Məhkəmə qərarları › İş №e-2-2(119)-774/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-774/2024

01.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-774/2024 01.08.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Əsədli Şəfa Zahir qızının katibliyi, İddiaçı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X1 İnstitutunun nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə X1 İnstitutunun Cavabdehnə qarşı verilmiş “borcun və digər ödənişin tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X1 İnstitutu 19 aprel 2024-cü il tarixində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdehnə qarşı “borcun və digər ödənişin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək aralarında bağlanmış 15 may 2018-ci il tarixli 600/18 nömrəli müqavilə üzrə 14921,43 (on dörd min doqquz yüz iyirmi bir manat, qırx üç qəpik) manat məbləğində borc, həmçinin 130 (yüz otuz) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 15051,43 (on beş min əlli bir manat, qırx üç qəpik) manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı cavabdehin müraciəti əsasında Sumqayıt şəhəri, 8 mikrorayon, A.Quliyev küçəsində inşa olunan zirzəmili, 16 (on altı) mərtəbəli (+ mansard) yaşayış binasının tikintisində istifadə edilən inşaat materiallarının sınaq işlərini aparmış, lakin cavabdeh göstərilmiş xidmətlər müqabilində ödəməli olduğu ödənişləri tam ödəməyərək müqavilə öhdəliyini lazımınca yerinə yetirməmişdir. Cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı 27 iyun 2024-cü il tarixində iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək tərəflər arasında bağlanılmış 15 may 2018-ci il tarixli 600/18 nömrəli müqavilə üzrə 14921,43 manat məbləğində borcun və 130 manat məbləğində dövlət rüsumunun əvəzinin, həmçinin aralarında bağlanmış 01 sentabr 2014-cü il tarixli 843/14 nömrəli müqavilə üzrə yaranmış 6167,12 manat məbləğində borcun və 81,68 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, aralarında bağlanmış 01 sentyabr 2014-cü il tarixli, 843/14 nömrəli müqavilə üzrə yaranmış borc məbləği də cavabdeh tərəfindən ödənilməmişdir. İddiaçı 15 iyul 2024-cü il tarixində yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək 15 may 2018-ci il tarixli 600/18 nömrəli müqavilə üzrə 13350,85 manat məbləğində borcun və 130 manat məbləğində dövlət rüsumunun əvəzinin, 01 sentyabr 2014-cü il tarixli, 843/14 nömrəli müqavilə üzrə isə 6167,12 manat məbləğində borcun və 81,68 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək bildirdi ki, iddiaçı və cavabdeh arasında 01 sentyabr 2014-cü il tarixli 843/14 nömrəli və 15 may 2018-ci il tarixli 600/18 nömrəli müqavilələr bağlanılmışdır. Müqavilələrin şərtlərinə əsasən, iddiaçı tərəfindən öhdəliklər tam yerinə yetirilərək yaşayış binalarının tikintisində istifadə edilən inşaat materiallarının keyfiyyətinin sınaq işləri aparılmışdır. Cavabdehin ödəməli olduğu məbləğ 15 may 2018-ci il tarixli 600/18 nömrəli müqavilədə 14921 manat, təhvil-qəbul aktında isə isə 13350 manat göstərilməsinin səbəbi budur ki, həmin müqavilə üzrə tikilmiş binanın damındakı işlər tamamlanmadığına görə tamamlanmamış hissənin dəyəri ümumi müqavilə dəyərindən çıxılmışdır. Cavabdeh 15 may 2018-ci il tarixli 600/18 nömrəli müqavilə üzrə ödəniş həyata keçirməmiş, 01 sentyabr 2014-cü il tarixli 843/14 nömrəli müqavilə üzrə isə ödənişlərin bir qismini həyata keçirmişdir. Belə ki, 600/18 nömrəli müqavilə üzrə 13350,85 manat məbləğində, 843/14 nömrəli müqavilə üzrə isə 6167,12 manat məbləğində borc bu günədək iddiaçının hesabına ödənilməmişdir. Cavabdehlə görülmüş işlərin qalıq dəyərinin ödənilməsi barədə aparılan danışıqlar nəticəsiz qalmış, buna görə də məhkəməyə müraciət edilmişdir. İddiaçının nümayəndəsi göstərilənlərin nəzərə alınaraq iddianın təmin edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələri və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 15 may 2018-ci il tarixli 600/18 nömrəli sınaq işlərinin aparılmasına dair müqavilənin 1.1-ci bəndinə əsasən, müqavilənin məqsədi icraçı (iddiaçı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X1 İnstitutu) tərəfindən Azərbaycan Respublikasında qüvvədə olan normativ-texniki sənədlərin, standartların tələblərinə uyğun olaraq, sifarişçinin (Cavabdeh) yerinə yetirdiyi tikinti-quraşdırma işlərində istifadə etdiyi tikinti materiallarının keyfiyyət göstəricilərinin və konstruksiyaların layihəyə uyğunluğunun müəyyən etməsini nəzərdə tutur (Əsas: Cavabdeh MTK-nin N° 01/68, xx.xx.2018-ci il tarixli məktubu, daxil olma Ne-si: 37/01313). Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, sifarişçi həvalə edir, icraçı isə Sumqayıt şəhəri, 8-ci mikrorayon, A Quliyev küçəsində inşa olunacaq zirzəmili, 16 (on altı) mərtəbəli (+ mansard) yaşayış binasının tikintisində istifadə olunacaq tikinti materiallarının keyfiyyət göstəricilərinin və konstruktiv elementlərin betonunun naturada möhkəmlik göstəricilərinin layihəyə uyğunluğunun təyin edilməsi üçün Azərbaycan Respublikasında qüvvədə olan standartlara uyğun olaraq sınaq işlərinin həyata keçirilməsini öz öhdəsinə götürür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, bina üzrə ümumi sınaq sahəsi - 12645,28 m -dir; sınaq işlərinin qiyməti hər m2 sınaq sahəsi üçün - 01 manat, dəyərində razılaşdırılır 2 və bu müqavilənin ümumi qiyməti (ƏDV-siz) - 12645,28 manat təşkil edir (ƏDV-18% - 2276,15 manat cəmi:14921,43 manat). Həmin müqavilənin 3.4-cü bəndinə əsasən, ödənişlər hesab-faktura daxil olan gündən 5 (beş) iş günü müddətində köçürmə yolu ilə həyata keçirilir. Həmin müqavilənin 5.1.4-cü yarımbəndinə əsasən, icraçı tərəfindən yerinə yetirən işlərin (xidmətlərin) dəyərini bu müqavilənin 3-cü bəndinə uyğun olaraq ödəmək sifarişçinin vəzifəsidir. İş materiallarında olan yoxlama-sınaq işlərinin təhvil-qəbulu üçün tərtib edilmiş 11 aprel 2022-ci il tarixli 200/22 nömrəli akta əsasən, tərəflər 15 may 2018-ci il tarixli 600/18 nömrəli müqavilə üzrə Sumqayıt şəhəri, 8-ci mikrorayon, A Quliyev küçəsində inşa olunan zirzəmili, 16 (on altı) mərtəbəli (+ mansard) yaşayış binasının tikintisində istifadə olunan inşaat materiallarının keyfiyyət göstəricilərinin yoxlanılması işləri üzrə iddiaçı tərəfindən 13350,58 manat məbləğində işlərin görüldüyünü razılaşdırmışlar. İş materiallarında olan 01 sentyabr 2014-cü il tarixli 843/14 nömrəli müqavilənin 1.1ci bəndində qeyd edilmişdir ki, müqavilənin məqsədi sifarişçi (Cavabdeh) tərəfindən Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində inşa edilən 1 girişli, zirzəmili, 16 (on altı) mərtəbəli (+ mansard), ümumi sınaq işləri sahəsi - 9017,00 m2 olan, yaşayış binasının tikinti işlərində istifadə olunan tikinti materiallarının keyfiyyətlərinin yoxlanılmasıdır (Əsas: "xxxx" MMC-nin xx.xx.2014-cü il tarixli 01/08 nömrəli məktubu, daxil olma nömrəsi 24/02480). Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, sifarişçi həvalə edir, icraçı (iddiaçı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X1 İnstitutu) isə tikinti materiallarının keyfiyyətlərinin müəyyən edilməsi üçün Azərbaycan Respublikasında qüvvədə olan standartlara uyğun olaraq yoxlama-sınaq işlərinin həyata keçirilməsini öz öhdəsinə götürür. Həmin müqavilənin 3.1-ci və 3.2-ci bəndlərinə əsasən, müqavilə üzrə yerinə yetirilən işlərin (xidmətlərin) qiyməti tikilən (qurğunun) hər m2-i üçün 0,60 qəpik kimi qəbul edilir: binanın ümumi sınaq sahəsi - 9017,00m2-dir və müqavilənin ümumi (ƏDV-18% lə birgə) - 6384,04 manat təşkil edir. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən, hesab-faktura icraçı tərəfindən hesabat ayının 20-dək təqdim olunur, sifarişçi 5 iş günü ərzində ödəməni aparmalıdır. İş materiallarında olan yoxlama-sınaq işlərinin təhvil-qəbulu üçün tərtib edilmiş 11 aprel 2022-ci il tarixli 201/22 nömrəli akta əsasən, tərəflər 01 sentyabr 2014-cü il tarixli 843/14 nömrəli müqavilə üzrə Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində inşa edilən 1 girişli, zirzəmili, 16 (on altı) mərtəbəli (+ mansard) yaşayış binasının tikintisində istifadə olunan inşaat materiallarının keyfiyyət göstəricilərinin yoxlanılması işləri üzrə iddiaçı tərəfindən 6167,12 manat məbləğində işlərin görüldüyünü razılaşdırmışlar. İş materiallarında olan 08 iyul 2024-cü il tarixli 11/2-1367/2024 maliyyə arayışına əsasən, cavabdehin iddiaçıya 01 sentyabr 2014-cü il tarixli 843/14 nömrəli müqavilə üzrə 6167,12 manat, 15 may 2018-ci il tarixli 600/18 nömrəli müqavilə üzrə isə 13350,85 manat məbləğində borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş götməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Beləliklə, yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında podrat müqavilələri - 01 sentyabr 2014-cü il tarixli 843/14 nömrəli müqavilə və 15 may 2018-ci il tarixli 600/18 nömrəli sınaq işlərinin aparılmasına dair müqavilə bağlanılmış, həmin müqavilələr üzrə icraçı qismində çıxış edən iddiaçı, müvafiq olaraq Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində inşa edilən 1 girişli, zirzəmili, 16 (on altı) mərtəbəli (+ mansard) və Sumqayıt şəhəri, 8-ci mikrorayon, A Quliyev küçəsində inşa olunacaq zirzəmili, 16 (on altı) mərtəbəli (+ mansard) yaşayış binalarının tikintisində istifadə olunacaq tikinti materiallarının keyfiyyət göstəricilərinin və konstruktiv elementlərin betonunun naturada möhkəmlik göstəricilərinin layihəyə uyğunluğunun təyin edilməsi üçün Azərbaycan Respublikasında qüvvədə olan standartlara uyğun olaraq sınaq işlərinin həyata keçirilməsini öz öhdəsinə götürmüş, cavabdeh isə görülən işlərin dəyərini ödəməyi öhdəsinə götürmüş, iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etsə də, cavabdeh göstərilən xidmətlərin dəyərini tam ödəməyərək müqavilə öhdəliklərini lazımınca icra etməmiş, nəticədə onun iddiaçıya 01 sentyabr 2014-cü il tarixli 843/14 nömrəli müqavilə üzrə 6167,12 manat məbləğində və 15 may 2018-ci il tarixli 600/18 nömrəli müqavilə üzrə 13350,85 manat məbləğində borcu yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 01 sentyabr 2014-cü il tarixli 843/14 nömrəli müqavilə üzrə 6167,12 manat məbləğində və 15 may 2018-ci il tarixli 600/18 nömrəli sınaq işlərinin aparılmasına dair müqavilə üzrə 13350,85 manat məbləğində borcun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Bundan əlavə, iddia tələbinin 130 manat məbləğində dövlət rüsumunun əvəzinin və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edilərkən ödənilmiş 81,68 manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə hissəsinə gəldikdə, iş materiallarında olan 14 mart 2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən müəyyən edilir ki, məhkəməyə hazırkı iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 130,68 manat məbləğində, iş materiallarında olan 25 iyun 2024-cü il tarixli 33600791 nömrəli digər ödəniş qəbzinə əsasən isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edilən zaman iddiaçı tərəfindən 81,68 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti iddia qiyməti iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda dövlət rüsumunun məbləği 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi təşkil edir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iddia təmin edildiyindən istinad olunan qanunvericilik normalarının tələblərinə əsasən məhkəməyə iddia ərizəsinin verilməsinə görə və iddia tələbinin dəqiqləşməsinə görə iddiaçı tərəfindən ödənilmiş ümumilikdə 211,68 manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək istinad edilən qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 01 sentyabr 2014-cü il tarixli 843/14 nömrəli müqavilə üzrə 6167,12 manat məbləğində borc, 15 may 2018-ci il tarixli 600/18 nömrəli sınaq işlərinin aparılmasına dair müqavilə üzrə 13350,85 manat məbləğində borc və 211,68 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 19729,65 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdehndən 01 sentyabr 2014-cü il tarixli 843/14 nömrəli müqavilə üzrə 6167,12 (altı min yüz altmış yeddi manat, on iki qəpik) manat məbləğində borc və 15 may 2018-ci il tarixli 600/18 nömrəli sınaq işlərinin aparılmasına dair müqavilə üzrə 13350,85 (on üç min səkkiz yüz əlli manat, səksən beş qəpik) manat məbləğində borc və 211,68 (iki yüz on bir manat, altmış səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 19729,65 (on doqquz min yeddi yüz iyirmi doqquz manat, altmış beş qəpik) manat məbləğində pul vəsaiti iddiaçı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X1 İnstitutunun xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar