaqla)

23. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

25. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

26. Bundan əlavə, Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir.

27. İşin obyektiv həli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır. 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

28. Nəzərə almaq lazımdır ki, hazırkı işdə olduğu kimi, əşyaların tələbi ilə bağlı hallarda, ümumi qaydaya müvafiq olaraq-«sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi tətbiq edilir. Bu isə öz növbəsində aşağıdakıları nəzərədə tutur, başqa sözlə, iddiaçı sübut etməlidir ki: Birinci- tələb olunan əşya mövcuddur; İkinci- tələb olunan əşya iddiaçıya məxsusdur; Üçüncü- tələb olunan əşya cavabdehdədir; Dördüncü-tələb olunan əşyanı cavabdehin saxlaması qanunsuzdur, başqa sözlə, o qanunsuz sahibdir.

29. Yalnız qeyd olunan bu halların, həm də hamısının sübut edilməsi iddianın təmini üçün əsas ola bilər. Həm də nəzərə almaq lazımdır ki, bu vaxt sübutetmə ardıcıllığı mühüm əhəmiyyət kəsb edir və bu ardıcıllıq əşyanın mövcudluğundan başlayıb, cavabdehin onun saxlamasının qanunsuz olması istiqamətində həyata keçirilməlidir. İddiaçı yalnız mövcudluğu sübut olunan əşyanın qaytarılmasını tələb edə bilər, əks təqdirdə digər halların yoxlanılması zərurəti aradan qalxır. Tələb olunan əşyanın mövcudluğu sübut olunduqdan sonra iddiaçı həmin əşyanın ona məxsusluğunu sübut etməlidir.

30. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-906/2023 nömrəli, 31 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar